Şah İsmayıl Səfəvinin
portret cizgiləri
(Əvvəli ötən
sayımızda)
Dünyasını dəyişməsi ərəfəsində
Şah İsmayıl bütün böyük əmirləri,
ağsaqqalları, qızılbaş qoşunları əmirlərini
yanına topladı, onların yanında şahlıq
tacını Təhmasib Mirzənin başına qoydu, belindəki
kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından
eşitdiyi öyüdləri onun qulağına söylədi,
sonra da onun adına xütbə oxudu.
Dediyi kimi, üçüncü gün onun ağrıları xeyli şiddətləndi. Həmin gün Şah İsmayıl böyük əmirlərin hər biri ilə vidalaşdı və sonra da onlardan xahiş etdi ki, çadırı tərk etsinlər və onu tənha buraxsınlar. Bütün əmirlər Şah İsmayılın olduğu çadırı tərk etdilər. Sonra Şah İsmayıl oğlu Təhmasib Mirzənin də onu tək qoymasını istədi və ona dedi: "Ey gözümün işığı oğlum, sən də çıx bayıra". Təhmasib Mirzə isə ona belə cavab verdi: "Ey möhtərəm ata, sənə qurban olum! İcazə ver, mən qalım". Təhmasib Mirzə hiss etdi ki, Şah İsmayıl nə isə demək istəyir. Qalxmaq istəsə də, özündə güc tapa bilmədi. Sonra o, əlini dodaqlarına aparmaq istədi. Yenə gücü çatmadı, əli yanına düşdü və Şah İsmayıl özündən getdi. Təhmasib Mirzə (mənbələrdə o, artıq Şah Təhmasib kimi təqdim olunub) ona yaxınlaşıb gördü ki, Şah İsmayıl daha dünyasını dəyişib. Şah Təhmasib başındakı tacını yerə qoydu və haray çəkərək göz yaşı axıtdı. Onun səsinə digər böyük əmirlər də gəlib Şah İsmayılın keçinməsindən xəbər tutdular. Mənbə məlumatlarına görə, əmirlər və qızılbaş qoşunları arasında böyük bir qiyamət yaşandı, haray və inilti ətrafı bürüdü. Yas əlaməti olaraq heyvanların yalları və quyruqları qırxıldı.
Şah İsmayılın dünyasını dəyişməsi
səltənət daxilində dərin bir hüzn ilə
qarşılandı, şəhərlər və
yaşayış məntəqələri qaraya boyandı. Bəzi
məlumatlara görə, Şah İsmayılın
ölüm xəbərini alan Səfəvi müridləri əyinlərinə
kəfəni xatırladan ağ libas geyinib başlarını
xəncərlə yaralayır və sonra da al qana
boyanırdılar. Belələrindən hətta
dünyasını dəyişənlər də olurdu.
Şah İsmayılın dəfn mərasiminə Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri bu mərasimdə iştirak edirdilər. Əmir Camaləddinin rəhbərliyi altında Şah İsmayılın nəşi yuyulub kəfənə büküldü və dəfn namazı qılındı. Sonra da Şah İsmayılın nəşi Əmir Camaləddinin rəhbərliyi, pak sufilər dəstəsinin və qorçuların müşayiəti ilə Ərdəbilə yola salındı. O, Şeyx Səfi türbəsində ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn edildi.
Sonralar Şah İsmayılın qəbri
üzərində ayrıca bir günbəz tikildi. Şeyx Səfiəddinin
qəbri üzərində ucaldılmış məşhur
"Allah, Allah" günbəzinin cənub-şərqində
ona bitişik halda tikilmiş bu günbəzin daxili
ölçüləri 3,5X2,5 metrdir. Günbəzin daxili
hündürlüyü 3 metrdir və onun daxili və
tavanı çox nəfis kaşılarla bəzədilmişdir.
Kaşılar əsasən qızılı və lacivərdi
rəngdədirlər. Bu məkana girişin sol tərəfindəki
divarın ortasında daş yerləşdirilmiş və onun
ətrafında süls xətti ilə kitabə
yazılmışdır. Bu işin müəllifi Əlirza
Abbasi adlı bir usta olmuşdur.
Belə məlumatlar da vardır ki, günbəzin
yerinin seçilməsi Şah İsmayılın adı ilə
bağlıdır. Güman edilir ki, o, hələ
sağlığında dəfn olunacağı yeri özü
müəyyənləşdirmişdi və hətta günbəzin
özünün də onun dövründə tikilməsi
ehtimalları vardır. Günbəzin yeri elə
seçilmişdir ki, buradakı məzar həm Şeyx Səfiəddinin
məzarına yaxındır və həm də Şeyx Səfiəddin
məqbərəsindən həmin məzara keçid
mümkündür.
