Bir ömrün dörd fəsli

Ağcabədi torpağının yetirməsi, dəyərli ziyalı Səfər Məlikovun qələmə aldığı "Həyatla üzbəüz" kitabını sonsuz bir maraqla oxudum.

Memuar ədəbiyyatın örnəklərindən olan əsərdə biri-birini gücləndirən  məlumatları izlədikcə gözlərim önündə bitkin bir məna ifadə edən panoram canlandı. Bir tərəfdən su kimi ötüb keçmiş 70 ilin təəssüratlarını, digər  tərəfdən isə  şəxsən tanıdığım doğma insanın nurlu simasını düşündüm və qəribədir, sanki hər söz, hər cümlə, hər düşündürücü ifadə məni böyük məsuliyyətə səslədi. Kitabı təkrar-təkrar əvvəldən axıra, axırdan əvvələ vərəqlədim, mətni müşayiət edən hər bir fotodan təsirləndim.

Kitabın "Ön sözündən", "Sözardı"na qədər, təsvir edilən həyat fraqmentlərində 70 il yaşamış bir insan ömrünün acılı-sirinli, xoşbəxt və qəmli günləri,  varlı və  yoxsul anları, ata, ana, bacı, qardaş, əmi-dayı, qohumlar, qonşular, övladlar, gəlinlər, nəvələr, nənələr... və nəhayət, bütün bunların fövqündə duran vətən sevgisi, ana yurdun - Qarabağın ağrılı işğal tarixi və müəllifin "Qalmaz belə, qalmaz dünya" harayı yüksəlir. Üç oğula söykənən, vətən sevdalı, ləyaqətli bir ömür yaşayan, düşməndən qisas alınacaq günü səbirsizliklə gözləyən, oğullu-qızlı, nəvəli-nəticəli bir şəxsiyyətin canlı obrazı - Səfəf Məlikovun şəxsiyyəti və bir nəslin dörd fəsli durur.

Hər kəsə bəllidir ki, müasiri olduğumuz dünyada texnoloji proseslər nə qədər inkişaf etsə də, tək bir insan qəlbinin verdiyi mənəvi hərarəti  internet məkanından almaq olmur. Çünki ünsiyyət, şüurlu inkişafın, əvvəlcədən düşünmək, səbəb və nəticəni götür-qoy etmək, həyatın bütün dövrlərində varlığın əşrəfi olmuş insan övladının həyatını kitabdan ayrı təsəvvür etmək olmur. Bu mənada ən çox oxunan kitablar içərisində memuar ədəbiyyatı həmişə oxucuların ən çox sevdiyi kitablar olub və şübhə etmirik ki, "Həyatla üzbəüz" kitabı da tezliklə belə bir oxucu sevgisi qazanacaqdır.

Bəri başdan deyim ki, "Həyatla üzbəüz" əsəri  bir oxucu kimi mənə Azərbaycan memuar  ədəbiyyatının ən yaxşı nümünəsi təsirini  bağışladı. Kitabın konkret bir sadə sujet xətti olsa da, əksinə, burda tək bir ömür ətrafında deyil, bir fərd olaraq azərbaycanlı ziyalının necə yaşaması, işləməsi, dövlətə xidməti, xalqına qulluğu, həm də Azərbaycanlı ailənin qayğıları, güzaranı, onun problemləri, ailə tərbiyəsi, bu tərbiyə sisteminin ictimai həyatla bağlılığı qabarıq təsvir edilmişdir.Vətən sevgisini sözdə deyil, əməldə - övladlarını bu sahəyə hazırlamaqda görən müəllifin dilindən bizə, gələcək nəsillərə deyilir ki, biz qeyrətimizi çörəyə yavanlıq eliyə bilmərik, əksinə, tikəmizi qanımıza batırıb yeyərik, amma vətəni, xalqı, doğma torpağı, azərbaycanlı qız gəlinləri, anaları düşmən əlində qoya bilmərik! 

