Zavallı Məsud
Hekayə
Artıq mart ayının əvvəli olmasına baxmayaraq, hava ayazlı, demək olar ki, soyuq idi. Küçə və səkilərdə, yollarda qar olmasa da, bağ-bağçada, qüzeylərdə adda-budda qar görünürdü. Səhərlər isə havanın soyuqluğu lap hiss olunur, adamı əməllicə üşüdürdü.
Dayaz olan yerlərin suyu gecədən səhərə donurdu. Belə bir havada, səhər ertədən və bir köynəkdə, paltosunu büküb qucağında tutaraq iti addımlarla gedən əlli beş yaşlarında, sısqa bir kişi istər-istəməz yoldan ötən, qarşısına çıxanların diqqətini cəlb edir, görənlər onu maraq və təəccüblə süzürdülər.
Məsud uşaq evində böyümüşdü. Ata-anasının kim olduğunu belə bilmirdi. Çağa ikən səhərüzü onu gətirib bələkdə uşaq evinin qapısına qoyub gedibmişlər. Bütün bunları o, sonralar, böyüyəndən sonra uşaq evinin müdirindən öyrənmişdi. Ona Məsud adını da elə müdir qoyubmuş. Və Məsud uşaq evinin müdirini minnətdarlıqla xatırlasa da, bir şeyi başa düşə bilmirdi ki, niyə ona Məsud adını verib. Düşünürdü ki, ona "Zavallı" adı daha çox uyğun gələrdi. Müdirdən də bu barədə soruşmuş, müdir isə "Qisməti bilmək olmaz, ata-ananın acığına sənə belə ad qoymuşam və sən də onların acığına çalışıb məsud və xoşbəxt olmalısan" deyə cavab vermişdi.
Məsud savadlı, mədəni, işgüzar, lakin çox adamayovuşmaz idi. Bəziləri bu xasiyyətini uşaq evində böyüməsi ilə əlaqələndirsə də, əslində, bu adamayovuşmazlığın əsl səbəbi tam başqa idi. Ali məktəbi bitirdikdən sonra rayonların birinə təyinat alan Məsud müəllim işlədiyi çox da böyük olmayan kənddə bir qıza könül vermiş, atası qızını ona vermək istəməsə də, Məsudun işlədiyi məktəbin camaat arasında hörməti olan direktorunun, bir-iki sayılan ağsaqqalın elçilikləri, qızın anasının "Ay kişi, bizim oğlumuz yoxdur, oğlanın da ata-anası. Bəlkə də elə Allah özü bunu bizə urcah edib" deməsi məsələyə necə deyərlər nöqtə qoymuş, Məsud da, qız da istəklərinə çatmış, el adəti ilə toy edib evlənmişdilər.
Məsudun işlədiyi kəndin qırağından iki qonşu rayonun bir neçə kəndindən keçən, suvarma işləri üçün xüsusi çəkilmiş kanal keçirdi ki, dərinliyi adamboyundan artıq, kənarları isə içəriyə doğru maili və hamar beton olduğundan hətta susuz, boş vaxtlarında da kanala düşən üçün oradan köməksiz çıxmaq çətin olurdu. Evliliklərinin ilk aylarından başlayaraq gələcək körpələrinin sağlamlığına müsbət təsirini nəzərə alan Məsudla həyat yoldaşı kəndin qırağından keçən həmin kanal boyu hər gün gəzməyə çıxardılar və bu, onlarda artıq adət halını almışdı. Hər ikisi özünü xoşbəxt sayırdı. Ancaq sən saydığını say, gör fələk nə sayır. Toylarının ildönümündən bir müddət sonra gənc, canından artıq istədiyi, sevdiyi arvadı şiddətli ağrılarla əvvəl kənd, oradan isə rayon xəstəxanasına aparılsa da, nə onu, nə də bətnindəki körpəni xilas etmək mümkün olmamışdı...
Həmin hadisədən sonra Məsud tamam dəyişmiş, özünə qapanmışdı. Dindirməsələr danışmaz, dindirəndə belə qısa, bir kəlmə ilə cavab verərdi. Həyat yoldaşının qırxı çıxandan sonra məktəbin direktoru onu yanına çağırıb:
- Məsud müəllim, özünü ələ al. Nə etmək olar ki, qismət belə imiş. Nə kömək lazım olsa, denən. Danış, bölüş, özünü üzmə, - deyə təsəlli vermək istəsə də, deməyə başqa söz tapmamışdı. Məsud isə özünü toplayıb, boğazını qapamış qəhər topasını birtəhər udaraq:
- Sağ olun, mən Sizdən çox razıyam. Çox xahiş edirəm ki, rayon mərkəzində, təhsil şöbəsində danışın məni başqa yerə dəyişsinlər,- deyə cavab vermişdi.