Şah İsmayılın məzarı üzərində
tikilmiş günbəzin xarici
görünüşünü iki hissəyə bölmək
olar. Bu günbəzin aşağıdan təxminən
ortasınadək bəzək işləri yoxdur və
yalnız qırmızı rəngdə olan kərpicləri müşahidə
etmək olar. Mövcud foto şəkillərə əsasən
belə qənaətə gəlmək olar ki, günbəzin
aşağı hissəsi düzbucaqlı şəkildədir
və yuxarı qalxdıqca xarici divarlar dairəvi şəkil
almışdır. Əslində, qeyd edildiyi kimi, günbəzin
daxili də aşağıda dördbucaqlıdır və
yuxarısı dairəvi şəklə salınıbdır.
Günbəzin xarici hissəsinin bəzək işləri bir
neçə haşiyədə tamamlanmışdır. Birinci
haşiyə xarici divarın təxminən ortasında yerləşib
günbəzi dairəvi şəkildə əhatələyir.
Ağ fon təşkil edən bu haşiyənin üzərində
iki kitabə vardır. Aşağıdakı kitabənin
şərq hissəsi dağılıb
tökülmüşdür və onu oxumaq mümkün deyil.
Yuxarıdakı kitabə isə yaxşı vəziyyətdədir.
Həmin kitabədə şiə müqəddəslərinin
adları sadalanır və onlara salavat ifadə olunur.
Divarın xarici görünüşündə
aşağıdan ikinci haşiyə romb şəkilli həndəsi
fiqurlardan düzəldilmişdir. Bu həndəsi fiqurlar təxminən
eyni ölçüdədirlər və onlar iki sırada
günbəzin haşiyəsini təşkil edirlər. Bu
fiqurların daxilində də romb şəklində olan
fiqurlar vardır. Daxili fiqurlar qara fondadırlar. Yuxarı
fiqurların daxilindəki qara fonlu rombun daxilində də daha
kiçik ölçülü və açıq rəngdə
olan romb fiquru vardır. Aşağı sırada olan
rombların qara fonu daxilində göy rəngli
kaşılarla "Əli" sözü
yazılmışdır. Bu söz bütün fiqurların
daxilində təkrarlanmışdır.
İkinci haşiyənin yuxarısında eni
nisbətən daha az olan başqa bir haşiyə vardır. Bu
haşiyənin yeri ağdır və ağ fonda bütün
divar boyu təkrarlanan nəbati elementlər təsvir
edilmişdir. Nəhayət, bu haşiyənin
yuxarısında, günbəzin dairəvi divarının onun
qübbə ilə birləşən hissəsində
başqa bir haşiyə də vardır. Bu haşiyənin
yeri firuzəyidir və onun da daxilində böyük ağ
romb fiqurları və bu rombların daxilində də dörd
guşəli ulduzu xatırladan fiqurlar yerləşdirilmişdir.
Günbəzin qübbəsinin də fonu firuzəy rəngdədir
və bu fon üzərində qara rənglə haşiyələnmiş
ağ romb fiqurları təsvir edilmişdir. Firuzəyi və
ağ rənglərin qarışığından mütənasib
şəkildə istifadə etməklə günbəzin
qübbəsində xalça naxış-larını
andıran kompozisiya yaradılmışdır. Qübbənin
sonluğunda isə beş ədəd qılınc bərkidilmişdir.
Bu sayda olan qılınclar, mövcud məlumata görə,
Şah İsmayılın hakimiyyət uğrunda
başladığı hərəkat zamanı onun
müşayiət etmiş beş tayfanın nişanəsidir.
Şah İsmayılın məzarı
üstündə tikilmiş günbəzin
hündürlüyü "Allah, Allah" künbəzindən
aşağıdır. Amma məqbərə kompleksinə
daxil olan digər günbəzlərlə təxminən eyni
hündürlükdədir.