Kitabdakı hadisələr Səfər Məlikovun öz dili ilə nəql olunur; onun ömür-gün yolundan bəhs edir, bunun başqa, bundan üstün bir yolu da yoxdur. Amma bununla belə, müəllif tək bir tərəfdir, başqa tərəflər də var. Sonsuz sayda başqa təsirlər də var; ataya-anaya  xidmət, onlara hörmət, hər kəsə nümunə ola biləcək tam və bütöv bir ailə, dövrün ictimai-siyasi proseslərinin dərinliyində olmaq, övlad tərbiyəsi, bir-birini əvəz edən qayğılar, milli-mənəvi dəyərlərin gözlənilməsi, inkişaf etdirilməsi, mümkün qədər ona öz töhfəsini vermək, keçmişlə gələcəyi uzlaşdırıb təhlil etmək, yaddaşları təzələmək və onların vəhdətini yaratmaq, əməyi sevmək, təbliğ etmək, ağıl, əxlaq, fiziki və mənəvi cəhətdən sağlam ruhun və mühitin təbliği, təşkili və  bir az da dodaqqaçmalar..

... Lakin yalnız üfiqlərin hüdudsuz olduğunu nəzərə alsaq, bu kitabdakı əsas məqamlara bir neçə nöqtədən yanaşmaq olar. "Həyatla üzbəüz"  həm də yaxşı bir həmsöhbətdir. Onun müəllifi çox mütaliəlidir, ədəbiyyatımızı və tariximizi yaxşı bilir, ötən illəri yaşamış və  müasir dövrümüzün vətəndaşı olan,  öz baxışları fonunda tarixlə-müasirliyi qarşılaşdıraraq çox dəyərli misallar, tarixi faktlar  və nümunələr gətirir, həm də bu problemlərə öz münasibətini bildirir ki, müasir Azərbaycan tarixində bu fikirlər artıq tez-tez səslənir. Səfər müəllim keçmiş bir dövlət məmuru kimi bu hadisələrin çoxunun təbliğatçısı, təşkilatçısı və iştirakçısı olmuşdur.

Müasir dövrün hazırlıqlı oxucuları  da bu cəhəti istənilən növ ədəbiyyatda və digər nəşrlərdə daim axtarır. Kitabı oxuyan hər kəs burada sanki özünü tapmağa çalışır. Müəllif haqlı olaraq  deyir ki, müdriklik insana fitrətən verilir, hətta o, yaşa baxmır, amma gərək gündəlik zəhmətlə onu daim cilalayasan. Onda  adamın  bu günü dünənindən, sabahın da bu günündən daha dəyərli olar.

Kitabın ilk bölümü belə adlanır: "Çətin keçid". Bu mətində ayrı-ayrı illərin müəyyən anlarını  əks etdirən beş şəkli  insanın  təkcə zahirən deyil, daxilən də necə dəyişdiyini  şəmimi şəkildə "izah" edir. Çünki Səfər müəllimin özü yaxşı deyir ki, "söz möcüzədir", bu cəhətdən demək olar ki, mənalı şəkil də möcüzədir və çox maraqlıdır ki, müəllif avtobioqrafik həyat romanını "Mənə görə kitab" mövzusu ilə davam etdirir. Kitabın meydana gəlməsi, onun bir neçə minillik  dövrünə nəzər salaraq, kitabın təkcə insan həyatında deyil, bütövlükdə bəşəriyyətin həyatıdakı yerini göz önünə gətirir, paralellər, nümunələr, qarşılaşdırmalar apararaq, müasir informasiya-kommunikasiya texnologiyaları əsrində yaşayan, internet məkanına malik, lakin hələ də, mürgülü, bəlkə də yatmış şüurlara deyir ki, bütün tərbiyəçi qüvvələr (valideyn, müəllim, məktəb kollektivi,  gənclər təşkilatı, ictimaiyyətin nümayəndələri və s.) sırasında yaxşı kitabın fövqəladə yeri var. Səfər müəllimin gəldiyi son yekun rəy  belədir: Kitabsız insan ömrünün mənasından  danışmağa dəyməz...

