Volqa sahilində ədəbiyyat söhbətləri
BAKIDA
ÖZ İŞİNƏ BAŞLAYAN “FİZİKA VƏ
LİRİKA” KONFRANSI RUSİYANIN DUBNA
ŞƏHƏRİNDƏ DAVAM ETDİRİLDİ
Pirquludan
Dubnaya...
Bir
neçə ildir ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin
təşəbbüsü ilə, xoş bir ənənəyə
çevrilmiş “Fizika və lirika” konfransı təşkil
olunur. İlk dəfə 2014-cü ildə keçirilən
“Fizika və lirika” konfransı həmin il
Bakı Elm Festivalı çərçivəsində
gerçəkləşib. İkinci dəfə konfrans AMEA Nəsrəddin
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında
“Novruz təqvimi: lirikada və astrofizikada” mövzusunda
keçirilib. Həmin konfransın
iştirakçıları müasir teleskoplar vasitəsiylə
səma cismlərini seyr edə biliblər. Üçüncü konfrans isə AMEA-nın
Dendrologiya İnstitutunda təşkil edilib. İyulun 17-də
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika
İnstitutu və Mərkəzi Nəbatat Bağında
keçirilən “Qoşa qanad: Elmi idrakla bədii
yaradıcılığın sintezi” mövzusunda IV “Fizika və
lirika” konfransı çərçivəsində “Qoşa
qanad” elmi-ədəbi gecəsi də olub.
Hər il
önə çəkilən mövzuya uyğun olaraq, müxtəlif
məkanlarda keçirilən konfransın beşincisi isə,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
85 illik yubileyi münasibətilə də müxtəlif
ölkələrdən təşrif buyurmuş qonaqların
iştirakı ilə noyabrın 16-17-də həyata
keçib. “Fizika və lirika: dünya təcrübəsi və
MDB ölkələrinin elm və ədəbiyyat
reallıqları” mövzusunu rəhbər tutan beynəlxalq tədbir
Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin
iştirakçısı olan ölkələrin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə
təşkilatçılığı ilə noyabrın
16-da Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında
öz işinə başlayıb. Konfransın
seksiya iclası isə noyabrın 18-də Şamaxı
Astrofizika Rəsədxanasında keçirilib.
Sözügedən konfrans öz işini noyabrın 22-dən
Rusiyanın Dubna şəhərində Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunda beynəlxalq
seminarla davam etdirdi. Artıq bir neçə müddətdir
Ədəbiyyat İnstitutu ilə qarşılıqlı əlaqələr
yaradan bu İnstitut ölkəmizdə keçirilən
mötəbər konfransla da yaxından tanışdır.
Konfransın mövzusuna uyğun olaraq, həmin
institutda keçirilən tədbirlərə qatılmaq
üçün Azərbaycandan bir qrup nümayəndə heyəti
Dubna şəhərinə səfər edib.
Akademik
Matveyevlə görüş
Azərbaycandan konfransa qatılan nümayəndə heyəti
akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Rusiya
Elmlər Akademiyasının akademiki, Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunun direktoru Viktor
Anatoliyeviç Matveyevlə görüşüblər. Görüşdə
ümumi şəkildə Azərbaycan-Rusiya əlaqələrinin
hazırkı durumundan, inkişafından, Azərbaycan və
Rusiya prezidentlərinin dostluğundan danışılıb.
Eyni zamanda, İ.Həbibbəyli “Fizika və
lirika” konfransları haqqında məlumat verib və qeyd edib
ki, bu konfranslar artıq bir neçə ildən bəri Azərbaycanda
keçirilir. Akademik Rusiyada keçirilən
konfransın öz institutlarında təşkilinə görə
V.A.Matveyevə təşəkkürünü bildirib və
Azərbaycandan gətirilən hədiyyələri təqdim
edib.
Görüşdə
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov,
texnika elmləri doktoru, professor Ağacan Əbiyev, N.Tusi
adına Şamaxı Astrofizika Rəsədxanasının
direktoru, professor Namiq Cəlilov, Xəzər Universitetinin təsisçisi,
fizika-riyaziyyat elmləri doktoru, professor, şair Hamlet
İsaxanlı və “525-ci qəzet”in baş redaktoru, Azərbaycan
yazıçılar Birliyinin katibi Rəşad Məcid də
iştirak ediblər.
