Ədəbiyyatın və elmin bayramı   

 

ŞAMAXIDA “FİZİKA VƏ LİRİKA: DÜNYA TƏCRÜBƏSİ VƏ MDB ÖLKƏLƏRİNİN ELM VƏ ƏDƏBİYYAT REALLIQLARI” MÖVZUSUNDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSLA BAĞLI QEYDLƏR

 

 

İnsanın məşğul olduğu sahə xarakterinə təsir edirmi? Peşənin xasiyyətə dəxli varmı? Yəqin ki, var. Həm də əgər peşən həyat tərzinə çevrilirsə, işinlə nəfəs alıb onunla yaşayırsansa, seçdiyin sahə davranışında, danışığında daha çox hiss olunur.

 

Doğrusu, bilmirəm seçimi bizmi edirik? Uşaqlıqdan - nə olmaq istəyirsən? - sualını dəfələrlə eşidib hərdən bir cür cavab veririk. Yəqin yalnız xüsusi missiya ilə dünyaya gələnlər lap balaca vaxtından gələcəkdə nə işlə məşğul olacaqlarını dəqiq bilirlər. Uzun və çətin yol qorxudur bəzən, amma həvəs, sevgi hər şeyə qalib gəlir. Və zamanla o böyük sevgi peşəni insanın varlığına hopdurur. Ona görə sözünə, davranışına, zövqlərinə təsir edir. Nizaminin “kamil bir palançı” ideyası hər zaman aktualdır. Elə vətənpərvərlik duyğusu da işinin peşəkarı olmaqdan başlayır. Öz işinlə vicdanla, sevgiylə, şövqlə məşğul olursansa, şəxsiyyətsən deməli... Bu, öz yerində. Amma məsələnin digər tərəfi də var ki, istedadlı insan bütün sahələrdə fərqlidir. Bu baxımdan hansısa sahədə yüksək peşəkarlıq səviyyəsinə çatmış insanın ayrı nə iləsə maraqlanması, özünü orda da realizə etmək arzusu təbiidir.

Son günlərdə ədəbiyyatsevərlərin bayramına çevrilmiş “Fizika və Lirika” konfransı da məhz bu ideyanı təbliğ edir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi ilə başlanan ədəbiyyat təntənələri “Fizika və Lirika” konfransı ilə gündəmi başqa bir ovqata köklədi. Şamaxıya, ulduzlara bir az da yaxın, sonra Moskvaya, bu dəfə də fiziklərin mərkəzi olan Dubnaya kimi gedib çıxdı müzakirələr. Soyuq və yağışlı gündə müxtəlif ölkələrdən gələn qonaqlarla birgə Şamaxıda Nəsrəddin Tusi adına rəsədxanada müşahidə etdiklərimi bölüşməzdən əvvəl bu tədbirlərin sənət adamlarına təsiri haqqında yazmaq istərdim.

Məsələ burasındadır ki, müasir zamanda tədbirlərin bolluğunda belə yığıncaqların, konfransların faydası nədən ibarətdir sualı ortaya çıxır. Heç şübhəsiz ki, faydası çoxdur. Həm bu günə aid, həm də yaxın və uzaq gələcəyə hesablanmış faydası. Elə Ədəbiyyat İnstitutunun 85 illiyi ərəfəsində mətbuatı yaxşı mənada “zəbt” etmiş yubiley yazıları bir elm ocağının tarixinə nəzər salmaqdan, keçdiyi yolu incələməkdən savayı, həm də millətin tarixinə, ədəbiyyatın tarixinə bu gündən baxış imkanı yaratdı. Eyni zamanda, İnstitutun yubileyinin yüksək səviyyədə qeyd olunması, alimlərin ölkə rəhbərliyi tərəfindən mükafatlandırılması da qələm adamları üçün böyük stimul oldu.

“Fizika və Lirika” konfransı da haqqında danışdığım ədəbiyyat, söz sənət bayramının davamı və əslində, son dərəcə vacib hissəsi kimi qəbul edildi. Akademik İsa Həbibbəylinin ideyası və təşəbbüsü ilə keçirilən konfransın orijinal bir mövzusu, ideyası var. Yazımın əvvəlində qeyd etdiyim kimi, sənət adamı elmlə ardıcıl məşğul ola bilərmi, yaxud elmin tələb etdiyi səliqə-sahmanla yaşayan adam sənətin çərçivəsizliyində özünü rahat hiss edərmi - kimi təzadlı suallara cavab verir bu konfrans. Hələ Sovet dövründə başlanmış elm-ədəbiyyat “qarşıdurma”sı - Fizika, yoxsa Lirika “mübahisəsi” burda çözülür və əslində, elmlə sənətin bir-birindən ayrı olmaması sübuta yetirilir. Bütün ömrünü elmə həsr etmiş adam şeir yazır, rəsm çəkir, musiqi bəstələyir və “Fizika-Lirika” konfransı bu alimlərin bədii yaradıcılığına, bəstələrinə, rəsmlərinə ayrı yöndən baxmağa çağırır. Əslində, rasional düşüncə, dəqiq riyazi yanaşmalar bu əsərlərdə özünü necə göstərir - araşdırma mövzusu budur.

Artıq neçə ildir ki, keçirilən konfrans bu dəfə daha böyük, Beynəlxalq miqyas aldı. Bu, həm də Azərbaycan elminin, alimlərinin xaricdə tanınması, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından son dərəcə əhəmiyyətli məqamdır. Elə Konfrnasın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə də belə konfransların qarşılıqlı elmi əlaqələrin daha da genişləndirilməsi, alimlərin arasında təcrübə mübadiləsinin aparılması baxımından vacib olduğunu söylədi. Konfrans çərçivəsində Rusiya, Belarusiya, Qazaxıstan Ədəbiyyat institutları ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlandı. Ümumiyyətlə, ən müxtəlif ölkələrdən məhz Ədəbiyyat institutları rəhbərlərinin qonaq qismində dəvət olunması, həmçinin, xarici mətbuat nümayəndələrinin, jurnalistlərin də burda iştirak etməsi “Fizika-Lirika” konfransını daha da çox tanıtmaq üçün əhəmiyyətlidir.

