“Qırmızı saçlı qadın”
və ya ilk sevgi haqqında nağılvari tale
Tarixin bəlkə
də ən dözülməz xüsusiyyəti
zaman-zaman təkrarlanması,
yeni çağlarda özünün varlığını
hiss etdirməsidir.
Bir xalqın taleyinə və gen kodlarına yazılmış oxşar
ssenarilər zaman-zaman
təkrarlanır. Başqa formada,
başqa şəhərlərdə,
başqa insanlarda.
Ancaq gec, ya tez
bu baş verir. Dastanlar və miflər
kiçik hekayələr
şəklinə düşür.
Min illərin sınaqdan keçirdiyi təcrübələr illərlə
qismət formasında
insanların qarşısına
çıxır.
İstanbulu dünyanın mərkəzi
bilən Orxan Pamuk növbəti romanında Firdovsinin “Şahnamə”sində yer alan “Rüstəm
və Söhrab” əhvalatını və
qədim yunan mifologiyasından “Edip” hadisəsini İstanbullu bir yeniyetmənin ilk sevgi hekayəsi üzərində bir-birinə
qovuşdurur.
Müəllif deyir ki: “Qara kitab”ı yazdığım illərdə
yoruldum və kiçik həcmdə bir roman yazmaq istədim. Okeanları qaçaraq keçim, dedim, - qısa roman yazmaq mümkündürmü
deyə. O da məndə olmadığını
düşündüyüm bir hünər, bir təcrübə idi. Məncə, “Qırmızı saçlı qadın” həm kiçik, həm də şərq-qərb milli kimliyimizi, şəxsiyyət
və mədəniyyət
arasındakı bağlantını
araşdırdığı üçün fərqlidir”.
Ənənəvi “Pamuk üslubuyla” yazılmış bu romanda da İstanbulun
adamları, tarixi, şərq və qərb mədəniyyətlərinin
şəhərə təsiri,
keçmişə bağlılığı
və ən əsası ilk sevgi və onun həyatımızdakı
yeri haqqında danışılır.
On altı yaşlı
yeniyetmə ilə qəsəbə teatrında
çıxışını görüb aşiq olduğu qırmızı
saçlı qadın
əsərin baş qəhrəmanıdı. Freydin məşhur
“Edip” kompleksi adlandığı psixoloji
təcrübə romanın
ana sütunudur. Atasının siyasi fəallardan
ibarət qrupdakı sevgilisinə illər sonra oğlu aşiq olur.
Hadisələr təxminən otuz
il öncəki
İstanbuldan bir qədər uzaqdakı “Öngörən” qəsəbəsində
baş verir. Lisey tələbəsi olan Cemin atası
roman boyu yazıçının
danışmağa maraqlı
olmadığı siyasi
səbəblərdən yana ailəsini tərk edir. Cem universitetə girmək ,
həm də xərclərini qarşılamaq
üçün iş
axtarır. Öncə
kitab mağazasında,
sonra... İstanbulun kənarında məşhur
bir quyuqazan ustanın yanında işləməyə başlayır.
“Öngörən”də tekstil fabriki açmaq istəyən Hayri bəy öncə bu ərazidə suyun olması üçün
məşhur Mahmut ustaya quyu qazılması
üçün müraciət
edir. O dövrdə İstanbulda
bu işi görən texnika olmadığı üçün
quyu qazanlar fəhlələrdən kömək
üçün istifadə
edirdi. Cem və daha bir yeniyetmə - Ali Mahmut ustaya bu
işdə kömək
edəcəklər. Cem bir müddət “Öngörən”də
qalmağa məcbur olur. Burada yazıçı ilk həmləni edir. Quyudan suyun çətin tapılması və quyunun dərin qazılması romanın sonundakı bədbəxt hadisəyə folklor işarədir - Cemin ilk burada bəxti gətirmir.
Çadır teatrlarının (səyyar
teatrlar) məşhur olduğu dövrdür. Bir neçə
romanında olduğu kimi, bu romanda
da Pamuk teatr sənətinin İstanbuldakı keçmişini
axtarmağı sevir.
Teatrın kulisindən tutmuş,
aktyor heyəti arsındakı dialoqlara qədər işləyən
müəllif bu yaradıcı sənətin
istanbulluların məişətindəki
yerindən danışmaq
istəyir. Mahmut
usta və Cem hər gün
işdən sonra bu teatra gəlirlər.
Cem qırmızı saçlı
qadına burada vurulur. Bir neçə dəfə gəldikdən sonra Mahmut usta Cemin
aktrisaya aşiq olduğunun fərqinə varır. Bu obraz - Mahmut usta romanın
bütün taleyini əvvəlcədən bilir
sanki. Buna görə
də Cemi teatrdan uzaq tutmağa
çalışır. Tarix isə Mahmut ustanı cəzalandırır.
