"Müşfiq
bulağı" qırx yaşında
İttifaq
MİRZƏBƏYLİ
Söz, sənət, ədəbiyyatla
bağlı xatirələr nəinki unudulmur, hətta vaxt keçdikcə daha da əzizləşir
və yaşanılmış ömrün dəyərli səhifələri
kimi qeyri-adi bir əhəmiyyət kəsb edir.
Bugünlərdə "Səs" qəzeti
baş redaktorunun müavini, Əməkdar jurnalist Valeh Məhərrəmlinin
zəng edərək mənə xatırlatdığı bir
məqam da məhz həmin əzizləşən və gənclik
illərində yaşadığımız ömrün dəyərli
səhifələri kimi əhəmiyyət kəsb edən
xatirələrdən idi. Valeh müəllim yada saldı ki, bu
ilin sentyabrında "Müşfiq bulağı" Ədəbi
Birliyinin 40 yaşı tamam olur və soruşdu ki, niyə
susursan?
Doğrusu, mən həmin tarixi, yəni ədəbi
birliyimizin yaranmasının qırx ilinin tamam olmasını
yadda saxlaya bilmədiyimə görə susmuşdum. Həmkarımın
bu xatırlatmasından sonra müxtəlif illərdə
götürüb saxladığım bəzi qəzetləri
vərəqlədim və "Müşfiq bulağı"
haqqında əsas məqalələri olmasa da, bəzi
yazıları tapdım. Məsələn, "Azərbaycan gəncləri"
qəzetinin 19 iyul 1984-cü il tarixli nömrəsində
"Ədəbi birliklərdə" rubrikası altında
verilmiş "Müşfiq bulağı" adlı şeirlər
toplusu və təqdimatda (əslində, bu material redaksiyaya bir
il qabaq, ədəbi birliyin yaradılmasının 5 illiyi
münasibətilə təqdim edilmişdi) oxuyuruq:
"Neftçilərin İliç adına Mədəniyyət
sarayında fəaliyyət göstərən
"Müşfiq bulağı" Ədəbi birliyinin yaranması
Mikayıl Müşfiqin adı ilə bağlıdır. Hələ
1936-cı ildə M. Müşfiq bu mədəniyyət
sarayının nəzdində ədəbiyyat dərnəyi təşkil
etmişdi. İllər ötdükcə bu bulaq
qurumamış, Azərbaycan ədəbiyyatına onlarca
istedadlı şair, yazıçı və alim vermişdir.
Hazırda "Müşfiq bulağı" Ədəbi
birliyində İttifaq Qaçayev (Mirzəbəyli),
Əlislam Bilal, Elşad Səfərov, Teyfur Quliyev (Çələbi),
Ramiz Qusarçaylı, Zəhra Həsənova, Məlahət
Yusifqızı, Çingiz Ələsgərov, Rəfael Qəribov,
Telman Quliyev, Xəlil Xəlilov və başqa istedadlı gənclər
fəaliyyət göstərirlər. Müxtəlif peşələrdə
çalışan bu gənclərin özünə xas poetik
duyumları, onları əhatə edən rəngarəng aləmə
lirik münasibətləri vardır. Onlar gələcəkdə
kim olacaqlarından asılı olmayaraq, gözəllik
vurğunu, poeziya vurğunudurlar. Birliyin rəhbəri fəlsəfə
elmləri namizədi Telman Haqverdiyevdir".
Bu təqdimatdan sonra İttifaq Qaçayev, Məlahət
Yusifqızı, Ramiz Qusarçaylı, Çingiz Ələsgərov,
Teyfur Quliyev, Ayaz Abbasov, Məsumə İsayeva və Qəşəm
Qəhrəmanovun müxtəlif məzmunlu şeirləri
verilmişdir. Xatırladaq ki, "Bakı" qəzetinin 27
iyul 1983-cü il tarixli sayında verilmiş "Əmək və
poeziya" adlı məqalədə və indi tapa bilmədiyimiz
başqa mətbuat vasitələrində də
"Müşfiq bulağı" haqqında kifayət qədər
söz açılıb. O ki qaldı "Azərbaycan gəncləri"nin
1984-cü ildə yazdığı "Onlar gələcəkdə
kim olacaqlarından asılı olmayaraq…" ifadəsinə,
deyə bilərik ki, həmin illərdə "Müşfiq
bulağı"ndan su içmiş gənclərdən
Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin
üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva
bölməsinin katibi Nəsib Nəbioğlu (Verdiyev), Ramiz
Qusarçaylı, Məlahət Yusifqızı, mərhum
Əlislam Bilal, Əlişad Cəfər, Cəlilabaddakı
"Sözün işığı" jurnalının təsisçisi
və baş redaktoru Ədalət Salman, Mübariz Mənsimoğlu
şair, Elşad Səfərli şair-ədəbiyyatşünas
alim, Yaşar Məmmədov filologiya elmləri namizədi,
Bakı Dövlət Universitetinin dosenti kimi, Teyfur Quliyev 10-dan
çox şeirlər kitabının müəllifi, qəzet
redaktoru kimi, Alı Kamal (Kamal İbadov) tanınmış mətbuat
təmsilçisi kimi, Valeh Məhərrəmli və
İttifaq Mirzəbəyli isə Əməkdar jurnalist kimi
sözə, sənətə xidmət edirlər.
