Şah İsmayıl Səfəvinin portret cizgiləri

(Əvvəli 28 sentyabr sayımızda)

Çaldıran döyüşü ərəfəsində və gedişində də Şah İsmayıl ona əta olunmuş ilahi kəramətin bir daha nümayiş olunacağına şübhə etmirdi.

O əmin idi ki, Osmanlı qoşunlarına qarşı döyüş həm ilahi qədərdir, həm də bu döyüş ilahi vəzifənin icrası üçün onun qarşısına çıxarılmış növbəti sınaqdır. Şah İsmayıl həm də onun qismətinə çıxmış bu sınaqdan ilahi kəramətə tapınaraq uğurla çıxacağına şübhə etmirdi. O əmin idi ki, malik olduğu kəramətlə məğlubedilməzdir. Yəni qarşıdakı qoşunların çoxluğuna baxmayaraq, ilahi kəramətə arxayınçılıq onda döyüşdən uğurla çıxacağına bir əminlik yaratmışdı. Səfəvi əmirlərində də Şah İsmayılın kəramətinə inamdan doğan bir arxayınçılıq var idi. Ona görə də Məhəmməd xan Ustaclının döyüşün aparılması ilə bağlı təkliflərinə etinasız yanaşıldı və şübhə edilmirdi ki, Şah İsmayıla verilmiş olan kəramət qoşunu Çaldıran döyüşündən uğurla çıxaracaqdır.

Bütün bunlara görə, Şah İsmayıl ilahi kəramətə olan etiqadını və arxayınçılığını Çaldıran döyüşünün aparılmasında obyektiv təcrübə və tələblərlə əlaqələndirilməsinə etinasızlıqla yanaşdı. Halbuki ilahi etiqad özü də bunu istisna etmirdi. Bütün bu deyilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, Şah İsmayıl ilahi kəramətə arxayın olaraq qarşı tərəfin gücünü və qüvvəsini reallıqla qiymətləndirmədi, ağır döyüşün aparıılması üçün çevik manevrlərə və fərqli bir taktikaya əl atılmadı və bu da döyüşün təşkilində və idarə edilməsində özünü göstərdi.

Bu döyüşün nəticələrinə toxunan mənbə müəllifləri şübhə etmirdilər ki, Şah İsmayılın müridləri və eləcə də qoşun əhli tərəfindən onun kəramətinin fəzilətinin və mahiyyətinin düzgün dəyərləndirilməməsi onların islami inanclardan sapınmasına meyl yaradırdı. Şah İsmayılda müşahidə olunan kəramət onlara belə bir əsas verirdi. Güman edilir ki, əgər Çaldıran döyüşündə də Şah İsmayıl sonsuz üstün olan Osmanlı qoşunlarına qalib gəlsəydi, onun kəramətinə olan inam onun bütləşməsini və beləliklə də, insanların islami dəyərlərdən daha da uzaqlaşmasını gücləndirəcəkdi.

Məsələn, "Tarix-i aləmara-yi Abbasi" əsərində belə qeydlər vardır: "Elə bil ki, Allahın mükəmməl hikmətinin zərurəti nəticəsində o həzrətə (Şah İsmayıla) göz dəymiş və o, belə bir məğlubiyyətə düçar olmuşdu. Çünki əgər bu (Çaldıran) döyüşündə də o həzrət zəfər qazansaydı, onda belə bir təhlükə vardı ki, qızılbaş tayfalarının sadəlövhlərinin o həzrətin şanı barəsindəki əqidəsi və inancı elə bir həddə çatardı ki, onların etiqad ayağı dinin və imanın doğru yolundan azıb, onları səhv gümanlara doğru aparardı".

Yəni ona işarə edilirdi ki, Şah İsmayıl Çaldıran döyüşündə də qalib gəlsəydi, onun kəramətinə qızılbaşların etiqadı daha da artacaqdı və onun bütləşdirilməsi və bununla haqq yolundan sapınma daha da güclənəcəkdi. Çaldıran döyüşündə baş verən uğursuzluq isə Allah qədəri olmaqla qızılbaşların haqq yolundan sürətlə aralanmasının qarşısını aldı.

