90 ilin 90 təhlil variantı
Aydın
Talıbzadə
Azərbaycanın
Qulliver Teatrı
Biri vardı, biri yoxdu...
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının milli mədəniyyət
şəbəkəsində mövcudluq tarixinin 90-cı
ildönümünə həsr edilir.
Heç kim nağıllardan məhrum olmaq istəmirdi:
hər bir adam qorxurdu ki, nağıllardan məhrum olsa,
içi codlaşar, bərkiyər, qaralar və bir gün gələr,
bütün insanlar daş olarlar, dəmir olarlar. Ona görə
də camaat fikirləşib bir nağıl evi tikdi və ora
"uşaq teatrı" dedi. Çünki biz
nağılları qoruyanda uşaqlığımızı və
uşaqlarımızı qoruyuruq, insan olmağın
qanunlarını qoruyuruq.
NAĞILLAR
ÜÇÜN MODALAR EVİ
Gənc Tamaşaçılar Teatrının səhnəsi
nağıl sandığıdır. Nağılları burada
"dirildirlər", "geyindirirlər", "rəngləyirlər"
və balaca seyrçilərlə görüşə
göndərirlər. Hər zaman teatrın pərdəsi
açılanda sanki bu sandığın qapağı musiqi sədalarının
müşayiətilə ustufca qaldırılır və
oradan qəşəng-qəşəng, əlvan libaslarda bir dəfə
Qulliver, bir dəfə Çippolino, bir dəfə Buratino,
Karabas-Barabas, Karlson, o biri dəfə Düyməcik, Qar
kraliçası, Göyçək Fatma,
Qırmızıpapaq, Cırtdan, Çəkməli pişik,
daha o biri dəfə isə Məlikməmməd, Ələddin,
Bətmən, Hörümçək adam çıxır.
Bu teatrın səhnəsində həmişə incə-mincə
tülkülər, kobud canavarlar, alicənab ayılar, cəsur
dovşanlar, bic siçanlar, yaşıl-yaşıl
qurbağalar "gəzib dolanırlar", quşlar qanad
çalıb "pırıl-pırıl
uçuşurlar": amma sonucda yenidən sehrli nağıl
sandığının içinə girib yuxuya gedirlər.
Uşaqlar bu möcüzələrə
inanırlar, nağılların qeyri-adi qəhrəmanlarına
inanırlar: inana-inana gah qorxurlar, qorxudan
çığırıb bağırırlar,
hönkürüb bərkdən ağlayırlar, gah coşub
personajlarla qışqıra-qışqıra sözləşirlər,
gah da məzələnirlər, gülürlər, fərəhlənirlər.
Uşaqlar bu teatra yuxuların - nağılların müxtəlif
səhnə görüntülərinə,
nağılların dinamik çevrilmələr, sehrlər,
sirlər dünyasına, onların teatrda təptəzə
"moda" formatlarına baxmağa gəlirlər və hər
zaman səhnədə xeyrin şər üzərində qələbəsini
gözləyirlər. Elə ki, xeyir div boyda şəri cəhənnəmə
vasil eləyir, onda tamaşa uşaqlar üçün əsl
bayram olur.
Biri vardı, biri yoxdu.
PİONER VƏ
KOMSOMOLÇULARIN TEATRI
Amma bu da bir həqiqətdir ki, uşaqları
noğul dadlı nağıllarla aldadırlar, yuxuya verirlər.
Ona görə də "nağıl" sözünü
eşidəndə hamının yadına hər şeydən
öncə yatmaq düşür. Pioner və komsomolçular
da müasir ictimai-siyasi paradiqmada sovet
nağıllarının, sovet yuxularının, sovet mifolojisinin
yaratdığı personajlar kimi qavranılır.
