Ədəbiyyatşünaslıq elmimizin görkəmli siması

Möhsün NAĞISOYLU

AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

Onun imzasına ilk dəfə keçən yüzilliyin 80-ci illərinin əvvəllərində "Ədəbiyyat və incəsənət" qəzetində nəşr olunan məqalələrdə rast gəlmişəm.

Həmin məqalələr ədəbiyyatşünaslıq məsələlərinə, daha doğrusu, orta əsrlər anadilli Azərbaycan ədəbiyyatının nümayəndələri olan qüdrətli söz ustalarının yaradıcılığına  həsr olunmuşdu. Məqalələrdə poetikliyi, məcaziciliyi və simvolları ilə yadda qalan klassik Şərq ədəbiyyatının sirli dünyasının, incə mətləblərinin açıqlanması mühüm yer tutur, dərhal da diqqəti çəkir və böyük maraq doğururdu. Bu yazılar açıq-aşkar bir şəkildə ədəbiyyatşünaslıq elmimizə gənc və istedadlı bir qələm sahibinin qədəm qoymasından xəbər verirdi. Diqqətcil oxucuya, xüsusilə də klassik ədəbiyyat üzrə mütəxəsssislərə, yəqin ki, söhbətin kimdən getdiyi dərhal aydın oldu. Bəli, söhbət son dövr Azərbaycan ədəbiyyatşünaslığının tanınmış simalarından, ən görkəmli nümayəndələrindən biri olan akademik Teymur Kərimlidən gedir.

O vaxtlar filologiya elmləri namizədi olan Teymur Kərimli ilə şəxsən tanış deyildim və onu yalnız klassik ədəbiyyatımıza, xüsusilə də Nizami Gəncəvi yaradıcılığına dair yazdığı və yeniliyi, dərin məzmunu ilə seçilən məqalələri ilə tanıyırdım. Keçən əsrin 90-cı illərində isə Teymur Kərimli ilə yaxından tanış oldum və 2004-cü ildə onun "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda yazdığı doktorluq işinin Bakı Dövlət Universitetində keçirilən müzakirəsində iştirak etdim və dissertasiya haqqında bir mütəxəssis kimi öz sözümü də dedim. Həmin  vaxtlar Teymur Kərimli ilə görüşlərimizdə, təbii ki, söhbət klassik ədəbiyyatdan da düşürdü və bu zaman o, ilk növbədə anadilli poeziyamızın günəşi, "qəlb şairi" (Gibb) Məhəmməd Füzulidən söz açar və bu dahi söz ustadının qəzəllərindən seçmə beytləri özünəməxsus bir tərzdə ustalıqla əzbərdən deyər, sözün həqiqi mənasında çoxlarını feyziyab edərdi. Hətta bir dəfə söhbətimizdə mən ona dedim ki, Teymur müəllim, yəqin ki, sizin namizədlik işiniz Füzuli yaradıcılığına həsr olunubdur, ona görə bu böyük sənətkarın şeirlərinə daha dərindən bələdsiniz. O isə gülümsəyərək dedi ki, yox, mənim namizədlik işim də Nizami Gəncəvi yaradıcılığı haqqındadır. Füzuli şeirlərini əzbər bilməyim isə sadəcə olaraq, bu böyük şairə olan dərin sevgidən, qəzəllərinə ürəkdən vurğunluqdan irəli gəlir.

Teymur müəllimlə söhbətlərimizdə o, hərdən klassik farsdilli ədəbiyyata, xüsusilə də Nizami Gəncəvi, Cəlaləddin Rumi və Sədi Şirazi yaradıcılığına da üz tutar və onların şeirlərindən də nümunələri elə orijinalda (fars dilində) əzbərdən deyərdi. Bunun səbəbi ilə maraqlananda məlum oldu ki, Teymur müəllim fars dilini müstəqil olaraq öyrənmişdir.

Akademik Teymur Kərimli yüksək səviyyəli və peşəkar ədəbiyyatşünas alim olmaqla yanaşı, eyni zamanda, illərdir ki, bədii yaradıcılıqla da məşğuldur və özünəməxsus dil-üslub və məzmun -mündəricə xüsusiyyətləri ilə seçilən qoşma, gəraylı və qəzəllərin də müəllifidir. Akademik Bəkir Nəbiyev həmin şeirlər haqqında yazır ki, Teymurun şeirlərində "ünsiyyətə çağıran bir ruh, doğmalıq təlqin edən təbəssüm, zəmanəmizim ən qlobal hadisələrinə münasibətdə özünü göstərən bir nikbinlik var". Yeri gəlmişkən qeyd edim ki, Teymur Kərimli 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Akademik Teymur Kərimlinin bütün bu sadaladığım müsbət keyfiyyətlərində, təbii ki, böyük alimin keçdiyi həyat yolunun, çalışdığı elmi mühitin də rolu, təsiri olmamışdır desək, heç də yanılmış olmarıq.

 

Beləliklə, son dövr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan akademik Teymur Kərimlinin keçdiyi ömür yoluna qısaca nəzər salaq. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində dünyaya göz açmışdır. O, 1970-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1975-ci ildə Azərbaycanın bu qocaman təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir. 1975-1977-ci illərdə təyinatla Kəlbəcər rayonuna göndərilərək buradakı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllim vəzifəsində çalışmışdır.