Yaranan və
getdikcə güclənən bu əlaqələrin bir-birimizi
anlamaqda, yeni keyfiyyətlər əxz etməkdə
böyük rolu olduğunu deyən V.Matveyev onu da bildirib ki,
vaxtilə məşhur şairlər - Andrey Voznesenski,
V.Vısotski və başqa şairlər də Dubnanı
çox seviblər, buraya tez-tez gəliblər. Buradakı
Mədəniyyət Evində indi də yaddaqalan tədbirlər
keçirilir. Fizika-lirika mübahisələrinin
keçmişdə də olduğunu xatırladan V.Matveyev belə
bir ideyanın Azərbaycanda AMEA-nın vitse-prezidenti İ.Həbibbəyli
tərəfindən qaldırılmasını da xoş
qarşıladığını və məmnuniyyətlə
bu işə dəstək verdiklərini söyləyib.
Akademik
Nazim Məmmədovun fikrincə, bu, qeyri-adi bir konfransdır və
Azərbaycan nümayəndə heyətinin arzusudur ki, gələcəkdə
bu konfrans təkcə iki institut arasında deyil, daha geniş
miqyasda keçirilsin, bu layihəyə digər institutlar, hətta
başqa ölkələr də qoşulsun. Təklif
direktor tərəfindən müsbət qarşılanıb və
o bildirib ki, yaxşı ideyaların həyata keçirilməsini
ləngitmək olmaz. Ona görə də
görüş əsnasında institutun əməkdaşlarına
müqavilə hazırlamağı və gələcəkdə
qoşulmaq arzusu olanlar üçün müqavilənin
açıq saxlanılmasını tapşırıb.
Görüşdə
həmçinin, “Fizika və lirika: dünya təcrübəsi
və MDB ölkələrinin elm və ədəbiyyat
reallıqları” konfransının loqosunda yer alan
təsvirlərə də aydınlıq gətirilib. Belə ki, loqoda fizikanın göstəricisi kimi
Şamaxı Astrofizika rəsədxanası, lirikanın simvolu
kimi isə Naxçıvanda bitən Narbənd ağacı təsvir
olunub.
Konfransın
açılışı
Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunun Alimlər Evində keçirilən konfransı
giriş nitqi ilə açan İnstitutun direktoru, akademik
V.A.Matveyev qonaqları salamlayaraq, konfransın işinə
uğurlar arzulayıb. İnstitutun 1956-cı ildən etibarən
- 62 ildir fəaliyyət göstərdiyini deyən direktor,
keçilən yol barədə qonaqlara məlumat verib.
Akademik
İ.Həbibbəyli çıxışında “Fizika və
lirika” beynəlxalq konfransının yaranma ideyasından, onu zəruri
edən səbəblərdən və əhəmiyyətindən
danışıb, Sovet dövründə başlayan bu
müzakirələrin son illərdə onun tərəfindən
yenidən gündəmə gətirildiyini qeyd edib və
vurğulayıb ki, bu layihəyə çox sayda dəstək
verənlər var. Onlardan biri də konfransın keçirildiyi
Nüvə Tədqiqatları İnstitutudur. Akademik
bu dəstəyə görə V.Matveyevə təşəkkürünü
bildirib.
Müxtəlif elm sahələri arasında
qarşılıqlı tədqiqatların
aparılmasının önəmli olduğunu vurğulayan
akademik konfransın həm də fənlərarası əlaqələrin
inkişaf etdirilməsində körpü rolunu
oynadığını diqqətə çatdırıb.
Çıxışının ardından akademik
İ.Həbibbəyli Azərbaycandan xüsusi olaraq bu konfrans
üçün hazırlanıb gətirilmiş, qədimliklə
müasirliyin vəhdətinin simvolu sayılan nar fiqurunu təqdim
edib. Fiqurun üzərində Bakı, Şamaxı və
Dubnada görüşləri keçirilən V “Fizika və
lirika” konfransı haqqında qeydlər yazılıb.
