Məmməd Araz poeziyasında təbiət mövzusu və ekoloji dünyagörüş

Yer kürəsində canlı aləmin təbii inkişafı üçün normal şəraitin qorunub saxlanılmasında yaşlı nəsillə birlikdə gənc nəslin də üzərinə mühüm vəzifə düşür. Belə ki, gənc nəslin hərtərəfli yetişməsində bütün tərbiyə formaları kimi (fiziki tərbiyə, estetik tərbiyə, əxlaqi tərbiyə və s.) ekoloji  tərbiyə də ən önəmli bir məsələdir.

İndiki dövrdə yetişməkdə olan gənc nəslin ekoloji tərbiyəsi bəşəriyyətin qarşısında duran qlobal problemdir. Ekologiya ilə bağlı əksər sənədlərdə ətraf mühitin mühafizəsinin əhəmiyyəti və ekoloji tərbiyə məsələlərinin hətta məktəbəqədər dövrdən başlayaraq həyata keçirməyin vacibliyi öz əksini tapır. Ona görə də gələcək nəslin ekoloji ruhda tərbiyə olunması uşaqların ən kiçik yaşlardan başlayaraq tərbiyə olunmasını tələb edir.

Ekoloji tərbiyənin  mühüm vəzifələrindən biri  uşaqlarda və gənclərdə təbiətə, ətraf mühitə məhəbbət və rəğbət  hissi yaratmalı, onları yaş səviyyələrinə uyğun onun mühafizəsində durmağa hazırlanmalıdır. İkincisi, ekoloji tərbiyə  gənc nəsildə ekoloji baxışların və mühakimənin  yaradılmasına kömək göstərməlidir. Üçüncüsü, ekoloji tərbiyə uşaqları ekologiyanın müxtəlif sahələri üçün bilik, bacarıq və vərdişlərə yiyələnməkdə kömək olmalıdır.

 

Yuxarıda  deyilən vəzifələrin həyata keçirilməsində şair və yazıçılarımızın əsərlərinə müraciət  etməyi, poeziyanın ekoloji  tərbiyədə vacib rol oynamağını ilk plana çəkməyi məsləhət  bilirəm. Bu baxımdan  Xalq şairimiz Məmməd Arazın əsərlərinə müraciət  etməyi və  şairin bir  vətəndaş kimi bu məsələyə münasibətini araşdırıb, oxuculara onu təqdim etməyi vacib sayıram.

 

M.Arazın poeziyasını təhlil etməzdən əvvəl akademik Budaq Budaqovun şair haqqındakı qeydlərini  oxucuların nəzərinə çatdırmaq istəyirəm.

 

Akademik Budaq Budaqov Məmməd Arazın yaradıcılığı haqda belə demişdir: "Məmməd Arazın bəzi opponentləri tez-tez təkrar edirdilər ki, Məmməd ədəbiyyatçı deyil, coğrafiyaçıdır. Bəli, M.Araz coğrafiya ixtisası üzrə ali təhsil alıb. Mən isə coğrafiyadan  başqa elə bir  ixtisas tanımıram ki, o, Yer kürəsinin bütün  sferalarının,  atmosferin,  litosferin, hidrosferin, biosferin sintezini özündə cəmləşdirsin. Savadlı coğrafiyaçının təfəkküründə Yer kürəsinin dağları qatarlanıb gedir, okeanlar dalğalanır, atmosfer prosesləri cövlan edir, təbiətin kortəbii hadisələri ətraf  mühiti  dağıdır, demoqrafik  problemlər, dünyanın  siyasi durumu, əhalinin  coğrafi yerləşməsi, artımı  və bütün  bunların  nəticəsində qlobal ekoloji problemlər yaranır".

 

Coğrafiyanın  təfəkkürü tutumludur, dərindir, genişhəcmlidir, çoxsahəlidir. Bu səbəbdən də M.Araz yaradıcıllığında  təbiət-cəmiyyət problemi diqqətəlayiq yer tutur. M.Araz ayrı-ayrı proseslərin və təbii komplekslərin  əmələ gəlməsini, inkişafını, qarşılıqlı əlaqəsini son həddə ictimai-siyasi proseslərlə qovuşduraraq onları böyük ustalıqla şeirə gətirir.