Kitabda  dünya və rus ədəbiyyatından, Azərbaycanın klassik və müasir ədəbiyyatından gətirdiyi hər bir nümunələrin arxasında Səfər müəllimin ürəyi açıq-aydın döyünür, bunu oxucular da hiss edir və  müəllifə həmfikir olur, ona inanır və bu nümunədə həyata daha mənalı bağlantılar axtarır, nikbin bir ümidlə, xoşbəxt  yaşamağa səy göstərir. Çünki kitabdakı Səfər Məlikov obrazı hal-hazırda həyatda olan, yaşayan nümunəvi obrazdır.  Hər şeydən əvvəl o, öz həyatını, öz fikir və düşüncələrini nəql edən bir müdrik insandır. Pedaqogika elmi təsdiq edib ki, tərbiyə işində şəxsi nümunənin  yeri əvəz- olunmazdır.

Səfər Məlikov "Həyatla üzbəüz" kitabında  yaşadığı, arxada qalan  günləri xatırlayarkən Vətənə, Millətə, Dövlətə və Ümummilli lider Heydər Əliyevə  və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sevgisini, onun kiçik əməyinə verilən yüksək qiymətləri təkrar-təkrar xatırlayır. Kitabda Ulu öndərin və Prezidentin nəfis tərtibatla  şəkilləri verilib. Müəllif   Ulu öndərin  minlərlə yetirmələrindən biri olduğunu qədirşünaslıqla vurğulayır və bundan xüsusi qürur hissi keçirərək, kitabdakı - "Biz Ulu öndərin yetirməsiyik"     "Prezident  İlham Əliyev  Ulu öndər haqqında" adlı məqalələrini onlara həsr etmişdir. Bu da təbiidir, çünki əsl şəxsiyyət həyatının bütün şüurlu dövründə mütləq, şəxsi mənafelərdən daha çox, ümumi mənafelərdən bəhs etməlidir.

Müəllif kitabın əvvəlində oxucularına üz tutaraq deyir ki, mən sizi tanıyıram, qəlbinizin genişliyinə inanıram, demirəm ki, mükəmməl kitabam, amma həyatım bir kitabın mövzusu ola bilər. Hesab edirəm ki, müəllif bu fikirlərində  çox haqlıdır, çünki hər insan ömrü  nəinki bir kitabın, hətta bir neçə kitabın mövzusu ola bilər. Kitabdakı mövzular elə bir ardıcıllıqla verilmişdir ki, onlar bir-birini tamamlayır, sanki biri digərində qoyulmuş məsələni izah edir: "Məndən öncəki tarix", "Atamın dediyinə görə", "Bizimkilər", "Özünü tanımaq", "Sadə, amma böyük həyat belə başlayır", "Günün bəxti" və s.

Dünyəvi təhsil alsa da, Səfər Məlikov həm real həyatda, həm də kitabındakı fikirlərindən görünür ki, İslam dininə böyük ehtiram və hörmətlə yanaşan  insandır. Amma o, xurafatı, dini ayrı-seçkiliyi, məzhəbçiliyi qəbul etmir. Kifayət qədər dini dünyagörüşünə malik olub, İslam tarixini, peyğəmbərlərin həyatını, müqəddəs "Qurani- Kərim"i lazımi səviyyədə bilir və dini maarifləndirmə işlərində bir ziyalı kimi onları təbliğ etməyi özünə borc sayır.  O, Qarabağ müharibəsinin qapımızın ağzını kəsdiyi  bir vaxtda bəzi gənclərimizin xarici ölkələrdə,  hansısa bir qanunsuz silahlı birləşmələrin tərkibində "Cihad" adı altında vuruşaraq məhv olmalarını qəbul etmir və haqlı olaraq bu cür "dindarlığ"ın  əleyhinədir. Bu cəhətdən ölkəmizdəki tolerant və multikultural həyat tərzini, müasir dini durumu, dövlət-din münasibətlərini tənzimləyən qanunverici sənədləri mükəmməl bilir və onu yüksək səviyyədə ictimaiyyət üzvləri arasında təbliğ etməyi bacarır. Fikrimizcə,  "Həyatla üzbəüz" kitabını  "Hamı üçün  kitab" adlandırmaq da olardı.