- Sən nə danışırsan, Məsud müəllim, sənin yerini özləri dəyişsələr belə, mən narazılıq edərəm. İndi özüm gedib bunun xahişini edim? Adın nə qoyum?
- Üzr istəyirəm, məni düz başa düşün, mən burada qala bilmərəm... Hara gedirəmsə onu görürəm... Birgə gəzdiyimiz yerlər, keçdiyimiz küçələr ox olub gözlərimi dəlir...
Direktor Məsudun məsələsini, xahişini rayon təhsil şöbəsinin müdiri ilə danışıb müzakirə etdikdən sonra çox keçmədi ki, artıq kənddə hamı Məsud müəllimin buradan getmək fikrində olduğunu bilirdi. Bir axşam Məsudun qaynanası ərinin üstünə düşdü, nə düşdü:
- Atalı-analı yetim olmaq lap müsibətdir, kişi. Bu yazığın özününkü özünə bəs idi onsuz da... Bir tərəfdən də belə. Vallah mən ona baxdıqca özümdən artıq onun halına yanıram. Havalanmasa yaxşıdı. Bəyəm biz onu oğulluğa qəbul etməmişdik? Oğlumuz olsa, başına bu iş gəlsə idi nə edərdik? Beləcə durub onun diri-diri özünü basdırmağına tamaşamı edərdik?
- Mən nə edə bilərəm ki, ay arvad? Bilirsən ki, nə qədər tərbiyəli, utancaq adamdır. Mənimlə heç vaxt ailə söhbəti etməyib, etməz də. Necə təsəlli verim ki, ona?
- Sən
etmə. Direktorla danış qoy, o, etsin. Desin ki, rayonda sənin buradan getməyinə
razı olmadılar. Deyirəm bəlkə evlənmək
istəyir, ancaq bizdən utanır? Ona
görə getmək istəyir? Vallah buna
da pis baxmıram. Niyə də evlənməsin?
Cavan oğlandır...
- Bəlkə
elə özümüz də evləndirək?! - əri tərs, hirs və istehza ilə
arvadına baxdı.
-
Heç mənə belə baxma. Qoy bir az
keçsin, yaralarımız qaysaqlasın, lazım gəlsə
lap onu da edəcəyik. Sən bir direktorla danış...
Xülasə ki, kənddə qalmağına edilən
bütün cəhdlərə rəğmən Məsud
müəllim istəyinə çatmışdı. Onu qonşu
rayonun kəndlərindən birinə göndərmişdilər.
Taleyin qəribə işləri olurmuş.
Bilmirəm, bəlkə də belə
yaxşı idi, ya əksinə, hər halda həyat
yoldaşı ilə kənarında gəzişdiyi kanal bu kənddən
də keçirdi. Və ilin hansı fəsli,
havanın necə olmağından asılı olmayaraq Məsud
hər gün sübhdən durur, kanalın üstünə
gedir, kanalboyu o baş-bu başa gedib gəlir,
öz-özü, daha doğrusu, həyat yoldaşı ilə
ürəyində söhbət edirdi. Soyuq
vaxtlarda tez-tez yeriyib tərlədiyi üçün altdan pencək
geyməz, köynəyinin üstündən paltosunu geyib evdən
çıxardı. Yalnız
qayıtdıqdan sonra yuyunub səhər yeməyini yeyər, dərsə
gedərdi. Dərs dediyi uşaqlar Məsud
müəllimi sevir, dərsini yaxşı oxuyur, evə verdiyi
tapşırıqları səylə yerinə yetirirdilər.
Təəccüblü və qəribə idi
ki, Məsud heç vaxt hirslənib qışqırmasa da,
uşaqlara səsini qaldırmasa da, dərsi sakit səslə,
astadan izah etsə də, bütün sinif onun dərsində
sakitcə oturub qulaq asar, necə deyərlər milçək
uçsa, səsi eşidilərdi. Digər
dərslərdə dəcəllik edən, səs salan
uşaqlar belə onun dərsində nəinki sakitcə oturar,
hətta bunu digərlərindən də tələb edərdilər.
