Əbədi mogikan
Çingiz Aytmatov-90
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli
Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm
və Təhsil Komitəsinin sədri, akademik
Dünya ədəbiyyatı
xəzinəsinə gözəl əsərlər bəxş
etmiş Çingiz Aytmatov həm
Qırğızıstanın, həm də bütün
türk dünyasının fəxridir.
Heydər
Əliyev
Azərbaycan
xalqının Ümummilli lideri
(Əvvəli
ötən sayımızda)
Filofeyin məktubu Çingiz Aytmatovun kütlə
psixologiyasına üsyanı, milli-mənəvi oyanış
aktıdır. Həcm etibarilə 22 kitab səhifəsi qədər
olan bu məktub əslində, müstəqil bir bədii əsər
təsiri bağışlayır. Məktub-monoloqdakı
aşağıdakı bəzi tezisləri nəzərə
çatdırmaqla Çingiz Aytmatovun bəşəriyyət
qarşısında qaldırdığı problemlərin
miqyasını və masştabını təsəvvür
etmək olar: "Sizin vasitənizlə bəşəriyyəti
xilas etməyə borcluyam, çünki insanlığa əvvəllər
məlum olmayan bir bəla üz verib. Məlum olub ki, embrionlar bizə
müraciət edir. ...Çox güman ki, bu, yalnızca bəla
deyil, həm də ruhun növbəti sınağıdır.
İçimizdə bizə bizdən danışan
Kassandra-embrionların səsindən hara qaça bilərik?
Kassandra damğası - ana bətnində gərgin
və ümidsiz halda dünyanın sonunu gözləyən
embrional esxatın kadrarxası səsidir. Bu, onda təbii həyat
meylini, yaşamaq istəyini öldürür...
... Qan və hakimiyyət - o şər
toxumları hər zaman yalnız çürümüş
peyin üzərində cücərə bilir... Şər həmişə
öz toxumlarını başqa bir şər cücərsin
deyə torpağa səpərək dəfələrlə
yeni şərlərlə əvəzlənir.
... Bolşevizm olmadan faşizmin
mövcudluğu mümkün idimi? Stalinsiz Hitlerin olması
mümkün idimi? Və kim deyə bilər ki, yer üzünə
ya Hitler, ya da Stalin kimi doğulmaq qarşısında qalan
kassandra-embrion, daha doğrusu, gələcək nekrofilin bu
zavallı rüşeymi öz zamanında ətraf aləmi,
bundan da əvvəl onu daşıyan ananı Kassandra
damğası vasitəsilə gələcəyi ilə
bağlı qabaqcadan xəbərdar etməyə
çalışmayıb?"
Beləliklə, Çingiz Aytmatovun
yaratdığı Filofey ictimai-siyasi və mənəvi
sarsıntılar içərisində formalaşmış
insanın yaşadığı çətin və mürəkkəb
həyati proseslərdən dərs çıxarıb,
dünyanı xilas etmək cavabdehliyi daşıyan bəşəri
varlıq səviyyəsinə çatmasını əks
etdirən ümumiləşdirilmiş bədii obrazdır.
"Kassandra damğası" haqqında xəbəri elmi
şəkildə duyanlardan və öz düşüncəsi
etibarilə ideya müəllifinin fikirlərini və kəşfini
dəstəkləyənlərdən biri olan futuroloq alim Robert
Bork kataklizmin, fəlakətlərin insan övladını bəlalara
apardığını, qarşı-qarşıya
qoyduğunu dərk edən, mövqe etibarilə Filofeyi
tamamlayan obrazdır. Daha doğrusu, Robert Borkun beynəlxalq
konfransda çıxış etmək üçün yola
düşdüyü zaman təyyarə ilə okeanın
üzərindən keçərkən balinaların kütləvi
şəkildə - sürü ilə intihara getdiyi bir mənzərəni
seyr etməsi ilə Filofeyin Kassandra embrionlarının
yaşamaq istəməyib, ana bətnində intihar etməsi
haqqındakı fikirləri bir-birini tamamlayır. Robert Bork əqidəsi
uğrunda ölməkdən çəkinməyən və bəşəriyyəti
xilas etmək üçün hər cür
düşündürücü addımı atmağın əhəmiyyətini
dərk edən əsl fədakar elm adamının ən ali
keyfiyyətlərini özündə səciyyələndirir.