Kitabın müəllifi və qəhrəmanı Səfər Məlikov, digər dəyərli insan keyfiyyətləri ilə bərabər, həm də, milli düşüncəli, milli mənəvi dəyərlərimizi təbliğ edən, dünyəvi tərəqqini qəbul edən, geniş dünyagörüşünə malik  Azərbaycan ziyalısıdır. Onun şəxsiyyətində görünən və görünməyən elə  dəyərlər var ki, bundan bizim cəmiyyətimiz və müasir gənclik istifadə etməklə yalnız qazana bilər. Özünün mütaliyə mədəniyyəti geniş olduğuna görə, fikirləri təkcə məhəlli xarakterli olmayıb, dünyəvi xarakterli mahiyyət kəsb edir.

Böyük Yaradan bir şəxsiyyət kimi də Səfər Məlikovdan heç nəyi əsirgəməyib: şux qamət, sağlam düşüncə, gözəl boy-buxun, ləngərli yeriş, təbəssümlü sifət, işıqlı təfəkkür, məhəbbət dolu ürək, iti zəka və yumorla dolu şirin nitq, istedad və əməksevərlilik. Bütün bunlara görə də Səfər müəllim dövlət qulluğunun bütün sahələrində, bir sözlə, öz fəaliyyətinin bütün sahələrində, məşğul olduğu təşkilatlarda indiyə kimi hamının rəğbətini qazanan sıradan bir nəfər deyil, geniş ictimaiyyət nümayəndələrinin sevgisini qazanmış kamil bir şəxsiyyət kimi də formalaşmışdır.

Kitabın texniki quruluşu və bədii tərtibatı da çox yüksək səviyyədə, - elə işlənib ki, məzmunun açılmasına və estetik cəhətdən oxucularda mənəvi zövqün formalaşmasına imkan yaradır. Məsələn, kitabda verilən şəkillərin müxtəlifliyi, onların mətnə uyğun yerləşdirilməsi, aşağısında verilən izahedici sətirlər bu cəhətdən təqdirəlayiqdir.  Sanki kitabda çap olunmuş şəkillər də oxucu ilə xronoloji qaydada digər bir  paralel "dillə" danışır, bir insan ömrü ilə daha yaxından tanış olmağa bələdçilik edir.

Azərbaycan kitab mədəniyyətinin inkişafına yaxından bələd olan Səfər müəllim kitaba fərqli bir tərtibat verməyə nail olmuşdur. Bu  cəhətdən kitab başqa cəhətləri ilə yanaşı, həm də Azərbaycan kitab mədəniyyətinin inkişafına dəyərli bir töhfədir

Kitaba ön söz yazmış tanınmış şair- publisist Vaqif Bəhmənli də, sözardı yazmış yazıçı-publisist Rahilə Gülgün də sanki müəlliflə eyni bir milli dəyərlərin daşıyıcılarıdırlar.  Onlar da kitabın bütün yaxşı cəhətlərini göstərərək,  qeyd edirlər ki, nə yaxşı,  Səfər müəllim öz həyatının  nümunəsində belə bir gözəl əsər yazıb gələcək nəsillərə töhfə  etmişdir.

Etiraf etməyi özümə borc bilirəm deyim ki, müəllifin yazı dilinə, təhkiyyə zənginliyinə, işlətdiyi ifadələrə yaxşı mənada qibtə etməyə dəyər: aydın, sadə, axıcı cümlələr, hər sözü öz yerində... Müdriklər deyir ki, şirin dil də Allah vergisidir. Bu cəhətdən Səfər müəllim xoşbəxtdir ki, onun kitabının dili təkcə oxucuların "başını qatmır", əksinə, onların ruhuna və zövqünə sığal çəkir, sanki hər bir söz  insanın iliyinə qədər işləyir.

Səfər müəllim bir neçə ildir ki, təqaüdçü ömrü yaşayır. Amma o, ruhən cavan və müasir düşüncəli bir insandır. Ağcabədi rayon ağsaqqallar və əmək veteranları şurasının üzvüdür. Bu yaşında da rayonumuzun ictimai-siyasi və mədəni həyatında faydalı işlər görür, tez-tez müxtəlif mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir və öz dəyərli tövsiyələrini gənc nəslin yetişməsi istiqamətində heç kimdən əsirgəmir. Bütün bununla yanaşı, o, insanları, xüsusən də  əhatəsində olan insanları real fakt və rəqəmlərlə inandıra bilir. Tariximizi, dövlət siyasətimizi, qanunlarımızı və müasir dövrün siyasi, mədəni və iqtisadi panoramasını mükəmməl bilir və yüksək səviyyədə təbliğ etməyi bacarır.