AMEA
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
akademik-katibi, Fizika İnstitutunun direktoru, Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın
səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov
konfransın Bakıdakı görüşlərində də
çıxış etdiyini, mövzu haqqında fikirlərini
söylədiyini vurğulayıb. Beynəlxalq
konfransın mövzusunun əhəmiyyətinə toxunan
akademik N.Məmmədov iki institut arasındakı bu əlaqələrin
gələcəkdə daha da inkişaf etdiriləcəyinə
və elmin bütün sahələrinə öz müsbət
təsirini göstərəcəyinə
inandığını bildirib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşı
Aqşin Əliyev çıxış edərək səfir
Polad Bülbüloğlunun obyektiv səbəblərdən
konfransa qatıla bilmədiyini diqqətə
çatdırıb və onun adından konfransın işinə
uğurlar arzulayıb. A.Əliyev qeyd edib ki, son illərdə Azərbaycan-Rusiya
münasibətləri davamlı və effektiv
inkişafdadır və bu konfrans da əməkdaşlığın
müsbət nəticələrindən biridir.
Salamlama çıxışlarından sonra konfrans məruzələrlə
davam etdirilib.
İncəsənətə
vurğun fiziklər
Beynəxalq konfransda Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunun əməkdaşları müxtəlif səpkili
məruzələri ilə çıxış ediblər. Bütün məruzələrin
məğzində əsasən fiziklərin, texniki elmlərlə
məşğul olan alimlərin, institut əməkdaşlarının
ədəbiyyata, incəsənətə,
yaradıcılığa vurğunluqları dayanıb. Direktor V.Matveyevin və Xarici Əlaqələr
şöbəsinin rəhbəri Dmitri Kamaninin
çıxışlarında institutun tarixi, hazırkı fəaliyyəti
və beynəlxalq əlaqələri ilə bağlı məlumatlar
verilib. D.Kamanin Azərbaycan institutları
ilə əlaqələrindən də danışıb.
Digər çıxışlarda isə əsasən
institut əməkdaşlarının sənətə sevgisi
və incəsənətin müxtəlif sahələri ilə
bağlılığından bəhs olunub.
İnstitutun əməkdaşı Yelena Bazanova “Beynəlxalq
münasibətlərdə elmi diplomatiyanın yumşaq
güc kimi rolu” haqqında məruzə ilə
çıxış edib.
İnstitutun Neytron fizikası laboratoriyasının
baş elmi işçisi, professor Yevgeni Şabaninin məruzəsi
maraqla qarşılanıb. O, həm özünün, həm də
digər məsləkdaşlarının incəsənətə,
sözə, teatra sevgisindən danışıb, vaxtilə
özünün də bir sıra tamaşalarda rol
aldığını, beş roman müəllifi
olduğunu qeyd edib. Onun sözlərinə
görə, romanların hər birində məhz alimlərin
fəaliyyəti işıqlandırılıb.
İnstitutun əməkdaşı Lyubov Oreloviçin
“Vısotski və Voznesenski Dubnada” adlı məruzəsində
bu iki sənətkarın Dubna sevgisi və alimlərin
onların yaradıcılığına münasibəti əsas
yer tutub.
Professor Valter Furmanın “Azad olmayan liriklər azad fiziklərin
qonağı kimi” məruzəsində də fizika-lirika
münasibətlərinə toxunulub.
“Dubna” qəzetinin redaktoru Yevgeni Molçanov “Fiziklər
və liriklər Dubnada” başlıqlı məruzəsində
diqqətçəkən mətləblərdən söz
açıb.
Tarix elmləri namizədi Yevgeniya Prusskayanın “Fransız
ekspedisiyasının Misirə 1798-1801-ci illər səfəri
haqqında” məruzəsində Avropa və Şərq
düşüncələrinin bir-birinə təsiri barədə
əhəmiyyətli fikirlər səslənib.
İnstitutun
direktorunun müşaviri, professor, 14 kitab müəllifi Henrix
Vardenqa 20 fizikin şeirlərindən ibarət, vaxtilə nəşr
olunmuş kitabı nümayiş etdirib, öz şeirlərindən
bir neçəsini oxuyub.
“Elmsiz
şeir əsası yox divar olur”, yaxud Afaq
Şıxlının yuxusu
Konfransda Moskvada yaşayan ziyalılar, yazıçı
və alimlər də iştirak ediblər. Azərbaycan Yazıçılar
Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri
doktoru Abuzər Bağırov Nizami Gəncəvinin “İsgəndərnamə”
poeması ilə bağlı geniş məruzəsində əsərin
bu konfransın mövzusu ilə səsləşən məqamlarına
toxunub.
