Sərdari-Milli Səttarxanın
vətən üçün alışan ruhu
Qəribə
bir hiss neçə müddət idi məni
çulğamışdı. Nigaran və
darıxdırıcı bir hiss, düzünü istəsəz,
bura gəldiyim vaxtdan bəri o tərəfdən heç xəbərim
yoxdu. Əlbəttə, hər sinfə məxsus bir çox adam məndən sonra o dünyadan gəlmişdilər.
Amma heç birisinin ya deməyə sözləri
yox idi, yaxud dedikləri sözlərə inanmaq olmurdu.
Bu müddətdə bir çox dostun, qohum və
tanışların buraya köçməsini
eşitmişdim. Ancaq həmin insanlar ilə əlaqə
yarada bilməmişdim ki, inandırıcı xəbər və
məlumatları onlardan ala bilim. İşim-gücüm
üç alimin: Axund Xurasani, Şeyx Mazəndərani və
Mirzə Hüseyn Tehranının minbər söhbətlərinə
qulaq asmaq idi. Axı bu üç böyük
alim məndən əvvəl buraya gəlmişdilər və
kəramət sahibi idilər. Axund Xurasani həqiqətən
aydın fikirli və bilici bir molla idi. Şeyx
Fəzlullah Nuri məmləkətdə qüvvələrin
üç yerə, yəni qanunverici, icraedici və qəzavətə
bölünməsini bidət və bədbaxtlıq bilib
qızlara məktəb açmaqla müxalifət edirdi.
Xurasanlı Axund İslam ölkələrinin
geri qalmasını cübran etmək üçün yeni elmlər
və yeni fənlərdən bəhrələnməyə və
uşaqların təlim üsullarının islah olmasına və
xarici dillərin onlara öyrədilməsinə təkid
edirdi. Bəzi vaxtlarda ruhani atam Siqqətül-İslamla
söhbət edib dərdləşirdim. Bunlardan
savayı ürəyim heç nə ilə xoş olmurdu.
Əməl dəftərim qiyamətə
hazır olsun deyə vaxtaşırı Bərzəx (aləminin)
məmuları vasitəsilə sorğu-sual edilirdim. Burası maddi aləm ilə çox fərqlidir.
Bədənin su, yemək və paltara
ehtiyacı olmadığından onları qazanmaq
üçün çalışmağa da ehtiyac qalmır.
Bu qədər rahat. Daha bundan
artıq izah verə bilmərəm, çünki deməyə
icazəm yoxdur.
Günlərimiz beləcə keçirdi. Hər kəs
gözləyirdi ki, vaxt-vədə çatsın başqa bir
aləmə yollansınlar. Ancaq mən burada olduğum
yüz il ərzində o tərəfdən
nə xəbər olub-olmadığını bilmək istəyirdim.
Millətin vəziyyəti nə yerdədir?
Günlərimi bu minvalla sovururdum. Günlərin birində igid bir oğlan
gördüm. Onu görməklə qəribə
tanışlıq istəyi məni çulğadı. Yaxınlaşıb söhbət etdik.
Bir-birimizlə tanış olduq. Söhbət əsnasında mən onu tanımasam
da, o, məni tanıdı. Sadə bir kəndli
idi. Məktəbdə tarix müəllimi
işləyirmiş. Bir avtomobil qəzası
nəticəsində buraya gəlmişdi. Adı
Əziz idi. bu adam çox mərfətli
idi və çox sahələrdə yaxşı məlumatı
var idi. Onunla söhbət etmək kefimi saz və
məni məşğul edirdi. O, türk, fars
və ingilis dillərinə bələd idi. Savadlanmağa
marağımı gördükdə mənə yazıb
oxumaq öyrətdi. Bir müddətdən
sonra mən də bütün mətləbləri oxuya bildim.
Buna görə də kefim
yaxşılaşırdı. Artıq
hövsələsizliyimi yenə bilirdim. Çox
üzülürdüm ki, həyat niyə məni və mənə
tay saysız insanları savadlanmaq
şansından məhrum etmişdir. Biz
savadlanmadıqca isə elmin və savadlanmanın artmasıyla
şeytansifət və ikiüzlü adamların pis niyyətlərindən
gec xəbərdar olduq, onların dəyirmanına su
tökdük.
Əvvəlkinə nəzərən bir çox işləri
bacarmağım mənə çox müsbət təsir
edirdi və mən artıq hövsələsizliyimi idarə
edə bilirdim.
