İlyas Tapdıq -
"sözü çiçəklərin dadında
qalan" şair
Şahanə MÜŞFİQ
Bu gün - 30 noyabr, imzasını ilk dəfə məktəb
dərsliklərində oxuduğum, şirin, səmimi,
maraqlı, özünəməxsus uşaq şeirlərinin
müəllifi kimi tanıdığım İlyas
Tapdığın doğum günüdür.
İlyas Tapdığı öncə uşaq şeirlərinin
yaradıcısı kimi tanıdım, sevdim. Hətta çoxları Azərbaycan
uşaq ədəbiyyatının
"axsadığını", yaxşı inkişaf etmədiyini,
şair və yazıçıların bu mövzudan
qaçdığını dedikdə, bir çox uşaq
yazarları sırasında ilk yadıma düşənlərdən
biridir o. Onu əksərən uşaq şairi kimi
tanıyır və tanıdırlar. Halbuki 50 kitab
müəllifi, mindən çox kitab redaktoru olan şairin
poeziyasının əhatə və təsir dairəsi
çox genişdir. Onun kövrək qələmi gah
dünyanın gərdişini çözələyir, gah ən
saf, ən munis insan hisslərinə aram-aram sığal
çəkir, gah körpə balaların üzündə təbəssüm
olur, gah təbiətin ən kiçik zərrəsinə belə
qucaq açacaq qədər böyüyür, gah da
canından, qanından, varlığından çox sevdiyi vətəninin
adi daşını ömrünün günəşinə
çevirir.
lll
O, təkcə
şair deyildi, həm də tərcüməçi, redaktor,
Azərbaycan ədəbiyyatının bütün istiqamətlərdə
inkişafı üçün əlindən gələni əsirgəməyən
əsl söz fədaisi idi. Bəlkə Bernard Şou da
özündən çıxış edərək məhz
İlyas Tapdıq kimi ədəbiyyat, sənət fədailəri
haqqında deyirdi: "Yalnız yazıçı olmaq
haqqında mən heç vaxt düşünməmişdim,
çünki yazıçı kimi doğulmuşdum.
Yazıçı olmaq mənim üçün çox təbii
bir hal idi, ağızdakı suyun dadı kimi; onun
dadını hər gün içirsən deyə hiss eləmirsən..."
İlyas Tapdıq da ömrünün hər
gününü deyil, hər anını ədəbiyyatın,
sözün keşiyində dayanaraq keçirən nadir şəxsiyyətlərimizdən
biri idi. O, bir
şair olaraq həmişə "nə deyirlər desinlər,
dünyadakı hər şey - bəli, bəli, məhz hər
şey elə sözdür" amacıyla yazıb-yaradıb.
Onun bioqrafiyasına mövzu olan ömür yolu da bunu çox
dəqiqliklə sübut edir:
Haqqında
söz açdığımız İ.Tapdıq düz 84 il öncə - 1934-cü ilin bu günündə
Gədəbəy rayonunun Əli İsmayıllı kəndində
dünyaya göz açıb. Orta təhsilini
yaxınlıqda yerləşən Kiçik Qaramurad kənd məktəbində
tamamladıqdan sonra 1952-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur.
Elə onun ədəbi mühitə gəlişi
də məhz tələbəlik illərindən
başlayır. "Bakının gecəsi" adlı
ilk şeiri bütün zamanların ən məşhur və
öncül ədəbi orqanlarından olan "Azərbaycan"
jurnalında çap olunduqdan sonra Azərbaycan poeziyasında
"İlyas Tapdıq" imzası görünməyə və
zaman keçdikcə özünü təsdiq etməyə
başlayır.
1955-ci ildə,
dördüncü kursda oxuyarkən ilk şeirlər kitabı
çapdan çıxan gənc şair haqqında Səməd
Vurğun, Osman Sarıvəlli, Rəsul Rza, Nəbi Xəzri,
Hüseyn Arif və digər tanınmış söz
adamları dəfələrlə xoş sözlər,
maraqlı fikirlər söyləyirlər.
1956-cı
ildə universiteti bitirdikdən sonra "Uşaqgəncnəşr"də
redaktor (1957-1962), "Azərnəşr"də redaktor,
böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında
böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976),
Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri
(1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsində televiziya gənclər baş
redaksiyasının baş redaktoru (1978-1983), "Azərnəşr"də
bədii ədəbiyyat şöbəsinin müdiri
(1989-1992), Türkiyənin Türk Standartları İnstitutunda
və Xarici İşlər Nazirliyi və kalkınma
ajansında müəllim, "Azərbaycan" qəzetinin
Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində
işləyib. "Gənclik" nəşriyyatı
redaksiya şurasının üzvü, Azərbaycan komsomolu
Şöhrət şurasının, "Türk əsrində
Azərbaycan" jurnalının redaksiya heyətinin, bir
sıra respublika festival və müsabiqələrində
münsiflər heyətinin üzvü olub.
