“Yaxşı ki, sonsuzdu xatirələrin...”
Özəl duyğularını ifadə edə bilmənin ən gözəl yoludur sevgi şeirləri. Bəzən bir şairin yazdığı bir şeir və ya ikicə misra yüzlərlə insanın sevgisinin ifadəsinə çevrilir.
Belə şeirlərdən biri də Gülqədəm xanımın qələmindən çıxıb:
Sənli xatirələr
aldı qoynuna,
Dolaşdıq səninlə
sənli günləri.
Nə
yaxşı taledən gün
oğurlayıb,
Yazdıq
ömrümüzə xatirələri.
Yenə
yaddaşımı vərəqləyirəm,
Sənə
qovuşmağın dadı nə şirin.
Səni həzin-həzin
əzizləyirəm,
Yaxşı ki, sonsuzdu xatirələrin...
Beləcə "Həzin xatirələr" şeiri payızın sarı yarpaqlarının xışıltısına büküb aparır oxucunu… Şair bu qəbildən olan digər bir şeirdə - "Baxma belə"də yazır:
Gəl, yollara baxma belə,
Etibarın bilə-bilə.
Qırmadığım ümidimə
Axır bu gün göz yaşlarım.
Bağrım başın dəlir
yenə,
Dözəmmirəm həsrətinə.
Damla-damla, gilə-gilə
Axır sənə göz yaşlarım.
Tanınmış türk şairi Cemal Süreyyanın bir fikri burada
tam yerinə düşür. "Aşk, annesinden dayak yediği halde
"Anne" diye ağlayan
çocuktur". Bəlkə də
buna görə insan ömrü boyunca ən çox ağrıdığı
tərəfdən - sevgidən
- sevməkdən uzaq dura bilmir. Uzağında və ya yaxınında olması fərq etmir, könlünün dolu olması sevən insana qarın toxluğundan daha vacib olur. Xüsusilə şairlərə və şair təbiətlilərə. Bu
durumda sevgi poeziyadır. Sevgisiz
- poeziyasız həyatda
isə o, ölü dənizin suyuna atılmış balıq
kimidir...
Azərbaycanın incəsənət xadimi, bəstəkar Tahir Əkbər, Fərid Kərimli, Fuad Hüseynov G.Mirzəzadənin
şeirlərinə musiqi
bəstələyiblər. Bir neçə
şeirinin musiqisinin müəllifi isə Gülqədəm xanım
özüdür. Bu da
əsas verir ki, hamının bildiyi bir fikri
yenidən xatırlayaq
- yaradıcı adam hər sahədə bir az yaradıcıdır. Amma bu o demək deyil ki, bir
nəfər hər sahədə uğur qazana bilər. Hər halda müəllif buna çalışıb.
"Dostluq marşı",
"Şəhid Elimdar
Səfərov", "Payız
leysanları" G.Mirzəzadənin
həzin xatirələrindən
keçən darıxmaların
səsidir. "Vağzalı"
şeiri:
Səslən ey vağzalı,
sevgi nəğməsi,
Xalqımın illərdən süzülən
səsi,
Sevən könüllərin xoş
ahəstəsi…
Bəzəsin yolunu güllər,
çiçəklər,
Bəxtini bəxtəvər yazsın
mələklər!
- şairin ərə
gedən qızlara cehiz payı,
"Yolunu gözləyirəm"
şeiri:
Yolunu gözləyirəm hər
günkü kimi
Gəlməyəcəyini bilə-bilə.
Içimdə bir ümid çırpınır
Bəlkə gələcək deyə...
- isə sınıq
könüllərə təsəlli
payıdır.
"Səmavi" Gülqədəm
Mirzəzadənin ilk kitabıdır. İlk kitab
əziz olduğu qədər də "qüsurlu" olur həmişə şairlərin
nəzərində. Ümid edirəm
ki, o da şeirlərinin üzərində
daha çox işləyərək dolğun
və dəyərli nümunələrlə oxucularının
görüşünə yenidən
gələcək. "Səmavi"nin Gülqədəm xanımın
qarşısında daha
geniş üfüqlər
açması arzusuyla...
Adilə NƏZƏR,
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 8.