Həkim, şair Afaq Şıxlı
çıxışında Azərbaycandakı təbiblik-şairlik
ənənəsindən danışıb və vaxtilə
bununla bağlı mistikaya, möcüzəyə
inandığını bildirib. O, bu inamını vaxtilə
gördüyü yuxusu ilə əlaqələndirərək
söyləyib ki, bir zaman yuxuda gördüyü qeyri-adi kitab
onun düşüncələrinə əsaslı təsir
edib. Həmin kitabı həkimlərin əsərlərindən
ibarət kitab nəşr etmək niyyəti kimi başa
düşdüyünü və sonralar belə bir kitabı
çap etdirdiyini söyləyib. Məruzəsində
həkim-şairlər haqqında geniş düşüncələrini
səsləndirən Afaq Şıxlı gələcəkdə
də bu araşdırmalarını davam etdirəcəyini
vurğulayıb.
Şair, tərcüməçi Sultan Mərzili (Məmmədov)
“Fizikadan lirikaya bir addım, lirikadan fizikaya bütün həyat”
adlı məruzəsində fiziklərlə liriklərin daimi
mübahisəsindən söz açıb.
Platondan gələn
çəkişmə
Konfransda çıxış edən professor Hamlet
İsaxanlı “Riyaziyyat və poeziya” adlı məruzəsində
sözügedən mübahisənin tarixinin lap qədimlərdən,
Platon zamanından, filosofun əsərlərindən
qaynaqlandığını göstərən məqamlara diqqət
yetirib. Hətta
o zamanlar “Elm və poeziya”, “Riyaziyyat və poeziya”, “Fizika və
poeziya” mübahisələr açıldığını
bildirib. Beynəlxalq aləmdə də bu
problemin kökünün 1956-cı ildə İngiltərədə
başlandığını qeyd edən professor
H.İsaxanlı fizik və yazıçı Çarlz Noudan
liriklərə, poeziyaya qarşı yönələn
eyhamları dilə gətirib, söylədiklərini “bunu mən
demirəm, Çarlz Nounun sözləridir” deyə zarafatyana
notda yekunlaşdırıb.
Professor Ağacan Əbiyevin çıxışı
musiqi əsərləri və təsviri sənət,
onların insana təsiri barədə olub. Qeyd edək
ki, konfransın Bakıdakı açılış mərasimində
A.Əbiyevin rəsm əsərlərindən ibarət sərgisi
təşkil edilmişdi. Onun rəssamlığa,
poeziyaya meyli barədə də bu konfransda müzakirələr
gedib. Texnika elmləri doktorunun incəsənətin
bu sahələrinə olan marağı müzakirələrə
və suallara səbəb olub.
AMEA-nın
müxbir üzvü Tehran Mustafayev “Fizika-lirika problemlərinin
ədəbi-nəzəri təhlili” mövzusundakı
çıxışında “Tənqid.net” jurnalının fəaliyyətindən
danışıb, Anarın “Göz muncuğu”, Sabir Rüstəmxanlının
“Sunami” əsərləri, Elçinin “Teleskop” pyesi, eləcə
də Kamal Abdullanın əsərləri üzərində
dayanaraq mövzu ilə bağlı fikirlərini
çatdırıb.
AYB katibi,
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
“Fizika-lirika və mətbuat” mövzusunda
çıxış edərək, qəzetin hər zaman ədəbiyyata
geniş yer ayırdığını vurğulayıb:
“525-ci qəzet”in səhifələrində bizim həm də
texniki elmlər sahəsindəki dəyərli alimlərimiz
davamlı çıxış edib, ədəbiyyatla, mədəniyyətlə
bağlı hadisələrə
tez-tez münasibət bildiriblər. Artıq
beşinci dəfə təşkil olunan “Fizika-lirika” konfransları
barədə “525”də də mütəmadi yazılar dərc
edilir. Bizim əməkdaşlar bu tədbirin
fəlsəfəsi, tarixi barədə öz fikirlərini qələmə
alıblar. Bu konfranslar məhz mətbuat,
xüsusən “525-ci qəzet” vasitəsilə
aktuallaşıb, ictimaiyyətin müzakirə obyektinə
çevrilib. Bu son tədbirlər
haqqında da bizim qəzetdə məqalələr dərc
olunub. Elə bilirəm ki, bu, davamlı
olacaq və “525-ci qəzet” də hər zaman belə önəmli
mövzuları öz səhifələrində
işıqlandıracaq”.
