İspaniya - düşüncələr və
unudulmaz xatirələr
“Bütün böyük səyahətçilər
kimi, mən xatırladığımdan çox şeyi
görmüşəm və gördüklərimdən
çox şeyi xatırlayıram”.
Bencamin
Dizraeli
Böyük
Britaniyanın 1868-1874-cü illərdəki baş naziri
Eskorialdan
bir az aralıda Qvadarrama dağında, 1355
hektar sahədə, “Həlak olanlar” vadisi adlanan memorial yerləşir.
Qayanı parçalamaqla yaranan mağarada
bazilika tikilmişdir. Bazilikada olan iki qəbirin
hər biri sadədir, üstündə ad yazılmış
qara mərmərdən olan sinədaşı vardır,
başdaşı yoxdur.
İspan xalqının bir hissəsi bu vəziyyətlə
razılaşmaq istəmir və Frankonun qəbrinin oradan
çıxarılmasını tələb edir. Son vaxtlar bu tələblər
daha intesiv xarakter alır. Lakin həm
bazilika, həm də xüsusən iki qəbir adamda heç də
xoş emosiya yaratmır, əksinə, faşizmə nifrət,
onun əyani xatirəsini gördükdə, bir daha baş
qaldırır.
Şənbə gününün axşamı biz
köhnə bir restorandakı ziyafətə getdik. Holdinqin rəhbəri
bizi və sovet səfirini “xoş gəlmisiniz” deyə
salamladı. Əvvəlcə bir iri otaqda
bizi xamona qonaq etdilər. Xamon nazik ət
parçası şəklində təklif olunur və onu, adətən,
əllə götürüb yeyirlər. İspan
mətbəxində xamon və xeres şərabı
(şerri) daha məşhurdur. Sonra, yəqin
ki, bir qədər bizim plova bənzəyən paelya gəlir.
Xamon qaxac edilmiş donuz bududur, ən qiymətlisi
qara çöl qabanının budundan
hazırlanmışı hesab olunur və o növ
satıldıqda mənşəyini bildirmək
üçün qabanın qara dırnaqlı ayağı da
nümayiş etdirilir.
Sonra bizi banket zalına dəvət etdilər, stolun
üstündə iki tərəfdən gümüş at heykəlləri
qoyulmuşdu, çəngəl-bıçaq da
gümüşdən idi. Mən holdinq
prezidentinin yanında, səfir isə bizimlə üzbəüz
oturmuşdu.
Milliyyətcə
bask olan prezident çox səmimi, qonaqpərvər bir insan
idi, bizə xüsusi hörmət göstərmək istəyirdi.
Söhbət vaxtı bir məsələ müəyyən
çaşqınlıq yaratdı. Prezident
öz holdinqinin geniş xarici əlaqələrindən
söhbət açdı. Mən müdaxilə edib
bildirdim ki, Afrikada ölkə vardır ki, İspaniyadan ərzaq
gətirən gəmini “Xilas kəməri” kimi gözləyir,
çünki onun gəlişi aclığa yaxınlaşan
qıtlığa əncam çəkməklə, adamlarda təsəlli
yaradır. Prezident etiraz qaydasında bildirdi ki,
Afrikanın özü çoxlu subtropik meyvələr istehsal
edir və oraya nəsə göndərməyə də
ehtiyac yoxdur. Görünür, sizə
düzgün məlumat verməmişlər. Mən əlavə etdim ki, Yuli Sezar vaxtı
Afrikanı yalnız onun şimalı kimi
tanıyırdılar, XX əsrdə isə dünyaya Afrika
böyük qitə kimi tanışdır. Prezident yenə bildirdi ki, mən uzun müddət
ölkənin xarici ticarətiylə məşğul
olmuşam, ona görə də məlumatın səhv
olduğunu bir daha təkrar edirəm. Mən
səfir Dubininin üzünə baxdıqda gördüm ki,
onun sifətinin rəngi dəyişmişdir. Yəni
fikirləşir ki, Azərbaycanın naziri olan bir adam niyə İspaniyaya aid olan bir məsələyə
qarışır və diletantlığına baxmayaraq,
öz dediyində israr edir. Mən prezidentə
bildirdim ki, yalnız dəqiq bildiyimi deyirəm və öldkənin
adını da çəkə bilərəm və fasilə
verməmiş “Anqola” sözünü tələffüz
etdim. Prezident ucadan güldü və dedi ki, axı
Anqolanı ərzaqla bizim holdinq təchiz edir, mən isə
mübahisəyə girişib, bunu tamam yaddan
çıxarmışdım.