Ən zəif oxuyan şagird belə ilk növbədə
onun dərsinə hazırlaşardı. Bu
kənddə dərs dediyi müddət ərzində Məsud
müəllim bircə dəfə biznesmen Məzrəddinin
oğluna hirslənib sinifdən çıxarmış,
direktorun yanına göndərmişdi. Sonradan direktor Məzrəddinin
hörmətli şəxs olduğunu, onun oğlunu
"ötüşdürməyin" məsləhət
olduğunu eşitdirsə də, Məsud müəllim
kimliyindən asılı olmayaraq heç kimə dərsdə
özünü ərköyün aparmağa yol verməyəcəyini
sakit, lakin qəti şəkildə bildirmişdi.
Məzrəddin kənddə üç hörmətli
kişidən biri idi. İrandan, Türkiyədən, Rusiyadan
müxtəlif mallar gətirib satdığından hamı ona
"biznesmen" Məzrəddin deyirdi. Və
toy edənlərə borc pul verdiyindən, toylara hamıdan
çox pul saldığından - bir sözlə, şəxsiyyətinə
görə deyil, imkanlı, əli "isti" olduğundan
hamı ona hörmət edərdi. Və
belə "hörmətli" bir adamın oğlunu dərsdən
çıxarmaq əsl hadisəyə çevrilmişdi.
Hərçənd ki, Məzrəddin kimi "hörmətli"
bir adamın camaat arasında Məsud müəllimi
"psix" adlandırması da təsirsiz ötməmiş,
bu fikrin formalaşması üçün kifayət
etmişdi - adamayovuşmazlığını, qarda,
yağışda kanal üstə gedib gəzməyini və Məzrəddinin
"xeyir-duası"nı nəzərə alan kənd
camaatından kimisi onu "havalanmış", kimisi şəhadət
barmağını gicgahına qoyub "bir az o məsələ"
deyə adlandırsa da, heç kim onun xətrinə dəymirdi
və onun da bir kimsə ilə işi yox idi...
Bəli,
düz duydunuz: səhər-səhər bu soyuqda paltosunu
büküb qucağına alaraq yeyin-yeyin gedən Məsud
idi. Həmin o zavallı Məsud.
Adəti üzrə sübh tezdən kanal üstünə
gedən Məsud əzbər bildiyi görünməz xətt
üzrə kanalboyu gedərkən qəfildən şikayət,
yalvarış, əzab, nalə dolu bir zingilti eşitdi. Yaxınlaşıb
baxdıqda ala-bula bir küçüyün suya batıb-çıxdığını,
onun kanalın beton bəndini cırmaqlamaqdan dərisi
soyulmuş, dırnaqları qopmuş pəncələrini,
çarəsiz-çarəsiz zingildədiyini, onu
görüncə küçüyün gözlərində
ümid işığının necə
parıldadığını gördü, zingiltisində nalənin,
şikayətin sevinclə əvəz olunduğunu aydınca
hiss etdi. Lakin bütün bunlar önəmli
deyildi. Zira sonrakı hərəkətləri
artıq qeyri-iradi idi. Dərhal paltosunu çıxararaq az qala kanala tullanmaq istəyən Məsud
vaxtında özünü ələ aldı, tələsik
yerə uzanıb küçüyə tərəf
dartındı. Əli ona çatar-çatmaz
küçük suda görünməz oldu və azacıq
aralı yenidən suyun üzünə çıxıb dərisiz,
qıp-qırmızı qabaq pəncələrini bəndin kənarına
dirəyib, dişlərini bəndin sahillə birləşən
küncünə ilişdirərək axına müqavimət
göstərməyə, çəpəki-çəpəki
Məsuda baxmağa başladı. Məsud
axın boyu böyrü üstə üç yüz
altmış dərəcə fırlanıb yenidən əlini
uzatdı və yenə əlinin
çatmadığını görüncə
küçüyə doğru qurşağa qədər suya
uzanaraq birtəhər ki, onun boynunun kökündən tuta
bildi. Geriyə sürünüb digər əlini bəndin
sahillə birləşən yerdəki
çıxıntısına dirəyərək
küçüyü hop götürüb bənddən kənara
süründü. Ayağa qalxdı. Küçüyü ehtiyatla paltosuna büküb
qucağına aldı və ilk dəfə olaraq kanalboyundan həmişəkindən
tez dönüb evə tərəf üz tutdu. Köynəyi
tünd rəngdə olduğundan, artıq donub buz
bağladığından və yaxınlaşıb diqqətlə
baxmadıqlarından görənlər köynəyin yaş
olduğunu fərq edə bilməsələr də, ona maraq və
təəccüblə baxır, bu hərəkətini də
qəribəliyinin, "o məsələ"nin
bir təzahürü hesab edir, onsuz da cavab verməyəcəyini,
söhbətdən qaçacağını
düşündükləri üçün heç kim də
yaxınlaşıb heç nə soruşmurdu.
