"Çingiz Aytmatov haqqında söz"

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

 

Bugünlərdə "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış yeni bir kitab öz orijinallığı ilə seçilir. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş kitabın müəllifi görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli, rəyçisi filologiya üzrə elmlər doktoru, professor Ramazan Qorxmaz (Türkiyə), məsul redaktoru gənc tədqiqatçı və tərcüməçi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir.

Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi münasibətilə hazırlanmış bu dəyərli kitab "Çingiz Aytmatov haqqında söz" adlanır. Əsasən ədəbi-tarixi və elmi-nəzəri araşdırmaların bəhrəsi olan kitabda müəllif Çingiz Aytmatovun həm dünya ədəbi-ictimai proseslərində, həm də qırğız ədəbiyyatındakı yerini və mövqeyini elmi cəhətdən hərtərəfli dəyərləndirməyə müvəffəq olmuşdur.

Müəllif oxucunun diqqətini əsas məsələlərə yönəldərək, öz fikirlərini aşağıdakı bölmələr çərçivəsində qruplaşdırıb təhlil etmişdir:

"Böyük ömrün illəri və əsərləri", "Millilik və bəşərilik", "Roman miqyaslı bədii yaradıcılıq", "Kassandra damğası"nın əks sədası", "Qırğızıstandan dünyaya və Azərbaycana" və "Əbədi mogikan". Kitaba həmçinin, ədəbiyyat siyahısı və "Ömrün əbədiləşən anları" başlığı altında Çingiz Aytmatovun ömrünün müxtəlif anlarını əks etdirən foto-şəkillər də daxil edilmişdir.

Çingiz Aytmatovu XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın ən qüdrətli ustadlarından biri kimi dəyərləndirən müəllif onu adı XIX-XX əsrlər dünya ədəbiyyatının Lev Tolstoy, Fyodor Dostoyevski, Ernest Heminquey, Qabriel Qarsia Markes, Uilyam Folkner, Aleksandr Soljenitsın, Elis Munro kimi əsərləri dünyada ən çox oxunan yazıçılar sırasında görür. Və qeyd edir ki, XX əsrin 2-ci yarısında böyük ədəbiyyatda yeni tipli insan obrazının formalaşmasında və təşəkkülündə Çingiz Aytmatovun əvəzsiz xidmətləri olmuşdur.

Çingiz Aytmatovun 80 illik həyatının ilk günündən başlayaraq, son anlarınadək davam edən ömür yolunun gələcək nəsillər üçün mükəmməl örnək olacağını uzaqgörənliklə söyləyən hörmətli akademik İsa Həbibbəyli böyük yazıçının tərcümeyi-halının ən yaddaqalan tarixlərini xronoloji ardıcıllıqla oxucuların diqqətinə çatdırmağı da vacib saymışdır.

1928-ci ilin 12 dekabrında Qırğızıstanın Talaş vilayətinin Şəkər kəndində dünyaya göz açmış Çingiz Aytmatovun əvvəl Cambul Zoobaytarlıq Texnikumunu, sonra Bişkekdə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirdiyini, ilk yazısının 1951-ci ildə işıq üzü gördüyünü və 1951-ci ildə "Qəzetçi Dzüyo" adlı ilk hekayəsini yazdığını vurğulayan müəllif, onun 1956-cı ildə SSRİ Yazıçılar İttifaqına üzv olduğunu və 1956-1958-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun Ali Ədəbiyyat kursunda oxuduğunu diqqətə çatdırır.

Bir-birinin ardınca yazdığı "Cəmilə", "Üz-üzə" povestləri və "Rəqiblər" hekayəsi istedadlı yazıçının tanınması baxımından müstəsna rol oynamışdır.

 

1963-cü ildə Çingiz Aytmatovun "İlk müəllim", "Ana tarla" povestləri çap olunub və o, "Dağların və səhraların povestləri" kitabına görə Lenin Mükafatına, "Əlvida, Gülsarı" povestinə görə isə 1968-ci ildə SSRİ Dövlət Mükafatına, Qırğızıstanın Xalq yazıçısı adına layiq görülüb.