Əlbəttə, bəlkə də, mən
düzgün hərəkət etməmişdim, ancaq heç
bir pis niyyətim də yox idi. Biz prezidentdən və
onun silahdaşlarından böyük hörmət
görmüşdük. Mən səfirin
üzünə baxdım, gülümsəyir, deyəsən,
özünü çox xoşbəxt hiss edirdi.
Prezident bizim bazar günü proqramımızla
maraqlananda mən bildirdim ki, Prado muzeyinə getmək istəyirəm,
axşamüstü saat 5-də isə artıq bileti
alınmış korridaya baxmağa gedcəyəm. O, maraqlandı ki, Toledoda
olmusunuzmu, mən “yox” cavabı verəndə bildirdi ki,
İspaniyada belə zərb-məsəl vardır: “Kim Toledoda
olmayıbsa, o, İspaniyanı görməmişdir” və əlavə
etdi ki, sabah hökmən Toledoya gedin. Mən təşəkkür etdim və əlavə
etdim ki, Toledoya da gedərik, sonra Pradoda olarıq, daha sonra isə
korridaya tamaşa edərik. O razılaşmadı,
bildirdi ki Toledonu yaxşı gəzmək lazımdır və
siz ancaq korridaya getməyə çatdıra bilərsiniz. Beləliklə, Prado muzeyi ixtisara düşdü.
Biz çox səmimi surətdə prezidentlə
vidalaşdıq. Səfir Yuri Vladimirovis
xudahafizləşəndə əlimi sıxıb, razılığını
bildirdi və əlavə etdi ki, bizim bir ayda görə bilmədiyimizi,
siz bir neçə saatda həll etdiniz. Mən
də səfirə bizə göstərdiyi diqqətə
görə minnətdarlığımı bəyan etdim.
Bazar
günü Madriddən 75 km məsafədə, cənubda yerləşən
Toledoya yollandıq və bu muzey- şəhərlə
tanışlığa görə holdinq prrezidentinə, qiyabi
də olsa, öz minnətdarlıq hisslərimizi ifadə
etdik. Bu şəhər İspaniyanın
köhnə paytaxtı olmaqla, yarımadanın ən qədim
şəhərlərindən biridir. Onu
bizim eradan əvvəl iberlər salmışlar. Şəhər Taxo çayının sağ
sahilində qranit təpədə yerləşir. Toledo, elə bil ki, ispan tarixinin antologiyasıdır.
Romalılar onu tutanda, şəhəri Toletum
adlandırmışdılar. Vestqotlar
dövründə o vestqot İspaniyasının paytaxtı
olur, 711-ci ildə isə onu ərəblər işğal edir
və müstəqil müsəlman dövlətinin
paytaxtına çevirirlər. 1085-ci ildə
isə Kastiliya kralı VI Alfonso onu öz
krallığının paytaxtına çevirir. XVI əsrdə paytaxt Madridə keçirildikdə
Toledo öz inkişafını dayandırdı və şəhərin
əhalisi xeyli azaldı.
İndi Toledo şəhər-muzey olmaqla, milli abidə
elan edilmişdir. Orta əsrlərin arxitektura irsinin rəngarəngliyinə
və miqdarına görə şəhər İspaniyada
birinciliyini saxlayır. Bu, tarixin
bütün dövrlərinin arxitekturası və incəsənətinə
məxsus üslubların unikal yadigarıdır. Burada qotik, renessans, barokko üslublarında olan
monumental abidələr çoxdur. Lakin
üstünlüyü Mudexar üslubu təşkil edir.