Romanın Çingiz Aytmatovun
qaldırdığı əsas problemlərdən biri
gerçək ata-anası bəlli olmayan "iks nəsillərin"
süni yolla yaradılması məsələsinə
münasibətdir. Yazıçı göstərir ki, real
valideynləri, şəcərəsi, soykökü olmayan
insanlar böyük super güclər üçün əhəmiyyətli
olub, hakim ideologiyaların həyata keçirilməsinə
xidmət edir, insanlığa zərbə vururlar. Bu,
Çingiz Aytmatovun ilk dəfə "Əsrə bərabər
gün" romanında böyük həyəcanla nəzərə
çarpdırdığı "manqurtlaşdırma"
faciəsinə yeni baxışın ifadəsidir. Görkəmli
yazıçı "Əsrə bərabər gün"
romanında ayrı-ayrı xalqların əridilib yox edilməsi
kimi məna verdiyi manqurtlaşma proseslərinin daha fərqli və
yeni təzahür forması kimi SSRİ-də süni insan
yaradılması işinə qlobal miqyasda bəşəriyyət
üçün mənəvi tarazlığın
pozulması, insanlığın qarşısında cavabdehlik
düşüncəsinin itirilməsi baxımından daha kəskin
münasibət bəsləmişdir. Soykökdən, qan
yaddaşından, genetikadan məhrum olan, milli iftixar duyğusu
itirilmiş insan cəmiyyət üçün daha dəhşətli
bir fəlakətə çevrilə bilər. Bədii əsər
kimi "Kassandra damğası" isə mövzusu və
ideyasına görə Çingiz Aytmatovun yazdığı
xilaskarlıq romanıdır.
Sənətkarlıq baxımından da
"Kassandra damğası" orijinal bədii əsərdir.
Bu, Çingiz Aytmatovun yaradıcılığında, bəlkə
də dünya ədəbiyyatında ən geniş həcmə
malik olan epiloq-romandır. "Kassandra damğası"nda
epiloq - Andrey Krıltsovun, əsərin əsas hissəsi isə
Filofeyin romanıdır. Epiloqu roman səviyyəsinə
qaldırmaq yazıçının əsərlərində
birinci dəfədir ki, müşahidə olunur.
"Kassandra damğası" romanı -
Çingiz Aytmatovun dünya ədəbiyyatının görkəmli
yaradıcıları sırasında özünəməxsus
sanballı yerini müəyyən edən mükəmməl və
ciddi sənət damğasıdır.
"Kassandra damğası" - yer
üzündəki xaos təhlükəsinə kosmosdan
göndərilmiş xəbərdarlıqdır. "Kassandra
damğası" - XXI əsr dünya ədəbiyyatının
nadir şedevrlərindən biridir.
Akademik Abdıldacan Əkmətəliyevin
yazdığına görə, XX əsr yapon mütəfəkkiri
Daysaku İkeda Çingiz Aytmatovu ilk dəfə dünya ədəbiyyatında
xüsusi mövzu olan "Kassandra-embrion problemini"
açan nadir istedad sahibi hesab etmişdir. Çingiz Aytmatovun əsas
tədqiqatçısı, görkəmli qırğız ədəbiyyatşünas
alimi, akademik Abdıldacan Əkmətəliyev
özü də "Kassandra damğası"nı gələcək
haqqında roman kimi yüksək qiymətləndirmişdir.
Qüdrətli bir sənətkar olaraq
Çingiz Aytmatovun yaradıcılığı 2006-cı ildə
yazılmış "Əbədi gəlin" romanı ilə
başa çatır. Həm də "Dağlar çökəndə"
adı ilə təqdim olunan bu əsərdə ədibi
bütün yaradıcılıq yolu boyu onu
düşündürən problemlərin ümumiləşmiş
bədii ifadəsi masştabında Çingiz Aytmatov
dühası tamamlanır. "Əbədi gəlin" və
ya "Dağlar çökəndə" romanı
Çingiz Aytmatovun böyük sənət
dünyasındakı əbədilik möhürüdür.
Bu, Çingiz Aytmatovun "Kassandra damğası"
romanında bəşəriyyətə etdiyi xəbərdarlıqdan
sonra dünyanın gəlib çatacağı son
dayanacağı təqdim edən möhtəşəm
yekundur.
Böyük sənətkarın
yaratdığı sadə insan surətləri də dünya
ədəbiyyatında fərqli və bənzərsiz
obrazlardır. Cəmilə, Daniyar, Toqunay, Aysel, Altınay,
Baytemir, Toğulan, Yedigey, Qazan-qap, Abutalıb Kuttubayev,
Altın, Filofey, Robert Bork, Arsen Samançin və
başqaları Çingiz Aytmatovun nadir istedadından və dərin
müşahidələrindən doğulan yeni tipli bənzərsiz
obrazlardır. Çingiz Aytmatovun sovet hakimiyyəti illərində
yazdığı əsərlərində
yaradılmış bədii obrazlar həmin dövrdə
standart model kimi qəbul edilmiş müsbət qəhrəman
və mənfi obraz tipinin hüdudlarını aşıb
keçən, həmin ideoloji formatın qəliblərini
dağıdan mühüm hadisə kimi meydana çıxmışdır.
Yazıçı sovet adamını yox, bütün təbiiliyi
və gərginlikləri, həyəcanları və ümidləri
ilə birlikdə adi, sadə insanı təsvir etmişdir. XX
əsrin əvvəllərində ədəbiyyatda meydana
çıxmış kiçik insanı sonralar hər
yazıçı öz ölkəsində, Çingiz
Aytmatov isə dünya ədəbiyyatı miqyasında əsas
obraza çevirmək vəzifəsini böyük uğurla həyata
keçirmişdir.
