Könlünüzdə bu arzuya
yer varmı?!
Rafael HÜSEYNOV
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik
Köhnə Tiflisin bizə əziz olan, simsar
görünən çox küçələri, məhəllələri,
binaları, ağacları, kəhrizləri var.
Çox sular axıb keçib, onillər,
yüzillər bir-birini əvəzləyib, nəsillər dəyişib,
amma Şeytanbazar Tiflis əhlinin dilində elə
Şeytanbazar olaraq qalıb.
İstər gürcüsünün, istər
azərbaycanlısının dilində.
Meydan yenə Meydandır, Ortaçala da həmin
sayaq.
Abbasabad meydanı, Topxana, Nağaraxana, Zərgərxana,
Pambıq cərgəsi, Aşağı məhəllə,
Müctəhid bağı, Bülbül çalası,
Cırdahan, Xarpux, Qoçoğlunun suyu, Bəzəkli hamam,
Çarx hamamı, Narınqala, Cümə məscidi,
Koroğlu qayası, Təbriz meydanı, Təklə
karvansarası, Gəncə qapısı,
Gümüşün yolu, Seyidabad, Şıxlı,
Şahtaxtı, Şərab yoxuşu, Siracxana yoxuşu, Sənan
dağı... da o cür.
Oyan, ey pir-i xoşdil! Qalx, ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət!.. Qalx, oyan, zövq al bu fürsətdən.
Mələklər göydən enmiş, feyz alırlar xak-i pakindən,
Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.
Donanmış hər tərəf pürşölə ulduzlarla... caizdir
Ki, Tiflis ərş-i pürəxtərlə dəm vursun rəqabətdən.
Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, bax gör nə aləmdir?
Cahan sərməst olub rəqs eyliyor
şövqü şətarətdən.
Bir məhəbbət himni sayılası bu
şeiri böyük Hüseyn Cavid Tiflisdə yazıb və
Şeyx Sənana ünvanlasa da, əslində, elə həm də
Tiflisə yazıb.
İndinin cavanlarına bu şeir qocafəndi,
köhnəlmiş təki təsir bağışlaya bilər.
Amma 1920-30-cu illərin ziyalı Bakı gənclərinin
əksəri bu şeiri əzbər bilər, sevə-sevə
oxuyardı.
Canlı şahid özüm!
Xeyr, mən 1920-30-cu illərdə yox idim, amma
1970-ci illərin sonları, 1980-lərdə o illərin
cavanları olmuş ağsaqqallar Cavid haqqındakı söhbətlərimizi
çox vaxt bu və bu qəbildən olan şeirləri
şövqlə, ehtirasla sinədən deməklə
başlayardılar...
Cavid Tiflisi də, Gürcüstanı da
çox sevərmiş, 1920-ci illərdə, 1930-cu illərin əvvəllərində
ailəsi ilə yayları Gürcüstanda dincəlməyi xoşlarmış.
Məşhur “Şeyx Sənan” faciəsini də
o, elə buralarda qələmə almışdı.
Şairin qızı Turan xanım anası
Mişkinaz xanımın dilindən mənə söylərdi
ki, Cavid Tiflisdə olduğu vaxtlarda, xüsusən “Şeyx Sənan”ı
işlədiyi dövrdə tez-tez Şeyx Sənan
dağına qalxar, orada saatlarla fikrə dalarmış...
Uyub sən bir mələksimayə, satdın dini, imanı;
Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət, xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cahan durduqca parlar, yüksəlir, düşməz təravətdən.
Ziyarətgahını gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən.
“Nədir mənası eşqin?!” söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.
Məhəbbətsiz bütün məna-yi xilqət, şübhəsiz, heçdir;
Məhəbbətdir, əvət, məqsəd
şu pürəfsanə xilqətdən.
Amma Şeyx Sənan dağı, Şeyx Sənan
türbəsi də daxil olmaqla Tiflisdəki bütün
tanış adlar və ünvanlar içərisində birinin
yeri məxsusidir.
Tiflisin bəzəyi, sorağı lap
çoxdan Gürcüstandan çox uzaqlara da
yayılmış məşhur Nəbatat bağı.
1845-ci ildə ovaxtacan “Çar bağı”
adlandırılmış, hökmdar ailəsinə məxsus
olmuş bu gözəl məkan həmin il Qafqaz canişini Mixail
Vorontsovun əmri ilə “Botanika bağı”na çevrildi.
