"Azərxalça"nın
Qazax filialı: qayğı və diqqət
inkişafa yol
açır
Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri də
Qazax-Borçalı bölgəsidir.
Ona görə də bu bölgənin
xalçaçılığı ayrıca xalça qrupu kimi səciyyələndirilib.
Qazax-Borçalı bölgəsində ağır
çəkili, uzun, lakin yumşaq və parlaq xovlu, müxtəlif ölçülü və
sadə kompozisiyalı
xalçalar toxunub. Bu qrupa aid olan xalçaları dünyada
məşhurlaşdıran onların qədimliyi, bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda
əsrlər boyunca formalaşmış mücərrəd,
həndəsi, stilizə
edilmiş naxışlar
üstünlük təşkil
edir. Bölgədə
toxunan "Namazlıq"lar beynəlxalq ekspertlər tərəfindən
tarixiliyinə, unikal tərtibatına, zəngin
naxışlarına görə
hər zaman yüksək qiymətləndirilib.
Hər naxışı
duyğular palitrası
olan, keçmişimizdən
xəbər verən Qazax-Borçalı xalçaları
zəngin mədəniyyətimizin,
xalq təfəkkürünün
məhsuludur. Bu xalçaların
yaşadılması, gələcək
nəsillərə ərməğan
edilməsi vacib məsələlərdən biridir.
Odur ki, "Azərxalça"
Açıq Səhmdar
Cəmiyyəti bu bölgədə üç
filial yaradıb. Onlardan biri
də Qazax rayonundadır.
Bu filial 2017-ci ilin sonlarında
fəaliyyətə başlayıb. Hazırda burada
87 toxucu çalışır.
İnzibati-texniki heyətlə birlikdə
filial işçilərinin sayı 100 nəfərdir.
Ötən dövrdə xalça
istehsalı emalatxanasında
107 xalça toxunub.
"Azərxalça"nın
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
filialda toxucular üçün müasir
iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası
zəruri xammal və ləvazimatlarla, işçilərin işə
rahat gediş-gəlişi
üçün avtobusla
təmin edilib.
Filialın direktoru Nazim İbrahimov deyib ki, Qazax xalçaçılığa
üstün istiqamət
verilən bölgələrimizdən
biridir. Burada xalçaları "gəbə" deyə əzizləyirlər. Bölgədə hər xalçanın toxunuşu el bayramına, mühüm hadisəyə
çevrilir. Qazaxın
Abbasbəyli, Ağköynək,
Daş Salahlı, Canalı, Cəfərli, Çaylı, Xanlıqlar,
Kosalar, Qazaxbəyli kəndlərində "Ulduzlu
Qazax", "Qarayazı",
"Qaraqoyunlu", "Ləmbəli",
"Faxralı", "Çəlikli",
"Karvansara", "Qaraçöp",
"Çərxi-fələk", "Namazlıq" kimi xovlu, kilim, palaz,
vərni, şəddə,
zili kimi xovsuz xalçalar toxunub. Filialda çalışan toxucular məhz bu kəndlərin və Qazax şəhərinin
sakinləridir. Burada ərsəyə
gətirilən xalçalar
isə Qazaxın qədim çeşniləri
əsasında toxunur.
Filialda indiyədək toxuduğumuz
ən böyük xalça 24 kvadratmetrlik xalçadır. Onu emalatxananın
gənc işçiləri
toxuyublar. Filialda işləyən
toxucuların əksəriyyəti
gənclərdir. Onlar bu sənətin sirlərinə
dərindən yiyənlənməyə
çalışırlar. Təcrübəli toxucularımız isə gənclərə xalça toxumağı öyrətmək üçün
əllərindən gələni
əsirgəmirlər.
Burada istehsal olunan ən böyük xalçanın
gənc toxucuları Sahibə Xəlilova, Türkan Qasımava, Əfsanə Səməndəri
və Gülminə Məmmədova dövlətin
onlar üçün
yaratdığı şəraitdən
minnətdarlıqla danışıblar. Əfsanə Səməndəri deyib ki, onlar xalça
toxumağı nənələrindən,
analarından öyrəniblər.