Şah İsmayılın məqbərəsinin daxili son dərəcə nəfis şəkildə işlənmişdir və öz keyfiyyətinə görə bu məqbərə yüksək sənətkarlıq nümunəsi sayıla bilər. Qeyd edildiyi kimi, məqbərə daxildən dördbucaqlı şəkildə başlamış və yuxarıda yarımmehrab keçidləri vasitəsilə dairəvi forma almışdır. Məqbərənin döşəməsi kaşılarla işlənmişdir. Güman edilir ki, döşəmənin kaşıya tutulması müxtəlif vaxtlarda həyata keçirilmişdir. Döşəmədən başlayaraq məqbərənin yan divarları 1,69 metr hündürlüyündə tünd göy kaşılarla örtülmüşdür. Bu da məqbərə daxilində bir göy fon yaratmışdır. Dördbucaq formada olan göy kaşıların üzərində qızılı rəngdə gül təsvirləri vardır. Göy kaşıların qurtaracağında açıq göy rəngdə olan kaşılarla bütün divar boyu haşiyə yaradılmışdır. Bu haşiyənin üzərində isə nəbati elementin zəncirvari düzülüşü ilə əlavə bir haşiyə yaradılmışdı. Həmin haşiyələr məqbərənin yuxarı hissəsində yerləşən həcmli kitabəyə və qübbə bəzəklərinə keçid təşkil edir. Qara fon üzərində yazılmış olan kitabə özü də, əslində, bütün divar boyu uzanan bir haşiyədir. Bu kitabə kifayət qədər enli bir haşiyəni təşkil edir və ondan yuxarı isə divarların dördkünc formadan qübbəyə keçidi başlayır. Kitabə ilə qüvvənin keçidində daha iki haşiyə vardır və bu haşiyələrdən sonra yarımmehrablar məqbərənin daxili hissəsini dairəvi formaya çevirir. Kitabədən yuxarı olan təsvirlər nəbati elementlərdir və onlar kifayət qədər həcmlidirlər. Bu elementlər göy fonda qızılı rənglə işlənmişlər. Məqbərənin qübbəsində bir pəncərə də mövcuddur. Bu pəncərədən düşən işıq həm qübbənin naxışlarını, həm də məqbərənin daxilini işıqlandırır. Qübbənin sahəsi təxminən 2,7X2,4 metrdir. Məqbərənin göy kaşılarla işlənmiş aşağı hissəsində iki yerdə əl təsviri vardır. Bu təsvirlərdən biri məqbərənin şimal divarına geydirilmiş daş lövhə üzərində barmaqları bir-birindən aralı vəziyyətdə olan əl şəkli vardır. Ölçüləri etibarilə bu təsvir kifayət qədər böyükdür və onun hündürlüyü təxminən bir metrə yaxındır. Ehtimal edilir ki, bu təsvir Həzrət Əlinin əlinin təsviridir. Açıq şəkildə olan başqa bir əl şəkli isə gümüş vərəqədən düzəldilərək məqbərənin sol tərəfinə bərkidilmişdir.
Sol tərəfdəki divarda daş lövhə
üzərində yerləşdirilmiş əl təsviri
görünür. Bu əl təsviri məqbərənin
şimal hissəsində qərar tutmuşdur.
Şah İsmayıl məqbərəsinin
daxilinin əsas elementi, heç şübhəsiz ki, Şah
İsmayılın qəbri üzərində olan sənduğədir.
Bu sənduğənin hazırlanma tarixi haqqında dəqiq məlumat
mövcud deyil. Amma bəllidir ki, bu sənduğə Səfəvilər
dövrünün nadir sənət incilərindən biridir.
İşlənmə texnikası, istifadə
olunan tikinti və bəzək materiallarının növü
etibarilə Şah İsmayılın məzarı üzərindəki
sənduğə Şeyx Səfiəddinin məzarı üzərindəki
sənduğədən daha nadir və qiymətli
sayılır. Bu sənduğə də Şeyx Səfiəddinin
məzarının sənduğəsi kimi iki hissədən
ibarətdir və sanki biri digərinin üzərinə
qoyulmuş iki sənduğəni xatırladır.
Aşağı hissənin hündürlüyü yuxarı
hissənin hündürlüyünün təxminən
yarısı qədərdir. Aşağı hissə
yuxarı hissəyə nisbətən bir qədər enlidir və
bu hissələrin birləşmə sahəsinin kənarlarında
təxminən 10 santimetr enində boş sahə
qalmışdır. Həm aşağı hissə, həm də
yuxarı hissə zərif şəbəkə bəzəyinə
malikdir və bu şəbəkə
görünüşünə görə Şeyx Səfiəddinin
məzarı üzərindəki sənduğənin əsas
şəbəkə bəzəyini xatırladır. Amma bir
daha qeyd edilməlidir ki, mütəxəssislərin fikrincə,
Şah İsmayılın məzarı üzərindəki
şəbəkə sənətkarlıq baxımından daha
zərif və baxımlıdır. Sənduğənin
ayrı-ayrı bəzək əşyalarının
hazırlanmasında qiymətli daşlardan, qızıl və
gümüşdən də istifadə olunmuşdur.