Çingiz Aytmatov özü də həyatda roman miqyaslı şəxsiyyət idi. Çingiz Aytmatovun keşməkeşli və mənalı ömür və sənət yolu müasir qırğız ədəbiyyatının epopeyasıdır. Geniş mənada bütöv bir sistem halında Çingiz Aytmatovun əsərlərinin hamısı bir yerdə son yüzilliyin ən möhtəşəm ədəbi salnaməsi və böyük gələcəyin etibarlı bələdçisidir.
Böyük söz ustadı Çingiz
Aytmatovun əsərləri geniş coğrafiyaya
yayılmış türk xalqlarının ortaq taleyinin
uğurlu ədəbi təqdimatıdır.
İnsanlığın, planetin problemlərini əks etdirmək
və çıxış yolları göstərmək mənasında
da Çingiz Aytmatovun yaradıcılığı dünya ədəbiyyatının
zəngin mənəvi xəzinədir. Kiçik
qırğız aulundan dünyaya parlayan böyük ədəbiyyat
günəşi olan Çingiz Aytmatovun zəngin
yaradıcılığı milli ədəbiyyatın
möhtəşəm təqdimatı olmaqla yanaşı,
dünya ədəbiyyatında da yeni bir zirvə
yaratmışdır. UNESCO-nun
statistikasına əsasən, Çingiz Aytmatovun əsərləri
170-dən çox xarici dilə tərcümə olunmuş və
yüz milyonlarla tirajla nəşr edilmişdir. Bu rəsmi
statistika yazıçının dünya ədəbiyyatındakı
mövqeyini ifadə edən və onun planetin nəhəng ədəbi
şəxsiyyətləri olan klassiklərlə eyni yüksək
səviyyəni təmsil etdiyini göstərən ciddi
faktdır.
"Çingiz Aytmatov və Azərbaycan" məsələsi özündə çoxcəhətli mətləbləri ifadə edən əhəmiyyətlibir mövzudur. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük ümumiləşdirmə əsasında deyilmiş aşağıdakı fikirlərində Çingiz Aytmatov sənətinin yeri və mahiyyəti dahiyanə şəkildə ifadə olunmuş, xalqımızın bu qüdrətli sənətkara münasibəti öz əksini tapmışdır: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir".
Eyni zamanda, görkəmli dövlət xadimi
Heydər Əliyev haqqında Çingiz Aytmatovun mülahizələri
də keşməkeşli epoxanın fonunda qüdrətli bir
şəxsiyyət barəsində roman səviyyəsində
ifadə olunan dərin mənalı ümumiləşdirmələr
kimi səslənir. "Heydər Əliyev həqiqətən
də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir.
Bu, sovet dövründə də belə idi, bugünkü MDB
məkanında, xeyli çətinləşmiş müasir
dünya şəraitində də belədir. Heydər
Əliyev hər zaman xalqının xidmətində
olmuşdur.
Heydər Əliyev və onun yaşıdlarının
və hətta ondan cavan olan bir çox siyasi xadimin
bacarmadığı xüsusiyyəti - müasir dövrün
ən aktual çağırışlarına hazır
olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər
Əliyevin zəngin təcrübəsinin və humanitar
dünyagörüşünün genişliyi nəticəsində
indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət,
maarifçilik hökm sürməkdədir. Bütün bunlar
isə Azərbaycan dövlətinin müasir
inkişafını və tərəqqisini təmin edəcək
əsas amillərdir!"
Çingiz Aytmatovun Prezident İlham Əliyev
haqqındakı sözləri də görkəmli ədəbiyyat
adamının dövlət başçısı barəsində
obrazlı şəkildə ifadə olunmuş düsturu kimi səslənir:
"İlham Əliyev qloballaşan dünyanın lider
etalonudur".
Yeni epoxanın liderlərindən biri olan
İlham Əliyev və məşhur yazıçı
Çingiz Aytmatovun münasibətləri XXI əsrdə
böyük siyasətlə böyük ədəbiyyatın
dialoqunun dünyaya və xalqlara gətirəcəyi dəyərlərin,
aça biləcəyi imkanların geniş üfüqlərinin
yenidən istiqamətləndirilməsinə xidmət edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2008-ci
ildə dünya şöhrətli yazıçı
Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi
və bu böyük yazıçı haqqındakı
müdrik fikirləri bütövlükdə bu böyük
söz ustadına, onun ölməz sənətinə Azərbaycanda
dövlət səviyyəsində verilmiş yüksək
qiymətin ifadəsidir: "Siz həmişə, bütün
dövrlərdə Azərbaycanın dostu olmuşsunuz. Bu,
sovet dövründə də belə olub, ...müstəqillik
dövründə də... Çətin anlarda siz həmişə
ədalətin, sülhün, əməkdaşlığın
tərəfdarı kimi öz qətiyyətli
sözünüzü demisiniz".