Ancaq xalçaçılığın
sirlərinə "Azərxalça"nın təşkil etdiyi kurslarda yiyələniblər: "Qazaxda
bu fabrikin açılmasının çox
böyük əhəmiyyəti
var. Həm peşəkar
toxucular, həm gənclər işlə təmin olunub, eyni zamanda, qədim
xalçaçılıq ənənələrimiz yaşadılır.
Buna görə dövlətimizə minnətdarıq".
Toxucu Rahilə
Əsgərova 40 ildən
çoxdur, bu sənətlə məşğul
olur. Ötən əsrin 70-80-ci illərində
Qazaxda fəaliyyət
göstərən xalça
fabrikində işləyib.
Həmin dövrdə
öyrətdiyi toxucular
indi "Azərxalça"nın Qazax filialında onunla çiyin-çiyinə çalışırlar.
Bu gün də
gənclərə toxuculuğun
sirlərini eyni həvəslə öyrədir.
"İkinci dəfə dünyaya gəlsəm, yenə xalçaçı
olardım", - deyən
təcrübəli toxucu
bildirib ki, xalçalar insan ömrü yaşayır.
Hər bir insan kimi, xalçaya
da sahib çıxmaq,
onu əzizləmək,
qorumaq lazımdır:
"Azərbaycan xalçasına
və xalçaçılarına
sahib çıxdığına görə Prezidentimizə
minnətdarlığımızı bildiririk. Dövlətimizin bu sahəyə
göstərdiyi qayğıdan
güc alaraq daha yaxşı işləməyə, daha
gözəl xalçalar
toxumağa çalışır,
bu qədim el sənətimizin, milli dəyərimizin yaşadılması
üçün əlimizdən
gələni əsirgəmir,
xalçanı əzizləyir,
ona biz də sahib çıxırıq. Xalça toxunarkən
onu toxuyanın hissi xalça üzərində öz əksini tapır. Yaxşı zamanda yaşayırıq.
Şükür, heç bir
problemimiz yoxdur. Ona görə də toxuduğumuz xalçalardan
ancaq xoşbəxtlik enerjisi almaq olar. Yəni bizim toxuduğumuz
xalçalar hər bir evə sevinc
gətirər, insanlara
müsbət enerji verər".
Toxucu Xalidə
Yolçuyeva isə deyib ki, Qazax
xalçaları Bakı,
Şirvan, Quba, Təbriz xalçalarından
fərqlənir. Bu bölgədə
toxunan xalçalarda müqəddəs rəmzlər
öz əksini tapıb. Ona görə də
Qazax xalçaları
müqəddəslərin türbələrinə
nəzir verilib, onların üzərində
namaz qılınıb.
Xalçalar üzərindəki ulduz, çərxi-fələk,
göz, həyat ağacı, qoç buynuzu, quş, ox kimi naxışlar bütünlükdə insanı
qoruyan, onun həyatını mühafizə
edən simvollardır.
Qazaxın xalçaçılıq ənənələrini yaşatmaq
üçün yaradılan
şərait, bu fabrikin açılması
bütün xalçaçıları
sevindirib. Biz indi müasir, işıqlı emalatxana binasında xalçalar toxuyur, bizə bu şəraiti yaradan dövlətimizin daha qüdrətli olması üçün
hər gün dua edirik.
Bu gün
dünyanın məşhur muzeylərinin, şəxsi
kolleksiyalarının bəzəyinə çevrilən
Qazax-Borçalı xalça örnəkləri
qədim Azərbaycan mədəniyyətini layiqli
şəkildə təmsil etməkdədir. Hazırda XIV əsrə
aid Qazax
xalçası Berlin İncəsənət
Muzeyi, XVIII əsrə aid
nümunələr Nyu-Yorkdakı "Metropoliten"
Muzeyi, Sankt-Peterburqun
"Ermitaj"ı, Rusiya Etnoqrafiya
Muzeyi, Londonun "Viktoriya və Albert" Muzeyi, Budapeştin İncəsənət
Muzeyində saxlanılır. Qazax
filialının toxucuları həmin xalçaların
çeşniləri əsasında da yeni sənət əsərləri
yaradırlar. Heç şübhə yoxdur ki, bu
gün "Azərxalça"nın Qazax filialında toxunan xalçalar da gələcəkdə
qiymətli sənət əsərləri kimi,
məşhur muzeylərin bəzəyinə çevriləcək.
525-ci qəzet 2018.- 29 noyabr.- S.7.