 

Məmməd Araz Vətənimizin dağ yamaclarında müxtəlif səbəblərdən yaranmış qayalarının hər birini vətən keşiyini çəkən qəhrəman  əsgərə, qayaları bütövlükdə vətəni qoruyan güclü orduya bənzədir. O, müdrik bir şair, görkəmli bir mütəfəkkir səviyyəsinə qalxaraq deyir ki, vətənin daşı olmayandan, olmaz ölkə vətəndaşı.  M.Arazı bu fikrə gətirən təbiətin bir parçasıdır, başqalarına adi görünən daşdır. Biz şairin şeirlərini oxuyarkən, orada elə bir fikir ümumiləşməsinə, poetik duyğuya rast gəlirik ki, o fikirləri ancaq təbiəti, ekoloji problemləri, demoqrafik prosesləri yaxşı bilənlər şeirə gətirə bilər.

 

M.Araz çox böyük şair ustalığı ilə təbiəti  ürəyə bənzədir və bununla  ürəyin böyüklüyünü, davamlılığını və tutumluluq dərəcəsini  poetik  ustalıqla tərənnüm edir.

 

Ürəkdə Ay doğur, Günəş də batır:

Göy qopur, ildırım çaxır ürəkdə

Tufan da hayqırır, sükut da yatır,

Alov da, Gürşad  da yağır ürəkdə...

 

Başqa bir şerində:   Bir parça buluda bir dəniz yükü... deməklə şair dənizlərin buludlardan yağış və qarlardan qidalandığını və ya dəniz yükünü  buludların özlərində bir məkandan  başqa məkana daşıdığını açıqlayır. Şairin fikrincə:

 

Təbiət özü də bir kitabxana,

Hər dərə  məktəbdir, hər dağ müəllim

 

Təbiətin kitabı  əsrlər boyu  müdriklər tərəfindən oxunmuş, oxunur və oxunacaqdır. İnsan  təbiətdən  dərs ala-ala onun qanunlarını da aşkarlayır. Şair deyir ki;

 

Dağlar təbiətin ağsaqqalıdır.

Nəfəsi gələndə meşələr əsir...

 

Şübhəsiz ki, Cabbarlının  "Ölkəm", S.Vurğunun  "Azərbaycan" şeirlərinin baş qəhrəmanına - Azərbaycana öz məhəbbətini həsr edən bir çox şairlər olub və olacaqdır. Vətənə aid şeir yazmaq şair vətənpərvərliyinin ən ali  formalarından  biridir.

 

1970-ci ildə  M.Araz "Azərbaycan dünyam mənim" şeirində yeni poetik yol axtarıb tapmaqla yenidən Azərbaycanı Azərbaycan səviyyəsinə layiqincə yüksəldə bildi.

 

Azərbaycan qayalarda bitən bir çiçək

Azərbaycan - çiçəklərin içində bir qaya -

 

deməklə şair vətənin  tərənnümü üçün yeni poetik forma və məzmun kəşf etdi...

 

Azərbaycan mayası nur, qayəsi nur ki...

Hər daşında alov  dilli ox ola bilər

"Azərbaycan!" deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

 

Vətənin mayası da, qayəsi də nur adlandırılan bu misralar oxucuda Vətənə məhəbbət hissini daha da gücləndirir.

 

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim -

 

müraciəti haqqında demək olar ki, şair vətən qarşısında böyük  xidmətlərinə görə  vətən sənə "oğul" deyir və sənə onun qayasında mamır olub bitmək üçün tam haqq verir.

 

Məmməd Arazın "Professor Gülə məktub" şeiri özünün ictimai-siyasi və vətəndaşlıq pafosu ilə fərqlənir. Xəzər  dənizinin ekoloji problemlərlə üzləşməsi, ekoloji tarazlığının pozulması şairi ciddi narahat etmiş və təbiətin acınacaqlı  taleyinə  vətəndaş harayı ilə  əks-səda vermişdir.

