“Toya bir
gün qalmış” yaşananlar
Vəzifə, cəmiyyətdə böyük
nüfuz sahibi, var-dövlət yiyəsi bir ailə özlərinin
ən sevincli, önəmli günlərində
birdən-birə gözlənilməz
situasiya ilə qarşılaşırlar. Bir gün
sonrakı toya hazırlaşan ailə qəfildən özlərini
matəmin ortasında
tapırlar. Ailənin
başçısı - cəmiyyətdə
nüfuz sahibi olan kişi
gözlənilmədən dünyasını
dəyişir.
Əslində, tragik hadisə hesab oluna biləcək
bu olay Azərbaycan
Dövlət Musiqili Teatrında səhnələşdirilən
“Toya bir gün qalmış” tamaşasının ana mətnini təşkil edir. Bəs komediya bu hadisənin harasındadır?
Komediya situasiyanın
özündə, ailənin
düşdükləri vəziyyətə
münasibətində, bu
vəziyyətdən özləri
üçün tapdıqları
çıxış yolunda
gizlənib. İki saata yaxın davam edən tamaşa hər dəqiqəsində yaşadığımız
cəmiyyətin, çərçivəni
bir az
da genişləndirsək,
dünyanın bir sıra eybəcərliklərini
insanların düz üzünə hayqırır.
Gülə-gülə, güldürə-güldürə...
Azərbaycan Dövlət Musiqili Teatrında uşaq vaxtı iki dəfə olmuşdum. Uzun illər
idi yolum heç oraya düşməmişdi. Bu
qədər ildən sonra məni oraya aparan isə
baş rolunu milyonların sevimlisi, gülüş ustası,
Xalq artisti Afaq Bəşirqızının
oynadığı “Toya
bir gün qalmış” tamaşası
oldu. Düzünü desəm, tamaşadan
öncə qapıda dayanmış gözətçidən
başlayaraq, teatrın
bütün kollektivi,
teatr binasının əsrlərin o tayındakı
sarayları xatırladan
cah-cəlallı, ecazkar
gözəlliyə malik
binası və nəhayət, tamaşa bütünlükdə bu
zamana kimi oradan uzaq düşməyimi
üzümə vurub,
məni utandırırdı.
Etiraf edək
ki, indiki tamaşaçını təəccübləndirmək
heç də asan məsələ deyil. Hətta bəzən mümkünsüz
olur. Çünki tamaşaçı bu gün dünyanın
hər yerindəki gülüş nöqtələri
ilə sıx təmasdadır. Yaxşını pisdən ayıra, bayağı, yüngül
gülüşə öz
etirazını gülməməklə
bildirə bilir. Bir-birinin ardıyca çəkilən
komediya filmləri, serialları belə tamaşaçını həyəcanlandırmağa
yetmir. Çünki
hamısında eyni zarafatlar, eyni bayağı ifadələr,
eyni lazımsız hərəkətlər...
Təmasda olduğu dünyanın nəyə “güldüyünü”
görən azərbaycanlı
tamaşaçı isə
(təbii ki, söhbət hazırlıqla
tamaşaçıdan gedir)
bunlara asanlıqla aldanmır.
Xüsusən güldürərək düşündürmək,
düşündürərək güldürmək müasir
zamanımızın ən
böyük problemlərindən
biridir. XIX əsrdə
Mirzə Fətəli
Axundzadə yaradıcılığından
ədəbiyyatımıza yol tapan komediya
janrı özünün
düşündürmək, cəmiyyətin hansısa
çatışmazlıqlarını satirik gülüş vasitəsilə açıb
göstərmək funksiyasını
yerinə yetirirdisə,
çağdaş dövrümüzdə
tamaşaçını düşündürməyə
yönəlmiş komediyalar
çox azdır.
Bəlkə də hansısa
vulqar ifadələrlə,
bəzən heç bir gərək olmadan edilən ləhcə dəyişiklikləri
ilə az-çox gülüş qazanmaq olur, amma o gülüşün
ömrü cəmi bir neçə saniyə çəkir və sonra tamaşaçı
nəyə güldüyünü
belə unudur.