Bu gülüstana qulluq etmək qaydaları da dəyişdi,
bağbanların sırasına xüsusi bitki mütəxəssisləri,
alimlər də cəlb edildi.
Nəbatat bağının gül səltənətinə
100 ilə yaxın müddətdə bilgin alman
bağşünasları nəzarət edib, nəvaziş
göstərdilər.
Vaxt ötdükcə Nəbatat
bağının hüsnü necə dəyişdisə,
cazibədarlığı nə təhər artdısa,
dünyanın çox yerində olub, çox gözəllikləri
seyr etmiş fransız səyyahı Jan Şardenin 1671-ci ildə
bu bağı görəndən sonra yazdığı sətirlər
heyranlıq və heyrətlə dolu idi. O, Nəbatat
bağında insanı göyçək
görünüşü və ətri ilə valeh edən 3
500 növ ağac və gülün olmasından valehcəsinə
bəhs edirdi.
Asta-asta məlum olur ki, Nəbatat
bağını daha qəşəng etməkçün
düşünülənlərin hamısını həyata
keçirməkdən ötrü bağın mövcud ərazisi
bəs etməyəcək.
1896-1904-cü illərdə bağın sahəsini
yan-yörədəki ərazi hesabına bir qədər
artırdılar.
Təzə
ağaclar əkdilər, gül kolları basdırdılar,
böyür-başını abadlaşdırdılar.
Meydandan ayrılıb Nəbatat bağına
doğru gedən yolda Tiflis azərbaycanlılarının məscidi
ucalır.
Elə həmişə də burada olub.
Səbəbsiz deyil. Çünki vaxtilə Nəbatat
bağının yanında müsəlman qəbiristanlığı
yerləşirmiş.
XX əsrin ortalarında bağın növbəti
genişləndirilməsi haqda qərar çıxarırlar və
camaata da xəbər verirlər ki, ölülərini başqa
məzarlıqlara köçürsünlər.
Xeyli adam gəlir və mərhumlarının
qalıqlarını çıxarıb ayrı qəbiristanlıqlara
aparır. Lakin müsəlman qəbiristanlığı
çox köhnə idi, bir neçə yüzil yaşı
vardı.
Lap qocaman qəbirlərdə yatanlardan kimlərinsə
daha ardınca gələsi bir kəsi qalmamışdı, bəzilərinin
də qohum-əqrəbası köçüb başqa yerə
getmişdi.
Başda Mirzə Fətəlinin (1812-1878) qəbri
olmaqla, bir neçə məşhur azərbaycanlının məzarı
isə yeri dəyişdirilərək elə Nəbatat
bağındaca bir qədər yuxarı hissəyə
keçirilir.
Söz yox, Mirzə Fətəli burada
torpağa tapşırılan ilk soydaşımız deyildi.
Ona qədər də burada son mənzilini tapan
çoxları yatırdı.
Tiflisdə, Meydandan yuxarıdakı müsəlman
qəbiristanlığı indi qalsaydı, bütöv bir
salnamə, daşdan yapılmış tarix kitabı kimi
olardı.
Həmin əski qəbir daşlarına
baxıb hafizələrdən pozulmuş nə qədər
tarixçələri bərpa edə, zəmanəsinin
seçkini, adlı-sanlısı olmuş neçə
unudulmuşumuzu yenidən kəşf edərdik.
Təəssüflər ki, mühüm bir tarix
parçası, daş sənədlər yox olub.
(Məndə köhnə Tiflisin müxtəlif
guşələrinin əks olunduğu, XX yüzilin əvvəllərinə
aid bir neçə açıqca var. Onlardan ikisi “Botanika
bağı”nın içərisindəki yüksəklikdən
çəkilmiş və fərqli istiqamətləri əks
etdirən fotolardır. Birində Tiflis şəhəri
panoramda, ovucun ortasındakı kimi görsənir.
O birində Bağın içərisindən
görünən dağlıq səmt, əski müsəlman
qəbiristanlığının bir hissəsidir ki, artıq
çoxdan “Nəbatat bağı”na qatılıb. Bu
açıqcada yamac boyu sıralanmış və təbii
ki, daha heç biri qalmayan sərdabələr, qəbir
daşları gözə dəyir).