Əziz çalışqan və istedadlı
olduğundan bu aləmdə də çox şeyləri mənimsəmişdi.
Onunla bir çox məsələlər
haqqında söhbətlər edirdik, bir gün Əziz maddi
dünyaya getməyin mümkünlüyünü, ancaq şərtlərin
çox ağır olduğu üçün heç kəsin
maraq göstərmədiyini dedikdə fikir beynimi çox məşğul
etməyə başladı. Doğrusu, mən
də bu səfərə getmək istəyirdim. Bu haqda çox fikirləşdim. Qısaca, Siqqətül-İslam ağanın
yanına gedərək məsələni ona
danışdım, məsləhət istədim. Mənə
bu fikirdən vaz keçməyimin yaxşı
olacağını dedi: "Buranın məmurları hər
kəsə asanlıqla maddi dünyaya səyahət etmə
imkanı vermirlər. Çox ağır və
sarsıdıcı şərtləri vardır. Zəmanət verməlisən ki, bütün
qanunlara hörmət edib şərtləri pozmayacaqsan. Səfər şərtlərinə uyğun olub
gedib-qayıdanlar deyirlər ki, baş ağrısına dəyməz.
Bu səfər dünyəvi səfərlərə
oxşamır ki, gedib qayıdandan sonra damağın
çağ olub əhval-ruhiyən yaxşılaşsın.
Əksinə, halın xarab olacaqdır".
Qısaca, kimdən rüsxət istədimsə,
vaz keçməyimi məsləhət etdilər. Amma mənim bu nəsihətləri eşidən
qulağım yox idi. Təkidlə bu səfəri
etmək istəyirdim. Xahiş etdim ki, mənə
kömək etsinlər.
Son olaraq
ağa Siqqətül-İslam söz verdi
ki, başqa alimlərlə və bərzəx məmurlarıyla
danışıb məsələni həll etməyə
çalışacaqlar. Bir-neçə gün
keçdi. Allahın tükənməz
lütfü mənə qismət oldu. Məmurlar
əməl dəftərimdəkilərə görə səfərimlə
razılaşdılar. Səfər şərtləri
biri-birinin ardınca yerin tutdu. Sevincimin həddi-hüdudu
yox idi. Birinci olaraq kristal pasport
almalı idim. O, çox yorucu iş idi. Onu
aldıqdan sonra necə işlətməsini öyrənməli
idim. Bu müddət ərzində Əziz
mənə dəstəyini əsirgəmədi. Əziz
maddi aləm (Maddi aləm həmin
yaşadığımız yer kürəsidir) haqda mənə
lazımi məlumatları verdi. Daha sonra mənim dünyadakı (yer üzündə)
hər müşkülümü düzəldəcəyinə
inandığı bir dostunun ünvanını yazdı.
Belə ki, mən torpağa verildiyim yerdən
maddi aləmə getməli və yeddi gündən sonra həmən
yerdən indi olduğum aləmə geri qayıtmalı idim.
Bir çox şərtlər və məhdudiyyətləri
qəbul edib onları gözləməyim gərək idi.
Səfər günü gəlib çatdı.
Kristal pasportum baş məmurun vasitəsilə
işə salındı. Gözlərim
qaraldı, başım fırlandı və bayıldım.
