Üzeyir Hacıbəyli itkisi poeziyamızda

 

DAHİ BƏSTƏKARA HƏSR OLUNMUŞ MƏRSİYƏ HAQQINDA QEYDLƏR

 

 

Azərbaycan tarixində xüsusi yeri olan dahi bəstəkar, görkəmli yazıçı, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir bəy Hacıbəylinin vəfatından 70 il keçir.

 

Böyük mütəfəkkirin 1948-ci ilin noyabr ayının 23-də əbədi olaraq gözlərini həyata yumması bütün varlığı ilə sevdiyi və ömrü boyu yolunda xidmət göstərib, can qoyduğu doğma xalqının böyük kədərinə səbəb olmuşdu. Həmin hüznlü günlərdə mətbuatda rəsmi dairələr tərəfindən verilmiş nekroloqla yanaşı, görkəmli ictimai-siyasi xadimlərin, alimlərin, şairlərin, ədəbi simaların, sadə vətəndaşlarımızın bu böyük itkiyə kədərini ifadə edən çoxlu sayda başsağlıqları dərc olunmuşdu. Böyük şairimiz Səməd Vurğun da o zaman Ü.Hacıbəylinin vəfatından hədsiz kədərləndiyini qələmə aldığı “Eşq olsun sənətkara!” adlı məşhur şeirində bildirmiş və dahi bəstəkarın xalqının xatirəsində əbədi olaraq yaşayacağını yazmışdı:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...

Dahi sənətkarın ölümünə kədərlənən və elə matəm günü əlinə qələm alıb, hüznlü fikirlərini isti-isti yazıya alanlardan biri də, o zaman ömrünün ixtiyar yaşını yaşayan Müştəri təxəllüsü ilə şeirlər yazmış şair, ədəbi mühitdə daha çox “Riyazül-aşiqin” təzkirəsinin müəllifi kimi tanınan Məhəmməd ağa Mirzə Sədyar oğlu Müctəhidzadə (1867-1958) olmuşdur.

M.Müctəhidzadənin böyük bəstəkarın ölümünə həsr etdiyi mənzum əsər “İzhari-təəssüf” adlanır. Yazılandan sonra uzun müddət çap olunmayan bu əsərin əlyazmasının iki nüsxəsi hal-hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ayrı-ayrı şifrələr altında saxlanılır.

“İzhari-təəssüf” əsərinin əlyazması bir müddət tədqiqatçıların diqqətindən kənarda qalıb, yalnız əsər haqqında filologiya üzrə elmlər doktoru Paşa Kərimov vaxtilə “Sovet kəndi” qəzetinin 3 oktyabr 1985-ci il tarixli sayında dərc etdirdiyi “Dahinin ölümünə şeir” adlı məqaləsində əsərdən bir parça əlavə olunmaqla ədəbi ictimaiyyə-tə ilk dəfə məlumat verib. 2000-ci ildə isə bu yazının müəllifi və tanınmış əlyazmaşünas alim Arif Ramazanovun səyi ilə 132 beytdən ibarət “İzhari-təəssüf”ün mətni bütövlüklə əski əlifbadan transfone-literasiya edilərək “Musiqi dünyası” jurnalında (¹3-4) dərc olunub.

Ü.Hacıbəylinin vəfatının 70 illiyi ərəfəsində bu mənzuməyə yenidən müraciət etməklə əsərin bəzi ədəbi-poetik məziyyətlərini nəzərdən keçirib   dahi bəstəkarın dünyasını dəyişməsinin o zaman ümumxalq kədərinə səbəb olmasını yaxından şahidi olmaqla bir daha xatirəsini yad edirik.