Keçmiş Sovetlər Birliyi məkanında
Gənc Tamaşaçılar Teatrı əvvəlcə boynu
qırmızı qalstuklu pionerlərin, daha sonralar isə
döşü
nişanlı komsomolçuların teatrı
kimi, ideoloji bir teatr kimi, tənqid-təbliğ teatrının
variantı, törəməsi kimi gələcəyin kommunistlərini
tərbiyələndirən bir teatr kimi təşəkkül
tapıb. Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının təşəkkül
tarixində də həmin dövrün möhürü,
ictimai-sosial və bədii-estetik konseptlərinin cizgiləri,
izləri qalıb.
İlk uşaq tamaşaları 1920-ci ildə
Bakının "Kolizey" teatrında və
"Qırmızı gənclər evində" göstərilərdi.
Və təkcə burada yox... 1922-ci ildə artıq Dövlət
Türk Teatrosunda (indiki Milli Teatr) Abdulla Şaiqin haradasa
simvolizmə meyllənən "Gözəl bahar" pyesi
oynanılmışdı: teatr seyrçilərlə
bütün əlaqə spektrlərində ünsiyyət
aktuallığını qorumaq xatirinə uşaq ədəbiyyatı
nümunələrindən də faydalanmağı zəruri
sayırdı. Bunun başqa bir səbəbi də mövcud
idi: nədən ki, yaşlı insanlar belə, uşaq
tamaşalarında saf, təmiz, səmimi, sadə cocuq
yaşantıları ilə qarşılaşıb onlardan
enerji, ümid və güc almağa, gerçək
dünyanın çirkindən qurtulmağa
çalışırdılar.
Türk Teatrosu 1926-27-ci illərdə
"Kapitan Qrantın cocuqları","80 gün dünya səyahətində"
(Jül Vern), "Tom dayının koması" (Biçer
Stou) tamaşalarını qapalı teatr estetikasında
uşaq və yeniyetmələrə hədiyyə etmişdi,
"böyüklər"in "kiçiklər"ə
lütfü kimi hədiyyə etmişdi, kompozisiya
aktyorlarının romantik jestlərində və
pıçıltılarında hədiyyə etmişdi.
Hacıleylək dimdiyində Bakıya uşaq
teatrı gətirirdi...
1927-ci ildə Ümumbakı Pionerlər Dərnəyinin
"Dənizçilər klubu"nda "Fırtına"
tamaşasının göstərilməsi ölkədə
uşaq teatrının yaranma prosesində sonuncu mühüm
addım olur və Xalq Maarif Komissarlığının qərarı
ilə 1928-ci ildən Bakı Uşaq Teatrı rəsmən fəaliyyətə
başlayır: teatrın truppası isə sonradan Gənc
Tamaşaçılar Teatrının sütunlarına
çevriləcək aktyorlardan komplektləşdirilir. Bir
sözlə, teatr ləngimədən təşkilatlanmaq və
genişlənmək istiqamətində, əlbəttə ki,
ideoloji "həmişə hazır!" şüarına
xidmət etmək şərtilə, çabalar yapır.
Tezliklə teatrın rus və Azərbaycan dillərində
tamaşa göstərən bölmələri də tam
formalaşdırılır: lakin siyasi və mədəni
mühit bununla da kifayətlənmir: 1936-cı ildə Bakı
Uşaq Teatrı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı kimi yenidən qurulur və ona
rus proletar yazıçısı Maksim Qorkinin adı verilir.
"Qorki" adı o zamanlar teatr üçün pasporta
vurulan möhür kimi bir şey idi və teatrın ideoloji sərbəstliyinin,
mövzu dairəsinin mümkün hüdudlarıını cızırdı.
Ona görə də Gənc Tamaşaçılar Teatrı tənqid
və təbliğin proletar məfkurəsi və bədii-estetik
platformasında çalışıb gündüz olurdu
pionerlərin, axşam - komsomolçuların.
Təbii ki, Uşaq Teatrı Gənc
Tamaşaçılar Teatrına çevriləndə
seyrçilərin yaş senzi həməncə yüksələcək,
prioritetlər, dəyərlər başqa cür mənalandırılacaq.