AMEA-nın
Mərkəzi Botanika Bağının aparıcı elmi
işçisi, Biologiya elmləri namizədi, bir neçə
roman müəllifi Sadiq Qarayevin “Orbitlər və universal
mövcudiyyət bədii əsərlərdə”, AMEA-nın
Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri
doktoru İmaməddin Əmiraslanovun “Kristallar və Türk
xalqlarının mifologiyası” mövzusundakı
çıxışları da diqqət çəkib.
“Hər
bir astronom həm də lirikdir” - deyən N.Tusi adına
Şamaxı Astrofizika Rəsədxanasının direktoru,
professor Namiq Cəlilov “Azərbaycan ədəbiyyatında
astronomiya motivləri” adlı məruzəsində qeyd edib ki,
səmadakı qeyri-adi gözəllikləri sezmək, izləmək
də poeziya kimi insanda xoş hisslər, həyəcan
yaradır. Professor rəsədxana və
onun iş prinsipi barədə konfrans
iştirakçılarını məlumatlandırıb.
Konfrans
iştirakçıları İnstitutun müxtəlif
laboratoriyaları ilə tanış olub,
müşahidələr aparıb, axşam isə klassik musiqi
dinləyiblər.
Körpüsalan
Beynəlxalq konfransda iştirak edən
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid səfər
və sözügedən konfransla bağlı təəssüratlarını
bizimlə bölüşərkən dedi ki, artıq
beşincisi keçirilən bu böyük konfransın təşkili
və beynəlxalq müstəviyə çıxmasında akademik İsa Həbibbəylinin misilsiz
rolu var: “İsa müəllim hələ Naxçıvan
Dövlət Universitetində rektor işlədiyi dövrdə
tanınmış alimlərimizi, ziyalılarımızı
Bakıdan dəvət edir, orada dərs demələrinə,
çıxış etmələrinə şərait
yaradırdı. Elə bu konfransda da iştirak edən Hamlet İsaxanlı həmin dövrdə
Naxçıvana getdiyini, Universitetlə tanış
olduğunu və xoş təəssüratlarla
qayıtdığını məmnunluqla xatırlatdı.
Yadımdadır ki, Azad Mirzəcanzadə başda olmaqla,
ölkəmizin bir sıra görkəmli alimləri,
ziyalıları Naxçıvan Universitetində dərs deyiblər.
Müxtəlif elm ocaqları, ayrı-ayrı
elmi müəssisələr, tanınmış alimlər
arasında hələ o vaxtdan bu cür bağlılıqlar,
ünsiyyət körpüləri yaratmaq cəhdləri
İsa müəllimin gələcəkdə görəcəyi,
yəni hazırda gerçəkləşdirdiyi böyük
işlərin müjdəsi idi. İsa müəllim artıq
neçə ildir ki, Bakıdadır və onun AMEA-nın
vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, eləcə
də millət vəkili kimi çoxşaxəli, effektiv fəaliyyəti
göz önündədir. Bu yaxınlarda Ədəbiyyat
İnstitutunun 85 illik yubileyinə xarici ölkələrdən
50-dən çox qonaq gəlmişdi və orada Belarus Ədəbiyyat
İnstitutunun direktorunun İsa müəllim haqqındakı
fikirləri mənə çox xoş təsir
bağışladı. Belaruslu alim dedi ki, İsa Həbibbəyli
təkcə Azərbaycanda yox, bütün MDB məkanında
ədəbiyyatşünaslıq elmini hərəkətə
gətirib. Bu, səmimi, ürəkdən
deyilmiş bir söz idi və mən bundan çox təsirləndim.
Çünki artıq neçə illərdir, İsa müəllimin
enerjisinin, hərəkətverici qüvvə kimi intensiv fəaliyyətinin
Ədəbiyyat İnstitutunun alimlərinə də sirayət
etdiyinin, bu institutda ciddi yenilənmə olduğunun birbaşa
şahidiyəm. Bu gün Rusiya Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunun əməkdaşları
ilə bizim alimlər, yəni fiziklər və liriklər
arasında belə möhkəm körpü yaratması da
İsa müəllimin ədəbiyyatın təbliğinə,
elmin daha geniş auditoriya qazanmasına daha bir böyük xidmətidir”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 24 noyabr.- S.10-11.