Gürcüstandakı yaşlı azərbaycanlılar
mənə söyləyiblər ki, Bağa yaxın həndəvərdə
tikilən bəzi evlərin divarlarına, hasarlarına sahibsiz
qalmış müsəlman qəbirlərinin
daşlarından götürərək istifadə edənlər
az olmayıb.
Bu qəziyyədən də ondan duyuq
düşüblər ki, ya bütöv, ya da hissə-hissə
istifadə edilmiş, üstündə ərəb əlifbalı
yazılar olan bəzi sinə və başdaşları diqqətsizlik
ucbatından yol keçənlərin gördüyü tərəfə
hörülübmüş. Daha söküb çıxarmaq
da mümkün deyilmiş. Ona görə də belə hallardan
agah olduqca həmin tarix nişanəsi yazıları
qaşıyıb yox edirlərmiş.
Ermənilərin Göyçə mahalında,
Dərələyəzdə, İrəvanda, ümumən Qərbi
Azərbaycan boyu və Dağlıq Qarabağda yüzillərlə,
bəzənsə minillərlə yaşı olan qəbirlərimizi,
məzarlıqlarımızı məhv etmələri
boşuna deyildi ki!
Axı hər qəbir daşı
özlüyündə ayrıca bir tarix yadigarı, lazım gələndə
üzə duran, sübuta çevrilən vacibdən-vacib
şahiddir.
Torpaq kimindirsə də, orada elə o
tayfanın, o xalqın da qəbirləri olur.
Gəlmənin qəbirləri yerlininkindən nə
sayca çox ola bilər, nə yaşca qədim.
Ona görə də ermənilərin
gücü onları hər cəhətdən ifşa edən
köhnə qəbirləri dağıtmaqdan savayı nəyə
çatasıydı ki!
(Şər qarışırdısa da, nə qədər
ki, göz gözü görür, Nəbatat bağında
xeyli aralıda dizə qədər qalxmış otların
arasında qaralan bəzi daşlara baxmağı qət etdim.
Və elə qısa vaxt ərzində illərin
bozartdığı, bəzisinin yazısı babat oxunan, bəzisininki
güclə seçilən bir neçə qəbir
daşı tapdım. Deməli, hələ köhnə qəbiristanın
izləri buradan tam itməyib. Nə qədər gec deyil, gərək
bu işlə məşğul olmaq
xeyirxahlığını boynuna götürən
araşdırıcılarımız tapıla. Bir qanlı,
savadlı epiqrafika mütəxəssisi gərəkdir ki,
Gürcüstana bir neçə günlüyə ezamiyyətə
getsin, Nəbatat bağını diqqətlə
araşdırsın, oradakı sahibsiz qəbir
daşlarımızı müəyyənləşdirib
üstünü oxusun. Mən elə alaqaranlıqda, tələm-tələsikdə,
bir saat ərzində 3-nü tapdımsa, gör zənlə
aranarsa, nə qədəri tapılar!).
... Bizi biz edənlərdən olan dahi Mirzə
Fətəli Axundzadə bu millətə
yazıb-yaratdıqları ilə çox xidmət edib və
etməkdədir.
Tale Mirzə Fətəlinin alnına elə ali
millət xidmətkarlığı missiyası
yazmışdı ki, hətta onun qəbri də, ehtiyac
duyulanda, xalqın karına gəldi, dərdlərinə
yaradı.
1920-ci ilin iyununda Tiflisdə Cümhuriyyətimizin
ilk baş naziri Fətəli xan Xoyskini bolşeviklərlə
ermənilər xosunlaşıb qətlə yetirdilər.
Düz bir ay sonra isə, 1918-ci ilin mayında
İstiqlal Bəyannaməmizi ilk dəfə səsləndirmiş,
Məclis-i Məbusanımızın - birinci parlamentimizin rəhbəri
olmuş, rəsmən müavin sayılsa da, əvvəldən
təqribən sona qədər millət məclisinə son dərəcə
sağlam dövlətçi və millətpərvər
mövqeyi ilə sədrlik etmiş Həsən bəy
Ağayevi də eyni düşmənlər eyni fitnəkarlıqla
Tiflisdə kürəyindən vurdular.
Şura hökumətinin qəddar düşmən
saydığı bu sadiq vətənpərvərlərin məzarlarından
da qisas alacağı istisna deyildi.