Bura onu da əlavə edək ki, Rusiyada Gənc
Tamaşaçılar Teatrı yoxdur, Yeniyetmə
Tamaşaçılar Teatrı (Teatr Yunoqo Zritelya) və Gənclər
Teatrı (Molodyojnıy Teatr) var. Biz "yeniyetmə" (13-19
yaş) ifadəsini "gənc" (19-35 yaş) sözü
ilə əvəzləyəndə teatrın mahiyyət və
missiyasını, teatra yanaşma yönünü, baxım
bucağını dəyişmiş oluruq.
TEATR
ÜÇÜN TEATRŞÜNAS TƏSNİFATI
Sovet dönəmində Gənc (Yeniyetmə)
Tamaşaçılar Teatrı məzmun qatında folklorla,
xalqın ədəbi ənənələrilə rəsmi
ideologiya tərəfindən aramsız tirajlanan və
yayımlanan sovet miflərinin sintezindən faydalanırdı.
Bu aspektdə teatr folkloru ideolojiyə doğru yönləndirirdi,
ideologiyanı foklorlaşdırırdı; nağıl
personajları ilə rəsmi ideologiyanın mifləşdirdiyi
qəhrəmanları yan-yanaşı qoyurdu, özünəməxsus
sovet nağılları uydururdu. Bu mərhələni mən
bizim Gənc Tamaşaçılar Teatrının tarixində
teatr tendensiyalarının, bədii-estetik təmayüllərin,
teatr poetikalarının seçilməsi, praktikada
yoxlanılması dövrü kimi səciyyələndirirəm.
Hərçənd teatr mahiyyətcə yenə də
"biri vardı, biri yoxdu" konseptindən kənara
çıxmırdı, folklor zonasını tərk eləmirdi.
Məhz bu zaman intervalında sovet incəsənəti
öz taleyinin ən maraqlı çağlarından birini
yaşayıb: mən bütün SSRİ masştabını
nəzərdə tutub bu fikri söyləyirəm. Məsələ
bu ki, sovet ideolojisi hüdudlarında modern və avanqard,
abstrakt sənət və proletkultçuluq ölkədə qəbul
edilmiş təbliğat pafosu ilə birləşərək
hər yerdə təsirləndirici, cəlbedici bir simbioz əmələ
gətirirdi.
1928-35-ci illərdə Bakı Uşaq
Teatrına rəhbərlik edən italyan kökənli rus
rejissoru Kornelli uşaq teatrının (truppa məktəbli
aktyorlardan ibarət idi) estetik paradiqmasını və
yaradıcılıq metodunu V.E.Meyerholdun biomexanika
üsullarına söykənərək müəyyənləşdirirdi,
rolun hazırlanmasında "niyyət - gerçəkləşmə
- reaksiya" zəncirinə üstünlük verirdi, mükəmməl
poza, jest, mizan birgəliyinin vizual təsir effektini aktuallaşdırırdı.
Teatrın tamaşalarında tez-tez maskalardan istifadə
olunurdu, oyun qapalı sistemdən açıq sistemə
çıxarılırdı. Busa sovet ideologiyası tərəfindən
təsdiqlənmiş bədii-estetik qəlibə uyğun
sayılmırdı. Əslində, Kornelli poetik (təşbehçi,
şeirsəl) teatr tipi kontekstində ideal uşaq teatrı
formatı təklif edirdi, hər şeyi məzəli
oyunbazlıq, musiqi, şən bayram, karnaval, əlvan kostyumlar
atmosferi içində "əridirdi", teatrın
konsepsiyasını meydan teatrı konsepsiyasına, balaqan (taxta
teatr) konsepsiyasına yaxınlaşdırırdı.
Gənc Tamaşaçılar Teatrı
açıq oyun tipi sərgiləyən bir teatrdır.
