Ayaqqabı
olmaq, qapı olmaq...
CANLI VARLIĞIN ƏŞYALAŞMAQ İSTƏYİ
Hərdən olur ki, insanlar üçün yox, hansısa cansız bir əşya üçün darıxırsan. Məsələn, mən uşaq ikən ilk və son oyuncağım olan maşınım üçün çox darıxıram.
Ümumiyyətlə, hərdən elə olur ki, dönüb cansız bir əşya da olmaq istəyirəm. Cansız olmaq maraqlı olardı mənim üçün. Görəsən, necə bir hissdir, necə olur? Hərçənd, cansız olmaq, elə hiss etməmək deməkdir. Amma yenə də mən cansız olsam, bunu hiss etmək istərdim. Hər nə qədər absurd görünsə belə.
Zaman-zaman cansız olan nə varsa, özümdə, gözümdə canlandırmışam həmişə. Elə yəqin bu səbəbdən Füzulidən “Meyvələrin söhbəti”ni əzbərdən bilirdim. Mən həqiqətən bir zamanlar bu cür absurd söhbətlərə inanmışam. Bir növ xəyal dünyam idi mənim.
Məsələn, çarpayı olmaq istərdim. Sırf gecələr insanların xəyallarını eşitmək üçün. Axı hər insanın yatmazdan əvvəl tavana baxıb nəyisə və kimisə düşündüyü olur. Bu, məndə həmişə marağ doğurub. Taxta çarpayılardan xoşum gəlir həm də. Dəmir çarpayı olmaq istəməzdim.
Hərdən ayaqqabı olmaq istəyirəm. Məsələn, mən ayaqqabı olsam, bunu hiss eləsəm, heç kimi yarı yolda qoymaram, heç vaxt cırılmaram, çalışaram su keçirtməyim, şüşəyə, mismara batmayım. Bir sözlə, heç kimin ayağını incitmərəm mən, ayaqqabı olsam. Geyinilib gedərəm elə. Məsələn, bir ayaqqabım var. Düz dörd ildir ki, mənə dözür. Maraqlısı odur ki, bu dörd ildə ayaqqabılarım köhnəldikcə, cırıldıqca yeni ayaqqabılar almışam. Amma bu ayaqqabıya heç nə olmur. Yaxşı və pis günlərimdə dadıma çatıb həmişə. Sadəcə, indi qocalıb bir az, dərisi qırışıb, bir az da cadarlanıb, bəlkə də qabar bağlayıb.
Bilmirəm niyə belə olur. Dörd il bundan əvvəl ayağım indiki ölçüdə də deyildi heç. Amma nə qədər böyüsə də, bu ayaqqabı mənə sadiq qaldı həmişə. Hətta ayağım bir dəfə zədələnib, şişmişdi də. İnanmazsınız, bu ayaqqabı zərrə də incitmədi ayağımı.
Dörd il əvvəldən bu ayaqqabı ilə maraqlı xatirələrim var. Maraqlı yerlərə getmişəm onunla. Başım dərdə girəndə onunla qaçmışam. Yaxşı xatirimdədir, heç vaxt özünü daşa-torpağa vurmazdı. Başı dik idi həmişə. Neçə adamı xeyrinə-şərinə yüyürmüşəm onunla. Bir dəfə də olsun ayağımda çıxmazdı. Amma hərdən bir incitdiyim də olub onu. Yadıma düşür, bir dəfə kürəyinə mismar sancıldı. Mən öz canımın hayında oldum, heç o vecimə də olmadı. Mən onu çox ucuz alsam da, dəyərini bilmədim. Onu daha tez dəyişdim, daha tez unutdum. Nə vaxt aldığım dəqiq yadımda deyil. Amma bilirəm ki, yaz günləri idi. Mən ona layiqincə dəyər vermədim. Amma tam etibarsız da demək olmaz mənə. Tez-tez onu çimizdirir, yaxşıca kremləyirdim. O parıldayanda tikişləri gülürdü elə bil.
Amma indi? Qalıb qapının
kandarında. Daha onu xeyirə-şərə geyinmirəm.