Çingiz Aytmatov "Əsrə bərabər gün" romanına görə 1980-ci ildə İtaliyanın "Etruriya" Ədəbiyyat Mükafatı almış, Avropa Elm və İncəsənət Akademiyasının akademiki seçilmiş, 1985-ci ildə Beynəlxalq Cəvahirləl Nehru Mükafatı almışdır.

Böyük nüfuz sahibi olan Çingiz Aytmatov 1986-1995-ci illərdə SSRİ prezidentinin və Sov.İKP MK Baş katibinin müşaviri vəzifəsində çalışmış, 1990-1993-cü illərdə SSRİ-nin Lüksemburqda səfiri olmuşdur. O, Kaliforniya Beynəlxalq Elm, Təhsil, Sənaye və İncəsənət Akademiyasının (ABŞ) akademiki və Mərkəzi Asiya Xalqları Mədəniyyət Assambleyasının prezidenti seçilmiş, həmçinin, Qırğızıstan Respublikasının Qəhrəmanı və Albert Eynşteyn adına Qızıl Medala layiq görülmüşdür. Nəhayət, 2007-ci ildə Türkdilli ölkələrin mədəniyyətlərinin inkişafındakı xidmətlərinə görə Türkiyənin yüksək Dövlət Mükafatını almışdır.

Dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatov 2008-ci il iyulun 10-da Almaniyanın Nürnberq xəstəxanasında dünyasını dəyişmiş və Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn olunmuşdur...

lll

Çingiz Aytmatovun mənalı həyatının böyük bir hissəsi sovet hakimiyyəti illərinə təsadüf etsə də, sovet rejiminin sərt ideoloji tələblərinə baxmayaraq, o, yeni olan sadə insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək vəzifəsini bacarıqla yerinə yetirmişdir. Çingiz Aytmatovun qeyri-adi istedad sahibi olduğunu dönə-dönə vurğulayan akademik İsa Həbibbəyli yazır:

"Bəzi sovet yazıçıları kimi, Çingiz Aytmatov da öz əsərlərində əks etdirdiyi ictimai-mənəvi problemləri bir qədər gərginləşdirərək, Nobel Mükafatı alıb ölkəni tərk etmək imkanını gerçəkləşdirə bilərdi. Lakin Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayıb, həm də sovet gerçəkliyinin sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərmişdir. Hətta bəzi Nobel Mükafatı laureatları ilə müqayisədə Çingiz Aytmatovun əsərlərində dərin həyati proseslər, bəşəriyyəti sülhə çağırmaq amalı daha qüvvətlidir.

Çingiz Aytmatov Nobel Mükafatı səviyyəsində yazıb-yaradan və Sovetlər İttifaqında qalıb yaşamağı bacarmış dünya yazıçısı idi... Bəlkə də, nə vaxtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də bir beynəlxalq mükafat - Çingiz Aytmatov Mükafatı da təsis ediləcəkdir. Reallıqda isə Çingiz Aytmatov dünya ədəbiyyatında Nobelüstü yeni bir ədəbiyyat standartı yaratmağa müvəffəq olmuşdur".

Cəmiyyətdə və ədəbiyyatda sözün böyük gücə malik olduğuna dərin inam bəsləmiş Çingiz Aytmatov bu fikirdə idi ki, "söz əbədi bir qüdrətdir". İsa Həbibbəylinin fikrincə, Çingiz Aytmatovun bədii sözü ictimai-siyasi proseslərdə də, ədəbiyyatda da "əbədi qüdrətin" nümunəsidir.

Dünyanın yenidən qurulduğu doxsanıncı illərin Çingiz Aytmatov yaradıcılığına təsiri barədə çox dəyərli faktları xatırladan müəllif qeyd edir ki, həmin illərdən sonra dünya miqyaslı mütəfəkkir səviyyəsində yazıb-yaratmış Çingiz Aytmatov "Kassandra damğası" (1996) və "Əbədi gəlin" və ya "Dağlar çökəndə" (2006) romanları ilə dünya ədəbiyyatının zirvəsinə yüksəlmişdir.