Ona görə də hər ikisini qəbirlərinin
yeri məhrəm olmayanlara bilinməsin deyə
başağacı qoymadan, məzarlarının
üstünü yerlə bir edərək dəfn etdilər.
Tiflisin həmin müsəlman qəbiristanlığında,
Mirzə Fətəlinin ayaq səmtində.
O məqsədlə ki, bu narahat məzarlar itməsin,
haçansa faciəli, fəlakətli əyyamlar bitərsə,
Fətəli xanı da, Həsən bəyi də tapa, yenidən
dəfn edə, onlara başdaşı qoya bilsinlər.
Beləcə, Mirzə Fətəlinin məzarı
onlara hayan oldu, onların yasaq qəbirlərinin qoruyucusuna, rəmzi
başdaşına çevrildi.
Rəhmətlik Ənvər Məmmədxanlı
özü mənə danışırdı ki, vaxtilə
pristav işləmiş atası Qaffar kişi sovet gələndən
sonra həbs ediləcəyini, yəqin ki, həm də dərhal
güllələnəcəyini bildiyindən qaçaq
düşmüşdü.
1930-cu illərdə Tiflisdən Ənvər
müəllimə gizli xəbər çatdırırlar ki, durma,
gəl, atan vəfat edib.
Ənvər elə gecə ilə qatarla
Gürcüstana yola düşür.
Növbəti günün axşamı,
qaranlıq qatışanda atasını, həm qəbir
yadlara bilinməsin, həm də yeri qeyb olmasın deyə Mirzə
Fətəlinin məzarının yanında basdıraraq gecə
ilə geri qayıdır...
2018-ci il sentyabrın 24-də növbəti dəfə
Tbilisidə qonaq idim və təbii, hər dəfə
olduğu kimi, Nəbatat bağındakı əziz məzarlarımızın
ziyarətinə yollanmaya bilməzdim.
Hər qəbrin qarşısında xeyli
dayanırdım, xəyalən onlarla da
danışırdım, ürəyimdən başqa çox
mətləblər də keçirdi.
Hər gün bura - Nəbatat bağına
axın-axın insan gəlir.
Gəlirlər ki, gözləri
yaşıllığın, rəng-rəng,
çalar-çalar güllərin əlvan gözəlliyi ilə
dolsun, gəlirlər ki, buraların saf havasını ciyərlərinə
çəksinlər, bağın içərisindən keçən,
adı dilə çətin yatsa da, özü dinclik,
rahatlıq saçan Tsavkisistskali çayının həzin
şırıltısını dinləsinlər.
Bu ruhovudan məskəndə dolaşırdım, ruhları həmişə səksəkəli Mirzə Fətəlinin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin məzarları önündə dayanırdım, buralarda əbədiyyət röyasına dalmış Mehdiqulu xan Vəfa, Hüseyn Əfəndi Qayıbov-Müftizadə, Behbud ağa Şahtaxtinski, Eynalı bəy Sultanov, Nazlı Məmmədquluzadə, Rzaqulu Nəcəfov, İbrahim İsfahanlını... anırdım.
Ruh Allahın elə ən dərin sirlərindəndir
ki, onun barəsində hətta elçisi Həzrət-i Məhəmmədə
də çox gizlinləri açmayıb.
Amma Xudavənd-i aləmə hər halda əyan
idi ki, bəndələri bu haqda bəşərə ezam
etdiyi peyğəmbərdən xəbər almaq, həqiqətlər
öyrənmək istəyəcəklər.
Ona görə də belə suallarla üzləşəcəyi
təqdirdə cavabdan yayınmaqdansa etiraf etməyin məsləhət
olduğunu buyurmuşdu: “Səndən ruh haqqında
soruşacaqlar. De ki, mənə bu barədə çox bilgi
verilməyib”.
Sona yaxınlaşan ilin ilk payız
axşamlarından birində Nəbatat bağında -
könül dincəldən seyrəngahda bir-birinin
qonşuluğunda bu dünyadakı axırıncı
dayanacaqlarına sığınmış şərəfli
millət balaları haqqında düşünürdüm.
Mənim də ruh haqda təsəvvürlərim
nə qədər səthi olsa da, hər halda bu qənaətdəyəm
ki, o əsrarlı nəsnə qara torpağın altına
sığmayacaq qədər qanadlı, azad, ölməzdir.
