Fikrət QOCA
Yolüstü mənzil
Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.
Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.
Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.
Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil...
Gələn, gedən nəfəsdi.
23.11.2018
Şükür elə, mən varam...
(Azərbaycan xalq deyimlərindən)
Baxımsız kənd yoludu
Bir köhlənin belində
Ata ilə oğludu...
Soyuq, yağışlı gündə
Ata yumşaq yəhərdə,
Oğul
atın tərkində...
Hava yağış, yer palçıq
Bir oğlanı gördülər
Əsə-əsə qaçırdı
Ayaqyalın, başaçıq.
Ata bir köks ötürdü...
Dedi: - Görürsən oğul
Bu dünya gör-götürdü.
Belədi
dünya, insan,
Ay oğul, mən olmasam
Sən də o oğlan kimi
Həmin yerdə olardın.
- Ay ata, sən olmasan,
Mən yəhərdə olardım!
25.11.2018
525-ci qəzet 2018.- 27 noyabr .- S.7.