Düşənbə sammitində Dağlıq Qarabağ danışıqlarına yeni impuls verildi

MÜNAQİŞƏNİN HƏLLİ ÜZRƏ DANIŞIQLARDA QONDARMA REJİMİN İŞTİRAKI KİMİ ƏSASSIZ, PROSESİN RUHUNA ZİDD, DİALOQUN BƏRPASINA MANEƏ YARADAN İDDİALARA SON QOYULDU

Sentyabrın 27-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə səfər edən Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dialoq baş tutub.

Qısa keçən təmas zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında söhbət aparıblar.

Prezidentin Mətbuat xidmətindən məsələylə bağlı verilən məlumatda qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər, həmçinin, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

ATƏT-in Minsk qrupunun həmsədləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında keçirdiyi görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında yaranan təmas, münaqişənin həlli məsələsinin Minsk prosesinə uyğun davam etməsinə qərar verilməsi qarşı tərəfin əvvəllər səsləndirdiyi, danışıqların ruhuna zidd, formatın dəyişdirilməsinə yönəlmiş bəyanatlardan geri çəkildiyini göstərir.

Düşənbədə reallaşan görüşdən sonra İrəvana qayıdan N.Paşinyan "Facebook"da canlı yayım açaraq, baş tutan dialoq barədə danışıb: "Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik". Paşinyanın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin onları futbol üzrə dünya çempionatı vaxtı tanış etməsinə baxmayaraq, Moskvada Ermənistan və Azərbaycan liderləri söhbət edə bilməmişdilər.

 

Ermənistanın baş naziri əlavə edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə separatçı rejimin rəhbəri Bako Saakyana xəbər verib.

Ermənistanın prezidenti Armen Sakisyanın verdiyi açıqlama da qarşı tərəfin mövqeyində müəyyən korrektələr etdiyinə dair ilkin təəssürat yaradır. A.Sarkisyan Gürcüstanın "Starvision" kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistan və Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş tək doğru yanaşmanın - müzakirələrin gerçək bir nəticəyə gəlməsi üçün səy göstərməlidir.

Bu mənada, əgər Ermənistan danışıqlar prosesinin inkişaf etməsi üçün konstruktiv mövqe nümayiş etdirərsə, əvvəllər olduğu kimi, hər hansı kiçik irəliləyiş olan zaman buna maneə yaradacaq addımlardan çəkinərsə, regionda sülh və təhlükəsizliyin əldə olunması üçün ciddi nəticələr gözləmək olar. Əks halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi varianta əl atmaq məcburiyyətində qalacaq.

Məsələ ilə bağlı fikirlərini bildirən "Yeni Azərbyacan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən bu ilin aprel ayından bəri davam etdirilən sərt ritorikaya son qoyulub. O, "Trend"ə bildirib ki, bu, əslində, Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsi idi: "Beləliklə, Paşinyan tərəfindən danışıqların Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyulub. Başqa sözlə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmayıb. Nəticə isə odur ki, Ermənistan tərəfindən Azərbaycanın torpaqlarının 20 faizi işğal edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib və bunun məsuliyyəti Ermənistanın üzərindədir".

H.Babaoğlu vurğulayıb ki, bütün bunlara baxmayaraq, hazırkı mərhələdə Azərbaycanın problemin sülh yolu ilə həllinə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır: "Bu gün işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır. Buna paralel olaraq regionun iqtisadi və sosial-mədəni bütövlüyü də pozulub. Regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Yaxşı olar ki, yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək Ermənistan işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımlar atsın. Bu, hamının xeyrinə olar".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Düşənbədə MDB Sammiti çərçivəsində prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı söhbətin ardınca qarşı tərəfin Dağlıq Qarabağ münaqişəsi ətrafında səsləndirdiyi aşırı bəyanatlara və kəskin ritorikalara son qoyuldu. O bildirib ki, eyni zamanda, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi, yəni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin də bu danışıqlara cəlb edilməsi iddiası aradan qaldırıldı: "O cümlədən, bu amil bir daha təsdiq etdi ki, Ermənistan münaqişə tərəfidir, gələcəkdə aparılacaq danışıqlar da onunla davam etdiriləcək. Məhz bu yolla normal danışıqlar prosedurunu qurmaq, nəticələr əldə etmək mümkündür".