Bir neçə dəqiqədən sonra
özümə gəldim. Gözlərimi
açdıqda özümü hər yanını ay
işığı bürümüş bir həyətdə
gördüm. Ətrafda heç kim
yox idi, təkcə bir neçə toz tutmuş qəbir
daşı görünürdü. Hələ
də başım fırlanırdı. Yanımdakı qəbir
daşının tozunu silib üzərindəki
yazıları oxudum: Bu günahkar bəndə - Səttar,
İslam alimlərinin hökmləri əsasında Həzrət-i
Məhəmməd (s.) şəriətin icra etməkdə
bütün varlığından, canı, malı və
övladlarından göz yumaraq çalışdı ki,
zülümkar dövləti ədalətli dövlətə,
həzrət-i Seyyid əl-Mürsəlin qanunları İslam
dünyasının rəviyyəsinə çevirsin;
İmza-Səttar. Bu qəbir daşı
altında əbədi uyuyan Qaradağlı, Hac Həsən
oğlu, müsəlman mücahid Səttarxandır. O, Azərbaycanın
əleyhinə olan şəxslər və məşrutə
düşmənlərinin qarşısında sarsılmaz və
mübariz rəhbəri olmuş "Sərdar-i Milli" fəxri
ad və ünvanın almışdır. Nəhayət,
bir ömür mübarizə və çalışmalardan
sonra 1293-cü günəş ilinin Aban ayının 25-də
dünyasını dəyişdi ... Təzə başa
düşdüm ki, hardayam. Bir qab su
tapıb qəbir daşın yudum. Bu məni bir az vicdanən rahatlaşdırdı. Başımın fırlanması keçdi. Əzizin izahlarına əsasən bildim ki, Rey şəhərinin
Şah Əbdül-Əzim həyətindəyəm. Bir
az o tərəfdə camaatın hərəmə
gediş-gəlişini gördüm. Ziyarət
üçün dəstamaz alıb hərəmə daxil
oldum. İki rükət namaz
qıldıqdan sonra keçmiş fikir və xatirələrimi
xatırladım. Necə sınıq qəlblə, axsaq
qıçla bu hərəmə gəlib bir az
da olsa toparlanmağa çalışardım. Mən
bu xatirələrə dalmışdım. Bir də ayıldım ki, camaat mənə birtəhər
baxır, pıçıldaşır, məni bir-birlərinə
göstərirlər. Onlardan birisi mənə
yaxınlaşaraq dedi:
- Necəsən,
Məşhədi? Dedim:
- Şükür olsun Allaha, yaxşıyam. Həmsöhbətim sonra
istehza ilə dedi:
- İndi
sən bu bığlarınla, bu sir-sifətlə, bu görkəmlə
demək istəyirsən ki, Səttar xansan?!
Onun bu sözünə hamı gülüşdü. Əziz bu haqda mənə əvvəlcədən
danışmış və necə davranmalı olduğum barədə
tapşırıq da vermişdi:
- Burda nə
var ki? Nə qədər pul xərcləmişəm,
vaxt qoymuşam, qrim etmişəm ki, özümü Səttarxana
oxşadım. Axı mənə bir
tamaşada Səttarxan rolunu oynamağı vəd veriblər.
Həmsöhbətim dedi:
-
Bütün xərclərin batıb. Əvvəla,
heç kimsə Səttarxan olammaz. O, başqa bir adam idi. İkincisi də bu zəmanədə
heç kimin vədlərinə inanma! Mən dedim:
- Uzaq
yoldan gəlmişəm Səttarxanın qəbri üstə
getmək istərdim. Siz bilirsiz onun qəbri
hardadır?
Hamı
biri-birinin üzünə baxıb dedi:
- Yox,
bilmirik. Hərəmdən çıxıb, istədim
çox sevdiyim Şeyx Məhəmməd Xiyabaninin məzarı
üstə gedim. Axı o, böyük kişi
də mənə tay zəmanəsinin nakişiləri və
alçaqlarından, o cümlədən, altı Şahın
hakimlik dövründə qüdrət taxtında oturan
Müxbürü əl-Səltənədən çoxlu
yaralar almışdı. Əzizin mənə
göstəriş verdiyi istiqamətdə getsəm də,
ustaların alt-üst etdiyi qəbristanda daş-kərpicdən
savay bir şey tapanmadım. Bir neçə
adamdan şeyxin qəbrini soruşdum, gördüm deyən
olmadı. Əlacsız qalıb olduğum
yerdən ruhlarına fatihə oxudum.
Səhər açılmışdı. Əziz dostu
Yaşarı tapmalı idi. Yaşarın
atasının türbə kənarında dükanı var
idi. O, Hacı Həsən ləqəbli
tanınmış əsnaf idi. Onun
dükanına gedib Yaşarı görmək istədiyimi
bildirdim. Atası Yaşara zəng elədi.
Yaşar yarım saata gələcəyini
bildirdi. Bir az söhbətdən sonra
türbədə yaranmış söhbəti eşidib dedi:
-
Oğlum da, mənim kimi tarixlə maraqlanır. Əslən
təbrizli olduğumuzdan Səttarxanın mürüdlərindənik.