Çünki bu teatrda aktyor heç vədə personaja
çevrilmir, "dördüncü divar" prinsipini
gözləmir, seyrçilə aktiv təmasa can atır, hətta
onunla əl-ələ tutub rəqs etməkdən belə
çəkinmir. Gənc Tamaşaçılar
Teatrının aktyoru, adətən, həmişə
personajın yanında olur, onunla öz əziz kuklası və
ya müəyyən müddətə taxdığı maska
kimi davranır, onu sevir, onunla zarafatlaşır, ona
acıqlanır, bəzən də ondan inciyir; bir sözlə,
personaja və seyrçilərə öz münasibətini
ön plana çəkir. Belə ki, səhnədə
tülkü, dovşan, pişik olmaq imkanı
sıfırdır: tülkülüyün,
dovşanlığın bədii obrazını, məğzini,
plastika necəliyini bir-iki dəqiq müşahidə
edilmiş səciyyəvi cizgilə seyrçilərə
yansıtmaqsa mümkündür. Odur ki, bu teatrın bədii-estetik
platformasında təqlid, yamsılama, imitasiya məharəti həmişə
hər şeydən üstün olub, aktyorun səhnədə
mövcudluq tərzinin cövhəri sayılıb.
Amma biri vardı, biri yoxdu...
1935-ci ildə, fikir verin, müdhiş 37-ci il ərəfəsində,
Kornelli Bakı Uşaq Teatrından
uzaqlaşdırılır: Moskvada rejissuranın əlifbasını
öyrənmiş gənc Məhərrəm Haşımov
teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsinə
təyin edilir. Bununla da teatr birdəfəlik və həmişəlik
sənətdə realizm prinsiplərinə doğru meyllənir,
qapalı teatr sisteminə keçir, xəyali
"dördüncü divar" estetikasında işləməyi
tərcih edir, pioner seyrçilərlə komsomolçu
seyrçilərin nisbətini ikincilərin xeyrinə dəyişir,
"ciddiləşib böyüyür", Gənc
Tamaşaçılar Teatrı kimi təşkilatlanır,
"yaşantı məktəbi"nin ənənələrini
özünə daha yaxın bilir, tamaşalarını proses
aktyorlarının oyun imkanlarına
uyğunlaşdırır. Məsələ budur ki, Məhərrəm
Haşımovun ətrafı və davamçıları da bu
tendensiyanı dəstəkləyirlər. Sonradan müxtəlif
dövrlərdə həmin teatrın baş rejissoru olmuş
Zəfər Nemətov, Ağakişi Kazımov, Azərpaşa
Nemətov (müəyyən istisnalarla), Vaqif Əsədov,
Loğman Kərimov, hətta Bəhram Osmanov da heç bir vəchlə
bu istiqamətdən yayınmayacaqlar, səhnə psixologizminə
üstünlük verəcəklər. Amma bu səhnə
psixologizmi çox tez-tez primitiv romantik pafosa, sentimental
coşmalara, yırpanmış teatral ədalara, bəraətsiz
deklamasiyalara yeniləcək.
Halbuki Gənc Tamaşaçılar
Teatrının aktyorlarının ifa manerası
üçün səciyyəvi xüsusiyyətlərdən
biri universallıqdır. Onlar həm azyaşlı uşaqlar,
həm məktəblilər, həm də yeniyetmə və gənclər
üçün səhnədə maraqlı olmaq qabiliyyətinə
malikdirlər və bu aktyorlar ruhən heç vaxt
qocalmırlar, sanki özlərini həmişə balaca
cocuqlarla birgə hiss eləyirlər, digər teatrlarda
çalışan həmkarlarından fərqli daha sadə,
daha səmimi, daha ünsiyyətcil olurlar. Bu, onların
uşaq dünyasına yaxınlığından irəli gəlir.