Yavaş-yavaş Nəbatat bağına
axşam alatoranı çökür.
Fikirləşirəm ki, bir azdan qaranlıq
qatışacaq, bu get-gəlli məkandan əl-ayaq
yığışacaq, ətraf boşalacaq, quşlar da kiriyəcək.
Qalacaq ağaclar, çiçəklər,
bağdakı heç vaxt səsi kəsilməyən şəlalə,
qıvrıla-qıvrıla axıb keçən çay,
yarpaqların xəfif pıçıltısına qovuşan
yumşaq şırıltı...
Bəlkə elə gecənin belə dərin
saatlarında, su səsiylə yarpaq
xışıltısının yaratdığı musiqinin məhrəmliyində,
insanın az qala ürəyinin döyüntüsünü
eşitdiyi sakitlikdə bir-birindən az aralı məzarlarında
uyuyan millət pərvanələrimizin nigaran ruhları
başlayır buralarda uçuşmağa.
Ya bəlkə elə gündüzkü adamlar
kimi, öz sağlıqlarında olan sayaq, başlayırlar
buralarda gəzişməyə.
Onların bura gələnəcən bir-birini
tanıyanları da, bura gələndən sonra tanış
olanları da qanlarıyla, ilikləriylə, mahiyyətləriylə
eyni adamlardı.
Ona görə də burada həmməkan olandan
sonra isinişmələri, bir-birlərilə tezcə dil
tapmaları (ruhların dili necədir, görən, o dilin də
sözləri varmı?), gecənin tənhalığında hərdən-hərdən
dünənin məsud və göynəkli günlərinin
xatirələrinə dalmalı, həmişə ürəklərində
gəzdirdikləri millət sevdası ilə yurdun sabahları
haqda həsbi-hal etmələri məntiqlə elə
öz-özünə baş verməli idi.
Bu qatmaqarışıq, vahiməli
düşüncələrə görə qınamayın məni.
Hər kəs bilir ki, məzardakı cansız
cəsəddir və torpağa gömüləndən
müddət keçincə daha heç cəsəd də
deyil, ahəstə-ahəstə əriyən, torpağa
qarışan bir topa küldür.
Lakin nə sirdir ki, dünyanın hər yerində,
bütün zamanlarda insanlar heç gözünə də
görünməyən, torpaq altında qalan həmin bir topa
külün ziyarətinə gəlib, gəlir, gələcək
və onunla bir canlıyla danışırmış kimi
söhbətləşib, söhbətləşir, söhbətləşəcək?
Zahirən sənə aydındır ki, bu adam
lap çoxdan yoxdur, bir sərab kimi uçub gedib, daha
heç vəchlə dirilə bilməz, qayıda bilməz,
amma nədirsə, yenə onu canlı kimi qavrayır, sanki elə
yanında, başının üzərindəymiş kimi qəbul
edirsən.
Belə çıxır ki, əslində,
hamı ruha inanır və söhbətləşdiyi, var kimi
duyduğu da bir topa kül deyil, məhz ruhdur ki var!
Heç kim cəsarət etməz desin ki,
türkün böyük söz sərrafı, mütəfəkkir
şair Əbdülhəqq Hamid (1852-1937) sadəlövh
imiş, sadədilmiş. Ancaq o da sevgili bir insanın məqbərəsi
önündə, elə hər birimiz kimi, ən sıradan
olan insan sayaq düşünüb, sadəcə, o,
düşündüyünü hər kəsin deyə bilməyəcəyi
tərzdə ifadə etməyi də bacarıb:
İndi buradaydı, getdi əldən,
Getdi əbədə, gəlib əzəldən.
Məqbər - sonudur dəqaiqin bu,
Bir sirrr-i qəribi Xaliqin bu.
Ən yüksəyidir şəvahiqin bu,
Ən müdhişidir həqaiqin bu.
Mən neyliyəyim böyüksə dövran?
Təqsiri nədir kiçiksə insan?
Sən öldün, ölüm gözəl deməkdir,
Ölsəm yaraşır qəminlə hər
gün.
Söz yox, ölümə “gözəl” demək
bir şairanə həyəcandan artıq deyildir, mənə
görə, bir neçə dəqiqə canlı həyat
yaşamaq minillərin ölüm yoxluğundan
artıqdır.