Dəfələrlə ölkəmizdə
olmuş Çingiz Aytmatov Azərbaycan ədəbiyyatı və
mədəniyyəti haqqında qiymətli fikirlər söyləmişdir.
O, Azərbaycanın böyük demokrat
yazıçısı Cəlil Məmmədquluzadənin
yaradıcılığını yeni nəsrin mühüm
hadisəsi kimi dəyərləndirmişdir. Çingiz
Aytmatovun qüdrətli Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin dünya ədəbiyyatındakı
yeri və yaradıcılığındakı novatorluq barəsində
1967-ci ildə deyilmiş aşağıdakı fikirləri
yazıçı təəssüratından çox, mütəfəkkir
bir şəxsiyyətin dərin düşüncəsini
aydın şəkildə ifadə edir: "Müasir dövrdə
milli ədəbiyyatların, xüsusən də, bədii nəsrin
inkişafında Cəlil Məmmədquluzadə
yaradıcılığının əhəmiyyətini dəyərləndirməmək
mümkün deyildir. O, türk xalqları ədəbiyyatında
realist nəsr məktəbinin əsasını qoymuşdur.
Böyük sənətkar həm də alovlu satirik, mükəmməl
ruhlu yazıçı və sosioloq kimi də
çıxış edir. O, bütün hallarda yeniləşməyə
nail ola bilmişdir".
Cəlil Məmmədquluzadə - Çingiz
Aytmatov miqyası kiçik adamın dərin mənəviyyatının
və keşməkeşli taleyinin ədəbiyyatın
böyük qəhrəmanı statusuna
çatdırılmasından bədii obrazlar aləmində təsdiq
olunmasına qədərki yolun mükəmməl
başlanğıcı və kulminasiya nöqtəsinə
uğurla yüksəldilməsi mənalarını ifadə
edir. Cəlil Məmmədquluzadənin "Ölülər"
tragikomediyası Çingiz Aytmatovun manqurtlaşma fəlsəfəsinin
möhkəm bünövrəsini təşkil edir. Cəlil Məmmədquluzadənin
"Dəli yığıncağı" pyesi də,
Çingiz Aytmatovun "Əsrə bərabər gün"
romanı da mövcud cəmiyyətdəki ədalətsizlikləri,
xaosu, çaşqınlığı dərin mahiyyəti ilə
birlikdə əks etdirir. Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları" povestindəki
ürəyinin hökmü ilə yaşamaq uğrunda
mübarizə aparan Zeynəb obrazı Çingiz Aytmatovun Cəmiləsinin
böyük bacısı təsiri bağışlayır.
Çingiz Aytmatovun əsərlərindəki "kiçik
insanlar"ın hamısında Novruzəli
saflığı, usta Zeynal ayıqlığı, Məhəmmədhəsən
əmi bütövlüyü vardır. Cəlil Məmmədquluzadənin
yaradıcılığında da və Çingiz Aytmatovun əsərlərində
də kiçik adam geniş miqyasda xalq mənasını
daşıyır. XX əsrin əvvəllərində Cəlil
Məmmədquluzadənin yaşayıb-yaratdığı
dövrdə Çar Rusiyası rejimi, həmin yüzilliyin
sonrakı mərhələlərində isə totalitar
kommunist ideologiyası kiçik adamı cəmiyyətin
böyük adamı səviyyəsinə yüksəlməyə
imkan yaratmamışdır. Xalqların adi, sadə, qabiliyyətli,
dərin mənəviyyata malik insanlarının
yaşadıqları cəmiyyətin, mənsub olduğu
xalqın, vətəndaşı olduğu məmləkətin
əsas təmsilçisi, qurucusu və rəhbəri
olması uğrunda mübarizə aparmağı mənasında
Cəlil Məmmədquluzadə və Çingiz Aytmatovun sənət
idealları qoşa zirvələrdə qərar tutur. Bu
böyük sənətkarlar öz xalqlarının həyatından
alıb təsvir etdikləri bədii obrazları həmçinin,
digər xalqların eyni taleyə malik insanlarının həyatı
və ümidlərinin ifadəsi səviyyəsinə
qaldırmaq missiyasını uğurla həyata
keçirmişlər.
Çingiz Aytmatovun Azərbaycan yazıçılarından Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, İmran Qasımov, Bəxtiyar Vahabzadə, Anar, Hidayət, Hüseynbala Mirələmov, Şahmar Əkbərzadə, Sabir Rüstəmxanlı və başqalarının yaradıcılığına verdiyi yüksək qiymət Azərbaycan ədəbiyyatında gedən mühüm dəyişikliklərin fonunda yaranan böyük ədəbiyyatın obyektiv şəkildə dəyərləndirilməsi ilə yanaşı, həm də ədəbiyyatımızın geniş miqyasda təqdim olunmasına da xidmət etmişdir. Xalq yazıçısı Anar haqlı olaraq yazır ki, Çingiz Aytmatovla "biz də qürur duyuruq".