Sonralar Rey şəhərinə
köçmüşük. Daha sonra o, Səttarxan haqda
iyirmidən artıq kitab oxuduğunu deyib davam elədi: - Onunla
əlaqədar bir çox dillərdə şeirlər, minlərlə
məqalələr yazılmasına, qəhrəmanlıqları
aşıqların dillər əzbəri olmasına baxmayaraq,
çox təəssüf kı, qəbri baxımsız
qalıbdır. Hərdən bir məram
mürüdləri onun məzarını ziyarətə gəlirlər.
- deyib Hacı Həsən məni
başdan ayağa süzdü və qayğılı bir səslə:
- Bu qiyafə
ilə şəhərdə gəzmə, yaxşı olmaz. O,
mənə sürmə rəngində gün papağı
bağışladı: - Bunu başına qoy,
saçların pərişandır. Bu səni
həm gündən qoruyar, həm də camaatın
atmacalarından. Elə bunu demişdi ki,
Yaşar gəlib özünü çatdırdı. Salamlaşdıq. Mən Yaşara Əzizin
dostu olduğumu və adımın da Səttar olduğunu
dedim. Daha sonra əsas diləyimi dilə gətirdim:
- Səttarxan
haqda bəzi bilgiləri araşdırmaq istəyirəm.
Əgər icazə versəniz, bir az sizin
vaxtınızı alardım. Səttarxanın
adaşı olmağım Yaşara xüsusi zövq verirdi.
Odur ki, sevinclə tələbimlə razılaşıb,
Əzizin ən yaxşı dostu olduğunu dedi. Biz Yaşarın atasından icazə alıb
sağollaşdıq. Yaşarın otuz
yaşı var idi, subay bir gənc idi. Bu
yaşda hələ də ailə qurmaması məni çox
təəccübləndirirdi. Evlənməməyinin
səbəbini soruşduqda sadaladığı səbəblər,
çətinlikləri eşidib subay qalmasına haqq
qazandırdım. Yaşardan ilk olaraq məni
Şeyx Əbdülhüseyn məscidinə aparmasını
xahiş etdim. Nasirəddin şah
dövründən qalmış çox gözəl
kaşılarla bəzənmiş məscid, Tehranın
Paçınar məhəlləsində yerləşir.
Məscid Əmir Kəbirin malın üçdə
birindən alim Əbdülhüseyn Tehranı vasitəsilə
düzəldilmişdir. Məscidə
Əmir Kəbirin adı verilməli imiş. Ancaq istifadəyə verilən zaman Əmir Kəbir
rəhmətə getmiş və onun ən qəddar
düşməni baş vəzir Mirzə Ağaxan Nuri bu
işə mane olmuşdu. Yaşar izah edirdi ki, hər il azərbaycanlılar Məhərrəmlikdə
burada əza və rövzə məclisləri qurar. Bura, Tehran azərbaycanlılarının
toplandıqları əsas yerdir. Yaşar
bilmirdi ki, mən özüm də o məsciddə hazir
olardım. Heç unutmaram, dizimdən
yaralandıqdan sonra məhərrəmlikdə əlimdə
çəlik axsaya-axsaya bura gəlib azərbaycanlıların
sinəvurma və zəncirvurmalarına şahid olurdum.
Özümü bilməməzliyə vurub birindən
soruşdum: "Qardaş! Burda nə xəbərdir?
Camaat belə ağlayıb, özündən
çıxır?" Dedi: "Bilmirsən məgər
bu günlərdə bir məzlumu şəhid ediblər. Mən
də ona dedim ki, indi də bir məzlum sınıq
qıçla bu məsciddədir ona da bir az
sinə vurun və bir az da ona ağlayın. Sonra Yaşara dedim: Əmir Kəbirin ruhu şad olsun,
böyük kişi idi. Vətənimizə
çoxlu xidmətlər etdi. Bizim
hamımıza milli qəhrəmanlarımızı
tanıyıb onlardan dərs almaq vacibdir. Yaşar mənim
söhbətlərimi təsdiqləyərək dedi: təəssüf
zəmanə dəyişib. Cəmiyyət içində dəyərlər
tərsinə olub, misal üçün indi əgər
“Google” axtarış sistemində "Əmir"
sözünü daxil edən kimi Əmir Kəbir yerinə
alçaq müğənni Əmir Tətello adı “Google”da
nümayiş verilir. "Əmir Tətello"
isə bozbaş müğənnidir, ancaq onun adı
"Əmir Kəbir" sözündən çox
aranmışdır. Yaşarın sözlərinin
çoxunu başa düşmədim. Amma ədəbsizlik
olmasın deyə "Təəccüblüdür. Adam
Təəssüflənir." deyib susdum... Yaşar dedi:
-
Keçmişlərdən başlayaraq Şeyx
Əbdülhüseyn məscidi yavaş-yavaş qiymətdən
düşərək get-gedə uçub
dağılmışdır. Tehranda yaşayan təbrizli
xeyriyyəçilər Nəcəf alimlərindən fitva
alaraq oranı yenidən bərpa etmişlər. Yaşardan məni azadlıq sevərlərin arzu Kəbəsi
- Şura məclisinə aparmasının istədim.