Ömrünün budağı insafsızca erkən
sındırılmış faydalı, zəkalı şəxsiyyətlərimizi
düşünürkən onların yaşam möhlətlərinin
tez başa çatmasının acısını hansısa təsəllilərlə
nə qədər səngitməyə səy etsək də,
“sağ qalsaydılar, hələ daha nələr yarada bilərdilər”
ehtimalı bütün toxtaqlıq axtarma cəhdlərinin
özünüaldatmadan başqa bir şey
olmadığını anladır.
Fətəli xan Xoyski də, Həsən bəy
Ağayev də 1875-də doğulmuşdular. İkisini də
45 yaşında qətlə yetiriblər. Hələ bu millətçün,
Vətənçün nələr, nələr edə bilərdilər!
Onları sadəcə öldürməyiblər,
onları Azərbaycana daha böyük, daha çox faydalar
vermək fürsətindən məhrum ediblər.
Onları və neçə-neçə belə
qiymətliləri!
Onların hər birinin elə güclüdən-güclü
və heç vaxt tükənməyən cazibəsi var ki,
uzun dəqiqələr boyu düşüncələrə
dalmadan heç məzarlarının yanından aralanıb
getmək olmur.
2008-ci ildə mən UNESCO xətti ilə
İranda keçirilən beynəlxalq konfransda iştirak edirdim.
Tehranda məruzələrimizi edib müzakirələri tamamlayandan sonra bizi əvvəlcə Fars vilayətinin şimalına, Həxamənişilər dövrünün saxlancı, minillərin yadigarı Təxt-e Cəmşidə aparmışdılar. Qədim Hezarsütun, Çehel Minarə, Persepolis saraylarına tamaşa etmişdik, daha sonra gözəl Şiraza doyunca tamaşa etmək macalı qazanmışdıq, orada əsrarəngiz tarixçələrlə ləbələb neçə abidəyə, tikiliyə, muzeyə baş çəkmişdik. Lakin məni ən çox təsirləndirən iki fars dahisinin, iki müstəsna söz sehrkarının - Sədi və Hafizin məqbərlərinin ziyarəti olmuşdu.
Hafizin də, Sədinin də məqbərləri
gecə-gündüz çevrəsinə saysız pərəstişkarları
cəzb edən, az qala din müqəddəslərinin türbələri
kimi uca tutulan yerlərdir. Hafizin məqbəri bir ayrı nəhəng
parkın, Sədinin qəbri bir başqa möhtəşəm
bağın ağuşundadır.
Biz Şiraza səfər edəndə yay
çağı idi, gündüz göydən qızmar
yağdığından şəhərdə canlanma
axşamüstü başlayırdı.
Hafiz və Sədi bağlarında həyatın
gecə xeyli keçəndən sonra da necə qaynarlıqla
davam etməsinə mütəəssir oldum. Sanki camaat parkda
yox, elə öz həyətində, məhəlləsində
idi. Ailəsi ilə gələrək otluğa balaca
xalçasını, palazını sərən, deyə-gülə
şam edən kim, musiqi dinləyən, şeir oxuyan kim, gəzişib
hava alan kim, bir qıraqda yazı-pozusu ilə məşğul
olan kim...
Bu məkanda Hafiz də diriydi, Sədi də!
Sanki bura təşrif gətirənlər
onların məqbərələrini də qəbir evi kimi yox,
elə o misilsiz şairlərin heykəlləri kimi
görürdülər...
Ürəyimdən keçdi ki, kaş
Bakıda da belə bağlar olaydı!..
2000-ci illərin əvvəlləri ilə
müqayisədə Bakıda dincəlməli, könül
açan bağlar da çoxalıb, parklar da artıb, sahil
bağımız da neçə qat böyüyərək gələn
qonaqları da, elə özümüzü də məftun edən
tayı az rast gəlinən füsunkarlıq qazanıb.
Amma köhnə istəyim qüvvəsində
qalır.
Axı Şirazdakı həmin bağların
bütün digər məziyyətlərindən əlavə
Hafizi, Sədisi də vardı.
O vaxt bunu da düşünmüşdüm ki,
bizim də Bakımızda eynən o cür iki
bağımız ola bilər - haçansa Füzuli ilə Nəsimimizi
Vətənə gətirə bilsək!