 

Kitabın "Millilik və bəşərilik" bölməsində Çingiz Aytmatovun Asiya ağırlıqlı və Avropa meyilli yazıçı olduğunu nəzərə çarpdıran İ.Həbibbəyli yazır ki, qırğız həyatının timsalında təqdim olunan Asiya gerçəkliyi və Avropa düşüncəsi əsasında ədəbi-bədii yanaşmalar onun yaradıcılığında üzvi sintez halında ifadə olunur. Çingiz Aytmatovun Asiya düşüncəsinin ana xətləri mənsub olduğu qırğız xalqının dərin həyat fəlsəfəsində və ümumiləşdirmələrində öz əksini tapır. Sovet imperiyasının sərt rejimi çərçivəsində bütövlükdə insan və ya konkret bir millət haqqında taleyüklü böyük idealları əks etdirmək Çingiz Aytmatovun qəhrəmanlığı idi, - deyir müəllif.

"Roman miqyaslı bədii yaradıcılıq" bölməsində belə bir fikir vurğulanır ki, janrından asılı olmayaraq, Çingiz Aytmatovun bütün əsərlərində roman miqyası vardır. Müəllif onu roman miqyasında qavrayan və ifadə edən qüdrətli yazıçı adlandırır. XX əsrin əllinci illərində otuz yaşlı Çingiz Aytmatovun yaratdığı "Cəmilə" povestinin təkcə sovet ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatında yeni hadisə kimi qarşılandığını xüsusi qeyd edir. Təsadüfi deyildir ki, məşhur fransız yazıçısı Lui Araqon "Cəmilə" povestini dünyanın ən gözəl eşq hekayəsi kimi dəyərləndirmişdir.

Çingiz Aytmatovun "Üz-üzə" povesti Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Mehman Həsənlinin tərcüməsində Azərbaycan oxucusuna çatdırılmışdır. Mehman Həsənli böyük yazıçının "Ağ yağış" hekayəsini və bir neçə şeirini də Azərbaycan dilinə tərcümə etmişdir.

Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanında qırğız xalqının simasında sovet rejiminin gərginliklərini, ümumiyyətlə, eyni taleyə malik xalqların keşməkeşli həyatını və dərin mənəvi aləmini bütün reallıqları ilə əks etdirən dünya ədəbiyyatının şedevrlərindən biri olduğunu xüsusilə nəzərə çarpdıran müəllif onu da qeyd edir ki, əsərdəki Boranlı Yedigey XX əsr dünya ədəbiyyatında yaranmış yeni tipli obrazdır. "Əsrə bərabər gün" romanında öz kökündən, tarixi yaddaşından məhrum edilməyin nəticəsində insanın manqurtlaşmasının ifadəsi, Çingiz Aytmatovun dahiyanə kəşfidir...

Yazıçı Sabitcanın simasında yeni dövrün manqurtlaşmış insanının obrazını çox ustalıqla yaratmışdır. Sabitcan obrazı müasir manqurtlaşmanın anonsudur. Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" əsəri haqqında çox maraqlı fikirlər söyləyən müəllif belə nəticəyə gəlir ki, bu əsər yazıçının manqurtluq düşüncəsinin finalı, "iks insan" haqqında baxışlarının başlanğıcıdır. Müəllif onu da qeyd edirdi ki, Çingiz Aytmatov özü də həyatda roman miqyaslı şəxsiyyət idi və Çingiz Aytmatovun keşməkeşli və mənalı ömür və sənət yolu müasir qırğız ədəbiyyatının epopeyasıdır...

"Kassandra damğası"nın əks-sədası"

"Çingiz Aytmatovun 1996-cı ildə nəşr etdirdiyi "Kassandra damğası" böyük qırğız yazıçısının ədəbiyyatda millilikdən bəşəriliyə doğru istiqamətdəki yeni kəşfi sayılmağa layiq mükəmməl bədii əsərdir. "Kassandra damğası" romanında Çingiz Aytmatov cəmiyyətdə gedən proseslərə daha qlobal masştabda yanaşaraq, bəşəriyyətin taleyi ilə əlaqədar ən aktual məsələləri canlandırmağa nail olmuşdur. Bu mənada "Kassandra damğası" romanı Çingiz Aytmatovun yaradıcılığında yeni mərhələ təşkil edir".

