Fikrət Əmirov musiqisi: doğma və rəngarəng duyğular aləmi

Noyabr ayı Azərbaycan musiqi incəsənəti üçün əlamətdar aydır desək, yanılmarıq. Bir-birinin ardınca keçirilən musiqi tədbirləri, Azərbaycan bəstəkarlarının yubiley gecələri soyuq payız günlərinə özünəməxsus hərarət qatır. Belə ki, noyabrın 7-si nəğmələri qəlblərdə yaşayan böyük bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi musiqisevərlərə əsl bayram sevinci yaşatdı.

Ayın 22-ci günü isə daha bir böyük sənətkarın - Azərbaycan musiqisinə "Sevil"i, "Min bir gecə"ni, "Şur"u, "Azərbaycan kapriççiosu"nu bəxş edən, yazdığı əsərlərdə öz bənzərsiz üslubunu yaradan, musiqisi xarici ölkə dinləyicilərini heyrətləndirən, hər notundan zövq aldığımız, könüllləri fəth edən F.Əmirovun 95 illik yubileyi qeyd olundu. Deyirlər, dahilər ölümü ilə yenidən dirilirlər, bir əbədi ömür yaşamaqçün. Yaratdıqları əsərləri yaşadıqca onlar da yaşayır, tarixin yaddaşına çevrilərək əbədiyyətə qovuşurlar. Müşfiqin şeiri, Cavidin obrazları, Rəşidin avazı, Səttarın fırçası kimi... Fikrətin musiqi dünyası kimi. O dünya ki, öz mənbəyini xalq musiqisindən götürür, Üzeyir məktəbindən qidalanır, dünya musiqi mədəniyyətinin naliyyətləri ilə üzvü surətdə birləşir.

Böyük bəstəkar F.Əmirov 1922-ci ildə Gəncədə doğulmuşdur. Nizami dühasının qüdrəti, Məhsəti şeirinin sehri, Cavadxanın qeyrəti qədim Gəncə torpağı XX əsrdə daha bir layiqli övladının yetişdirir. Görkəmli tarzən, mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açan F.Əmirovun lap uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, gözəl qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. Illər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın "Şur"u, "Kürd ovşarı"nda duyulacaq. Bu havalar "Azərbaycan kapriççiosu"nu, bir ömür boyu daha nələr yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt rəftarı üzündən Fikrət istəkli atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəyə təqdim edir. Fikrətin istedadını duyan dahi sənətkar ona konservatoriyaya qəbul olmağı məsləhət görür. Beləliklə, Bülbülün və Üzeyir bəyin qayğısı ilə əhatə olunmuş tələbəlik illəri başlayır. Sonralar özünü Üzeyir bəyin yetirməsi adlandıran F.Əmirov bu sözlə qürur duyduğunu, fəxarət hissi keçirdiyini daim bildirmişdi. Elə 1948-ci ildə Üzeyir bəyə həsr etdiyi "Elegiya" əsəri büyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi idi.

Konservatotiya illərində F.Əmirov Bülbülün rəhbərlik etdiyi "Xalq musiqisi kabineti" ilə yaxından əməkdaşlıq edərək, xalq mahnılarının toplanmasında, nota yazılmasında fəal iştirak edir. Ümumiyyətlə, bəstəkarın yaradıcılığında xalq mahnılarının işləmələri xüsusi bir mərhələdir. Xalq musiqisinin qanunauyğunluqlarına yaxından bələd olan F.Əmirov onları incə bir şəkildə səs və müşayiət üçün işləmişdi ("Evləri var xana-xana", "Küçələrə su səpmişəm" xalq mahnıları). Bülbülün redaktəsi ilə işıq üzü görmüş ikicildlik "Azərbaycan xalq mahnıları" məcmusəsinin mündəricatında F.Əmirovun adına tez-tez rast gəlmək olar.

