Seyran Səxavət gənclərlə görüşdü

Sentyabrın 30-da Milli Hüquq Evində ənənəvi "Kumirlər"-"Tea Talk" layihəsinin növbəti görüşü keçirilib.

Gənclərin budəfəki qonağı - gənclərin seçdiyi kumir şair, yazıçı, dramaturq Seyran Səxavət olub.

Görüşdə Milli Hüquq Evinin rəhbərliyi, tanınmış ziyalılar, şair və yazıçılar, müxtəlif universitetin tələbələri, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MHE-nin direktoru Nicat Gözəlov öncə layihə haqqında məlumat verib. Qeyd edib ki, bu layihə çərçivəsində hər həftə sonu gənclər öncədən səsvermə ilə seçdiyi kumirləri ilə görüşürlər. Layihədə məqsəd gənclərin kumirinə çevrilmiş ziyalılarımızın uğur tərcübələrini dinləmək, gəncləri maraqlandıran suallara onların özlərindən cavab almaqdır. N.Gözəlov qonaq haqqında məlumat verib, onun həyat və yaradıcılığı barədə bilgiləri bölüşüb.

Daha sonra söz ədibə verilib. S.Səxavət layihəni yüksək qiymətləndirib, ona göstərilən diqqətə görə MHE-nin rəhbərliyinə və gənclərə təşəkkürünü bildirib.

Görüş sual-cavab formasında, diskussiya şəklində davam etdirilib.

Seyran Səxavət sevgi, dostluq, həya, ölüm kimi bəşəri duyğulardan əlavə, müasir dövr ədəbiyyatı, dünya ədəbiyyatının milli ədəbiyyatımıza təsirləri, yaradıcılıqda cins ayrı-seçkiliyi, yazıçı-oxucu münasibətləri, kitab satışı məsələləri kimi də gəncləri, iştirakçıları maraqlandıran suallara cavab verib.

Azərbaycan ədəbiyyatında qadınların rolundan danışan ədib heç bir dövrdə qadınların indiki kimi ədəbiyyatda mühüm rol oynamadığını vurğulayıb. Hazırda yaradıcılıqla məşğul olan bir sıra qadın şair və nasirlərin adlarını çəkən yazıçı onların ədəbiyyata qatqılarını yüksək qiymətləndirib, əslində, qadınların yaradılış etibarilə sözə kişilərdən daha həssas olduqlarını vurğulayıb.

 

Sovet dövründə ədəbiyyata tətbiq olunan senzura və onun Seyran Səxavət yaradıcılığındakı izi haqqındakı suala cavab olaraq, ədib deyib ki, o, heç zaman senzuradan qorxmayıb, həqiqətləri yazmaqdan çəkinməyib.

Görüş zamanı S.Səxavət iştirakçıların arzusu ilə özünün "İlk məhəbbət, son məhəbbət", "Sevirəm", "Girəvə axtarıram", "Töhmət" kimi şeirlərini səsləndirib.

Daha sonra qonaqlardan Arzu Nehrəmli, Həyat Şəmi, Bahar Abbasova, Mehman Göytəpəli, Pəri Muradova, Xaliq Laçınlı, Səmayə Şahmarova, Aybəniz Qafarlı və başqaları çıxış edərək S.Səxavət şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb, həm qonağın, həm də özlərinin şeirlərini səsləndiriblər.

Sonda görüş zamanı fəallıq göstərən üç gəncə S.Səxavətin imzalı kitabları və MHE-nin təşəkkürnaməsi təqdim olunub. Eləcə də Seyran Səxavətə layihədə iştirakına görə MHE-nin fəxri diplomu təqdim olunub.

Sonda S.Səxavət qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ

525-ci qəzet 2018.- 2 oktyabr.- S.3.