Mənbə müəlifləri onu da bildirirlər ki, Çaldıran döyüşündəki uğursuzluq heç də Şah İsmayılın ilahi kəramətdən məhrum edilməsi demək deyildi. Qeyd edildiyinə görə, o, daim yaradanın lütfi və himayəsi altında idi. Məhz bunun nəticəsi idi ki, 1520-ci ildə Sultan Səlim yenidən Səfəvi dövləti üzərinə hücum başlayanda gözlənilmədən onun sinəsindən böyük bir yara çıxdı. Elə Şah İsmayıl üzərinə yeni yürüşün gedişində də bu yara onu həyatla vidalaşdırdı. Yəni yaradanın lütfi imkan vermədi ki, Sultan Səlim yenidən Şah İsmayılı ciddi sınaq qarşısında qoysun.

Çaldıran müharibəsinin nəticələrinin qızavü-qədərlə əvvəldən müəyyənləşdirilməsi haqqında mövcud olan fikirlər bir sıra mənbələr və müəlliflər tərəfindən əsaslı dəlil kimi ortaya qoyulsa da, müharibənin qanunları çərçivəsində həmin fikrin birmənalı şəkildə qəbul edilməsi müəyyən mübahisələr doğura bilər. Amma mənbələrdə olan məlumatlara görə, Şah İsmayıl özü də Çaldıran döyüşünün uduzulmasının qəzavü-qədərdən irəli gəlməsinə inanmışdı. Məsələn, mənbə məlumatlarına görə, Şah İsmayıl Çaldıran döyüşünün uğursuzluğa doğru getdiyini görəndə ətrafındakılara dedi ki, bu gün müqəddəs məsumlar bizim köməyimizə gəlməmişlər və ona görə də daha bir iş görə bilməyəcəyik. Bu sözlərdən sonra isə Şah İsmayıl döyüşdən çıxmağı qərarlaşdırdı.

Bununla belə, 27 yaşında olan Şah İsmayıl Çaldıran döyüşündə sonsuz sayda üstün olan qoşun qarşısında insan gücünün və məharətinin nəyə qadir olmasının misilsiz bir nümunəsini ortaya qoydu və hər bir bəşər övladının hüdudsuz qüruruna və heyrətinə səbəb ola biləcək bir qəhrəmanlıq möcüzəsi yaratdı.

ŞAH İSMAYILIN ƏBƏDİYYƏTƏ QOVUŞMASI

Şah İsmayıl həyatının sonlarına yaxın Şəkiyə səfər etdi, bir müddət burada ovla məşğul oldu. Sonra oradan Ərdəbilə tərəf hərəkətə başladı. O istəyirdi ki, bu şəhərdə əcdadlarının qəbrini ziyarət etsin. Amma hələ Şəki ətrafında olarkən onda ağır xəstəliyin özünü göstərməsi müşahidə olundu. "Rövzətüs Səfəviyyə" əsəri Şah İsmayılın xəstəliyinin qara ciyər ilə bağlı olduğunu yazmışdır. Bu xəstəlik qısa müddətdə xeyli şiddətləndi. Şah İsmayıl elə bir hala düşdü ki, hətta yemək belə yeyə bilmədi. Onun təbibləri xəstəliyin müalicəsinə çalışsalar da, onun aradan qaldırılmasına nail ola bilmədilər. Şah İsmayıl səfərini yarımçıq saxlayıb Ərdəbil yolu ilə Təbrizə üz tutdu. Ərdəbildə olarkən onun səhhəti bir qədər yaxşılaşdı. Bu da onun sağalacağına bir ümid yaratdı. Lakin Sərab yaxınlığındakı Sain Gədiyi ("Tarix-e elçi nizam şah" əsərindən bu məntəqənin adı Savalan kuh - Savalan dağı göstərilmişdir) adlanan yerdə Şah İsmayılın hərarəti birdən-birə xeyli yüksəldi və 1524-cü il may ayının 23-də həmin məntəqədə dünyasını dəyişdi. Dünyasını dəyişəndə Şah İsmayılın 37 yaşı var idi. Bu ömrünün 24 ilini o, Səfəvi dövlətinin şahı olmuşdu.