Ekspert digər bir mühüm məsələyə də toxunaraq, təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə qəbul edilən qərarın münaqişənin tənzimlənməsi istiqamətində rol alacağını deyib: "Əlbəttə ki, bu anlaşma məhz Prezident İlham Əliyevin apardığı səlis diplomatik siyasətin uğurlu göstəricisidir və tərəflər arasında qəbul ediləcək növbəti qərarlar münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz töhfələrini verə bilər. Çünki görünən də budur ki, artıq Ermənistan tərəfi də danışıqların əvvəlki mövqeyinə qayıtmaq istəyində olduğunu göstərməkdədir".

Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı isə bildirib ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra bir daha məlum oldu ki, Ermənistan tərəfinin bu günə kimi sərgilədiyi siyasət və ritorika yalnız daxili auditoriyaya hesablanmış populist çıxışlardan başqa bir şey deyil. Onun sözlərinə görə, Ermənistan rəhbəri artıq münaqişənin nizamlanması üzrə danışıqlarda işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimi tərəf kimi irəli sürməyərək, danışıqların yalnız Azərbaycan və Ermənistan arasında aparılmalı olduğunu anlamış oldu: "Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın yeni rəhbərliyinin bundan əvvəl irəli sürdüyü fikirlər nə beynəlxalq hüququn norma və prinsiplərinə, nə də ki, BMT nizamnaməsinə uyğundur. Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı da məhz bu kimi absurd iddialarla yadda qaldı".

A.Səfixanlı qeyd edib ki, beynəlxalq problemlərin və münaqişələrin həlli prosesində yalnız beynəlxalq hüququn subyektləri iştirak edə bilərlər: "Beynəlxalq hüququn əsas və ilkin subyekti isə BMT tərəfindən tanınmış dövlətlərdir".

Ombudsman Aparatının rəhbəri bildirib ki, ümumiyyətlə, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır: "Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına təsir göstərməyə çağırıb. Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, nə qədər tez işğalçı ərazi iddialarını bir kənara qoyaraq Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcəklərsə, bir o qədər də tez regionumuzda sülh bərqərar olacaq və Ermənistanın inkişaf perspektivləri açılacaq. Sülh, mehriban qonşuluq münasibətlərinin qurulması qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil".

 

"Trend" İnformasiya Agentliyinin baş redaktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurası çərçivəsində Düşənbədə keçirilən görüşündən belə bir nəticə çıxarmaq olar ki, N.Paşinyanın bundan əvvəl verdiyi bəyanatlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi artıq aradan götürülüb.

A.Nağıyev hesab edir ki, bu məsələnin yenidən gündəmə gəlməsi artıq qeyri-mümkün görünür: "Eyni zamanda, Düşənbə görüşünu Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə danışıqların yenidən başlanmasına bir istiqamət kimi dəyərləndirmək mümkündür. Hər iki dövlətin güc strukturlarına, ümumiyyətlə, bu məsələ ilə məşğul olan qurumlara verilən tapşırıqlar bundan ibarətdir ki, onlar daim təmasda olacaqlar".

Ekspertin sözlərinə görə, N.Paşinyanın sosial şəbəkə vasitəsilə yaydığı bəyanatdan aydın olur ki, o, hətta qondarma rejimin rəhbərliyinə təmas xəttində tam şəkildə atəşkəsə nail olmaq üçün əlindən gələni etməsi tapşırığını verib: "Bu da mühüm amildir. Yəni artıq Ermənistan-Azərbaycan danışıqlarında Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılmaqdadır".

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevlə N.Paşinyanın Düşənbə görüşünün nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olunub.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

525-ci qəzet  2018.- 2 oktyabr.- S.1;4.