Çingiz Aytmatov dünya şöhrətli Azərbaycan
bəstəkarı Qara Qarayevlə yaxından ünsiyyət
saxlamış, onunla böyük sənət haqqında fikir
mübadiləsi aparmışdır. O, Qara Qarayevi
"dünyada baş verən qeyri-insani hərəkətlərə
- müdafiəsiz insanların nahaq qanının
axıdılmasına, onlara əzab və işgəncə
verilməsinə heç zaman biganə qalmayan əsl sənətkar"
kimi yüksək qiymət vermişdir. Çingiz Aytmatovun
İmran Qasımovla Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunda birlikdə təhsil aldıqları dövrdən
başlanan münasibətləri uzun dövr ərzində
etibarlı surətdə davam etdirilərək, sözün əsl
mənasında məslək dostluğuna çevrilmişdir.
Çingiz Aytmatov Moskvada və ya Qırğızıstanda
onunla gündəlik sıx əlaqədə olan müasirlərindən
fərqli olaraq çox uzaq məsafədə - Bakıda
yaşayan, ara-sıra ümumittifaq tədbirlərində
görüşdüyü və məktublaşdığı
İmran Qasımovla daha dərindən ünsiyyət
saxlamış və onunla çox ciddi ictimai-mənəvi mətləbləri
bölüşmüşdür. Çingiz Aytmatovun Bakıya
İmran Qasımova göndərdiyi 4 yanvar 1964-cü il tarixli
məktubda "dəhşətli tənhalıq dəqiqələrində"
yaşadığı hissləri və düşüncələri
onunla bölüşməyə ciddi ehtiyac duyduğunu
xüsusi olaraq qeyd etmişdir. Məktubdakı "səndən
gizlədəsi heç nəyim yoxdur. Əksinə, çox
şadam ki, öz düşüncələrimi səninlə
açıq bölüşə bilirəm. Hər adama
ürəyini boşaltmaq olmaz" - sözləri Çingiz
Aytmatov - İmran Qasımov dostluğunun böyük
etibarın əsl nümunəsi olduğunu göstərir.
Bundan 14 il sonra 1978-ci ildə Çingiz Aytmatovun İmran
Qasımova ünvanladığı məktubdakı
aşağıdakı fikirlər isə bu görkəmli
yazıçıların münasibətlərinin daha da inkişaf
edərək məslək və sənət dostluğuna
çevrildiyini təsdiq edir: "Sənə əziz
dostum" - deyə müraciət edərək düzü
aralarda işləndikcə ucuzlaşan bu sözlərə
görə daxilən narahatçılıq keçirirəm.
Xüsusən, indiki zamanədə geniş təmaslar
dövründə elə hər gələni "Əziz
dost" adlandırmaq ümumi qaydaya çevrilib. Sən isə
mənimçün sözün əsl mənasında, həqiqətən
dostsan! Əsl dostsan! Çünki bunun ciddi, zamanla təsdiqlənmiş
əsası vardır.
...İmran, sənin müdrikliyin, heyrətamiz dostluq kultun sayəsində mən həqiqi dostluq haqqında bu qənaətə gəlmişəm".
Böyük etibarın,
qarşılıqlı dərin mənəvi ehtiyacın əsl
nümunəsi olan Çingiz Aytmatov - İmran Qasımov
dostluq münasibətlərini "Əsrə bərabər
gün" romanındakı Boranlı Yedigeylə
Qazanqapın dostluğu ilə müqayisə etmək olar.
Azərbaycandan Çingiz Aytmatovun yaxın dostluq etdiyi yaradıcı ziyalılar sırasında onun xalq şairi Bəxtiyar Vahabzadə ilə münasibətləri də böyük maraq doğurur. Bu iki görkəmli sənətkarın dostluğunun təməlində onların əsərlərindəki böyük vətəndaşlıq cəsarəti, millilik amili və bəşərilik meyarları dayanır. Hətta bu dostluq o səviyyəyə gəlib çatmışdır ki, Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin 2004-cü ildə nəşr olunmuş iki cildlik "Seçilmiş əsərləri"nə ön söz yazmışdır. Müqəddimədəki aşağıdakı mülahizələr Bəxtiyar Vahabzadənin ölməz sənətinə Çingiz Aytmatov səviyyəsində verilmiş yüksək qiymətdir: "Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. ... Bununla yanaşı, Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə qalxır. ... Bəxtiyar Vahabzadə öz möhtəşəm poeziya məbədini ucaltmaqdadır. O qüdrətlidir. Bu məbədi ucaldan əllər mahir və qadir əllərdir".