Teatr nəzəriyyəsi Gənc
Tamaşaçılar Teatrının aktyorlarını, əsasən,
"kompozisiya aktyorları" kimi təsnif edir. Bu zaman jest,
poza, səs modulyasiyası, amplua, yaradıcı energetika, səhnə
cazibəsi və personajla oyun qurmaq qabiliyyəti, personajla
aktyor arasındakı distansiyanı saxlamaq bacarığı
daha çox aktuallaşır. Onlar təqlidin, səs
imitasiyasının virtuoz icraçıları olub Prometeydən
Tom Soyerə, Qulliverdən Cırtdana, ayıdan
qarışqaya qədər dəyişən rollar
sırasında bədənlərini komplekssiz bir şəkildə
hər cür formaya sala bilirlər, səhnəyə qeyri-adi
görkəmdə, qrimdə, maskada, geyimdə
çıxmaqdan, hətta güzgü, şkaf, ləmpə
olmaqdan çəkinmirlər; əksərən, amplua və
maska arasında mövcud məsafədə özlərinə
yer alırlar, şəxsi "mən"lərini peşənin
içində ustacasına gizlədib batində və iddiada
xeyli rahatlayırlar.
Gənc Tamaşaçılar Teatrının
tarix və indisindən amplua və maska sərhəddində
işləyən aktyorlara Əliağa Ağayev, Süleyman
Ələskərov, Hüseynağa Sadıqov, Gülşən
Qurbanova, Ağaxan Salmanlı, Atabala Səfərov, Naibə
Allahverdiyeva, Nübar Novruzova, Elşən Çarhanlı,
Elşən Hacıbabayev, Vüsal Mehrəliyev və digər
bu kimi səhnə sənətçilərini nümunə
göstərmək mümkündür. Təsadüfi deyil ki,
milli teatr mədəniyyətində maska yaratmağa,
miniatürlər teatında, estrada səhnəsində işləməyə
meylli aktyor-müəlliflər məhz onların
sırasındadır. S.Ələskərov "Huşsuz
baba" ("Əfəl müəllim"), H.Sadıqov
"Xoruz baba" ("Hiyləgər nökər"),
Ə.Ağayev "Fırıldaqçı molla"
("Acgöz tənbəl"), A.Salmanlı "Vasvası
intelligent", N.Novruzova "Ürəyiyumşaq zirək dayə",
A.Səfərov "Yuxulu vələdüzna",
E.Hacıbabayev "Maymaq canavar", V.Mehrəliyev "Qəzəbli
canavar" maskalarının çoxsaylı
variantlarını milli teatr və kino sənətinə gətiriblər.
Lakin bu teatrın truppasında təkcə
kompozisiya aktyorları yox, həm də proses aktyorları
çalışıb və çalışırlar. Onlar
personajın həyat hekayəsini bütün psixoloji təfərrüatı,
məişət təfsilatı ilə səhnə məkanında
yaşamağa cəhd edən aktyorlardır. Ağadadaş
Qurbanov, Yusif Vəliyev, Firdovsi Naibov, Tariyel Qasımov, Firəngiz
Şərifova, Rafiq Əliyev, Şəfəq Əliyeva,
Qurban İsmayılov, Şövqü Hüseynov, Güşfər
Ağayeva, Rasim Cəfər, Elşən Rüstəmov, Manaf
Dadaşov və başqa bu kimi aktyorların adları "proses
aktyorları" siyahısında özünə yer ala bilər.
Almaz Mustafayeva isə öz travesti
ampluasının ideal aktrisasıdır. Elnur Hüseynov (qəhrəman-aşiq),
Günel Məmmədova (qəhrəman-məşuqə),
Ramil Məmmədov (Lovğa) və başqa cavan aktyorlar da hələlik
amplua aktyorları kimi formalaşırlar. Lakin bu bölgü
tam nisbidir, aktyor tipologiyasını konkretləşdirən
şərtilikdir: çünki hər iki növə aid
etdiyimiz aktyorlar tamaşadan asılı şəkildə
çox asanlıqla bir aktyor tipologiyasından digərinə
adlaya bilirlər; bəzənsə neqativ anlamda monoloqçu
aktyorlara, poza aktyorlarına çevrilirlər.
Mən teatrın repertuarına toxunmuram. Burada
bütün bədii mətnlər "biri vardı" ilə
"biri yoxdu" qütbləri arasında səyahətdədir.