 

Həm özümüzünkülərin, həm də digər qonşu ölkələrin dənizi amansızcasına  istismar  cəhdləri şairi  qəzəbləndirmiş və o, bu  sahədə  məsul olan  hökümət  dairələrini, o cümlədən, elminə qəlbən inandığı coğrafiyaşünas alim professor  Gülü  həmin məsələyə vətəndaş mövqeyindən yanaşmağa çağırmışdır.

 

Azərbaycan təbiətinə, həmçinin, Xəzərə  həsr olunmuş elmi məqalələrini nəzərə alıb, onu bu məsələdə daha çox vətəndaşlıq  mövqeyi göstərməyin vacibliyini bildirir.

 

Xəzər bir xəzinədir

Qoynu qoltuğu dolu

Bir nənədir

Yedirdir-süfrə salır

Yatırdır-layla çalır

Xəzər xəzərilərin

Gözəllik adını saxlayır

 

Lakin şairin fikrincə, bu gözəllik  xəzinəsinin qədrini qədərincə bilmirik. Bu haqda fəryadını aşağıdakı şeirdə aydın başa düşürük və onun dediklərinə şərik oluruq.

 

Sağılır qızıl inək kimi

Sağıb, sorub, sonra yorub

Qısır inək kimi

Biz onu satmaq  istəyirik,

Ölü dənizlər muzeyinə

Atmaq istəyirik.....

Xəzərdən sahilə

Qızıl dartırıq,

Gülab tökürük

Sahildən Xəzərə

Zəhər axıdırıq

Çirkab tökür

 

Bu misralar şair-vətəndaş mövqeyini, əsl vətənpərvərlik duyğularını nümayiş  etdirir. Xəzər sadəcə olaraq  vəsf olunmur, bəlkə daha çox ciddi ekoloji problemlərlə qarşılaşdığı fəal sənətkar  mövqeyindən açıqlanır. 

 

Xəzərin taleyi,

Biganəliyə yem olur,

Xəzərin taleyi,

Kağızlar üstündə,

Problem olur.

 

Biganəliyi böyük faciə hesab edən şair bildirir ki, Xəzərin təkində bəlkə də əzəli   əbədi olan neft yataqlarını qoruyub-saxlamaq əsas şərtdir. Bu sərvəti sovurub tükətmək gələcək nəsli çətin problem qarşısında qoya bilər. Xalqın sərvətini  gələcək üçün ehtiyatda saxlamaq əsl  uzaqgörənlik olardı. Xəzərdə olan balıq sərvətinə qayğı-məhəbbətlə yanaşmaq  vətəndaşlıq borcudur. Şeir, demək olar ki, başdan-başa mübaliğə və ironiyalarla yoğrulmuşdur. Şübhəsiz ki, şeirin məzmuna uyğun bədii forma, çevik vəzndə  yazılması da onun estetik dəyərini xeyli artırmışdır. Şair özünəməxsus yumor, kinayə, təzadlarla lirik "mən"lə özü arasında məntiqi, anlaşıqlı rabitə yarada bilmişdir. Sərbəst yazılan bu şeirdəki poetik məna, təşbeh və replikaya aludə olmamaq mümkün deyildir.

 

Şerim sərbəstdir bir qədər,

Birdən ahəngdarlıq sevən Xəzər

Məndən küsər

Mən qəsdən belə yazdım professor

Qırılan sətirləri

Qırılan balıqların

Sürüsünə bənzədirəm

 

Seyrələn nöqtələri

Xəzərin seyrələ n

Kürüsünə bənzədirəm

Xəzərin taleyinə baxımda

Bax, belə bir sərbəstlik var, professor

Sərbəstlikdən betər,

Sərməstlik var, professor.