M.Müctəhidzadə əsəri mərsiyə janrında yazıb. “İzhari-təəssüf”i Azərbaycan ədəbiyyatında mərsiyə janrında yazılan ən parlaq əsərlərdən biri hesab etmək olar. Nəzəriyyəyə aid qaynaqlardan bəlli olduğu kimi, mərsiyə orta əsrlərdə Şərq, o cümlədən, Azərbaycan şeirinin çox ya-yılmış növlərindən biri olub, şairlər tərəfindən müqəddəs şəxslərin, həmçinin, cəmiyyətdə nüfuzu və əməli ilə tanınan, iz qoymuş adamların vəfatı münasibətilə qələmə alınır. Mərsiyənin konkret ədəbi forması yoxdur. O, çox vaxt qəsidə və məsnəvi şəklində yazılır. Tək-tək hallarda qəzəl və başqa şəkillərdə də mərsiyələrə təsadüf olunur. “İzhari-təəssüf” mərsiyəsinin ədəbi-poetik forması və haqqında söz açacağımız mövcud əlyazmanın paleoqrafik xüsusiyyətləri aşağıda verilmişdir.

Əsərin mətni nəstəliq xəttilə köçürülmüş avtoqrafdır. Mənzumənin ilk 9 beyti “Eylədin” rədifilə qəzəl formasında qələmə alınıb. Mərsiyədə böyük bəstəkarın bütün həyat və fəaliyyətini şair hüznlü not-larla xatırlamaqla bərabər, həyatdan tez getməsinə çox təəssüflənir:

Bilməzəm, cana, neçün əhlin fəramuş eylədin,

Zülfi-dərhəm kimi bir cəmi siyahpuş eylədin.

Sağəri-eyşimə tez tökdün şərabi-möhnəti,

Şişeyi-qəlbim bəlalar daşına tuş eylədin.

Gecələr sənsiz budur dərdim çıraği-çeşmimi,

Niyə çün şəmi-əza nagah fəramuş eylədin?

Bəzmi-işrətdən nədən birdən-birə çəkdin ayaq,

Ölümün acı şərabın vaxtsız (niyə) nuş eylədin?

Mərsiyənin yerdə qalan böyük hissəsinin beytləri isə sonadək rəvi şəkilində qafiyələnmişdir. Yəni burada beytlərin ikinci misralarında sonuncu, yalnız tək bir hərf (və ya ünsür) qafiyə yaradır (P.Kərimov, 2011, s.304):

Övladi-vətən ondan həmişə bəhər görsün,

Desinlər sənə rəhmət, ey sərvi-səhi-bala.

Qəbrin evinə doğru getdikdə gülər getsin,

Xəlq ona nəva etsin çün mürği-dili-şeyda.

Şair mənzumədə Azərbaycanda, ümumiyyətlə, müsəlman-Şərq aləmində operanın bünövrəsini qoymuş dahi bəstəkarın yaradıcılığından söz açaraq “Leyli və Məcnun”, “Koroğlu”, “Arşın mal alan” kimi operaların artıq çoxdan dünyada şöhrət tapdığını və özünün isə qədim Şərq, Qərb dünyasının dahiləri ilə bir sırada dayanmağa layiq olduğunu göstərsə də, onun böyüklüyünü vəsf etməkdə aciz qaldığını etiraf edir və belə bir görkəmli şəxsi yalnız Puşkin kimi böyük bir şairin mədh edə biləcəyini yazır:

Vasif ələ aldıqda qələm bu sözü söylər,

Mən necə belə şəxsin vəsfin eyləyim inşa?

Rusiyalılar fəxri Puşkin kimi bir kimsə,

Lazımdı onu öysün, əhsən desin ilqa.

“İzhari-təəssüf” mərsiyəsinin Əlyazmalar İnstitutunda saxlanılan, müəllifin öz dəst-xəttilə köçürülmüş iki nüsxəsindən biri o birindən bəzi yer-lərində düzəlişlər edilməsinə görə fərqlənir. Görünür, müəllif nüsxələrdən birinin bəzi beytləri üzərində sonradan dəqiqləşdirmələr aparmışdır. Şair dahi bəstəkarın keçdiyi həyat yoluna nəzər salır, vətən üçün çox işlər gördüyünü, bunun əvəzində isə vətən övladı da onun etdiklərini heç vaxt unutmayacağını və qazandığı yalnız xalqının məhəbbəti olduğunu bildirir:

Bu səhneyi-dünyada qərəz gözəl ad aldın,

Vəzifələrin bir-bir yaxşı eylədin ifa.

Nə qəm, bu az ömründə dünyada çox iş gördün,

Var-yoxunu sərf etdin əhli-vətənə yekca.