Bu mənada Musiqili Teatrın öhdəsinə
çox iş düşür. Çünki teatr onillərdir
ki, əsl mədəniyyətin, incəsənətin
mərkəzi funksiyasını
yerinə yetirir.
İnsanlar əsl keyfiyyəti
məhz teatr binasının divarları
arasında axtarırlar.
Həmin gün tamaşaçısı
olduğumuz səhnə
əsəri isə teatrın bu məsuliyyətli işin öhdəsindən hələ
də böyük bacarıqla gəldiyini sübut elədi.
Əli Səmədlinin “Toya bir gün qalmış”
iki hissəli komediyasının quruluşçu-rejissoru
Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov, quruluşçu
rəssamı Əməkdar
rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin
Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı,
Əməkdar artist Ələkbər
Əliyev, aktyorlar Əliməmməd Novruzov,
Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlili, Gülnarə Əzizova, Məhərrəm Qurbanov,
Rəsmiyyə Nurməmmədova,
Ruslan Mürsəlov və Ağaxan Şərifov ifa ediblər.
Tamaşanın baletmeysterləri Əməkdar
artistlər Yelena və
Zakir Ağayevlərdir.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış
vəzifəli şəxsin
dünyasını dəyişməsi
ilə başlayır.
İki oğlan,
iki qız övladı olan ailədə hər kəs çox böyük həvəslə
böyük oğlan Alikin beşinci toyuna hazırlaşır. Xüsusən evin xanımı, bəyin anası Roza daha böyük
həvəslidir. O, hər
kəsə əmrlər
yağdırır, bütün
ictimaiyyətin nəzər
diqqətində olan bu toyun qüsursuz
keçməsi üçün
səylə hazırlaşır.
Elə ilk səhnələrdən
bu xanımın ailədəki hökmü,
hegemonluğu göz önünə sərilir. Övladları bir tərəfə, əri belə ondan qorxur.
Bir azdan işdən evə gələn ailənin başçısını isə
demək olar ki, sayan olmur. Hamının
başının hazırlıqlara
qarışdığı zamanda kişi
qəfildən ölür.
Bundan sonra əsl hadisələr başlayır. Onun həyat yoldaşının
isə bunu hamıdan gizlətməsi
vəziyyəti daha da mürəkkəbləşdirir.
Qadın
düşünür ki,
ərinin ölümünü
ört-basdır etməsə,
toy təxirə düşəcək
və onların bir sıra maraqlarına
zərbə dəyəcək.
Beləliklə, ailə dəfn
işləri ilə məşğul olmaqdansa,
toy hazırlıqlarını davam etdirir.
Burada cəmiyyətimizin çox
ağrılı bir yarasına toxunulub: insanlara puluna, vəzifəsinə görə
hörmət etmək.
Qadın
yaxşı bilir ki, kişinin ölümü məlum olandan sonra bütün
süfrə dostları,
var-dövlət qohumları
hərəsi bir tərəfə çəkiləcək,
hamı gözdən itəcək, əvvəlki
hörmətdən, sayğıdan,
diqqətdən, cah-cəlaldan
əsər belə qalmayacaq. Doğrudan da belə olur, hətta övladları bu itkidən heç bir ağrı hiss etmirlər, atalarının
cansız (onlar elə bilir) bədəni belə onları təsirləndirmir.
Onlar anaların quraşdırdığı
bu oyunlara da əllərindəki imkanları, lüks həyatlarını itirməmək
üçün razılaşırlar.
Hətta ailədə vəziyyət
o həddə çatıb
ki, bütün fərdlər bir-birindən
oğurluq etməyə
başlayıblar. Artıq belə bir ailədə hansısa dəyərlərdən danışmaq,
yüksək insani keyfiyyətlər gözləmək
mənasız çırpınışdır.
Əsərin gedişatında tamaşaçı
nəyinsə düz getmədiyini, oyun içərisində oyun olduğunu anlayır. Hər şey
qərarlaşdırılıb, planlaşdırılanda, dəfn
işlərinə başlanacaq
məqamda hər iki oyun özü-özünü
faş edir. “Ölü birdən-birə
dirilir”...