2014-cü ilin 14 martında Prezident İlham
Əliyev birbaşa qayğısı, diqqətləri ilə əsaslı
təmir edilmiş, yenidə qurulmuş Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə
tamaşa etməyə gəlmişdi.
Zalları gəzirdik. Elə Nəsimi
otağına girəndə qəlbimdə Şirazdaykən
yaranmış qürbətdəki zirvələrimizin məzarlarının
Bakıya köçürülməsi arzumdan söz
açdım.
Gülümsündü: “Bu istək mənim də
ürəyimdə çoxdandır ki var!”
Böyük azərbaycanlı Heydər
Əliyevin ictimai vicdanımız qarşısında ən
böyük və hər zaman minnətdarlıqla
xatırlanmalı xidmətlərindən biri, bəlkə də
etdiyi bütün nəcibliklərinin ən yüksəyi bu
niyyətin reallaşmasının mümkünsüz
göründüyü əyyamlarda, çətin sovet dönəmində
onun Hüseyn Cavidi Sibir buzlaqlarında 40 ildən artıq
sürən dustaqlıqdan sonra Azərbaycana qaytarması, Vətən
torpağına qovuşdurması oldu.
Unudulmaz Heydər Əliyevin sevdiklərindən
olan Bəxtiyar Vahabzadə zərbülməsələ
oxşayan belə misralar da yazmışdı:
Şagird ustadından neçə mərtəbə
İrəli getməsə, o, şagird deyil!
Prezident İlham Əliyev dövlətimiz və
xalqımız naminə bir-birindən parlaq əməlləri,
qüvvətli iradənin, mətin qətiyyətin bəhrəsi
olan fövqəladə addımları ilə unudulmaz
ustadının iftixarla alnından öpəcəyi qabil yetirmə,
layiqli davamçı mərtəbəsinə ucaldığını
çoxdan sübuta yetirib.
Tarixə onun imzası ilə həkk olunacaq
cavidanə qayıdışların daha da möhtəşəmlərinin
qəhərli fərəhini yaşayacağımız bəxtiyar
anlar da, inşallah ki, milləti çox gözlətməz!..
Şəriətdə məzarın
köçürülməsinin öz şərtləri var.
Əgər o qəbri ziyarət edən varsa, şayəd o məzarçün
yerləşdiyi məkanda təhlükə yoxsa, uyuyanın
ruhunu diksindirmək rəva deyil.
Şəxsən mən Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularından olmuş Əlimərdan bəy
Toçubaşının Parisdəki, Məhəmməd
Əmin Rəsulzadənin Ankaradakı, Həsən bəy
Ağayevin, Fətəli xan Xoyskinin Tiflisdəki nəşlərinin
Azərbaycana köçürülməsinin və neçə-neçə
başqa əqidə, zəka və məslək zirvəmizin
qərib qəbirlərinin Vətənə
qaytarılmasının tərəfdarı deyiləm.
Çünki Mirzə Şəfi Vazehin,
Əliqulu Qəmküsarın, Mirzə Fətəlinin Tiflisdəki
məzarlarının da, Məhəmməd Əmin Rəsulzadənin
Ankaradakı və Nağı bəy
Şıxzamanlının İstanbuldakı son mənzillərinin
də, mayor Əbdürrəhman Düdənginskinin
Almaniyadakı və Mehdi Hüseynzadənin Sloveniyadakı
aramgahının da... heç vaxt üzərindən
gül-çiçək dəstələri, əklillər əskik
omur, daim ziyarətçiləri var və bunlar bizim sərhədlərimizdən
kənardakı ünvanlarımız deməkdir.
Amma mən İmadəddin Nəsiminin Hələbdən
Azərbaycana gətirilməsini çox umuram. Çünki
Suriya od içindədir və tarixlə dolu bu məmləkət
müharibə atəşləri ilə darmadağın edilməkdədir.
O mərmilər Nəsimini də yaralaya, türbəsini,
ölkənin çox yeri kimi, xarabazara çevirə bilər.
Şəhid şairimizin 1417-ci ildə bir dəfə məşəqqətlə
qətlə yetirilməsi azdırmı ki, yenə belə
müdhiş aqibətlə üz-üzə qalsın?
Son illərdə mən Avropa Şurası
Parlament Assambleyasında bu məsələni bir neçə
dəfə qaldırmışam, axırıncı dəfə
2017-nin aprelində-mayında bununla bağlı müvafiq sənədlər
də hazırlamışam.