Yaşar dedi:
- Məclisin
yarandığı tarixdən indiyə qədər 24 iclas
İslam inqilabından əvvəl 10 iclas isə sonrakı
dövr təşkil olubdur. Əmniyyət məsələləri
baxımından bir də ki, qanun kimi təsdiqlənən və
icra olunmayan 15-ci əsl ki, deyir rəsmi dil kənarında ana
dili və yerli dillər mədrəsələrdə
oxunmalıdır. Qanuna riayət
olunmadığına görə ora getməkdən vaz
keçdim.
Sabahın proqramlarından biri də Qum şəhərinə
getmək idi.
Yol boyu Yaşarla çoxlu söhbətlər
etdik. Mən Səttarxan qəbrinin həqir
və ürək açmayan vəziyyətindən
danışaraq Yaşardan bu baxımsızlığın səbəblərini
soruşdum. Yaşar dedi:
- Səttarxanın
məzarı özü kimi qərib və məzlum olubdur. Səttarxanın
qıçı İnfeksiya olandan və dəhşətli
qızdırması olan zaman nə "anası Təbriz"
yanında olmuş başını dizi üstə alıb
qızdırmasın endirmək üçün alnına
yaş dəsmal qoysun, Nə də atası "Təbriz
camaatı" yanında idi başı üstə həkim
çağırsın, dərdlərinə dərman etsin. O,
rəhmətlik çoxlu əzab-əziyyətlərə
qatlaşdı. Quma çatdıq. Həzrət-i Məsumənin hərəmin ziyarət
etdikdən sonra Darül-Səlam qəbristanına - qızım
Sultanın qəbri üstünə fatihə oxumağa getdik.
O, körpə çağlarından ata məhəbbətindən
məhrum qalmışdı. O, dörd yaşında ikən zəmanə
nakişiləri məni zorla Tehrana çəkdilər, sonra
heç vaxt bir-birimizi görmədik. Onda fikirləşdim ki,
nə yaxşı olardı Tehrana gedən zaman Qəzvin şəhərinə
çatdıqda bizi qarşılayan Azərbaycan millət vəkilləri
Şeyx Məhəmməd Xiyabani və Mirzə İsmayıl
Növbərinin tövsiyələrinə qulaq verib, əməl
edərdim. Onlar Terhanın vəziyyətinin
qatma-qarışıq olmasından danışaraq mənə
geri dönməyimi, Nəcəfə getməmizi istədilər.
Ancaq nə edə bilərdim, bütün yol
boyu millətin mənə və mənim yoldaşlarıma
göstərdikləri məhəbbətləri, təntənli
qarşılamaları, onlarala mucahidin yol boyu bizə
qatılmaları mənə geri qayıtmağdan mane
olmuşdur. Öz-özümə dedim
ki, millətin səmimiyyətlə qarşılamaların
görüb geri qayıtmaq, nankorluq, nemətə küfran etmək
kimi millətin qəlbini qıracaqdır. Axı
mən, Allaha xatir bu millət üçün meydana
atılmışam. Bu millətin himayəsi
ilə "Sərdar-i Milli" olmuşam. Məxləs əgər qayıtsaydım, bəlkə
də qızım sultan və başqa iki uşağım ata
məhəbbətindən artıq bəhrələnərdilər.
Bəlkə də minlərlə zülm
görmüş insanın qəlbin sındırardım.
Nə yaxşı ki qayıtmadım!
Bu fikirlərə dalmışdım ki, Yaşarı qəbristan
gözətçi köşkündən çıxan
gördüm.