Konservatoriyada F.Əmirov şəxsən Üzeyir bəy tərəfindən dəvət olunmuş B.İ.Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnir. Məlumat üçün qeyd edək ki, Zeydmanın sinfində S.Hacıbəyov, S.Ələsgərov, Ə.Abbasov, C.Cahangirov, Ə.Hüseynzadə, Ş.Axundova kimi bir çox Azərbaycan bəstəkarları dərs almışlar. Fikrət Əmirovun elə ilk bəstəkarlıq təcrübələri də məhz konservatoriya illərinə aiddir: Bu, əsasən müxtəlif şairləri sözlərinə yazılmış mahnı və romanslar idi. ("Koreyalının andı" - S.Rüstəm; "İki sahil" - Dorizo, "Ulduz" - Lermontovun sözlərinə)

"Nizami poeziyası məni gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətləri əyaniliyi, yüksək mənəvi-etik ideyaları, ehtirasların çarpışması, ən başlıcası isə dramatikliyi ilə, bəzən faciəvi gərginliyi ilə cəlb edir" - deyən F.Əmirov dahi şairin irsini tükənməz ilham mənbəyi hesab edirdi. F.Əmirovun Nizaminin irsinə məhəbbəti elə erkən yaradıcılıq dövründən başlayır. Konservatoriya illərində bəstəkar "Nizaminin xatirəsinə simfonik poema", 1947-ci ildə böyük ədibin adı ilə bağlı olan kamera simfoniyasını yazır. Həmçinin, Üzeyir bəyin əsasını qoyduğu romans-qəzəl janrına da öz töhfəsini bəxş edən "Gülüm" romans-qəzəli də bu dövrə aiddir.  Həmçinin, F.Əmirov Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazılmış vokal əsərlərini toplayaraq, məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir. Maraqlıdır ki, bəstəkarın sonuncu əsəri də böyük dühanın ümumiləşdirilmiş obrazını təcəssüm etdirən "Nizami" baletidir (1982).

Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədər F.Əmirov konservatoriyadakı təhsilini yarımçıq qoyub ön cəbhəyə yollanır. Lakin Voronej cəbhəsində ağır yaralanıb 1942-ci ildə ordudan tərxis olunur, əvvəlcə Gəncəyə gedərək, Gəncə Dövlət Filarmoniyasında, indi onun adını daşıyan musiqi məktəbində, eləcə də Dram Teatrında fəaliyyət göstərir. Lakin yarımçıq qalmış musiqi təhsili, yazıb-yaratmaq eşqi onu Bakıya çəkirdi. Beləliklə, 1943-cü ildə F.Əmirov Bakıya qayıdaraq təhsilini bərpa edir. Müharibənin qanlı-qadalı təəssuratları isə əbədi olaraq 1943-cü ildə yazdığı "Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə" adlı simfonik poemasının partiturasına həkk olunur. Bu əsər bəstəkarın dostu, müharibədə həlak olmuş musiqiçi Məmməd İsrafilzadənin xatirəsinə həsr edilib.

Bəstəkarın yaradıcılığında 1945-46-cı illəri əhatə edən skripka və fortepiano üçün "İkili konsert", fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert eləcə də fortepiano üçün yazdığı "Romantik sonata" müvafiq olaraq bu janrların ilk nümunəsi olub, Azərbaycan musiqi ədəbiyyatı zənginləşdirən musiqi əsərləri kimi qiymətləndirilir.

1944-cü ildə o zaman C.Məmmədquluzadənin adını daşıyan Musiqili Komediya Teatrının açılması F.Əmirova yeni imkanlar yaratdı. Sənət müəllimi Üzeyir bəyin möhkəm təməlli musiqili teatr ənənələrinə söykənən F.Əmirov bu janrda da öz qələmini sınayır və "Ürəkçalanlar" (1944), "Gözün aydın" (1946) musiqli komediyalarını bəstələyir.

"Mən bir zirvə tanıyıram. Uca zirvə... Günəşli zirvə... Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür..." - Xalq şairi N.Xəzri bu sözləri 1949-cu ildə Dövlət Mükafatına layiq görülmüş bəstəkarın iki böyük şedevri - "Şur" və "Kürd ovşarı" haqqında deyib. İki tip musiqi təfəkkürünün - xalq və Avropa musiqisinin sintezi olan simfonik muğamlar yeni bir janrın əsasını qoymaqla özündən sonra elə bir zəmin hazırladı ki, bu zəmin əsasında sonradan Niyazi, S.Ələsgərov kimi bəstəkarlar öz maraqlı nümunələrini yarada bildilər. Bu əsərlərlə F.Əmirov "Şərq simfonizmi"nin əsasını qoydu. F.Əmirovun simfonik muğamlarının yüksək bədii keyfiyyətlərini dahi Q.Qarayev belə açıqlayır: "F.Əmirovun yaradıcılıq işinin məziyyəti onadadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətlərini saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təfsirində yeni şəkildə səslənir. Əmirov öz vəzifələrini dərindən dərk edərək zəngin məzmunlu, xəlqi dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır".