TEATRIN
MÜASİR MACƏRASI
Yarandığı dönəmdən
üzü bəri Azərbaycanda Gənc
Tamaşaçılar Teatrı qeyri-rəsmi şəkildə
həmişə üç teatrı təmsil eləyib:
uşaqların teatrını, yeniyetmələrin
teatrını, bir də gənclərin teatrını.
Üç teatr nağılın köməyilə
qonşulaşıblar, fərqləri, müxtəliflikləri
nağılla aradan götürüblər və bir macəra
yaşayıblar.
Nağıl həmişə macəradır, sərgüzəştdir.
Gənc Tamaşaçılar Teatrı bugün
çağdaş Azərbaycanın ən böyük teatr
kollektivlərindən biri qismində yenə lap əvvəlki
dönəmlərdə olduğu kimi nağılla
yaşayır, nağılda yaşayır və öz tarix
nağılını yaşayır. Təmir və yenidənqurma
işlərindən sonra teatr binasının çox
uğurlu interyer dizaynı sanki teatra daxil olan seyrçini
birinci mərtəbənin qaranlıq "quyusundan" simurq
quşu kimi qanadlarının üstünə alıb ikinci mərtəbənin
işığına, macəralar aləminə aparır. Rəngli
şüşə stalaktitlər, tavandan asılmış
çoxsaylı gümüşü "bulud ləpirləri"
uzaqdan-uzağa insana kosmos və mağara duyğusu
aşılayır. Gənc Tamaşaçılar
Teatrının seyrçi salonu da sayrışan ulduzlarla
parıldayan bir nağıl kahası, bir sehrli xalat təəssüratı
oyadır adamda. Bu, zahir, batində "əmma"... akustika
problemləri, işıqlandırma sistemində və səhnə
güzgüsündəki defektlər hələ də
teatrın müşkülü olaraq qalır. Hərçənd
necə düşünürsən düşün, yenə gəlib
"biri vardı" ilə "biri yoxdu"nun bədii
koordinatları səmtinə çıxırsan.
2009-cu ilin aprel ayında Gənc
Tamaşaçılar Teatrına daha iki kollektiv -
Dövlət Gənclər və Bakı Kamera
Teatrları birləşdirildi. 9 ildir ki, bu teatrın
üçü birində macərası davam edir.
Üçün birə dönüşməsi həmin
dönəmin ən məntiqli qərarı idi. Çünki
Kamera teatrı təşkilatlandığı gündən
özünü teatr ictimaiyyətinə konseptual teatrdan daha
çox gənclər teatrı kimi tanıtmışdı.
Dövlət Gənclər Teatrı isə praktiki şəkildə
öz inkişaf potensialını tükətmişdi. Faktiki
olaraq bu birləşmə, bu "inyeksiya" teatr daxilində
azacıq da olsa müəyyən bir sinerji əmələ gətirdi,
müxtəlifliyi təmin etdi, fərqli yaradıcılıq
üslubuna malik aktyorları bir arada topladı, üç
teatrı bir sənət macərası ilə
doğmalaşdırdı. Bu məqamda teatrın sabiq
direktoru, əməkdar artist Mübariz Həmidov, peşəsi
aktyor olduğundanmı, teatr işini gözəl bildiyindənmi
kimisə kiməsə tabe etdirmək, nəyisə nəyəsə
qurban vermək iddiasında bulunmadı, gözləmə
mövqeyi seçib paralelləri bərabər şərtlərlə
bir-birinə yaxınlaşdırmağa cəhd göstərdi
və elə bu məqsədlə tamaşa çeşidlərini
artırdı, ustad dərslərinə, təcrübə
mübadiləsinə geniş yer ayırdı. Teatra İngiltərədən,
Rusiyadan, Belorusiyadan, Balkan ölkələrindən müxtəlif
rejissorlar dəvət edildilər. Onlar da müxtəlif
tamaşalar hazırlayıb getdilər: bəzisi uğurlu
oldu, bəzisi - yox. Amma teatr bütün hallarda qazancda
qaldı: aktyor truppası fərqli ifa tipologiyaları və
rejissor konseptlərilə qarşılaşıb teatr sənətinin
müasir tendensiyalarına bir az daha yaxınlaşdı.