“Fizika-Lirika” konfransının keçirilməsi üçün seçilən məkanlar da özünəməxsusdur. Bakıda - Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağında, Şamaxıda - Nəsrəddin Tusi adına Rəsədxanada, Dubnada  - Mərkəzi Nüvə Araşdırmaları İnstitutunda. Elə bu məkanların özü də elmlə təbiətin, təbiətlə sənətin vəhdətini ifadə edir. Bir neçə il öncə Nəbatat bağındakı tədbiri, həmçinin, bu il Şamaxıda Rəsədxanada keçirilən görüşü müqayisə etsək, Konfransın aydın bir konsepsiyasının olduğunu görərik. Misal üçün Aya, ulduzlara baxmaq, elmin - astronomiyanın işidir, amma Aydan, ulduzlardan təsirlənib yazmağa, hətta şeir yazmağa nə mane ola bilər? Bu mənada, həyat bütövlükdə insan üçündür. Elmi, sənəti, ədəbiyyatı, məişəti ilə birgə.

Soyuq və yağışlı bir gündə şəhərin hay-küyündən uzaqlaşdıqca, dumanı yara-yara, hamar yolları geridə qoyub Rəsədxanaya yaxınlaşdıqca başa düşürük ki, bu gün ulduzlara baxmaq olmayacaq. Teleskop dumanı yarmaq, ulduzları göstərmək gücündə deyil. Bəli, məsələ də bundadır. Texnika nə qədər inkişaf edir, etsin, insanın gücü başqadır... Teleskop üçün görünməz olan ulduzları sözlə, şeirlə, musiqiylə “yerə endirmək” olar. Söz, musiqi, şeirlə dolu axşam ziyafəti bunu bir daha sübut edir. Müxtəlif ölkələrdən gələn qonaqların hər biri öz xalqının adətini, öz sənətinin energetikasını gətirib bura. Gürcülər sakit-sakit “Suliko” oxuyurlar, Monqolustandan gələn qonaq hələ 70-ci illərdə çap olunmuş monqolca Azərbaycan poeziyası antologiyasından şeirlər oxuyur. “Azərbaycan” sözünü eşidib başa düşürük ki, Səməd Vurğunun şeiridir səsləndirdiyi. İsa müəllim, “Şeirin havasından, ritmindən hiss etdim” - deyir. Bir azdan qırğız, özbək, qazax dillərində şeirlər səslənir. Belarusiya Ədəbiyyat İnstitutunun direktoru, professor İvan Saverçenko Azərbaycan və Azərbaycan ədəbiyyatı haqqında danışır, təşkilatçılara minnətdarlıq edir və akademik İsa Həbibbəyli haqqında fikirlərini bölüşür: “İsa Həbibbəyli bütün postsovet ölkələrindəki ədəbiyyat institutlarını hərəkətə gətirib. Bu, sadə məsələ deyil. Belə tədbirlər, qarşılıqlı əməkdaşlıqlar hamımızı işləməyə həvəsləndirir”.

... Bir sözlə, eyni maraqları olan, eyni mərtəbədə - sənət, söz aləmində yaşayan adamlardan ötrü bu görüşlər sadəcə fürsətdir, bayramdır. Və bütün baş verənləri müşahidə etdikcə, sənətin vahid məkan, ayrıca bir vətən olduğunu başa düşürəm. Hansı millətə aid olmağının fərqi yoxdur, ədəbiyyat - insanları birləşdirən ərazidir və bu ümumi ərazidə bu adamlar özlərini vətəndəki kimi rahat hiss edirlər.

Rəsədxananın konfrans zalında edilən çıxışlar da elə bu ümumi dəyərlərdən, müxtəlif millətləri birləşdirən sənətdən bəhs edir. Çıxışlarda sənət və elm üçün ümumi və fərqli məsələlər müzakirə olunur. Amma hamı üçün olan anlayışlar var ki, onları necə qəbul etmək individual məsələdir. Tatarıstan Dil və Ədəbiyyat İnstitutunun direktoru Kim Minnulin vaxt anlayışından danışır. Axı, doğrudan da sadə insanın vaxt qavramı ilə yaradıcı adamın vaxta münasibəti fərqlənir. Kiminçünsə uçan zaman başqası üçün ayaqlarına daş bağlayır. Yazıçı bircə günü təsvir etməklə böyük bir roman qoyur ortaya, bir anda uzun və mənalı ömür sona yetə bilir. Yaxud böyük bir tarix ikicə kəlmə ilə ifadə olunur. Bütün bunlar həm sənətin, həm də elmin düşünməli olduğu məqamlardır. Görünür, elə “Fizika-Lirika” konfransının bir məqsədi də bu eyniliklər və fərqliliklər haqqında danışmaqdır.

İki gündən sonra Moskvada-Dubnada davam edəcək müzakirələrin elmimizə də, ədəbiyyatımıza da təsir göstərəcəyinə, gələcəkdə bu görüşlərin bəhrə verəcəyinə heç bir şübhə yoxdur. Amma söhbət indidən, bu gündən, Şamaxıdan gedirsə, bəlkə ədəbiyyatdan, sözdən gələn enerji, bu qədər qələm adamın birliyindən yaranan ovqat idi ki, ulduzlar belə duman içində gizlənib görünməz olmuşdular...

 

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.12.