Bütün bəstəkarların arzuları, demək olar ki, eynidir: əsərlərinin sədasını uzaqdan eşitmək. F.Əmirovun da arzusu Azərbaycan musiqisinin dünyanın hər yerində səslənməsi idi və bəstəkar bu arzusuna elə  sağlığında çatmışdı. Tam qürurla deyə bilərik ki, F.Əmirov musiqisi sovet hakimiyyəti illərində, ideologiyanın ciddi nəzarətdə olduğu dövrdə sərhədləri aşaraq bir çox kapitalist ölkələrində, hətta Amerikada da səslənmiş, bir çox dünya şöhrətli dirijorların - Ş.Münş, L.Stokovskinin təfsirində səslənmiş, xarici dövrü mətbuatda kifayət qədər işıqlandırılmışdı.

Təqribən 20 ildən sonra bəstəkarın sayca üçüncü simfonik muğamı meydana gələcək. Fars poeziyası klassikləri Sədi və Hafizin şeirlərindən ilhamlanan F.Əmirov "Gülüstan - Bayatı-Şiraz" simfonik muğamını yazır.

Əvvəlki nümunələrdə klassik incilərimiz olan muğamların dramaturji inkişaf prinsipini göstərdiyi halda "Gülüstan - Bayatı-Şiraz"da bu məsələyə başqa rakursdan yanaşaraq muğamın emosional bədii təsirini, muğamın fəlsəfi tutumunu əks etdirmiş və muğama vokal ifa - messo soprano daxil edib.

Keçən əsrin 50-ci illərində bəstəkar əsasən fortepiano musiqisinə diqqət yetirirdi. "12 miniuatür" və həmçinin, E.Nəzirova ilə birgə "Ərəb mövzularına konsert" bu illərin məhsuludur. Sonuncu əsər bəstəkarın Birləşmiş Ərəb Respublikasına səfərinin təəssüratları nəticəsində ərsəyə gəlmişdi. Bu əsərdə müəlliflər ərəb musiqi üslubunu saxlamaqla Azərbaycan melosu ilə vəhdət yaratmaq nail olublar.

"Mən, "Sevil"i əzbərləyə-əzbərləyə ona musiqi yazmışam. C.Cabbarlının ən gözəl övladı olan "Sevil"ə musiqi don geyindirərkən öz-özümə hesabat vermişəm: görəsən, "Cəfərin xoşuna gələrmi..."  - deyən F.Əmirov opera janrına özünəməxsus bir cığırla irəliləyərək gəlib çıxmışdı. Bəstəkarın diplom işi birpərdəli "Ulduz" operası olmuşdu. Opera yalnız əlyazma şəklində saxlanılsa da, bəstəkar yeni böyük əsəri üçün müəyyən təcrübə əldə etmişdi.Eyni zamanda bəstəkar musiqili komediya janrında da kifayət qədər naliyyətləri "Sevil" operasının yazılması üçün bir pillə idi. Azərbaycan musiqisində ilk lirik-psixoloji opera olan "Sevil" bəstəkarın özü tərəfindən bir neçə dəfə redaktə edilmiş, 1970-ci ildə yeni redaksiyada film-opera şəklində ekranlaşdırılmışdı. 1998-ci ildə professor F.Bədəlbəyli operanın növbəti redaksiyasını edib, inqilabi səhnələr, Sevilin Moskva haqqında mahnısı operadan çıxarılıb. Başqa sözlə desək, süjetdə ideya vurğusu başqa tərzdə mənalandırılıb. Bu redaksiyada Sevilin azadlığa çıxması deyil, Sevil və Balaşın ailə faciəsi daha da qabarıq göstərilib. Lakin edilən ixtisarlar və dəyişikliklər əsərin bədii məzmununa xələl gətirməyib. Operanın bu tamaşasında şəxsən iştirak edən Ümummilli lider Heydər Əliyev F.Əmirovun bu əsərini opera səhnəsinin bir töhfəsi, onun yenidən canlandırılmasını Azərbaycan musiqi incəsənəti üçün əlamətdar hadisə adlandırmışdı.