Sənduğənin yuxarı hissəsində
iki haşiyə vardır və bu haşiyələr sənduğənin
şəbəkə bəzəyini yuxarıdan tamamlayır. Həm
yuxarı haşiyə, həm də yanlarda olan haşiyə
mütənasib şəkildə yerləşdirilmiş fil
sümüyündən olan lövhələrdir. Bu lövhələrin
üzərində çox böyük ustalıqla və incə
şəkildə Quran ayələri yerləşdirilmişdir.
Bu lövhələr üzərində Quranın
aşağıdakı surələrindən ayələr həkk
olunmuşdur:
1. Sənduğənin yuxarısının sol
kücündəki kitabə - Qaf surəsinin 1-ci ayəsi və
2-ci ayəsinin bir hissəsi;
2. Sənduğənin şimal tərəfinin
solunda yuxarıdan aşağı - Müzəmmil surəsinin
6,7 və 8-ci ayələri;
3. Həmin tərəfdə ikinci kitabə -
Müzəmmil surəsinin 20-ci ayəsi;
4. Sənduğənin şimal tərəfinin
sağında aşağıdan yuxarı yerləşmiş
kitabə - Əl-Dəhr (İnsan) surəsinin 25, 26 ayələri
və 27-ci ayəsinin bir hissəsi;
5. Həmin tərəfdəki ikinci kitabə -
Əl-Dəhr surəsinin 16-cı ayəsi və 17, 30, 31-ci ayələrinin
bir hissəsi;
6. Sənduğənin qərb tərəfinin
solunda yuxarıdan aşağı olan kitabə - Əl-Dəhr
surəsinin 3 və 4-cü ayələri və 2-ci ayəsinin
bir hissəsi;
7. Sənduğənin sol tərəfinin
sağında aşağıdan yuxarı olan kitabə -
Müzəmmil surəsinin 9-cu ayəsi və 10-cu ayəsinin
bir hissəsi;
8. Sənduğənin sol tərəfinin
yuxarısındakı kitabə - Əl-Dəhr surəsinin
1-ci ayəsinin son hissəsi;
9. Sənduğənin sol tərəfinin
aşağısındakı sağdan sola olan kitabə -
Müzəmmil surəsinin 12-ci ayəsi və 11, 13 və
14-cü ayələrinin bir hisəssi.
Qeyd edilməlidir ki, kitabələrin icra
olunması da yüksək sənətkarlıqla yerinə
yetirilmişdir. Kitabələr üçün elə ayələr
seçilmişdir ki, onlar həm islami dəyərləri, həm
də Şah İsmayılın islami
dünyagörüşünü özündə əks
etdirir. Quran kəlamlarından əlavə sənduğə
üzərində "Əli" sözünün də təkrar-təkrar
və müxtəlif formalarda yazılışına rast gəlmək
mümkündür. Bu söz daha çox çoxbucaqlı
haşiyələr daxilində işlənmişdir və
onlar kəsb etdiyi məzmundan əlavə, həm də sənduğənin
bəzək elementlərini tamamlamağa xidmət edirlər.
Yüksək sənətkarlıq nümunəsi olan bu sənduğənin altında Şah İsmayılın cismi əbədiyyətə qovuşmuşdur. Onun ruhu isə heç sözsüz ki, hər zaman Vətən torpaqları üzərindədir və bu gün də yəqin ki, onun simasını əks etdirən portreti ilə birlikdə Bakı səmalarındadır.
XATIRLATMA
Azərbaycanın dövlətçilik tarixində
şərəf və qürur mücəssəməsi olan, əzəmətli
fateh, böyük dövlət xadimi, cəsur
döyüşçü, zəmanəsinin
mürşidi-kamili Şah İsmayılın real
görünüşünü əks etdirən və uzaq
Florensiyadan görüşümüzə gələn portreti
hələ cari ilin dekabr ayına qədər Heydər
Əliyev Mərkəzində onu ehtiramla anan yurddaşlarının
intizarında olacaq.
Mehman
SÜLEYMANOV
Tarix elmləri
doktoru, ehtiyatda olan polkovnik
525-ci.-2018.-3 oktyabr.-S.6.