Xalq şairi Bəxtiyar Vahabzadə də müxtəlif vaxtlarda Çingiz Aytmatovun sənəti və şəxsiyyəti haqqında öz fikirlərini bildirmişdir. Çingiz Aytmatovun Bəxtiyar Vahabzadənin yaradıcılığına verdiyi qiymətlə Bəxtiyar Vahabzadənin Çingiz Aytmatov haqqındakı fikirləri bir-birinə çox yaxındır. Bu, həmin sənətkarların ədəbiyyata baxışlarındakı ümumi cəhətlərdən çox, onların yaradıcılıqlarının ideya-sənətkarlıq, millilik və bəşərilik baxımından yaxınlıq və doğmalığı ilə əlaqədardır. Bəxtiyar Vahabzadənin "qan qardaşı" adlandırdığı Çingiz Aytmatov haqqındakı aşağıdakı fikirləri bunun əyani təsdiqidir. "Aytmatov hər şeydən öncə mənim qan qardaşımdır. O, qırğız torpağının əli qələm tutan Batır Manası olmaqla yanaşı, həm də böyük türk dünyasının üzünü ağ edən XX əsrin klassikidir... Aytmatov qələminin sehri, ecazı dünya ədəbiyyatına misilsiz incilər bəxş edib... Çingiz Aytmatov mənim üçün yaş həddinə sığmayan, əsərləri ilə çoxdan əbədiyyətə qovuşan sənət cəngavəridir".
Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin Azərbaycan
Milli Akademik Dram Teatrının səhnəsində uğurlu
tamaşaya qoyulmuş "Özümüzü kəsən
qılınc" əsərinə baxmış, onu çox
təsirləndirən bu tamaşaya yüksək qiymət
vermişdir.
Çingiz Aytmatov - Anar münasibətləri də
böyük sənətin qarşılıqlı dialoqu kimi cəlbedici
və əhəmiyyətlidir. Xalq yazıçısı Anar
qəti olaraq bu fikirdədir ki, "az yazıçı
adı çəkmək olar ki, Aytmatov kimi yer üzündəki
bütün canlı məxluqları bu qədər dərindən
və dəqiq tanısın, insan iztirablarının
bütün varlıqlarla sirli vəhdətini duya bilsin, kəhər
Gülsarının, ya qara nərin taleyini bəşər
övladının ömrüylə əlaqələndirməyi
bacarsın". Anar, eyni zamanda, Çingiz Aytmatov və Azərbaycan
ədəbiyyatı məsələsinə də
aydınlıq gətirmişdir: "Bizim nəslin Azərbaycan
yazıçıları milli ədəbiyyatın zəminində
yetişdiyi Böyük Cəlil Məmmədquluzadənin mənəviyyat
dərslərini mənimsədi, eyni zamanda, ölkə və
dünya ədəbiyyatına da bələd oldu. İki
müasir nasirin təcrübəsi bizimçün xüsusi əhəmiyyət
kəsb elədi! Mən İsa Hüseynovu və Çingiz
Aytmatovu nəzərdə tuturam".
Görkəmli qırğız
yazıçısı ilə Sabir Rüstəmxanlının,
Hidayətin, Hüseynbala Mirələmovun və
başqalarının münasibətləri də Azərbaycan
- qırğız ədəbi əlaqələrinin yaddaqalan,
əhəmiyyətli səhifələrinə çevrilən
məqamlar çoxdur.
"Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı"
mövzusu Azərbaycan və qırğız ədəbiyyatlarının
və xalqların dostluğunun çox canlı bir nümunəsidir.
Dünya xalqları, xüsusən türk xalqlarından hər
biri Çingiz Aytmatovu ilk növbədə öz
xalqının doğ-ma yazıçısı olaraq qəbul
edir. Bununla belə, Çingiz Aytmatov dünyada oxşar taleləri
yaşayan, insan, zaman, cəmiyyət və gələcək
haqqında eyni və ya bənzər düşüncədə
olan xalqların hamısının görkəmli
yazıçısıdır.
Bir çox Azərbaycan yazıçı və
şairləri Çingiz Aytmatovla onun vətəni
Qırğızıstanda görüşmüş, onunla həmsöhbət
olmuş, müsahibələr alıb Azərbaycan mətbuatında
çap etdirmişlər. Yuxarıda adları çəkilən
yazıçı və şairlərdən başqa,
Şahmar Əkbərzadə, Vilayət Rüstəmzadə,
Aydın Məmmədov, Əhməd Qəşəmoğlu,
Adil Cəmil, Əli Mahmud da Çingiz Aytmatovla Bişkekdə
görüşlərini Azərbaycan mətbuatı vasitəsilə
oxuculara çatdırmışlar. Yazıçı
Hüseynbala Mirələmovla Çingiz Aytmatovun yaxın
münasibətlərinə bir çox nadir şəkillər
və məktublar şahidlik edir. Hüseynbala Mirələmovla
Viktor Andrionikovun birlikdə "Görkəmli adamların həyatı"
seriyasından nəşr etdirdikləri "Heydər
Əliyev" kitabı haqqında Çingiz Aytmatovun
Brüsseldən yazdığı məktub ədəbi-mədəni
əlaqələrimizlə yanaşı, həm də Azərbaycan
xalqının Ümummilli liderinə və bu böyük
şəxsiyyət haqqında bədii-sənədli əsərlərin
yazılmasının zəruriliyinə və əhəmiyyətinə
göstərilən xüsusi diqqətə, verilmiş
yüksək qiymətə görə son dərəcədə
dəyərlidir: "Əzizim Hüseynbala!