Bəstəkarın yaradıcılığının əhəmiyyətli hissəsini vokal-instrumental əsərləri təşkil edir. F.Əmirovun çoxsaylı vokal əsərlərinin bir qismi müstəqil şəkildə yazılmış mahnı və romanslar, digər qismi isə kino və dram tamaşalarına yazılmış mahnılardan ibarətdir. Bu mahnılar yazıldığı dövrdən indiyə kimi ən müxtəlif üslubda ifa edən musiqiçilərin repertuarını bəzəyir, daim yeni tərzdə oranjiman oluna bilir. Bu mahnılar xalqımız tərəfindən sevilir. Bunun da səbəbi bu mahnıların bəstəkarın öz sözləri ilə desək, "xəmirinin xalq musiqisi ilə yoğrulması"na bağlıdır. Dahi Şostakoviçin "Melodiya F.Əmirov musiqisinin canıdır" fikrini əsas götürərək belə nəticəyə gəlirik ki, bu mahnılar məhz gözəl, ifadəli melodiyası ilə qəlblərə yol tapa bilib. Təbii ki, burada poeziyanın rolunu da danmaq olmaz. F.Əmirov əsərlərində Nizami, S.Vurgun, H.Cavid, M.S.Ordubadi, N.Xəzri, T.Elçin, T.Əyyubov, M.Dilbazi kimi söz ustalarının şeirlərinə müraciət edib.

Bəstəkarın yaradıcılığından qırmızı xətlə keçən mövzulardan biri doğma Vətənə, Azərbaycana olan sonsuz məhəbbət mövzusudur. Bəstəkarın üç böyük simfonik əsəri doğma torpağımızın adı ilə bağlıdır. Vətən şövqü S.Vurğunun sözlərinə yazdığı "Azərbaycan" simfonik süitası (1950), "Azərbaycan kapriççiosu" (1961) və "Azərbaycan qravürləri" (1979) simfonik əsərlərində öz parlaq təcəssümünü tapır.

F.Əmirov Azərbaycan Milli Dram Teatrında tamaşaya qoyulan bir sıra dram tamaşalarının musiqi müəllifidir. Teatrın qanunuyğunluqlarına yaxından bələd olan bəstəkar bu sahədə də melodik başlanğıclı, milli lad təfəkkürünə əsaslanan koloritli harmonik dilə malik, orijinal orkestr üslublu musiqi nümunələrini yaradır. Çoxsaylı nümunələr içərisindən H.Cavidin "Şeyx Sənan "dramına yazılmış "Kor ərəbin mahnısı"nı xatırlamaq kifayətdir. Onu da əlavə edək ki, bəstəkar bu dram əsasında opera yazmaq fikrində də olmuşdur. Bəstəkarın kino musiqisində işi də tədqirəlayiqdir. İlk işi 1960-cı ildə "Səhər" kinofilminin musiqisidir. "Böyük dayaq", "Mən ki gözəl deyildim", "Nəğmə dərsi" və digər filmlərdəki uğurlu işi Azərbaycan musiqi mədəniyyətini zənginləşdirib.

Fikrət Əmirov musiqi dünyası yaşından, maraq dairəsindən asılı olmayaraq, hamı üçün aktualdır. İncə ruhlu bəstəkar uşaqların da zövqünü oxşamağa müvəffəq olmuşdur. Bəstəkarın "Qatar", "Bizim həyət", "Bahar gəlir" mahnıları balacaların tərəfindən sevilə-sevilə oxunulur.

1979-cu ildə bəstəkar daha bir böyük əsəri - "Min bir gecə" baletini yazır. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan balet qısa bir zamanda çox geniş populyarlıq qazanır. 1980-ci ildə bəstəkar özü, baletmeyster N.Nəzirova, rəssam T.Nərimanbəyov, dirijor N.Rzayev və əsas partiyaların ifaçıları SSRİ Dövlət Mükafatına layiq görülüblər. Azərbaycan musiqisində ilk nağıl baleti olan "Min bir gecə" rəngarəng palitraya bənzəyir. Başqa sözlə desək, "Min bir gecə" al-əlvan, rəngarəng boyaların musiqi təcəssümüdür.

F.Əmirov 1984-cü il fevralın 20-də vəfat etdi. Lakin özündən sonra "Reyhan" ətirli, "Göy göl"ün büllur sularından süzülən, "Şur"un ibrətamiz nəsihətlərilə yüksələn, "Sevil"in məğrurluğu, "Şəhrizad"ın müdrikliyindən ilham alan, Nizami, Nəsimi dühasından qaynaqlanan, "Azərbaycan qravürlərində" "gözəlim" deyib mədh etdiyi, "Mən səni araram" deyib soraqladığı "Azərbaycan ellərində" əbədiyaşar irs qoyub getdi.

Aytən MANAFOVA

Musiqişünas

525-ci qəzet  2018.- 29 noyabr.- S.6.