"Aləmara-yi Şah İsmayıl" əsərinin məlumatına görə, Şah İsmayıl Şirvana yollananda onu bu bölgənin hakimi Şeyxşah qarşıladı və onun xidmətində dayandı. Şahın gəlişindən məqsəd ova çıxmaq olduğu üçün Şirvanşahın əmri ilə bölgədə mövcudluğu bəlli olan ov heyvanları qovularaq bir məntəqəyə toplandı ki, səhəri gün həmin məntəqədə ov edilsin. Həmin gecə Şah İsmayıl yuxusunda atası Sultan Heydəri gördü. Yuxuda Sultan Heydər ona dedi ki, ey övlad, yanımıza gəl, sizin şərəfli qədəmlərinizin intizarındayıq. Şah İsmayıl yuxudan ayıldıqdan sonra ağ libas geyindi və bütün gecəni dua və minacat deməklə məşğul oldu. Səhər açılanda isə Şah İsmayıl həmin libasda xidmətçilərinin və əyanlarının qarşısına çıxdı. Əmirlər yaxınlaşıb ondan ağ libasda olmasının səbəbini soruşdular. O da cavabında yuxuda eşitdiklərini danışdı və sonra da əlavə etdi ki, son səfərin yaxında olduğu hiss olunur. Ona görə ov səfəri təxirə salındı. Sonra da Ərdəbilə yollanmaq barəsində göstəriş verdi. Mənbə məlumatına görə, Şah İsmayıl Şirvandan hərəkətə başlayanda Olumə Sultanı göndərdi ki, Herata gedib Təhmasib Mirzəni tez Təbrizə gətirsin (Amma məlumdur ki, Xorasan hakimi olan Təhmasib Mirzə bu zaman artıq Heratdan Təbrizə qayıtmışdı. Çox güman ki, Şah İsmayıl onun Təbrizdən gətirilməsini istəmişdi). Bildirilir ki, Şah İsmayıl hələ Ərdəbilə daxil olmamışdan əvvəl Təhmasib Mirzəni onun hüzuruna yetirmək mümkün oldu.

"Aləmara-yi Səfəvi"də isə bu məsələ bir qədər fərqli şəkildə təsvir olunmuşdur. Gecə yuxusuna gələn atası Şah İsmayıla belə dedi: "Ey fərzənd, gəl ki, sənin qədəmlərinin intizarındayam". Şah İsmayıl yuxudan ayılandan sonra padşahlıq və cahangirlik yaraqlarını kənara qoydu və ağ libas geyindi. Əmirlər maraqlananda, Şah İsmayıl dedi: "Məni bu fani dünyadan əbədi dünyaya çağırdılar. Daha bizim ova getməyimiz aradan qalxır. Gedin o ovları da azad edin". Şirvanı tərk edəndə isə Şah İsmayıl saray əmirlərindən olan Olumə Sultana belə bir məktub yazdı: "Durmuş xan, Təhmasib şahı götürüb tez və təcili Darül-irşad Ərdəbilə yola düşsün". Təhamis Mirzənin dayısı olan Durmuş xan onun lələsi təyin edilmişdi. Şahın bu göstərişi vaxtında yerinə yetirildi və o, Ərdəbilə daxil olmamış Təhmasib Mirzə Ərdəbilə çatdırıldı.