Bakıda Nəsiminin adını daşıyan
rayonda, çoxlu dərəli, el arasında “Güllüdərə”
deyilən yerdə, yastı-yapalaq gecəqondulardan ibarət,
“gəl məni sök” deyən məhəlləni də gələcək
Nəsimi bağı üçün öz aləmimdə
gözaltı etmişəm. Burada bizə təzədən
qayıdan Şairin ziyarətgaha çevriləcək məqbərəsi
də qurulsun, indi şəhərin mərkəzində
hündür binaların sıxıb görünməz etdiyi
heykəli də köçsün həmin məkana.
Təsəvvür edin indiki sirkin arxasından
Türkiyə səfirliyinə qədər uzanan və Nəsiminin
gəlişiylə cənnət məkana çevrilən,
bakılıları, qonaqlarımızı hər gün
qoynuna yığan gözəldən-gözəl Nəsimi
bağını!..
“Qürbətdə qərib şadman olmaz
imiş” söyləmiş, indi müharibələr,
qırğınlar bölgəsindəki Məhəmməd
Füzulinin də eynən bu cür yurdumuza böyük
dönüşünün həsrəti və
intizarındayam.
Əlimizdən qoparılmış
halalımız Göyçə mahalı haçansa yenə
özümüzdə olacaqmı? Dualar, Pərvərdigardan təmənnalar
edirəm ki, olsun!
Amma nə qədər ki bu istəyin gerçəkləşməsi
yaxın üfüqlərdə görünmür, beynəlxalq
vasitələrdən və imkanlardan bütünlüklə
istifadə etməklə düşmən əlindəki
torpaqlardan Aşıq Ələsgərin məzarının
Bakımıza, Fəxri xiyabanımıza
köçürülməsini cani-dildən istəyirəm.
Ayrı-ayrı vətəndaşlarımızın
münaqişə dönəmində yüksəksəviyyəli
danışıqlar əsasında valideyninin nəşini Ermənistandan
Azərbaycana gətirməsi, burada əzizlərini təzədən
dədə-baba qaydası ilə dəfn edərək təskinlik
tapması hallarından xəbərim var.
Dədə Ələsgərin məzarının
əsarətdən azadlığa köçünə nail
olaraq bütöv millətin təskinlik tapmasına niyə
çalışmayaq?!
Bu da bir başqa böyükdən-böyük
diləyimdir ki, müqəddəs panteonumuzda, millətimizin
seçkinlərinin son əbədi görüş yeri Fəxri
xiyabanda bizə istiqlalın şirinliyini
dadızdırmış, millətə Cümhuriyyət nemətini
bəxş etmiş, ilk milli parlamentimizi yaratmış qurucu
babaların rəmzi məzarı olsun, üzərində də
onların böyüklüyünə layiq bir abidə.
Və qurucu babaların hər birinin Azərbaycanın
müxtəlif bölgələrindəki, Türkiyədəki,
İrandakı, Avropadakı... məzarlarından ovuc-ovuc torpaq
götürülüb bura gətirilsin.
İstiqlal qurbanlarımızın nəşlərinin
əvəzi olan məzar torpaqları ana yurda dünyanın
dörd bucağından gələcək - ömrü
mühacirətdə bitmiş Ceyhun Hacıbəylinin Parisdəki
qəbrindən bir ovuc, həyatı Tiflisdə qazamatda
tamamlanmış Məhəmmədhəsən Hacınskinin
Tiflisdəki hər halda məlum məzarından bir ovuc...
Və Firidun bəy Köçərli, Xudadat bəy
Rəfibəyli, Əhməd Cavad... kimi qəbri naməlumların
gülləyə tuş olduqları Nargin adasından bir
neçə ovuc...
Fəxri xiyabandakı o misilsiz qardaş məzarı
ilə Bakımızın həmin guşəsinin müqəddəsliyi
qat-qat artar, and yeri olmaq siqləti dəfə-dəfə
yüksələr!..
Arzunun gerçəyə çevrilməsinin ən
qısa yolu onun yuvalandığı ürəklərin
çoxluğundadır.
Ürəyinizdə bu arzuya yer varmı,
qardaşlar, bacılar?!
30 sentyabr, 2018
525-ci qəzet 2018.- 6 oktyabr.- S.10-11-12.