Bu ailədəki çürümüş
ər-arvad, övlad-ana,
övlad-ata, bacı-qardaş
münasibətləri sonda
bircə məktubla sillə kimi ailə fərdlərinin üzünə dəyir. Əslində bu sillə onlara
yox, cəmiyyətə,
bütünlükdə insanlığa
vurulan sillə idi. Budur pul düşkünlüyünün,
vəzifə sevdasının,
var-dövlət hərisliyinin
axırı... Ən gözəl,
ən ülvi hisslər belə tamah deyilənin məngənəsində sıxılıb
məhv olur.
Biz tamaşa başlar-başlamaz
“ölən” və sonrakı proseslərə
heç bir halda qarışmayan ailə başçısının
necə bir insan olduğunu əslində bilmirik. Pul hərisi,
acgöz, tamahkar idimi, ya belə
deyildi - bilmirik. Öz ailəsi haqqında nə düşünürdü,
tamaşa boyunca bu haqda heç
bir məlumat almırıq. Amma sonda
onun arvadına və övladlarına ünvanladığı məktubla
əslində necə
bir insan olduğu aydınlaşır.
Görünür ki, o da ailə üzvlərinin bu xasiyyətindən bezib. Hətta onların əsl üzünü açıb
göstərməyə yönələn
belə bir oyun oynayacaq qədər...
Tamaşa zövqlü və gözəl səhnə tərtibatı, dizaynı,
peşəkar aktyor oyunu ilə də diqqət çəkirdi. Yığcam səhnədə əsl ev mühiti
yaradılmışdı. Bir
tamaşaçı kimi
özümüzü həqiqi
evin bir kənarında dayanıb baş verən hadisələri seyr edirmiş kimi hiss edirdik. Bu da canlılığı və
baş verən hadisələrin həyatiliyini
daha da artırırdı.
Bu tamaşada da Afaq Bəşirqızı
fərqi özünü
çox aydın şəkildə göstərirdi.
Digər aktyorlar da ondan heç də geridə qalmır, tərəf-müqabili kimi baş rol ifaçısının işini bir az da asanlaşdırırdılar. Bəzi məqamlarda ustad sənətkar özünü bilərəkdən arxa plana atır, gənclərin səhnədə özlərini daha yaxşı göstərməsi, ifadə edə bilməsi üçün onlara şəraitlər də yaradırdı. Bu isə bir sənətkar qəlbinin incəliyinin, peşəkarlığının nümunəsidir.
Aktyorlar öz rollarını sadəcə oynamır, sanki yaşayırdılar. Rejissorun böyük ustalıqla səhnələşdirdiyi əsəri onlar da mükəmməl şəkildə ifa edir, əsərdə verilən ictimai-sosial mesajları ən incəliyinə qədər çatdırmağı bacarırdılar.
Tamaşaçı mizanlara gülür, hələ o gülüş üzündən çəkilməmiş isə hansısa sözün, hansısa hərəkətin təsiri ilə düşünürdü. Ailə dəyərlərini pula qurban verən bu insanlar hər kəsə kimlərisə xatırladırdı. Bəzisi qonşusunu, bəzisi qohumunu, bəzisi tanışını, bəzisi isə özünü o səhnədə görür, başına gələn hansısa hadisələri bu situasiya ilə müqayisə edirdi. Tamaşaçıya bu imkanları yaradan isə gözətçisindən, qarderob işçisindən, mətbuat katibindən, rejissorundan tutmuş, bütün diqqətləri öz üzərində cəmləyən Afaq xanıma qədər hər kəsin birgə səyi, əməyi nəticəsində hazırlanmış “Toya bir gün qalmış” tamaşası idi.
Artıq illərdir Musiqili Teatrın səhnəsində dəfələrlə
göstərilməsinə baxmayaraq, bu gün belə həmin tamaşaya bilet
tapılmırsa, zalda və amfiteatrda oturmağa yer axtarılırsa, deməli, bütün
yaradıcı heyət öz məqsədinə
artıqlaması ilə çatıb. Gülüşün,
komediyanın nə olduğunu bilən, əsl
və keyfiyyətli gülüş arzusunda olan
tamaşaçı onu harada
tapacağını yaxşı bilir -
Bakının mərkəzində yerləşən Azərbaycan
Dövlət Musiqili Teatrında!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 24 noyabr.- S.16.