"Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır"

VAQİF BAYATLI ODƏRİN AD GÜNÜNƏ

Rüstəm BEHRUDİ

Payızdı Vaqif! Sözlərimə yağış yağır. Üşüyür sözlərim. Lap otuz doqquz il əvvəlki kimi.

Bizi otuz doqquz il bundan əvvəl elə belə bir payız günündə hər ikimizin sevimlisi Əbülfəz Elçibəy öz toy günündə tanış elədi. Mən 19 yaşında bir dəli-dolu uşaq, sən "bütün sevdaları unutduracaq"  30 yaşında qosqoca bir şair... Və işə bax, 20 ildən sonra sənin 50 yaşında üçümüz bir masada... Yenə əvvəlki doğmalıq, yenə əvvəlki sevda. Sən sənin çap elədiyin ilk şeirim qədər doğmasan mənə.

Sən - baş daşının çiçəkdən, iblisin mələkdən gözəl göründüyü, ağacların yarpaqlarından əvvəl öldüyü, mələklərin tanrıdan daha çox sevildiyi bir məmləkətin zaman ölçüsündən yuxarıda dayanan şairi...

Sən - getdiyin yolun sonunda özü dayanan bir adam. Şairlər ağacın, çiçəyin, otun dərdini çəkər, sən ağacın budaqlarının, çiçəyin ləçəklərinin, otun ətrinin; yəni tam və mükəmməl!

Sən - içindəki iman evinin minarəsi kədərdən ucalan adam.

Sən - qanadları insan əzablarının cəhənnəm yükündən titrəyə əzabkeş mələk.

Sən günü keçmiş, zamanı aşmış bir şair.

Yaş sənin şeirlərinin zaman ölçüsüzlüyündə nədir ki?

Əzizim Vaqif! Kələkidə 39 il bundan əvvəlki bir payız günüydü... 39 il əvvəlki kimi sənə deyiləsi sözlərimə yağış yağır...

Təkbaşına yürüyən Adam

VAQİF BAYATLIYA

Hər kəsin həyatında özünü tanrı kimi hiss elədiyi bir an mütləq olur.

...Ölməmişdən əvvəl

Gözlərində ölümün

Şəklini gəzdirən

o adam kimdi elə?!

O adam kimdi elə,

Unudub,səhv salıbdı

Sahili dəniz ilə...

...Vaqifi gördüm dünən,

Görüşməmişdik

bütün il boyu.

Dünən Vaqifi gördüm,

Tələmtələsik yürüyürdü

Bulvarda sahil boyu...

Yürüyürdü,

Səhrada təkbaşına yürüyən

İsa kimi-

Qorxa-qorxa, təngənəfəs;

Elə bil qovurdular onu,

Ancaq sahildə

Yoxuydu heç kəs...

 

Vaqif-payızda

Ayağının altındakı xəzəllərə

Ürəyi qanayan adam,

Vaqif-quşları göy üzü,

balıqları dəniz,

dənizləri yosun,

torpağı məzar,

Ayı qardaşsız qız kimi

tanıyan adam.

Təkbaşına yürüyürdü Vaqif,

Yürüyürdü qorxa-qorxa,

yeyin-yeyin...

...Sonbaharda,

37 il bundan əvvəl

Tanışdıq onunla

Toyunda Elçibəyin.

Qısa bir tanışlıq oldu-

Bəyin əlində badə:

- Vaqif, tanış ol,

Bu bir yalqız qurddu, adı - Rüstəm,

Rüstəm,bu da sevdiyim şair -

Vaqif Cəbrayılzadə...

(Bilirdim mən-

Bəyin xoşu gəlmirdi

Mənim imzamdakı "i"-dən

Və Vaqifin "zadə"sindən)

Yadımdadı, illər sonra

Bir sonbahar gecəsi...

Əkrəm, sən, mən, Elçibəy,

bir də yağışın səsi...

Və bir də Bakının

ən uzun bir küçəsi...

Gözümüzdə yaş vardı,

yaş vardı-gilə-gilə;

Gecəni dolduracaq

Bir nəğmə oxuyurduq:

"Qaragilə, ay Qaragilə".

 

İndi o günləri

Xatırlayıram yana-yana;...

Sonralar Vaqif

Mənim ilk şeirlərimi çap elədi,

Mən də 7 ildən sonra

Çap eləyib ad qoydum

onun ilk kitabına.

Sahildə təkbaşına yürüyür

bir adam

Danışa-danışa özü-özünə,

Dua oxuyur göy üzünə:

- Yer üzündə bir işim,

bir işim qaldı qaldı ancaq,-

Göyü yerlə, duanı ahla,

Adamları şeytanla,

Şeytanı Allahla,

Allahla barışdırmaq.

Dünən Vaqifi gördüm;

Ah səni, ahıynan daş üstdə

söz oyan uşaq;

Ah səni Vaqif-

Qonşu toyuna,

On çəpər o tərəfdə

Özü-özünə oynayan uşaq.

Hələlik, Vaqif, hələlik,

gülə-gülə,

Ancaq, yadında saxla,

Yarımçıq qalan bir mahnı

İndi də öldürür məni,

Mahnının adı –

"Qaragilə, ay Qaragilə".

525-ci qəzet 2018.- 2 oktyabr.- S.7.