Teymur Kərimli 1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olaraq "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Qeyd edim ki, Teymur Kərimlinin elmi rəhbəri görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, nəcib və gözəl insan Azadə xanım Rüstəmova olmuşdur.

Teymur Kərimli 1980-ci ildə aspiranturanı bitirərək Nizami adına Ədəbiyyat İnstitutunda işə qəbul olunmuş və 30 ildən çox bu elmi müəssisədə səmərəli fəaliyyət göstərmişdir. O, 1983-cü ildə namizədlik, 2004-cü ildə isə, yuxarıda qeyd olunduğu kimi, doktorluq işini uğurla müdafiə etmişdir. Teymur Kərimli uzun illər Ədəbiyyat İnstitutunda "Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etmiş, 2002-2012-ci illərdə isə müəssisənin elmi işlər üzrə direktoru vəzifəsində çalışmışdır. 2012-2013-cü illərdə isə o, Nizami adına Ədəbiyyat İnstitutunun direktor vəzifəsini icra etmişdir. Teymur Kərimli 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2013-cü ildən başlayaraq o, AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibidir. Akademik Teymur Kərimli eyni zamanda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur.

Akademik Teymur Kərimlinin elmi yaradıcılığı çoxşaxəliliyi, əhatə dairəsinin genişliyi ilə seçilsə də, o, ilk növbədə klassik ədəbiyyat üzrə bacarıqlı və istedadlı bir mütəxəssis kimi tanınır. "Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı" (akademik İsa Həbibbəyli) akademik Teymur Kərimlinin elmi fəaliyyətində klassik ədəbiyyatımızın qoşa qanadı, əbədiyaşar və dünya şöhrətli söz ustaları olan Nizami və Füzuli yaradıcılığı xüsusi yer tutur. Bu iki böyük Azərbaycan şairi haqqında akademikin ayrıca kitabları da vardır: "Nizami və tarix" (Bakı: Elm, 2002), "Görünməyən Füzuli" (Bakı: Elm, 2003).

Ədəbiyyatşünas-tənqidçilər akademik Teymur Kərimlini böyük erudisiya sahibi bənzərsiz alim, intellektuallıq və düşüncə baxımından xüsusi çəkisi olan sanballı elm adamı, qələm əhli kimi dəyərləndirərəkbu böyük araşdırıcının əməyinə yüksək qiymət vermişlər. Bu baxımdan ədəbiyyatşünaslıq elmimizin ağsaqqallarından sayılan, AMEA-da "kamil ustad" kimi ad çıxaran akademik Bəkir Nəbiyev kiçik həmkarı və istedadlı yetirməsi olan Teymur Kərimli haqqında demişdir: "Teymur Kərimli Azərbyacan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biridir. Həmkarları arasında ən erudisiyalı qələm sahibi kimi bəyənilən və təqdir edilən alimin başlıca tədqiqatları zəngin klassik irsimizə, özəlliklə Xaqani, Nizami, Nəsimi və Füzulinin əsrlərin sınağından çıxmış çox qiymətli poeziyasına həsr olunmuşdur. Bu sahədə nəşr olunmuş kitab, məqalə və resenziyalarını araşdırıcılarımız həmişə maraqla qarşılayırlar. Onun artıq elmlər doktoru və namizədi olan yetirmələri AMEA-nın elmi tədqiqat ocaqlarında, ali məktəblərdə və bəzi xarici ölkələrdə səmərəli elmi fəaliyyət göstərirlər".

Klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi tanınan akademik Teymur Kərimli eyni zamanda, görkəmli elm xadimləri haqqında da sanballı kitablar qələmə almışdır. Bu baxımdan onun elmimizin ağsaqqalı və böyük hamisi, AMEA-nın prezidenti Akif Əlizadə haqqında yazdığı "Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası" və AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyliyə həsr etdiyi "Şərqin qapısından dünyaya" kitabları xüsusilə əhəmiyyətlidir. Akademik Teymur Kərimli eyni zamanda, son dövrdə nəşr olunmuş altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabının bir neçə cildinin və çoxlu sayda monoqrafiyaların elmi redaktorudur.

Akademik Teymur Kərimli ölkəmizi dünya miqyasında layiqincə təmsil edən dəyərli alimlərimizdən biridir. Onun Ankara, Bağdad, Budapeşt, Dəməşq, Dehli, Milan, Kazan, Təbriz, Tehran, Urmiya və dünyanın bir sıra  digər şəhərlərində Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məruzə və çıxışları böyük marağa səbəb olmuş və maraqla qarşılanmışdır.

Müasir Azərbaycan filoloji elminin layiqli təmsilçisi, görkəmli siması olan akademik Teymur Kərimlinin bu günlərdə doğum gününün 65 ili tamam olur. Şərəfli alim, dəyərli ziyalı ömrü yaşamış və akademik Teymur Kərimlini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, həmkarıma həyatda möhkəm cansağlığı, uzun və sağlam ömür, elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

525-ci qəzet  2018.- 2 oktyabr.- S.4.