O, mənə sarı gəlib dedi: gözətçidən Səttarxan
qızı sultanın qəbrin soruşdum. O siyahıya
baxıb dedi: sultan Səttarı 1365-ci günəş ili rəhmətə
getmiş və burada toprağa verilibdir. Ancaq 4-5 il olar onun məzar daşı ətrafdakı məzar
daşlarıyla bərabər Ayətullah Şəhid Qəffariyə
xatirə abidə ucaltmaq üçün sökülüb,
öz başına buraxılıbdır. Bina ətrafı
məzar daşlarını anbara yığıblar. Onun üçün dəqiq olaraq qəbrin harada
olduğu bəlli deyil. Çarəsiz
qalaraq elə oradan Sultanın ruhuma fatihə oxuyub geri
qayıtdıq. sonuncu övladım Məsumənin
məzarın ziyarət etmək qəsdilə Beheşt-i Zəhra
məzarlığına döndük. Mən
Tehrana gedən zaman Məsumə ana bətnində idi. Onu heç görmədim. Bağrıma
da basammadım. Yaşarın internet vasitəsilə
aldığı məlumata əsasən Məsumə 1379-cu
günəş ili
rəhmətə getmiş 45-ci bölmə,
sıra 58, 39 nömrəli qəbirdə dəfn edilmişdir.
Xoşbəxtlikdən onun qəbri yerində sağlam şəkildə
dururdu! Tehrana sarı gəlirdik. Orada bir işim qalmadığı və xoş xatirəm
olmadığından Təbrizə getməyi Yaşardan istədim.
O isə məndən təyyarə bileti almaq üçün
milli kimlik vəsiqəsi istədi. Bəhanə
gətirib yanımda olmadığın bildirdim. Yaşar o gecə telefonla Təbrizə iki avtobus
bileti sifariş etdi. Düzünü istəsəz
təyyarə ilə uçmağı arzu edirdim. Ömrümün sonlarında yalnız bir kərə
təyyarə səsini eşitdim. Yaralı
qıçımla həyətə çıxdım. Ancaq onu görə bilmədim, göydə yoxa
çıxmışdı. O günlər təyyarə
haqda camaatdan çoxlu söz-söhbət eşitmişdim.
Deyirdilər birinci dəfə 1292-ci günəş ilində Rus
pilotu koziminski - Bleriot 11 adlı
təyyarə ilə Tehran səmasında uçuş nümayiş
etdirmiş, məşq meydanında yerə enmişdi. Əhməd şah isə onun kənarında
dayanıb xatirə şəkli çəkdirmişdi.
Avtubusda gecə səhərə qədər bir an da olsa belə gözümə yuxu gəlmədi. Ancaq Təbrizi düşünürdüm. Onu ana kimi sevib fəxr edirdim. Səhər erkən Təbriz avtovağzalına çatdıq. Yaşardan istədim yeganə oğlum Yədullahın məzarın mənə göstərsin. O dedi: Yədullah İmamiyyə qəbristanında toprağa verilib. Bura çox yaxındır. Oraya piyada da gedə bilərik. Yaşar mənə izah etdi kı, İmamiyyə qəbristanı mirzə Kazım İmaminin vəqfidir. Yanıq Dağ ətəyində ölənləri dəfn etmək məqsədilə öz torpaq sahələrindən Təbrizlilərə bir hissəsini vəqf etmişdir. 600 il bundan əvvəl Təbrizin cənubunda yerləşən indiki Yanıq Dağ sıx ağaclarla hörülmüş vüsətli meşəlik olmuşdur. Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin müridləri o meşəlikdə gizlənmişdilər. Məmurlar hürufiliyi məhv etmək məqəsdilə meşəni yandıraraq, onların hamısını kül etdikləri zamandan bu yana Yanıq Dağ məşhur olmuşdur. Yaşar söhbətini bitirəndə qəbiristanın qapısına çatmışdıq. Qapı bağlı idi, nə qədər döydüksə, açan olmadı. Qəbristanın Divarında gözümüz bir yazıya toxundu: "Bu qəbristanın qapısı yalnız Cümə axşamı və Cümə günləri qəbir ziyarətinə açıqdır". Bəxtimizdən o gün Çərşənbə idi. Qanım qaraldı. Yaşar məni qəzəbli gördükdə dedi: məzarlıqla üz-üzə Məşrutə adına park icad olub. orada Səttarxanın at üstündə heykəli var. Gəl gedək oranı sənə göstərim.
(Ardı var)
Sami
SERDARİMİLLİ
525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 6.