... Səfər Məlikovun "Həyatla üzbəüz" kitabını oxuyub tamamlayandan sonra bir neçə dəqiqə düşünməli oldum. Müəllif və əsərin qəhrəmanı sanki xəyalən kitabdakı bu sözləri mənə bir də xatırlatdı: "Bu dünyada bax belə, geniş ürəklə, açıq alınla, isti bir məhəbbətlə yaşadım. Yaşaya-yaşaya əridim. Əridikcə dünyanın özünə qarışdım. Dünyayla müqayisədə bir toz zərrəciyi boyda olsam da, deməli, yaşamışam, olmuşam və varam. Üstümdən neçə-neçə illər keçsə də, ya canlı, ya da cansız, ya cismən, ya da ruhən varam!" Bu  düşüncələr  S.Məlikovun haqqında fikir söyləmiş dostları və keçmiş iş yoldaşları - Əbülfət Tapdıqov, Qəşəm Behbudov, Fazil Əliyev, Tariyel Əsədov, hacı xanım Vəsilə Hidayətqızı, Səfa Zeynalov, Teymur Rəhimov, Yaşar Bayramov, Möhübbət İsmayılov, Sevinc Məlikova, Leyla Əsgərova, Rəna Allahverdiyeva, İlqar Sultanov, Eldəniz Qəmbərov, Hafiz Mehdiyev və başqalarının   fikirlərlə də üst-üstə düşür.

 Ruh adamı olan Səfər Məlikov həm də yaxşı musiqinin vurğunu və dostlarının dediyi kimi, Azərbaycan muğamının  bilicilərindən biridir. Bu da təbiidir, çünki o, elə bir gözəl mühitdə - muğamatın və xalq musiqisinin  beşiyi olan Qarabağ torpağında, Ağcabədidə boya-başa çatıb. Qarabağın çox məşhur xanəndə və sazəndələrini Səfər müəllim Şuşadan başlamış Ağcabədiyə kimi dinləyib, onların apardığı yüzlərlə toylarda, çoxsaylı  musiqi məclislərində və el şənliklərində iştirak edib və hətta bir neçəsilə yoldaşlıq və dostluq əlaqələri də olub. Bu yaxşı ənənəni Səfər müəllim indi də uğurla davam etdirir. 

Hesab edirik ki, onun haqqında olan bir kitabı vərəqləmək, elə müəllifin ömrünü vərəqləmək kimi bir şeydir. Oxucular adından arzu edirik ki, "Həyatla üzbəüz" kitabının müəllifi və qəhrəmanı olan S.Məlikovun rahat və rəvan ömrünün davamı  uzunömürlü olsun və gələcək illərdə də oxucularını mövzusu real həyatdan götürülmüş yeni yazacağı əsərlərlə sevindirə bilsin.

Kitabla bağlı bu kiçik qeydləri edərkən, gah "Səfər Məlikov", gah "Kitabın müəllifi", gah da "Səfər müəllim" ifadələrini bir neçə dəfə təkrar işlətmişəm. Bütün bunlar da onun şəxsi keyfiyyətlərindən və zəngin xarakter çalarlarından irəli gələn  doğma, ona yaraşan ifadələrdir.

Bütün qeyd olunanlardan sonra yekun  fikrimizi Səfər Məlikovun öz sözləri ilə bitirmək daha yaxşı olardı O yazır:  "80-ə doğru üz tutduğum günlərdə dövlətimə və rayonumuzun ictimai həyatına xidmət etmək imkanlarımı bir kənara qoymaq fikrindən uzağam. Dövlətimiz sağ olsun, övladlarım çalışır, təqaüdüm yetərincədir, ilk baxışda elə görünə bilər ki, mənim heç nəyə ehtiyacım yoxdur. Amma var, son nəfəsimə qədər insanlara, doğma Ağcabədiyə gərəkli olmaq həyatımın mənasıdır".

Əlizadə NƏCƏFOV

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet  2018.- 3 oktyabr.- S.8.