Quyudan su çıxmağa başlayanda məşhur usta iyirmi metr
dərinliyə yıxılır
və ilk bədbəxt
hadisə baş verir. Bir gecə
öncə Cemin qırmızı saçlı
qadınla görüşməsini
usta bildiyi üçün artıq öncəki isti münasibət yoxdu və yeniyetmə bunu hiss edirdi. Mahmut usta quyuya
düşəndən sonra
Cem qəsəbədən
qaçır. Qırmızı
saçlı qadını
illərlə unuda bilməyən Cem romanın ikinci hissəsində sayılıb-seçilən
iş adamıdır.
Bu dövr romanda
tarixin hələlik susduğu dövrdür.
Baş qəhrəman öz qismətindən bir addım uzaqda xoşbəxtdir.
Orxan Pamuk ailəsindən gələn
inşaat mühəndisliyi
biliklərini bu romanda üzə çıxarır. Şirkətin səhmlərinin hesablanmasından layihələrin
yazılmasına qədər
bütün detallar səliqə ilə işlənilib. Cemin öz
həyat yoldaşıyla
bərabər qurduğu
inşaat şirkəti
İstanbuldakı ən
məşhur şirkətdir.
Növbəti layihə “Öngörən”
qəsəbəsində tikilməlidir.
Baş qəhrəman hadisələrin
başladığı yerə
qayıtmalıdır. Bundan sonra olanların hamısını yazıçı
şifahi xalq ədəbiyyatından “oğurlayır”.
Qəsəbədə artıq çadır teatrı yoxdu, quyu qazanlara da ehtiyac duyulmur. Cemin qaçıb
getdiyi qəsəbə
tarixə qarışıb.
Amma keçmişdən nəsə
qalmalıdır axı.
Sanki yazıçı ilə bərabər, Cem özü də bunu axtarır.
Qəsəbənin təsviri bu
axtarışı oxucunun
gözündən yayındırmaq
üçündür.
Romanın birinci hissəsində məşhur “Edip” hadisəsi baş verdi. Atasının keçmiş sevgilisinə vurulan oğul onunla görüşdü. Pamukun usta təhkiyəsiylə, özünəməxsus sentimentallığı ilə postmodern üslub bir-birinə qarışır. Yunan mifologiyası yenidən “Öngörən” qəsəbəsində yaşanır. Əslində, hadisələrin teatrdan başlanması qərb mədəniyyətinə birinci işarə kimi sayıla bilər. Xüsusən də o zamanlar türklərin teatrlara maraqlı olduğu dövrlə üst-üstə düşür. İstanbul nostalgiyası ikinci hissədə Cemin xatırladıqları ilə davam edir.
Ənvər obrazı yazıçının sona saxladığı sürprizdi. Romanın sonluğu və əsas ideyası Ənvərlə bərabər hekayəyə daxil olur. Məlum quyunun yanında Cem və Ənvər görüşür. Görüş üçün yerin quyu seçilməsi təsadüfi deyil. Dialoqdan bilirik ki, Ənvər, Cemin oğludur və o, uzun illərdir atasını axtarır. Ənvər, Cemin qırmızı saçlı qadınla son görüşündən olan oğludur. Atasını axtararkən özün fərqli biri kimi təqdim etsə də, final səhnədə hər şeyi danışır. Və atasını uzun həsrətdən sonra öldürür. Cem və Ənvər peşmanlıq və intiqam hisslərinin insan formasında dayanıblar. Cem Mahmut ustaya etdiyi xəyanətin cavabını alır. Bərabər qazdıqları quyu ikisinin də ölümünə şahidlik edir.
Ənvərin atasından aldığı qisas bizə “Rüstəm və Söhrab” əhvalatını xatırladır. “Şahnamə”də ata bilmədən öz oğlunun qatili olur. Romanda isə oğul bilə-bilə atasını öldürür. Ata və oğul münasibətləri Şərq üslubunda verilsə də, nəticə Qərb filmlərinin sonluğunu xatırlatdı. Şüuraltımızdakı tarixi dəyişmək gücündə olmadığımız ən böyük əksiklik ola bilərmiş. Tarixin ironiyası və fərdlərin qismət adı qoyduğu yaddaş müəyyən periodlarla təkrarlanır. Pamukun inandığı qismət də budur.
Romanın adındakı qırmızı rəng sondakı qətl hadisəsinə işarə verir. Saçlar isə bu qətlin səbəbinin ehtiras olacağını bildirmək istəyir. Şərq nağılında Rüstəmin günahını bağışlayan ana obrazı bu romanda qətlin əsas səbəbkarlarından birinə çevrilir. Postmodern romanın əsas xüsusiyyətlərindən biri olan intertekstuallıq və dekanstruksiya “Qırmızı saçlı qadın”da kifayət qədər işlənib.
Əsəri 6 aya yazıb bitirdiyini söyləyən yazıçı
bunu romanda hiss etdirir. Hadisələr
çox sürətlə inkişaf
edir. Bütün kartlar masadadı. Yazıçı bütün sirrini ortaya qoyub. Romanı bir dəfə oxumaq kifayətdir
ki, onun haqqında əminliklə
danışasan. Bu, Orxan
Pamuk yaradıcılığından bir qədər uzaq nüans idi...
“Qırmızı saçlı qadın”a qədər.
Rəvan
CAVİD
525-ci qəzet.- 2018.- 24 noyabr.- S.18.