XIII əsrdə tikilmiş və sonralar El
Qrekonun, Titsianın, Tintorettonun divar rəsmləri ilə bəzədilmiş
kafedral kilsə binası dünyanın ən gözəl tikililərindən
biridir. Alkasar qala-sarayı Renessans
üslubunda tikilmişdir. Mudexar
üslubunda isə iki sinaqoq inşa edilmişdir. Şəhərdə köhnə körpülər
(alkantara), darvazalar (XII əsrin Günəş qapısı),
qədim Roma tikililərinin xarabalıqları qalır. Bütün bunlara görə Toledo-ispan və beynəlxalq
turizmin iri mərkəzi hesab olunur.
Biz bir sinaqoqda olduq, müsəlman məscidləri kimi,
burada da həndəsi fiqurlardan başqa heç bir bəzək
və ya rəsm yoxdur. Sonra isə məşhur rəssam El Qrekonun ev-muzeyi ilə
tanış olduq. Dahi rəssamın
evi Amsterdamdakı Rembrandtın ev-muzeyi kimi çox sadədir,
burada hansısa bir dəbdəbədən əsər-əlamət
yoxdur. Mən El Qrekonu ikinci dəfə əyani
olaraq kəşf edirdim. İki il əvvəl
Yunanıstanda olanda Krit adasındakı İraklion şəhərinə
gedirdik. Yol üstündəki nişanda “Fodele”
sözü yazılmışdı. Məni
müşayiət edənlər bildirdilər ki, bu, El Qrekonun
anadan olduğu kənddir və ora dönməyi təklif etdilər.
Biz rəssamın doğulduğu binanın
xarabalığını görduk. Sonra
baş küçədəki sadə muzeyə getdik, burada
minnətdar yerliləri onun xatirəsinə hörmət əlaməti
olaraq məşhur tablolarının reproduksiyalarını
nümayiş etdirirlər.
El Qreko cavanlığında vətənini tərk
etmiş, İtaliyada məşhur rəssamların yanında
işləməklə təcrübələrini öyrənmiş,
sonra isə İspaniyaya yollanmış və ölənə
qədər Toledoda yaşayıb, yaratmışdı.
Toledoda vətəndaş müharibəsi vaxtı
respublikaçılar faşistlər üzərində qələbə
çalıb, onların xeyli hissəsini məhv etmişdilər. Faşizm
hakimiyyəti dövründə həlak olanlara burada
böyük abidə qoyulmuşdur. Meridada
isə faşistlər respublikaçıları
qırmışdı, lakin orada bu bədbəxtliyi
xatırladan heç nə yoxdur.
Toledodan qayıtdıqda Madriddəki korrida arenasına yollandıq. Öküz döyüşü gedən stadionda on minlərlə tamaşaçı var idi. Bizə bahalı bilet alındığından, toreadorların yığışdığı yerin arxasında, birinci cərgədə oturmuşduq. Doğrudan da, korrida olduqca maraqlı tamaşadır, ancaq qan tökülməsiylə getdiyindən onu qanlı tamaşa adlandırmaq daha düzgün olardı. İspanlarda öküz döyüşü ən sevimli idman və oyun növü hesab olunur, ölkədə 250 korrida stadionu vardır. İspanların həyatını korridasız təsəvvür etmək çox çətindir. Əslində, bu oyun insanla, bu məqsəd üçün xüsusi yetişdirilmiş öküzün döyüşüdür. Döyüşün nəticəsi də, əsasən, əvvəlcədən məlumdur: öküz öldürülür, hər tamaşada altı öldürülmüş öküzün cəsədini ata qoşub stadiondan çıxarırlar. Nadir hallarda öküz matadoru öldürür. Əlbəttə ki, toreador da öz həyatı ilə risk edir, hər şey onun çevikliyindən və cəsarətindən asılı olur. Adi bir səhv onun üçün faciə ilə nəticələnə bilər. Amerikanların və ispanların birgə çəkdikləri “Qumlarda məhəbbət” filmi sərxoşluğa tutulmuş məşhur toreadorun beləcə həlak olmasından bəhs edir.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2018.- 24 noyabr.- S.22.