 

Məmməd Arazın  şeirlərini oxuduqca belə qənaətə gəlirsən ki, təbiətdə mövcud olan bütün  nə varsa hamısı insanların rifahı üçündür. Onun fikrincə, təbiətdə hər şey canlıdır. Hər şey yaşayır,  inkişaf edir. Bu mənada təbiət həmişə gözəldir, cavandır, təzədir. Gənc olduğu qədər də uludur. Onun şeirlərində elə məqama rast gəlinir ki, oxucu özünü bir anlığa şairin yerinə qoyur, oxuduqca fərəhlənir və Azərbaycanın  cansız bir daşını da sevməyə can atır. Məmməd Arazın "İnsan qayalar" adlı şeirini təlaşsız oxumaq olmur. O yazır:

 

Bir qayaya söykənmişəm, deyirəm kaş

Bax beləcə daşa dönəm yavaş-yavaş

Taleyimi qayaların taleyinə bağlayam mən

Bircə insan düşüncəmi saxlayam mən

 

Şair bu cansız qayalara o qədər poetik dillə xalqımızın igidliklərini, onların qəhrəmanlıqlarını qələmə alır ki, həmin fikirlərin fəlsəfi ümumiləşməsi bütün vətəndaşlara böyük ruh verir. Şair həmin şeirini belə tamamlayır.

 

... Bu basılmaz nərlər, ərlər

Bu qaya sərkərdələr

Onda məni - bir balaca daş əsgəri

Qoyar yəqin qoşulmağa bu cərgəyə

Qayaların keçmişini qayalara yazdım deyə

Onda Vətən sanar məni

Bir balaca Vətən daşı

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı

 

Şairin əsərindəki tərbiyənin gücünü, sözün hikmətini, sakitcə oxumaq olmur. Onun qəlbindəki belə arzu və diləklər indi bütün gənclərimiz üçün örnək olmuşdur.

 

Təbiətdəki bütün hadisələrə çox həssaslıqla yanaşan şairin hər bir şeiri oxucularda kiçik bir prosesə də qayğı ilə yanaşmağı, onun yaratdığı ekoloji problemlərlə yanaşı, baş verən yeni təzadları oxuculara elə müdrikcəsinə  aşılayır ki,  onun bu istedadına, bu fəlsəfi fikirlərinə sadəcə həsəd aparmaq olmur. O, "Uçqun" şeirində yazır:

 

Baxdıqca dağlara, dərələrə mən

Qəribə fikirlər başıma gəlir;

Bəzən ilk baxışda xoşa gəlməyən

Uçqunlar yamanca xoşuma gəlir

Görürsən bir anda dağ dərəsində

Uçqunlar özgə bir həyat yaradır

Min illik təzadlar mənzərəsində

Uçqunlar təzə bir təzad yaradır.

 

Şeirin bu yerində xalq şairimiz Hüseyn Arifin "Sellər itirərmiş, sellər taparmış" şeiri yada düşür. Təbiətdə baş verən bu dağıdıcı hadisəyə də hər iki  şairin münasibəti eyni olub. H.Arif sellərin əhəmiyyətini vurğulayaraq qeyd edir ki, "... Qəribə xilqəti varmış sellərin, sellər itirərmiş, sellər taparmış". Məmməd Araz yuxarıdakı şeiri belə tamamlayır.

 

Ayırır bir dağı bir dağdan uçqun

Qarın göz yaşını selə döndərir

Qartal yuvasını dağıdan uçqun

Bir düzü sonalı gölə döndərir.

 

Şair  bu misralarını  elə bil Azərbaycanın durna gözlü Göygölünə həsr etmişdir və onun əmələ gəlməsində də bu uçqunun səbəb olmasını poetik dillə belə vəsf edir:

 

Çiskinli bir gündə gəldim bu yerə

Dumanda görünməz dumandı Göygöl

Tənha qayalara, lal meşələrə

Zülmət gecələrdə hayandı Göygöl

 

Bir səhər gördüm ki, durulub yatır

Kəpəzin dibində burulub yatır

Qovulan ceyrantək yorulub yatır

Daş atdım, diksinib oyandı Göygöl

 

Ekoloji tərbiyədə bədii söz sənətinin rolu müstəsnadır. Xalqın mənəviyyatı keçmişinə,  kökünə bağlılığı ilə ölçülür. Qədim zamanlar odu allah, torpağı müqəddəs saymış babalarımız bulaq gözü açmağı, bağ salmağı,  təbiəti qorumağı xeyirxah iş sayıblar. Bütün bunları böyüməkdə olan nəslin şüuruna  çatdırmaqda şair və yazıçıların əməyi əvəzsizdir.