Di gəl ki, bütün qutsal
başlanğıclı istəklərə, cəhdlərə
rəğmən, truppaların tolerant atmosferdə birləşməsinə
rəğmən, peşəkarlıqla əlaqədar
çoxsaylı treninqlərin təşkil edilməsinə,
pilot layihələrin gerçəkləşdirilməsinə
rəğmən Gənc Tamaşaçılar Teatrı
böyük keyfiyyət dəyişikləri yaşamadı,
öz sovet keçmişinin basqısını aşa bilmədi,
aktyorların ifa manerası çağdaş səhnənin
estetik tələbləri fövqünə yüksəlmədi,
ənənəvi oyun qəliblərinin çənbərindən
kənara çıxa bilmədi. Teatr yeniliyi hədəflədiyini
bəyan edə-edə sanki daha cəsarətli addımlar
atmaqdan, avanqard olmaqdan çəkindi, öz içinə
qapandı.
Şübhəsiz, teatrın imkanları
genişdir, aktyor potensialı güclüdür, lakin bu
imkanlardan elə bil ki ehtiyatla istifadə olunur: tamaşalar
hazırlanır, oynanılır, hətta seyrçi kütləsi
də toplayır, amma baxırsan ki, hər epizodda, hər fraqmentdə
nəsə sonacan, axıracan işlənilməyib, heç
kim özünü tamaşanın içində bir sənətçi
kimi, bir yaradıcı kimi reallaşdıra bilməyib,
uğura çata bilməyib, teatr camiəsinin diqqətini
özünə yönəldə bilməyib. Hər dəfə
növbəti tamaşanı seyrçi salonunda əyləşib
izləyəndə öz-özünə deyirsən ki, bu,
artıq yeni bir iş olacaq, lakin bir-iki epizoddan sonra
anlayırsan: bu tamaşa da, hətta qəşəng fakturaya
(tərtibat və geyim) rəğmən öz bədii-estetik
hüsnü, ifa tərzi etibarı ilə köhnələrdən
heç nə ilə fərqlənmir. Onda tamaşaya çəkilən
zəhmətə, sadəcə, heyfislənirsən...
Hərçənd bununla belə... İndi Gənc
Tamaşaçılar Teatrı üçü birə
sığışdırsa da, iki teatr platformasında işləyir:
səhər və günorta tamaşalarında açıq
teatr, axşamlar isə qapalı teatr tipi sərgiləyir. Hər
iki teatr tipində truppanın uşaqları coşduracaq, gəncləri
təsirləndirəcək səhnə oyunları var.
Onların sırasında "Çəkməli
pişik" (rej. Nicat Kazımov), "Qulliver cırtdanlar
ölkəsində" (rej. Elşad Rəhimzadə) tamaşalarını
xüsusi vurğulardım.
"Çəkməli pişik" o
tamaşadır ki, aktyorlar səhnədə öz
oyunlarından və tərəf müqabillərilə
ünsiyyətdən həzz alıb, nağıla münasibətdə
bir lağ, şəbədə məsafəsi saxlayıb, amma
sonucda "uşaqlaşıb", hətta bellərinə
uşaqlar üçün satılan rəngbərəng
parolon qılınclar bağlayıb bir teatr bayramı, bir
teatr zarafatı yaşayırlar, sanki sevimli köhnə
"kuklaları" ilə qarşılaşıb
oynayırlar.
"Qulliver cırtdanlar ölkəsində"
tamaşası isə orijinal oyun plastikası üzərində
qurulub. Rejissor burada Qulliveri bir repçi kimi
görükdürməklə, müasir gənc kimi portretləşdirməklə,
dekorları aktyor bədənlərinin davamı, aktyorları
isə tamaşanın dekor sistemini enerjilə yükləyən,
məkanı dinamikləşdirən qeyri-adi, məzəli,
oyunbaz cırtdanlar və ya cumbulu saray "batareyaları"
kimi təqdim etməklə uşaqlara hüdudsuz bir sevinc, həzz
yaşatmağa çalışır.