...Türk dünyasının böyük və
qüdrətli oğlu, görkəmli dövlət xadimi,
hamımızın ömür boyu həyat dərsi öyrənəcəyimiz
dahinin (Heydər Əliyevin - İ.H.) adına
ucaltdığınız dəyərli ədəbi abidə qəlbimi
iftixar hissi ilə doldurdu... Siz bizim, keçmiş SSRİ məkanında
yaşamış bütün yazıçıların
görməli olduğu, lakin indiyə kimi
bacarmadığı şərəfli vəzifəni yerinə
yetirmişsiniz. Bu missiyanın öhdəsindən layiqincə
gəldiyinizə görə həm sənə, həm də
rus yazıçısı Viktor Andrionikova dərin minnətdarlığımı
bildirirəm".
Çingiz Aytmatov Bakıda Azərbaycan Akademik
Milli Dram teatrında Hüseynbala Mirələmovun "Xəcalət"
pyesinin tamaşasına baxmış və əsərə
yüksək qiymət vermişdir.
Orijinal yaradıcılıq üslubuna malik Azərbaycan
rəssamı Cavad Mircavadovun Bakı şəhərindəki
emalatxanasında olmuş Çingiz Aytmatov onun ənənəvi
təsvir üsullarından fərqli olan qeyri-adi rəsm əsərlərinə
böyük maraq göstərmişdir. Bundan sonra Çingiz
Aytmatovun təşəbbüsü ilə rəssamın
Moskvada fərdi yaradıcılıq sərgisi nümayiş
olunmuşdur. Çingiz Aytmatov Cavad Mircavadovun tablosunu həmişəlik
özünün Bişkekdəki iş otağından
asmış, digər bir əsərini isə Nobel
mükafatı laureatı Qabriel Qarsia Markesə göndərməklə
Azərbaycan təsviri sənət ustasının geniş
dairədə tanıdılmasına yaxından kömək
göstərmişdir.
Azərbaycanda Çingiz Aytmatovun həyatı
və yaradıcılığına elmi cəhətdən tədqiq
olunub öyrənilməsi sahəsində də diqqətəlayiq
işlər görülmüşdür. Elmi-tədqiqat əsərlərində
görkəmli sənətkarın yaradıcılıq
dünyasının özünəməxsusluqlarının
araşdırılıb öyrənilməsinə və onun
Azərbaycanla əlaqələrinin tədqiq olunmasına
xüsusi diqqət yetirilmişdir. Filologiya elmləri doktoru
Leyla Gərayzadənin "Rusdilli türk
yazıçılarının
yaradıcılığında etno-epik yaddaş problemi"
mövzusunda yazdığı doktorluq, Ülviyyə
Hüseynovanın "Çingiz Aytmatovun rusdilli əsərlərində
türkizmlər" mövzusundakı filologiya üzrə fəlsəfə
doktorluğu dissertasiyalarında böyük
yazıçının əsərlərinin ideya-sənətkarlıq
keyfiyyətləri, dili və üslub xüsusiyyətləri
elmi cəhətdən şərh olunmuşdur.
Çingiz Aytmatovun həyatı və yaradıcılığının tədqiq edilib öyrənilməsi sahəsində Azərbaycan ədəbiyyatşünaslıq elminin cavan nəslinin istedadlı nümayəndəsi Mehman Həsənlinin fəaliyyətini ayrıca qeyd etmək lazımdır. Haqqında ölkəmizdə kifayət qədər yazılmış araşdırmaların və məqalələrin olmasına baxmayaraq, ilk dəfə olaraq Mehman Həsənli 2017-ci ildə "Çingiz Aytmatov və Azərbaycan ədəbiyyatı" adlı dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Aytmatovşünaslıqda yeni və əhəmiyyətli imza sahibi olan Mehman Həsənlinin elmi fəaliyyəti ilə birlikdə böyük ədibin əsərlərindən etdiyi tərcümələr də dövri mətbuatda çap olunmuşdur. Azərbaycan oxucusu onun tərcüməsində Çingiz Aytmatovun "Üz-üzə" povestini və "Əkinçinin nəğməsi" şeirini oxumaq imkanı əldə etmişdir.
