Stendalın düşüncə və davranış modeli  

 

 

 

“... Bu roman indinin yox, gələcəyin romanıdır”, “Məni uzun illər sonra anlayacaqlar, qəbul edəcəklər”...

 

Sənət adamlarının bu cümlələri deməsi, təəssüf ki, şablon hala çevrilib. Ancaq bu sözləri Stendal kimi dahi yazar deyirsə, qəbul etmək lazımdır. Bəs Stendal yaradıcılığı, misal üçün, “Qırımızı və qara” romanı ilə özünün dediyi kimi, uğur qazanmasaydı, nə baş verərdi? Deyə bilərsiniz ki, önəmli olan özünəinamdır. Hansı yazar kitab yazarkən özünə inamsız olur ki? Məsələyə məntiqlə yanaşsaq, başa düşərik ki, Stendal bu sözləri romantizmin dünyanı cənginə aldığı dövrdə realist bir yazıçı kimi deyibdüşünüb ki, gələcək nəsillər daha rasional təfəkkürlü olacaqları üçün realizm romantizmi üstələyəcək.

I Napoleonun ordusunun tərkibində hərbi səfərlərdə iştirak etdiyi üçün Stendalın əsərlərində tarixi təsvirlərə geniş yer verilir. Ancaq Stendal istedadını təkcə tarixi hadisələrin mükəmməl təsviri ilə izah etmək yanlış olar. Dahi yazıçı əsərlərində həm də insan düşüncəsinin dərin psixoloji qatlarına enməyi bacarıb. Onun yaradıcılığında hadisələrin ardıcıllığı, insan hisslərinin, narahatlığının ustalıqla təsviri bizi çaşdırır, o, qəbul olunmuş riyakar əxlaq qaydalarını gülüş hədəfinə çevirərək tənqid edir. Özlərini yüksək elita adlandıran savadsız, saxtakar adamlara layiq olduqları əsl yeri göstərir. Məşhur romanının adındakı “qırmızı” əsas qəhrəman Julienin zabitlik həyatını, qara rəng isə keşişliyini bildirir. Julien Sorel bu iki sahənin heç birində uğur qazana bilmir və əksər eqoist adamlar kimi öz uğursuzluğunun qisasını başqalarından almağa çalışır. Bu, intiqam hissi onun mübarizə əzmini artırır.            

Stendalın romanları çətin anlaşılan əsərlər deyil. Stendal oxucunu çaşdırmaqdan, romanı anlamsız tərzdə ifadə etməkdən daha çox obrazların mahiyyətinin dərinliyinə xitab etmək, bütün həyat fəaliyyəti maddi prinsiplərə əsaslanan insanları cəzalandırmaqdır. “Qırmızı və qara” əsərində müəllif şöhrətpərəstliyin, bütün həyat fəaliyyətinin maddi dünyaya hesablanmasının insan üçün necə ağır fəlakətlər yarada biləcəyini göstərir.

Stendal bir gün qəzetləri vərəqləyərkən maraqlı məhkəmə prosesi ilə tanış olubmuş. “Qırmızı və qara” əsərinin yazılma ideyası həmin məhkəmə prosesindən qaynaqlanıb. Bu əsərdə biz Stendalın Napoleona olan vurğunluğunu da görürük. “Qırmızı və qara” əsərini oxuyarkən Dostoyevskinin “Cinayət və cəza”sını xatırlamamaq mümkün deyil. “Qırmızı və qara”nın qəhrəmanı Julien Sorel özünü Napoleonla müqayisə edir. “Cinayət və cəza” romanının qəhrəmanı Raskolnikov da özünü Napoleonla tutuşdururdu. İkisi də məğlubiyyətə uğrayırlar. Çünki hər iki obraz əslində, Napoleonun həyatını mənimsəməyə, uğurlarını oğurlamağa çalışırlar. İnsan özünü başqa şəxsiyyətlərlə müqayisə edə bilər, amma başqalarının həyatını mənimsəməyə, uğurlarını oğurlamağa can atmaq yanlış münasibətdir. Biz niyə öz xarakterimizdən, həyata münasibətimizdən və həyatın bizə münasibətindən məmnun deyilik? Niyə əksər insanlar böyük şəxsiyyət olmaq istəyirlər?

 

Yəqin razılaşarsınız ki, hər birimiz ən azından uşaqlığımızda gələcəkdə böyük adam olacağımızı xəyal etmişik. Bəs böyük adam kimdir? Kimləri böyük adam hesab etmək olar? Böyük adam deyərkən öz həyatlarını maddi dünyaya hesablayanlar vəzifə tutmağı, çoxlu pul qazanmağı düşünürlər. Elə haqqında bəhs etdiyimiz əsərin qəhrəmanı Julien Sorel də, savadlı gənc olmasına baxmayaraq, bütün həyat fəaliyyətini maddi uğurlar üzərində qurmaq istəyir. Julien bələdiyyə sədrinin uşaqlarına təhsil vermə təklifini qəbul edir, ancaq onun arvadını, üç övlad anası, 30 yaşlı Matildanı başdan çıxarır. Julienin istəyi həqiqi məhəbbət deyildi, məhəbbət ona özünü isbat etmək üçün önəmli idi. Julien yepiskop olsa da, Allaha inanmır, kilsəyə nifrət edir. Bu mesaj ədəbiyyatda yeni bir dövrün başlanğıcı sayıla bilər. Julien ərli qadını sevdiyini cəmiyyətdən gizli saxlamaq istəmir. Matildasa Julieni həqiqətən sevirdi. Bu məqamda Stendal bizə qadın psixologiyasının əzab çəkməyə necə həvəs göstərdiyini yazır. Qadınlar öz əzablarıylamı yüksəlirlər? Matilda sona qədər onu sevdi, son anadək onu xilas etməyə çalışdı. Ancaq Julienin sonu müsbət ola bilməzdi. Başqalarına əzab yaşadanlar daha tez boğulurlar. Özgələrinin əzablarından həzz almaqbunu sənət adlandırmaq nə dərəcədə doğrudur? Biz real həyatda Julien kimi adamların tutulub cəzalandırılmasını, bədii əsərlərdə və filmlərdə isə belə fırıldaqçıların polisdən qurtulmasını istəyirik. Stendal bələdiyyə başqanının ailəsindəki uçurumu təsvir edərək, əslində, ümumilikdə elit təbəqəyə məxsus ailələrdəki ciddi travmanı, əxlaq böhranını, səmimiyyətin olmamasını ifadə edir. Səmimi münasibətlərin olmadığı cəmiyyətlərsə inkişafdan qalırlar.

 

 

Nicat HƏŞİMZADƏ

 

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.18.