Gənclər üçün ifa edilən
axşam tamaşaları isə, adətən, qapalı teatr
sisteminə aid olur. Bu tamaşaları teatr şəffaf
"dördüncü divar"ın arxasından izlənilən
gerçək həyat fraqmenti kimi təqdim edir. Bu yöndə
mən "Lineyn trilogiyası" (rej. Yan Vilem van den Boş),
"Müharibə" (rej. Bəhram Osmanov)
tamaşalarını xüsusilə fərqləndirərdim:
həm qapalı teatr sistemində ifa dürüstlüyünə,
həm səhnə tərtibatının tamaşanın əməl
xəttilə bir vəhdət yaratdığına görə,
həm dərejissor dramaturgiyasının seyrçini mənalar
bolluğuna çıxartdığına görə. "Məhv
olmuş gündəliklər" (rej. Vaqif Əsədov),
"Hasarın o üzü" (rej. Bəhram Osmanov)
tamaşaları da teatrın uğurlu səhnə
oyunlarından sayıla bilər. Əgər "Məhv
olmuş gündəliklər"də Vaqif Əsədov mizanları
xalça ilmələri kimi bir-birinə toxuyursa,
"Hasarın o üzündə" Bəhram Osmanov boş səhnə
məkanında "heyrət, ey büt" konseptini sadə
insanların həyatında görükdürməyə
çalışır.
Hərçənd hələ ki Azərbaycanın
heç bir teatrı XXI yüzilə daxil ola bilmir, o cümlədən
də Gənc Tamaşaçılar teatrı. Nəyə
baxırsan, bax, çox nadir istisnalardan başqa, həməncə
duyursan ki, bu baxdığın tamaşa teatr dəbinin
köhnəsidir. Halbuki teatr getdikcə daha çox XXI əsrin
seyrçisi üçün işləməyə
özünü kökləməlidir, düşüncə
parametrlərini, aktyorun səhnədə mövcudolma
üslubunu dəyişməyi, mütəmadi yeni
olmağı hədəfləməlidir. Yoxsa ki, XX əsrin
60-70-ci illər teatr estetikasının əlamətləri,
60-70-ci illər teatrına xas ideyalar, mövzular, motivlər Azərbaycan
teatrının səhnəsini tərk edib heç hayana getməyəcək:
busa sənət üçün buxov və qandallar kimi bir
şeydir. Azərbaycan Gənc Tamaşaçılar Teatrı
isə həmişə mədəniyyətdə yeni teatr
zövqünün, teatr avanqardının qapıları
funksiyasında çıxış etməlidir. Təbii ki,
bunu görmək və söyləmək asandır, əməldə
gerçəkləşdirmək müşkül...
Müşkülü asan eləməkdən ötrü isə
gərək teatrın dəqiq müəyyənləşmiş
konsepsiyası (baş rejissor teatrı hara, niyə, nə
cür və hansı estetik parametrlərdə aparır) ola,
konkret mədəniyyət siyasəti (teatr öz
mesajlarını seyrçi auditoriyasının hansı
seqmentinə ünvanlayır, onlardan nə cür reaksiya
gözləyir, onlarla işi necə qurmağı və
toplumda hansı missiyanı yerinə yetirməyi
planlaşdırır) ola və bir də istedadlı, peşəkar
şəxsiyyətlər komandası... Ki, teatr
düşüncə primitivliyindən və ifadə
infantilliyindən birdəfəlik qurtulub XXI yüzilin bədii-estetik
koordinatlarında addımlaya bilə...
Bu tarixi icmal-təsnifat-təhlil eskizlərinin
adını mən verdim, Gənc Tamaşaçılar
Teatrının 90 yaşdan sonrakı ömrünü
Tanrı versin, mükafatlarını, hədiyyələrini
Azərbaycan Dövləti!!!
Göydən üç alma düşdü:
biri mənim, biri sizin, biri də nağıl
danışanın...
525-ci qəzet 2018.- 2 oktyabr.- S.7.