1992-1995-ci illərdə Türkiyədə yaşayan
şair qardaş ölkənin ədəbi, ictimai həyatında
fəal iştirak edib. Bu illər ərzində də şair
uzun müddət bir-birindən qopmuş Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin yenidən bərpası və
inkişafı üçün misilsiz xidmət göstərib.
Ürəyindən əməliyyat olunmuş şair 25
dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində
vəfat edib.
Şair Badamdar qəbirstanlığında, həyat
yoldaşının məzarı yanında dəfn olunub.
lll
Onun
müxtəlif zamanlarda çıxmış "Bulaq
başında", "Gözlər", "Bir eşqin
şimşəyi", "Arxalı dağlar",
"Əksim və qəlbim", "Meşənin
mahnısı", "Qızlar, qağayılar",
"Özümlə görüş", "Məhəbbət
yolları" və digər kitabları oxucular, ədəbi
mühit tərəfindən bu gün də sevilərək
oxunmaqdadır.
İlyas Tapdıq poeziyası haqqında danışarkən
deyiləcək ilk sözlərdən biri odur ki, bu poeziya
böyük mənada müşahidələrə əsaslanır. Bu, təkcə
şair müşahidəsi deyil, dünyanı, həyatı,
insanları yaxından tanıyan, uzun illərin təcrübəsini
qazanmış qocaman insanın baxışlarıdır.
Amma o, yenə də məsələyə təvazökarlıqla
yanaşır:
Az da
olsa görmüşəm dünyanı,
Həyatda
ölüm də görmüşəm,
Olum da
görmüşəm...
Həyatı
da, ölümü də görən, dünyanın,
insanların hər üzünü müşahidə edib
öyrənən müəllif bu kiçik şeirin sonunda
bildiklərini ümumiləşdirir, insan oğluna
müdrikliklə nəsihət edir:
Toxuyublar
torpaq ilmə-ilmə;
Uçurumdur
Ömrün
dörd yanı,
Büdrəmə,
əyilmə!
"Bir gilə göz yaşında Dərya həsrəti
sezən" həssas qəlbli şair nikbin ruhuna, ürəyində
gizlədiyi sonsuz həyat və insan sevgisinə rəğmən
bəzən bədbinliyə də qapılır. Bu bədbinlik,
küskünlük zaman-zaman onun misralarında da
özünü göstərir:
Əlimi
uzatsam toxunar Aya,
Nə
xoşdur uzaqdan baxmaq dünyaya!
Qəlbimin
səsini eşitmir çaya,
İnsanam,
Mən insan sorağındayam.
Cəmi beş misrada müdrik insanın dünyaya,
insanlığa yanaşması, düşüncələri
qısa, amma dəqiq şəkildə əks olunub. İlk misralarda nikbinlik, pozitiv əhval olsa da,
şairin sonrakı misralarda əhvalı dəyişir, əsl
fikirləri sərgilənir.
İlyas Tapdıq poeziyasında gözlər elementi var
ki, şairin ona uyğunlaşdırdığı biçim
biz bildiyimizdən kəskin şəkildə fərqlənir. Onun dediyi
gözlər baxmaq üçün deyil, görmək və
anlamaq üçündür. Xalq arasında "bəsirət
gözü" deyilən də yəqin ki, elə budur:
Gözlər
axtarıram mən -
Namərdliyi,
həsrəti,
Əsarəti
yandıran
Alovu-közü olsun.
Ürəklərə
işləsin -
Diləkləri
görsün o!
Gözlərin
Gözü
olsun!..
lll
İlyas Tapdığın adı həmçinin,
aşıq poeziyamızın təbliği və
inkişafı mövzusunda da ön planda çəkilir. O, ədəbiyyatımızın,
folklorumuzun bu istiqamətində də əvəzsiz xidmətləri
olmuş sənətkarlarındandır. Ötən
əsrin sonlarında bu sənətə qarşı
açıq-aşkar biganəliyin hökm sürdüyü
dövrlərdə məhz onun şəxsi qayğısı
və təşəbbüsü hesabına televiziya və
radioda, qəzet və jurnallarda aşıqlar, saz
ifaçıları təbliğ olunub. O, təkcə
bununla kifayətlənməyib, eyni zamanda, bir sıra şeirləri
ilə bu janrın genişlənib, zənginləşməsinə
xidmət göstərmişdir. Onun "Gədəbəydədir",
"Dağlar, sizə baş əyməyə gəlmişəm",
"Qoşqar", "İndi Gədəbəyin
yaxşı vaxtıdır", "Sazda ana laylası
var", "Dağların", "Meşəbəyi",
"Mən bu günü başqa günə qatmaram" kimi
şeirlərini aşıqlar on illərdir ki, ifa etməkdədirlər.