 

Azərbaycan diyarının füsunkar təbiəti-onun ceyranlı-cüyürlü düzləri, başı ərşə dirənən dağları, sonalı gölləri, zümzüməli çayları ta qədimdən söz ustalarının  ilham mənbəyi olmuşdur. Şair və yazıçılarımız öz əsərlərində təbiətin gözəlliyini böyük məhəbbətlə qələmə almış və bu gözəlliyi dönə-dönə vəsf etmişlər.

 

Bu baxımdan, sevimli şairimiz Məmməd Arazın yaradıcıllığı yuxarıda deyildiyi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk növbədə onun təbiətə vurğunluğundan irəli gəlir. Şairi düşündürən, narahat edən, kədərləndirən  suallar saysız-hesabsızdır. Onun təbiətin gözəlliyindən ilhamlanıb həzinləşən nəğmələri balası ovlanmış ana ceyranın iniltisinə naləsinə, fəryadına çevrilir. O, "Muğanın şikayəti" şeirində görün bizlərə nələri tövsiyyə edir:

 

Bu düzləri düz keçin,

Haraysız, səssiz keçin.

Şirvanda ov gəzməyin

Mili tüfəngsiz keçin:

Ceyran azalıb,

Yaman azalıb!

Güllə səsi gəldimi

Güllətək süzüb gedər.

Bir şer sətri kimi

Çöllərdən küsüb gedər.

Ceyran azalıb,

Yaman azalıb!

 

Azərbaycan çöllərini bəzəyi olan ceyranın sürətlə azalmasını əvvəlcədən duyan şair. "Ceyrançölün ceyransız qalmasını" qabaqcadan hiss etmiş, məhz bu problemin acı nəticəsini şeirində belə vurğulamışdır:

 

Gözündə gözü qalan

Bulaq da gileylənir.

Qanıyla xal-xal olan

Torpaq da gileylənir:

Ceyran azalıb,

Yaman azalıb!

 

Belə gedərsə ancaq

Gələn nəsillər sabah

Ceyranı çöldə deyil,

Muzeydə axtaracaq.

Ceyran azalıb,

Yaman azalıb!

 

Məmməd Araz yaradıcılığını vərəqlədikcə hiss olunur ki, o, təbiəti böyük məhəbbətlə sevirmiş. Ona görə də təbiətin qorunması probleminin həllini böyük uzaqgörənliklə insanın təbiətə olan məhəbbətində axtarırmış. Şairin fikrincə, əgər təbiətə qarşı  insan məhəbbəti, insan həssaslığı  varsa, demək bu, hər şeydir.

 

Şair Azərbaycan təbiətindən doymadığını dəfələrlə  etiraf etmiş və dağlardan ayrılarkən həm özü kövrəlmiş, həm də oxucularını kövrəltmişdir. Budur Məmməd Arazın böyüklüyü və ucalığı

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?-

Leysan, salamat qal, yağ, salamat qal!

 

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

 

1962-ci ildə yazdığı  "Əlvida, dağlar" şeirində şair çaylara, güllərə boz biçənəklərə necə  kövrək "salamat qal" deyir və sonda o dağları ömrünü-gününü yaylaqlarda keçirmiş, qağların vəfalı dostu saydığı çobana belə tapşırır.

 

Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir boz biçənəklər

Nidamı çaylara dedi küləklər:

Bulan, salamat qal, ax, salamat qal!

 

Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən-

Çoban, salamat qal, sağ-salamat qal.

 

Tahir İBRAHİMOV

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru

525-ci qəzet  2018.- 28 noyabr.- S.6.