Dünən Məsud müəllimin dərsi
olmadığı üçün məktəbə gəlmədiyinin
fərqinə varan olmamışdı. Bu gün isə
uzun illərdir ki, çalışdığı müddətdə
ilk dəfə olaraq Məsud dərsə gecikmişdi. Digər müəllim dərsə gecikdikdə
hay-küyləri sinfi başına götürən
şagirdlər sakitcə oturmuş, hətta öz
aralarında belə pıçıltı ilə
danışırdılar. Həmişə
sakitcə gəlib dərsini deyən, heç kimlə
ünsiyyətə girməyən, tənəffüslərdə
də çox vaxt müəllimlər otağına getməyən
biri olduğu üçün birinci dərsdə heç Məsud
müəllimin dərsə gəlmədiyini hiss edən
olmadı. Yalnız ikinci dərsin
ortalarında Məsud müəllimi digər sinifdə
gözləyən, sakitcə əyləşmiş şagirdlərdən
biri müəllimin birinci dərsə də gəlmədiyini
deyəndə, uşaqlar təəccüblə
pıçıldaşmağa, müxtəlif mülahizələr
söyləməyə başlayanda məsələ
müdiriyyətə çatdı. Məsud müəllimin
telefon zənglərinə cavab vermədiyini görəndə
isə məktəbin direktoru digərlərinə nisbətən
Məsud müəllimə yaxın olan, az
da olsa, hərdən də olsa kəlmə kəsən Salman
müəllimi onun evinə göndərdi.
Məsud müəllimin evinə gəlib qapını
döyən Salman müəllim isə cavab verən
olmadığını, qapının isə açıq
olduğunu görüb elə bil ürəyinə nə isə
damdı. Ehmalca içəri keçdi. Otağa daxil
olarkən gözünə ilk sataşan qarşısında yarısınadək
süd olan boşqab, pəncələri sarıqlı
olduğu üçün bərk tuta bilmədiyi
sümüyü gəmirməyə çalışan
ala-bula bir küçük və dəmir çarpayıda
uzanmış, yüksək hərarət içində
çapalayan, ölümlə çarpışan Məsud
müəllim oldu - zavallı Məsud...
III
Kənd camaatının "Məsudun iti"
adını verdiyi və Salman müəllimin saxlayıb
böyütdüyü ala-bula küçük
yaraşıqlı bir it olmuşdu. İri pəncələri,
zorbalığı ilə vahiməli görünsə də,
xasiyyətcə elə Məsuda oxşamışdı -
heç kəslə işi yox idi və buna görə də
Salman müəllim onu zəncirləməzdi. Bundan
istifadə edən itin hərgün gedib Məsud müəllimin
qəbrinin böyründə saatlarla uzanıb
qalmağını kənd camaatı başa düşsə
də, kənddə hamının hörmət etdiyi
"biznesmen" Məzrəddini görəndə niyə
mırıldadığını, əsəbiləşdiyini
heç kim başa düşə bilmirdi. Məzrəddin
neçə dəfə itə ət atsa da, it yeməmiş,
tumarlamaq istədikdə isə qəzəblə
mırıldayıb onu kənarlaşmağa məcbur
etmişdi. Və bu münasibətin səbəbini
bilən yox idi. Bilən yox idi ki, Məsud
küçüyü kanaldan çıxardığı həmin
o başıbəlalı səhərə açılan gecə
rayon mərkəzində toyda olan "biznesmen" Məzrəddin
toydan sonra da səhərə kimi dostları ilə yeyib
içmiş, özü dediyi kimi kefə baxmış, qumar
oynamış, səhərüzü isə bahalı avtomobili
ilə kəndə qayıdarkən rayonun
çıxışında, yolun kənarında adəti
üzrə sahibinin "səhər gəzintisinə"
buraxdığı ala-bula bir küçük
görmüşdü. Bilən yox idi ki, Məzrəddin
kef havasına maşını saxlayıb küçüyə
şokolad atmış və yaxına gələndə onu
götürüb maşına qoymuşdu. Bilən yox
idi ki, kanalın üstündəki körpüdən
keçərkən küçüyün maşını
batırdığını iyindən hiss edən Məzrəddin
onu götürüb elə maşının pəncərəsindən
kanala atmışdı...
Adəm ASNI
Qusar
İyun, 2017
525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 8.