Bakıda "Xarı Bülbül" yaradıcılıq
festivalı keçirildi
Gənclər üçün Təhsil Mərkəzi ilk dəfə olaraq Bakı şəhərində "Xarı Bülbül" gənclərin yaradıcılıq festivalını təşkil edib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq olub. Festival yeniyetmə və gənclərin böyük marağına səbəb olub. Yeniyetmə və gənclər yaradıcılığın müxtəlif sahələrində öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər.
Qeyd
edək ki, bir neçə ay bundan öncə Bakı şəhərində
festivalın keçirilməsi üçün
yaradıcılıq dərnəyi qurulub,
iştirakçı olmaq istəyənlər bu dərnəklərdə
bütün hazırlıq işlərini həyata
keçiriblər. Dərnəklərdə gənclərin
istifadəsi üçün zəruri olan musiqi
avadanlıqları, rəsm və digər sahələr
üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən,
yaradıcılıq təlimləri keçirilib.
Festivalın
keçirilməsinə qədər Bakı şəhərində
davamlı olaraq istedadlı gənclərin tapılıb,
qurulmuş yaradıcılıq dərnəyinə cəlb
olunması işləri aparılıb. Dərnək imkan verib
ki, qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə
və gənc burada öz bacarıqlarını inkişaf
etdirsin, özünü cəmiyyətə tanıtsın və
inkişaf etmiş yaradıcı insana çevrilsin.
Qeyd
edək ki, mərkəz tərəfindən "Xarı
Bülbül" gənclərin yaradıcılıq
festivallarının hər il keçirilməsi,
Qarabağın mədəni incilərinin bu tədbirlər
vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə
tutulur.
525-ci qəzet 2018.- 29 noyabr.- S.7.