Çingiz Aytmatovun əsərləri Azərbaycanda
ana dilində yazılmış bədii ədəbiyyatın ən
qiymətli nümunələri səviyyəsində böyük
maraqla oxunur. Ədibin demək olar ki, əksər əsərləri
Azərbaycan xalqının qiymətli mənəvi sərvətinə
çevrilmişdir. Görkəmli yazıçının
ölməz əsərləri hələ keçən əsrin
altmışıncı illərindən etibarən Azərbaycan
dilinə tərcümə olunmuş və elmi-ədəbi
mühitdə böyük maraqla qarşılanmış,
ümumxalq marağı və məhəbbəti
qazanmışdır. Çingiz Aytmatovun "Cəmilə"
(1961) və "Köşək gözü" (1963) povestləri
(tərcüməçi Qılman Musayev),
"Qırmızı yaylıqlı qovağım mənim"
(1965) povesti, "Əsrə bərabər gün" (1983)
romanı (İshaq İbrahimov), "İlk müəllim"
(1965), "Ana tarla" (1966) və "Ağ gəmi"
(1980) povestləri (Cəmil Əlibəyov), "Dəniz kənarıyla
qaçan alabaş" povesti (Xeyrulla Əliyev, 1979), "Erkən
gələn durnalar" (1990) povesti (Vilayət Rüstəmzadə),
"Qiyamət" romanı (Vaqif Əlixanlı, 1990),
"Çingiz xanın ağ buludu" povesti (Məti
Osmanoğlu, 1992), "Oğulla görüş",
"Köçəri quşların göz
yaşları", "Balaca əsgər", "Dəhnəçi",
"Qırmızı alma", "Buynuzlu ana maral",
"Manqurt əfsanəsi", "Öldürək-öldürməyək"
hekayələri (İbrahim İlyaslı, 2014), "Üz-üzə"
(Mehman Həsənli, 2016) povesti, "Kassandra
damğası" romanı (Nərgiz Cabbarlı, 2018) Azər-baycan
oxucusunun yaddaşında və mütaliəsində geniş
yer tutur.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamından
sonra Çingiz Aytmatovun "Seçilmiş əsərləri"
kitab halında ölkəmizdə dəfələrlə
kütləvi tirajla çap olunmuşdur.
Çingiz Aytmatovun anadan olmasının 80
illiyi 2008-ci ildə Azərbaycanda böyük təntənə
ilə qeyd olunmuşdur. Südabə Sərvinin tərtibi ilə
2009-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən
nəşr edilən "Çingiz Aytmatov. Mən Manas
oğluyam" kitabı Azərbaycan
aytmatovşünaslığına əhəmiyyətli bir
töhfədir. Çingiz Aytmatovun 85 illik yubileyi münasibəti
ilə 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən filologiya üzrə
elmlər doktoru Elnarə Akimovanın çapa
hazırladığı "Çingiz Aytmatov - Türk
ruhunun qələbəsi" kitabı oxuculara
çatdırılmışdır.
Azərbaycanda Çingiz Aytmatovun anadan olmasının 90 illiyi münasibətilə geniş tədbirlər həyata keçirilir. Mərkəzi ofisi Bakı şəhərində yerləşən Türk Dövlətləri Parlament Assambleyası xətti ilə ədibin oğlu Askar Aytmatovun da iştirak etdiyi 15 may 2018-ci il tarixdə keçirilmiş xatirə gecəsi Çingiz Aytmatovun şəxsiyyətinə və ölməz sənətinə böyük ehtiramın ifadəsinə çevrilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 13 iyul 2018-ci il tarixdə "Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen" mövzusunda keçirdiyi beynəlxalq simpoziumda görkəmli yazıçı və ictimai xadimin sənət dünyası və yaradıcılıq idealları elmi-nəzəri fikrin müasir meyarları səviyyəsində təhlil edilərək dəyərləndirilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırlayıb nəşr etdirdiyi "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının Çingiz Aytmatova həsr edilmiş xüsusi buraxılışında Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan alimlərinin əsərləri yer almışdır.
Çingiz Aytmatovun "Ana tarla", "Dəniz kənarı ilə qaçan alabaş", "Əsrə bərabər gün" və başqa əsərləri əsasında hazırlanmış tamaşaların Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnələrinə çıxarılması ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Sözün əsl mənasında Çingiz
Aytmatov - bütün dövrlərin və zamanların əbədiyaşar
qüdrətli sənətkarıdır. Çingiz Aytmatov -
dünya ədəbiyyatının real gerçəkliyi,
qırğız xalqının və ədəbiyyatının
əfsanəsidir. Çingiz Aytmatov - türk
dünyasının milli iftixarıdır.
Fikrimcə, Çingiz Aytmatov dünya ədəbiyyatının
əbədi mogikanı olmaq şərəfi
qazanmışdır. Geniş planetar baxışlara malik olan
Çingiz Aytmatovun ölməz əsərləri və
ideyaları özündən sonrakı ideal cəmiyyətin və
böyük ədəbiyyatın manifestidir. Yer kürəsi və
dünya ədəbiyyatı hələ bir neçə əsr
Çingiz Aytmatovun həyat, müasir cəmiyyət və sənət
ideallarına doğru yol gedəcəkdir.
Çingiz Aytmatov - böyük ədəbiyyatın
əbədiyyət rəmzidir.
525-ci qəzet 2018.- 2 oktyabr. - S.6;8.