Təhmasib Mirzə hüzura yetişib təzim edəndə Şah İsmayılın gözlərindən yaş axmağa başladı və onu ağuşuna alıb qucaqladı. Əmirlər bu dəfə də göz yaşlarını saxlaya bilməməsinin səbəblərini Şah İsmayıldan soruşdular. Şah İsmayıl isə bildirdi ki, o, 12 yaşında olarkən müqəddəslərin köməyinə çatmaq üçün Gilandan hərəkata başlamış, Xəta hüdudlarından Hələb hüdudlarına və Durna çayının sahilinə kimi olan əraziləri ələ keçirmiş, Əlaüddövlə Zülqədəri, Türküstanın padşahı Şeybək xanı qətlə yetirmişdi. Şah İsmayılın dediyinə görə, indi o, ehtiyat edirdi ki, bu zəhmət və əziyyətlə əldə etdiklərinin hamısı zay olsun və Təhmasib Mirzə səltənət şahlığının öhdəsindən gələ bilməsin. O, istisna etmirdi ki, qılıncının zərbindən qorxub dağlarda gizlənmiş hakimiyyət həvəskarları onun dünyasını dəyişməsindən sonra hərəkətə gələcək və qızılbaş qoşunlarına qarşı ədəbsizlik nümayiş etdirəcəklər. Şah İsmayıl sonra əlavə etdi ki, onun ümidləri həzrət Əmir əl-mömüninə və həzrət məsumlara bağlı olsa da, qızılbaşlar arasında elə bir adam görmür ki, onu Şah Təhmasibin vəkili etsin və bununla, din və dövlət də əldən getməsin. Bundan sonra Şah İsmayıl bir daha Şahqulu ilə bağlı öz qəzəbini ifadə etdi və bəyan etdi ki, əgər Mirzəşah Hüseyni sağ olsaydı, onda onun dərdi olmazdı. Şah İsmayıla görə, qızılbaş əyanları arasında səltənət vəkili vəzifəsinə Div Sultandan yaxşı namizəd yox idi və bu fikrini o, saray əyanlarına və əmirlərinə də açıqladı. Sonra da Div Sultana buyurdu ki, onu oğlu Təhmasib Mirzənin vəkili təyin edir. Şah İsmayılın buyuruğuna əsasən, Div Sultan 7 il vəkili-mütləq olmalı, bütün saray əmirləri, qızılbaş qoşunları, sufilər birmənalı şəkildə ona itaət etməli idilər. Amma bu şərtlə ki, gərək Div Sultan qızılbaş qoşunlarını incitməyəydi və qoşun əhlini narazı salmayaydı. Təhmasib şah 18 yaşına çatandan sonra isə dövlət idarəçiliyini bütünlüklə öz əlinə almalı idi.

 

Div Sultan bu sözləri eşidəndən sonra Şah İsmayılın qarşısında təzim etdi və bir daha itaətini bəyan etdi. Şah İsmayıl sonra qızılbaş əmirlərinə öz vəsiyyətini çatdırdı və onlara tövsiyə etdi ki, heç bir zaman öz aralarında nifaq etməsinlər. Qarşılıqlı anlaşma və ittifaqda olmağı o, sufiliyin tələblərindən biri kimi dəyərləndirdi. Şah İsmayılın fikrincə, qızılbaşlar öz aralarında ittifaqda və qarşılıqlı anlaşmada olduqları təqdirdə dörd tərəfi bürüyən düşmənlər də onlara heç nə edə bilməzdilər. Sonra Şah İsmayıl qızılbaş əyanlarına çoxlu nəsihətlər etdi və onlara bildirdi ki, nə qədər ki, aranızda ittifaq var, heç bir padşah sizin üstünüzə hücum etmək iradəsinə malik deyil. Çünki onların hamısı qızılbaşlardan qorxurdular. Həmin anlarda Şah İsmayılın hərarəti xeyli dərəcədə yüksəldi və sonrakı 2-3 gün ərzində də bu hərarət enmədi. Vəziyyəti o qədər ağırlaşdı ki, Şah İsmayıl hətta namazı da oturduğu yerdə qılmağa məcbur oldu. Ətrafına əmirlərin və əyanların toplaşdığı günlərin birində Şah İsmayıl bəyan etdi ki, üç gündən sonra dünyanı tərk edəcəkdir. Şah İsmayıl onu da əlavə etdi ki, Əmir əl-mömünin də yuxuda ona Təhmasib Mirzəni şahlıq taxtına çıxarmağı buyurmuşdur. Çünki Şah İsmayılın övladları içərisində yalnız Təhmasib Mirzə bu qabiliyyətə malik idi.

(Ardı var)

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

525-ci qəzet  2018.- 2 oktyabr.- S.8.