Qara Qarayevin Ev Muzeyinin
açılışı oldu
Oktyabrın 1-də dahi bəstəkar Qara
Qarayevin Bakıdakı Nizami küçəsində yerləşən
Ev Muzeyinin açılış mərasimi olub.
Tədbirdə dövlət və hökumət
rəsmiləri, elm, mədəniyyət və incəsənət
xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət
naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Qara Qarayevin
Ev Muzeyinin açılması dahi bəstəkarın
yaradıcılığına böyük ehtiram nümunəsidir.
Nazir deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına
uyğun olaraq, bu il Qara Qarayevin 100 illik yubileyi geniş qeyd
olunur, silsilə tədbirlər keçirilir. Bu məkan
xüsusilə əlamətdardır, çünki dahi bəstəkar
gənclik, tələbəlik illərini bu evdə
yaşayıb, ilk əsərlərini, o cümlədən,
"Yeddi gözəl" baletini burada yaradıb.
Ölkəmizdə musiqi və incəsənət
xadimlərinin ev muzeylərinin yaradılmasının dövlətin
bu sahəyə göstərdiyi qayğının nəticəsi
olduğunu qeyd edən Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə
deyib: "Qara Qarayevin gənclik illərini keçirdiyi bu
yaradıcılıq ocağı müqəddəs bir məkandır.
Burada böyük bəstəkar sənətə doğru
uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri
belə böyük bir bəstəkardan dərs
aldıqları üçün fəxr edirlər. Ondan
yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi
alıblar. Qara Qarayev çox təvazökar, ziyalı insan
idi. Ölkəmizi dünya miqyasında şərəflə
təmsil edən dahi bəstəkar öz tələbələrinin
xatirəsində həmişə yaşayacaq".
Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırıb: "Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə yaratdığı "Yeddi gözəl" baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub".
Açılışdan sonar bəstəkarın
qızı Züleyxa Qarayeva mərasim
iştirakçılarını ev muzeyi ilə tanış
edib.
Tədbirdə, həmçinin, Mədəniyyət
Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi
"Azərbaycanın görkəmli şəxsiyyətləri"
seriyasından Qara Qarayevin həyat və
yaradıcılığına həsr olunmuş qısa
oçerklərdən ibarət kitab və disk təqdim olunub.
Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr
haqqında məlumat verib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli,
Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin
yüksək sənətkarlıq məharətindən, Azərbaycan
musiqi sənətinə bəxş etdiyi əvəzsiz musiqi əsərlərindən
danışıblar.
Mərasimdə, həmçinin, Prezident
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fərəh Əliyeva Prezident
İlham Əliyevin Sərəncamı ilə "Xalq
artisti" fəxri adına layiq görülmüş dahi bəstəkarın
oğlu Fərəc Qarayevə yüksək fəxri adın vəsiqəsini
və döş nişanını təqdim edib.
Tədbir bəstəkarın əsərlərindən
ibarət musiqi nömrələri ilə yekunlaşıb.
ŞAHANƏ
525-ci qəzet 2018.- 3 oktyabr.- S.7.