Rusiya mediasında Azərbaycanın turizm potensialına həsr olunmuş məqalə

 

"Gəlin Parisin əvəzinə Bakıya gedək" sərlövhəli məqalədə müəllif Aleksandr Tsukanov öz səfər təəssüratlarından yazıb

 

Rusiyanın "Ədəbiyyat Qəzeti"ndə (Literaturnaya Qazeta) "Gəlin Parisin əvəzinə Bakıya gedək" sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın turizm imkanlarına həsr olunmuş yazıda müəllif Aleksandr Tsukanov əvvəlcə ötən həftə Bakıda baş tutan 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumundan bəhs edərək, iki ölkə arasında ticari-iqtisadi sahədə yüksək inkişaf göstəricilərinə toxunub.

Qeyd olunub ki, hazırda Azərbaycan bazarında Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Rusiyadan Azərbaycana kənd təsərrüfatı, avtomobil, avadanlıq, metal, odun, kimyəvi məhsullar, Azərbaycandan Rusiya isə ərzaq məhsulları, metal, tekstil malları ixrac olunur. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb fəaliyyət göstərir.

A.Tsukanov təəssüflə bildirib ki, bütün bunlara baxmayaraq, ruslar Nyu-York ya Paris haqda daha çox məlumata sahibdirlər: "Biz Bakını yalnız ticarət əlaqələri kontekstində xatırlayırıq".

Daha sonra müəllif sual edir: "Bəs, bizim qonşularımız necə yaşayır?"

Volqoqraddan Bakıya yola çıxan jurnalist səfər barədə təəssüratlarını bölüşüb. O, Xəzər dənizi boyunca səyahət edərkən ilkin diqqətini çəkdiyi məkan kimi tarixi minillərə dayanan, ilk yaşayış məskənlərindən biri sayılan, qayaüstü yazılı abidələrlə (petroqlif) zəngin olan Qobustanı qeyd edib.

Bildirilib ki, poleolit dövrünə aid bu yazılı abidələr, onların yerləşdiyi bölgə haqda kifayət qədər elmi məqalələr yazılıb: "Həmin petroqliflər uşaq təsvirlərinə bənzəyir. Bu, olduqca möhtəşəm mənzərədir".

Azərbaycanın ən cəlbedici turizm məkanlarından biri kimi paytaxt Bakının adını çəkən müəllif burada tarixiliklə müasirliyin möhtəşəm harmoniya yaratdığını qeyd edib. Qobustandan Bakıya doğru hərəkət edərkən qayalıqlara əhatə olunmuş ərazilərin yaşıl parklar, fəvvarələrlə əvəz olunmasına heyranlığını gizlədə bilmir.

A.Tsukanov şəhərin yeni arxitekturasının əsas mirvarisi kimi memar Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzini hesab edir, onu super müasir məkan adlandırır. Müəllif ikinci sırada isə 190 metr hündürlüyü olan "Alov qüllələri" kompleksini görür. A.Tsukanov 3 qüllədən ibarət bu  kompleksin möhtəşəmliyinin təkcə hündürlüyündə yox, eyni zamanda, xaricdən LED ekranlarla örtülürək, böyük alov təsviri yaratmasında gizləndiyini bildirib: "Əksər şəhərsalma mütəxəssisləri - urbanistlərin qənaətinə görə, dünya praktikasında işıqlandırılmış "Alov qüllələri" ən yaxşı memarlıq nümunəsi hesab olunur.

Müəllif Bakı bulvarındakı "Kiçik Venesiya" şəhərciyini, Xalça Muzeyini, eləcə neft "kaçalka"larını (məngənə dəzgahı) Bakının simvolları sırasında qeyd edir. O, paytaxt Bakının qədimiliyini əks etdirən "İçəri Şəhər" Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil ediliyini xatırladıb. A.Tsukanov bu, qəribə, dar küçələrdə bir neçə Sovet istehsalı olan filmin çəkildiyini qeyd edib.

Müəllif, həmçinin, bildirib ki, şəhərin memarlıq görünüşü, küçələrin təmizliyi, yolların keyfiyyəti, su kanalizasiya sistemləri mədəniyyətin bir elementidir: "Bütün bunlar Bakıda mövcuddur".

Bakıda Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə görüşdüyünü qeyd edən A.Tsukanov onunla birgə Qəbələyə gerçəkləşdirdiyi səfərdən bəhs edib: "Dağlıq ərazidə yerləşən Qəbələ rahat giriş yolu olan kurort zonadır. Yüksəklikdən şəhərin gözəl görünüşünü izləmək heyranedicidir".

Qəbələdə istirahət etmək üçün hər cür şəraitin yaradıldığını deyən müəllif burada 5 ulduzlu otellərin fəaliyyət göstərdiyini, uzun kanat yolunun istifadəyə verildiyini xüsusi vurğulayıb.

Qəbələdən İsmayıllıya hərəkət edən müəllif-turist molokanların yaşadığı İvanovka kəndinə baş çəkib. Molokanların artıq 200 ildir ki, yerli əhali ilə sülh əminamanlıq şəraitində yaşadığını deyən A.Tsukanov bildirib ki, onlar bu illər ərzində öz adət-ənənələrini qoruyub, ölkənin bərabərhüquqlu vətəndaşları kimi rahat, müstəqil həyatlarını yaşayırlar. Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə bu kəndə səfər etdiyini xatırladan müəllif dövlət başçısının molokanlara öz diqqət qayğısının heç vaxt əsirgəmədiyini qeyd edib.

Sonda Gəncə səfərindən danışan müəllifin Nizami yurduna səfəri bir sıra maraqlı məqamlarla yadda qalıb. Azərbaycanla Ermənistan arasında 30 ilə yaxındır davam edən münaqişəyə toxunan A.Tsukanov şəhərin girişində Dağlıq Qarabağdan məcburi köçkün düşənlər üçün tikilmiş yüksək mərtəbəli binaların olduğunu qeyd edib.

Daha sonra Gəncənin müasir görkəminə toxunan, turizm imkanlarını dəyərləndirən müəllif "Xəzinələr şəhəri"nin öz adını doğrulduğunu bildirib. O, Nizami Gəncəvinin məqbərəsini, Şeyx Bahəddin küçəsindəki Uğurlu bəy Karvansarasını, "Xan Bağı" parkını, Cavad Xan türbəsini şəhərin möhtəşəm tarixi abidələri sırasında qeyd edib. Burada onun diqqətini çəkən əsas məqam isə şəhərin mərkəzindəki qəzet köşkü olub: "Köşk rus dilində jurnallarla əhatələnmişdi. Bu, məni heyran etməyə bilməzdi".

Eyni zamanda, A.Tsukanov Gəncədə 1887-ci ildə həm yerli pravoslavların, həm müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmış Aleksandr Nevski kilsəsinə diqqəti çəkərək, ümumiyyətlə, Azərbaycanda rus mədəniyyətinə, xristian dini inanclı insanlara böyük diqqət qayğı göstərilməsinə, ölkədə multikultural dəyərlərin qorunub-saxlanılmasına, həyat tərzinə çevrilməsinə işarə edib. Bu da heç şübhəsiz, dinindən, irqindən asılı olmayaraq Azərbaycana gələn xarici qonaqların ölkənin turizm imkanlarından yararlanması, xoş yaddaqalan vaxt keçirməsi üçün hər cür şəraitin mövcud olduğunu deməyə əsas verir.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 5.