Azərbaycan müəllillərinin XV qurultayı keçirildi

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.Azvision.az xəbər verir ki, qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Qurultay Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. XV qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Təhsil naziri vurğulayıb ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən Ceyhun Bayramov ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyiniya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb.

Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasını prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva XV qurultayın təhsil sisteminin inkişafına mühüm təsir edəcəyinə əminliklərini bildirib, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun daha da artırılması ilə bağlı təkliflərini irəli sürüblər. Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.

Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim edilib. Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Sonda qurultayın qətnaməsi qəbul olunub. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.

Qarayeva, S.

525-ci qəzet  2018.- 29 noyabr.- S.1-2.