Övladi-vətən bişəkk xidmətlərin unutmaz,

Haqqında nə lazımdır eyləyər onu icra.

Matəm günlərində bəstəkarın yoxluğuna kədərlənən çox sənət adamları, xanəndələr, musiqiçilər qara geyinib yas saxlayırlar:

Xan kimi nəvaxanlar Şur ilə nəva eylər,

Övladi-vətən yəni fəryadə gəlir yekca.

Qurban ilə Mənsurlar qara geyinib, çün tar,

Dil xamələri içrə təziyə qılıb bərpa.

Şair həmin hüznlü günlərdə öz-özünə təsəlli verir və düşünür ki, dünya şöhrətli alimlərdən Fərabi, İbn Sina kimi bəstəkarın da adı daim dünyada əbədi qalacaq, dillərdə gəzəcəkdir:

Fərabi kimi adın dünyada qalar baqi,  

Dillərdə gəzər namın çün Əbu Əli Sina.

Mərsiyənin sonunda, dahi bəstəkarı son mənzilə yola salmağa gələn böyük izdihamı görən şair Bakı şəhərini qəm dənizinə bənzədir. Qəmə qərq olmuş xalqın sonsuz, hədsiz kədəri həmin anlarda bu itkidən sanki sakit dayanıb, dalğalanmayan Xəzər dənizinin hüdudlarını çoxdan aşıb-keçdiyini şair belə ifadə etmişdir:

Bəhri-qəmə qərq olmuş çün şəhri-səba Bakı,

Bəhri-Xəzəri keçmiş, mövc etməsə də ol dərya.

M.Müctəhidzadə əsərin əlyazmasının axırında bəstəkarın xidmətlərinə görə dövlətdən mükafatlar, fəxri adlar almasını, həmçinin, xalqının “mayeyi-iftixarı” olmasını və “İzhari-təəssüf” mənzuməsinin məhz bəstəkarın vəfatı günü yazıldığını qeyd etmişdir: “Sovet Sosialist Respublikaları İttifaqı Baş Soveti deputatı, iki dəfə Stalin mükafatına nail olmuş xalq artisti və azər-baycanlıların mayeyi-iftixarı olan ordenli bəstəkar Üzeyir Hacıbəylinin vaxtsız vəfatı münasibətilə “İzhari-tə-əssüf”. Məhəmməd ağa Müctəhidzadə Müştəri təxəllüsü tərəfindən 23 noyabr 1948-ci il”.

Əlyazmanın axırında, mətn başa çatandan sonra köçürülmüş bir bəndlik şeirdə bəstəkarın vəfatına aid maddeyi-tarix də verilmişdir:

Mənə, ey deyən, nə vaxtda tamam oldu mahta-bın,

Nə zaman zəvala gəldi bu həqiqi afitabın,

Ğəmu həmu dərdü möhnət ilə naləvü ələmdən,

Bu sualı qıl kim, onlar derlər bu sorğunun cavabın.

Maddeyi-tarix burada şeirin üçüncü misrasındadır. “Ğəmu həmu dərdü möhnət ilə naləvü ələmdən” misrasındakı ərəb qrafikalı sözlərin hərflərini əbcəd he-sabına çevirib topladıqda (ğəm - 1000+40; həm - 5+40; dərd - 4+200+4; möhnət - 40+8+50+400; nalə - 50+1+30+5; ələm - 1+30+40) Üzeyir bəy Hacıbəylinin vəfatı tarixinin - 1948-ci il olduğu şeir-dəki maddeyi-tarixdən bir daha məlum olur. Bununla əlaqədar onu da bildirək ki, orta əsr yazılı abidərində əsər müəllifləri və yaxud əsərin mətnini kö-çürən katiblər bu və ya digər məsələ ilə əlaqədar yazdıqları maddeyi-tarixləri, adətən, əbcəd hesabı ilə hicri tarixə aid etmişlər. Burada isə M.Müctəhidzadə orta əsrlər yazı ənənəsindən kənara çıxaraq maddeyi-tarixi miladi tarixə əsasən vermişdir. 

 

Əli MƏMMƏDBAĞIROĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.23.