Xatırladaq ki, vaxtilə Mikayıl
Müşfiq tərəfindən yaradılmış bu ədəbiyyat
dərnəyinin məhz nakam şairin adını
daşıyan Ədəbi birliyə çevrilməsi ötən
əsrin 70-ci illərində ölkədə gedən
ictimai-siyasi hadisələr fonunda yeni istiqamət almış ədəbi
proseslərin nəticəsi idi.
Belə ki, 1976-cı il may ayının 26-27-də
Azərbaycan Yazıçılar İttifaqının VI
qurultayı keçirilmişdi. Görkəmli
yazıçılar İlyas Əfəndiyevin və İmran
Qasımovun sədrliyi ilə aparılan qurultayda Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər
Əliyev geniş nitq söyləmiş və
yazıçıların qarşısında böyük vəzifələrin
dayandığını demişdi: "...Bizim
tanınmış söz ustalarımız onları əvəz
edəcək gənclərin yaradıcılıq
inkişafının daim qayğısına
qalmalıdırlar… Belə bir işi Yazıçılar
İttifaqı təşkil etməlidir, gənc ədəbiyyatçılar
böyük yaradıcılığa qədəm qoyan
gündən, hələ ilk addımlarından
Yazıçılar İttifaqının qayğı və
köməyini görməlidirlər. Azərbaycan
Yazıçılar İttifaqı gənclərin bir sənətkar
kimi inkişafına diqqəti artırmaqla bərabər,
onları yaradıcılıq təşkilatının ictimai
fəaliyyətinə də, respublikanın ictimai həyatına
da geniş cəlb etməlidirlər".
Məhz bu çağırışdan sonra mədəniyyət ocaqlarındakı ədəbiyyat dərnəklərindən bir neçəsinə Ədəbi birlik statusu verilmişdı. Mən məmnunam ki, 1977-ci ildən həmin saraydakı ədəbiyyat dərnəyinin üzvü olduğuma görə, sonrakı il - 1978-ci ildə "Müşfiq bulağı"nın yaradılmasının da şahidi olmuşam. Ədəbi birliyə "Bayıl" və ya "Bibi-Heybət" adlarının verilməsi təklif olunsa da, mərhum şair Zamin Mahmudov (professor Mahmud Mahmudovun qardaşı) "Müşfiq bulağı" təklifini irəli sürmüş və saray rəhbərliyi bu adı qəbul etmişdi. Saraydakı ədəbiyyat dərnəyinin də, "Müşfiq bulağı"nın da rəhbəri Azərbaycan Dövlət İncəsənət İnstitutunun dosenti, fəlsəfə elmləri namizədi Telman Haqverdiyev idi. Allaha min şükür ki, "Müşfiq bulağı"nın rəhbəri bu gün də bizim bəzi yazılarımıza münasibət bildirir. Telman müəllimin o zamankı elmi və ədəbi mühitdə tanınmış simaların bir çoxu ilə dostluq münasibətləri var idi. Məhz həmin təmasların nəticəsi idi ki, ədəbi birliyin üzvləri dövri olaraq görkəmli söz adamlarını dəvət edərək, onlarla görüşmək imkanı qazanırdılar. Yazılarımız qəzetlərdə verilir, radio-televiziya verilişlərinə çıxarılırdı. "Bakı" qəzetinin yazdığı kimi, çoxsaylı ədəbi-bədii və mədəni-kütləvi tədbirlərdə iştirak edirdik. Biz həmin illərdə Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Qulu
Xəlilov, Xəlil Rza, Tofiq Bayram, Sabir Rüstəmxanlı,
Firudin Ağayev, Tofiq Mütəllibov və digər
yaradıcı şəxslərlə bilavasitə "öz
meydanımızda" görüşə bilmişdik.
Sonrakı dövrlərdə sürətlə məşhurlaşan
Vilayət Quliyev, Rafael Hüseynov və Kamal Abdullayev də
"Müşfiq bulağı"nın ünlü
qonaqları kitabına düşmüşdülər. Sonra
zaman başqalaşdı, hadisələr kimi həyatımız
da müxtəlif istiqamətlərdə inkişaf etdi və…
çox şey dəyişdi. Dəyişməyən təkcə
sözə,sənətə, ədəbiyyata münasibətimiz
oldu. Əgər 40 il əvvəlki xatirələr
yaşayırsa, bu dar macalda nəyisə qələmə ala
biliriksə, onda inanıram ki, sözə münasibətimiz gələcəkdə
də, ömrümüz boyu heç zaman dəyişməyəcək.
525-ci qəzet 2018.- 3 oktyabr.- S.7.