Onun saz sevgisi, aşıq poeziyasına olan
vurğunluğu soykökündən, genlərindən gəlir. Buna görə
də ülvi, təmiz və dərindir. Necə
ki, aşıqlar onun poeziyasını, şeiriyyətini sevərdisə,
şair də onların sənətini könüldən sevərdi.
Şair "O sazı çal, o sazı..." şeirində
bu sevgini belə ifadə edib:
O
sazdadır ürəyim,
Bağrına bas o sazı.
Götür
sinən üstünə!
Bala-bala sən
məni
Qarışdır öz tüstünə.
lll
Görkəmli rus yazıçısı M.Prilejayeva
"Detskaya literatura" jurnalındakı "Salam, İlyas
Tapdıq" adlı məqaləsində qeyd edirdi ki, Azərbaycan
uşaqları ona görə xoşbəxtdir, onların
İlyas Tapdıq kimi gözəl şairləri var.
İlyas Tapdığın uşaq şeirlərinin bu qədər
sevilməsindəki ən mühüm cəhət onun uşaq
ədəbiyyatının sirlərindən əlavə,
uşaqların psixologiyasına, dünyasına dərindən
bələdliyidir. O, bu şeirlərində nə forma, nə də məzmun
axtarışına qapılmır. Hər
ikisinin peşəkar şair intuisiyasından yaranan vəhdəti
hələ uzun illər İlyas Tapdıq imzasını Azərbaycan
uşaq ədəbiyyatında dərin ehtiramla yad etdirəcək
əsərləri yaradıb.
O,
çox adi, hər kəs üçün normal görünəcək
hadisələri şeirlərində son dərəcə incə
və poetik dillə qələmə alıb.
Onun şeirlərinin sevilməsindəki əsas cəhətlərdən
biri də səmimiyyətidir. O, özündən əhvalatlar
uydurmur, heç nəyi şişirtmir, hadisələrə səmimi
şəkildə yanaşır.
İlyas Tapdığın alliterasiyaya əsaslanan
"Bildirçin" şeiri uşaq poeziyamızın nadir
nümunələrindəndir. Bu şeirdə
"bildirçin", "bildir", "bildir-bildir",
"çildir" və başqa sözlər bir süjet ətrafında
məharətlə birləşdirilib.
Şeiri
oxuyan hər bir uşaq ona yenidən qayıtmaq istəyir:
Bildir
uçub bağçanı
Meşə bildi bildirçin.
Arzu
çıxıb çığırdı
"Çildir,
çildir" bildirçin
dedi:
Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə
pişik qoparıb
Neçə ildir, bildirçin.
Saf dili, axıcı və son dərəcə maraqlı
sujetləri ilə seçilən bu uşaq şeirləri
M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.Əfəndiyevlə
başlayan uşaq poeziyamızın davamı kimi çox ibrətlidir.
İlyas Tapdığın təbiət təsvirli
şeirləri də poeziyamızın önəmli nümunələrindəndir. Burada təbiətin sadə
detalları mahir dillə təsvir olunur:
Gecə xəlbirdən
keçirib
Külək
sanki bu qumları,
Əsib-coşub
sübhə kimi,
Nə
dincəlib,
Nə sahildə çimir alıb.
Yorğun-yorğun
çıxıb gedib,
Əyri-üyrü
ləpirləri
Dərin qumlar üstə qalıb.
lll
İlyas Tapdığın poeziyası hələ 19
yaşında ilk şeiri "Azərbaycan" jurnalında
çap olunduğu dövrdən görkəmli söz
adamlarının, ədəbiyyatşünasların, şairlərin
diqqətini cəlb edib. Zaman-zaman tanınmış ədəbiyyatçıların
onun haqqındakı düşüncələri mətbuatda
çap olunub:
Yazıçı,
ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev:
"Azərbaycan oxucusu İlyas Tapdığı səmimi, səmərəli
lirik şeirləri ilə tanıyır. Onun
şablondan, çılpaq təbliğatdan uzaq - orijinal və
şairanə tematikası vardır.
