"Kardeş kalemler"in yeni sayı çıxdı

Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan "Kardeş kalemler" Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 142-ci sayı nəşr olunub.

İlk material şair Ali Akbaşdandır. Oxucular burada onun yeni şeirləri ilə tanış olacaqlar. Nergis Biray-Səma Eynəlin "Əhməd Cavad Axundzadə" məqaləsinı Ə.Cavadın şeirləri izləyir. İsmayıl Dəlihəsənin şeirləri, Necdət Ekicinin "Göy Lalə" hekayəsi bu bölmədədir. Mətin Savaş Azərbaycanın Xalq yazıçısı Elçinin hekayəsi haqqında "Mazut qoxulu yuxular" deyə bəhs edib. Türkiyədən bu sayda çap olunan yazılar silsiləsinin sonuncusu Aysun Dəmirez Günərə aiddir. O, uyğur yazıçısı Ziya Samedidən söz açıb.

Saxa Yakutiyadan Sien Kynatın (tərcümə Oqtay Hacımusalı) Natalya İvanovna Xarlampyevanın şeirləri (tərcümə Rəsmiyyə Sabir) yer alıb.

Batı Trakyadan Rəhmi Əli yeni hekayəsi ilə jurnala qatılıb. Jurnalın Azərbaycana aid bölməsində Ramiz Rövşənin "Qəmin hərifi" adlı yazısı yer alıb. Yazını Türkiyə türkcəsinə Nazim Muradov çevirib.

Məmməd İsmayılın Yelena Kryukova ilə müsahibəsi jurnalın Rusiyaya aid bölməsindədir.

Nəsipbək Davtayulının "Xarakter" (tərcümə Malik Otarbayev) Jazira Otızbayın "Qürbətdə bayram" hekayələri Qazaxıstan bölməsindədir.

Qaqauziyadan gənc yazar Mila Kurudimova "Boğaz" hekayəsi, Özbəkistandan Farangisbonu Şairova "Togay Muradın həyatı əsərləri", Əli Şir "Bir gözəl insan keçdi dünyadan" məqalələri ilə qatılıblar.

"Xəbər" bölməsində Qırğızıstanda keçirilən VI Türk Qurultayından danışılır.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 27 noyabr.- S.7.