Ancaq qonşuya gedəndə, qapının
ağzına çıxanda,
nə bilim, yəni ancaq ara yerlərə,
ortalığa geyinirəm.
İnsafsız adamam, arabir
uşaqlara da vermişəm onu, futbol oynamaları üçün. Kim bilir,
necə incidiblər onu...
Hərdən paltar şkafı olmaq istəyirəm. İstəyirəm ki, məndən paltarlar assınlar, özümdə yük
hiss edim. Həm başqa
şeylər - pul, qızıl da gizlətsinlər məndə.
Balaca uşaqlar da oyun oynayanda gəlib məndə gizlənsinlər. Günlərin bir günü də köhnəlim, dəyişsinlər məni.
Çürüyüm, yandırılım gedim elə.
Mən çanta da ola bilərəm.
Amma elə belə çanta yox, səyahət çantası.
Düşünün ki, bir səyyah çantası olmusunuz. Ona bağlanırsız, sarılırsız, o sizə
kürəyini söykəyir
və bir yerdə gəzib xoş günlər keçirirsiz.
Bir də yadıma düşür,
balaca olanda evimizdə kuklalar var idi. Hamısını xatırlayıram. Onlara da
ad da qoymuşduq.
Mənə isə həmişə
onların canlanmağı
maraqlı gəlib.
Dəfələrlə qapının arxasından
baxmışam ki, bəlkə otaqda kimsə olmayanda canlanırlar, danışırlar
öz aralarında.
Sonra otağa girib kuklalardan birini götürüb deyirdim ki, otaqda
heç kim
yoxdu, əgər danışa bilirsənsə,
danış mənimlə.
Heç
kimə deməyəcəm,
söz verirəm.
Özümü o qədər inandırırdım
ki, bir gün
onların canlı olacağına.
Və yaxud da maşınların. Elə bilirdim,
gecələr maşın
dayanacaqlarında maşınlar
bir-biri ilə danışır. Eynilə “Maşınlar”
cizgi filmindəki kimi.
Açığı, dəqiq bilmirəm, hansı əşya olsam, daha rahat
olar, özümə ən uyğun formanı tapa bilərdim.
Hərdən olur ki, insan
olmaq sıxır adamı. Düşünürəm ki, kaş, bir dövrdən sonra nəyəsə çevrilərdik. Canlı
olaraq hər şeyi hiss etmək, darıxmaq çox çətin olur hərdən.
Bir də daha çox qapı olmaq istərdim. Nədənsə, qapılar məni
həmişə kədərləndirib.
Elə bilirəm, insanların bütün yükü qapıların üzərinə
düşür. Hər şey
ondan asılıdır.
Məsələn, çıxıb
getmək istəyənlərin
üzünə qapılar
açılmasa, bəlkə
də fikrindən dönər həmin adam. Eləcə
bir az
dəstəyinə əsəbiləşərsən,
sonra da qurtarar söhbət.
Hərdən evin qapısına uzun-uzadı baxdığım
olur. Ilahi, çox sağ ol, nə
yaxşı ki, məni qapı yaratmamısan. Qapı olmaq çox
pisdi. Elə bizim evin qapısı da. O qədər adam
gedib ki, bu qapıdan. Bir-iki dəfə möhkəm hirslənib yumruqlamışam,
vurub çatlatmışam
da. Düzəlmək bilmir, üzümə
qayıtmağı da
yox, açanda açılır, illərlə
toxunmasan, eləcə
qalır.
Doğrudu, deyirəm, pisdi qapı olmaq, amma belə baxanda, qapı
olmaq da bir işdi. Məsələn,
bizim qapını nə qədər
döysəm də, vurub çatlatsam
da, bəzən ən pis
anlarımda elə ona
sığınmışam. Kürəyimi söykəyib,
ağlamışam. Ona görə hər
nə qədər pisdisə də qapı olmaq,
yenə sağ olsunlar
kürəyimizi söykədiyimiz qapılar! Olsam,
belə qapı olmaq istərdim: adamın ağlayanda kürəyini söykədiyi
qapı!
Orxan SAFFARİ
525-ci qəzet.- 2018.- 24 noyabr.- S.24.