Doğma yurdun insanları, təbiəti və gözəlliyi...
şairin təmiz hisslərinin vəhdəti ilə ifadə
olunur. İlyas Tapdığın şeirlərinin
başlıca xüsusiyyəti təbiilik və səmimiyyətdir.
O, nədən yazırsa yazsın, mövzunu poetikləşdirməyi
bacarır".
Xalq
şairi Hüseyn Arif: "İlyas Tapdığın
misrası ("Bənövşə xatirinə kol dibinə
iz düşdü") yazdırıb bu şeiri mənə:
Meh toxunar
üzlərinə,
Nur ələnər gözlərinə.
Kol dibini
özlərinə,
Məskən seçər bənövşələr.
İlyasın
hər şeir kitabı bir qom bənövşəyə
oxşayır - təzə-tər, ətirli. Şeirlərində
hər söz, hər misra ürək kimi
çırpınır".
Xalq
şairi Məmməd Araz: "Ötən yüzillikdə
uşaq ədəbiyyatı sahəsində iki
yazıçımızın gərgin əməyini
xüsusilə qeyd etmək istərdim. Bunlardan
biri adı dillər əzbəri olan Abdulla Şaiqsə,
ikincisi onun zəngin ənənəsini davam etdirən, bu sahədə
xeyli uğurlu əsərlər müəllifi kimi tanınan
İlyas Tapdıqdır".
Akademik Bəkir
Nəbiyev: "Peşəkar uşaq ədəbiyyatımızın
banisi və ən məhsuldar nümayəndəsi, bu ədəbiyyatın
bir sıra klassik nümunələrinin yaradıcısı
Abdulla Şaiqdən sonra bu sahədə
çalışanlardan üçünün Azərbaycan
uşaq ədəbiyyatında özünəməxsus yeri
var: Xanımana Əlibəyli, Teymur Elçin və İlyas
Tapdığın".
Xalq
şairi Zəlimxan Yaqub: "İlyas Tapdığın
"Şeir sevən balalar" kitabı həcm və məzmun
etibarı ilə ən sanballı kitabdır desəm, qətiyyən
səhv etmərəm. İnanıram ki, bu kitab
məktəbli balalarımızın, şeiri çox sevən
körpələrimizin ən sevimli kitabı kimi zaman-zaman
oxunacaq. Dərslik kitablarımız bu kitabda nəşr
olunan rəngarəng, duru, təravətli şeirlərin
hesabına daha da zənginləşəcək:
Sözü
çiçəklərin dadında qalan,
Eşqi
baxışların odunda qalan,
Şeri Zəlimxanın
yadında qalan,
Nəfəsi Allaha xoş gələn kişi".
Xalq
şairi Sabir Rüstəmxanlı isə İlyas
Tapdığı belə xatırlayır: "İlyas
Tapdıq uşaq ədəbiyyatının ən görkəmli
nümayəndələrindən biri idi. Hətta
böyüklər üçün də koloritli, seçilən
əsərləri var. Şeirləri dərsliklərə
düşüb. Uşaqların dilində
əzbər olan son dərəcə dəyərli şeirlərin
müəllifi kimi tanıyırıq. Uşaqlar
üçün yazmaq çox çətindir. Azərbaycanda
uşaq ədəbiyyatı, ədəbiyyatın digər
növlərinə nisbətən daha kasıbdır və
daha az inkişaf edib. İlyas
Tapdıq qələmi isə bu sahədə qələbə
çalıb. Eyni zamanda, gözəl
redaktor olub. Uzun müddət baş redaktor
işləyib. Mənim kitabımın
redaktoru olub. O vaxtlar bəzi yazılar vardı ki,
senzuradan keçməmişdi. Amma İlyas müəllimin
cəsarətli redaktorluğu sayəsində kitabda yer
almışdı.
Məsələn, "Vətən" şeiri vardı. Orada gəncəli Cavad xanın dəfn yeri, Rusiya imperiyasına qarşı vuruşması və Gəncə xanının adını çəkmək çox çətin idi. İlyas müəllim cəsarətli ədəbiyyatın tərəfdarı idi. Onları kitaba daxil etmişdi".
Bu gün də İlyas Tapdıq və onun kimi
sənətkarlarımız sevilərək oxunur, ehtiramla yad
edilir, xatirələri əbədi yaşayır. Onların
yaratdıqları nadir sənət əsərləri var
olduqca isə yaşamağa davam edəcəklər!
525-ci qəzet 2018.- 30 noyabr.- S.7.