Romanda Çingiz Aytmatovun qaldırdığı əsas problemlərdən biri gerçək ata-anası bəlli olmayan "iks" nəsillərin süni yolla yaradılması məsələsinə münasibətdir.

Çingiz Aytmatovun ilk dəfə "Əsrə bərabər gün" romanında böyük həyəcanla nəzərə çarpdırdığı "manqurtlaşdırma" faciəsinə yeni baxışın ifadəsidir... Çünki Çingiz Aytmatovun fikrincə, söy-kökdən, qan yaddaşından, genetikadan məhrum olan, milli iftixar duyğusu itirilmiş insan cəmiyyəti üçün daha dəhşətli bir fəlakətə çevrilə bilər.

 

"Kassandra damğası" haqqında Çingiz Aytmatovun fikirləri də öz orijinallığı ilə fərqlənir.

Çingiz Aytmatov "Kassandra damğası"nı öz yaradıcılığında yeni mərhələ hesab edir:

"Mənim bu romana qədər yazdıqlarım bir, bu roman başqa bir hissədir. Hər gün ancaq 5-6 səhifə yazıram. Tamamilə başqa bir dünyaya qərq olmuşam. Ola bilər, mənim indi yazdığımı oxucu kütləsi çətin başa düşsün. Çox oxumaq lazımdır".

"Qırğızıstandan dünyaya və Azərbaycana"

UNESCO-nun statistikasına əsasən böyük yazıçının əsərlərinin 170-dən çox xarici dilə tərcümə olunduğu göstərilir. Müəllif yazır: "Çingiz Aytmatov və Azərbaycan" özündə çoxcəhətli mətləbləri ifadə edən bir mövzudur. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük ümumiləşdirmə əsasında deyilmiş fikirlərində Çingiz Aytmatov sənətinin yeri və mahiyyəti dahiyanə şəkildə ifadə olunmuşdur: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının fəxridir".

Çingiz Aytmatovun uzun müddət (1960-1986) Qırğız Kinematoqrafiyasına başçılıq etməsi dünya kinosuna əhəmiyyətli filmlərin bəxş olunması ilə nəticələnmişdir. Yazıçının əsərlərinə dünyanın ən müxtəlif ölkələrinin teatrları müraciət etmişdir.

Dəfələrlə ölkəmizdə olmuş Çingiz Aytmatov Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında qiymətli fikirlər söyləmişdir. İsa Həbibbəylinin fikrincə, Molla Nəsrəddin təxəllüsü ilə böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadə və Manasın böyük oğlu olaraq qəbul edilmiş Çingiz Aytmatov dünyada yeni nəsrin böyük qurucuları kimi dərin iz qoymuşlar. "Şərqin böyük sənətkarı" məqaləsində yazırdı: "O, müasir realist yazı üslubunun, müasir nəsr formalarının banilərindən biridir. Heyrətli yığcamlıq, sadəlik və qüvvət onun nəsrinin əsas xüsusiyyətlərindəndir. Bunu biz "Danabaş kəndinin əhvalatları" povestində, bir silsilə gözəl hekayələrində, xüsusən, kamil formaya malik "Poçt qutusu", "Kişmiş oyunu" kimi hekayələrdə duyuruq. Bax, hekayəni bu cür yazarlar..."

Akademik İsa Həbibbəyli belə bir faktı da xüsusi vurğulayır ki, Çingiz Aytmatovun Azərbaycan yazıçılarından M.F.Axundov, S.Vurğun, Rəsul Rza, B.Vahabzadə, Anar və başqalarının yaradıcılığına verdiyi yüksək qiymət, həmçinin, Azərbaycanın Xalq yazıçısı İmran Qasımov, Xalq şairi Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Hidayət, Hüseynbala Mirələmov, Cəmil Əlibəyov ilə dostluğu xalqlarımız arasındakı çoxəsrlik əlaqələrin yeni mərhələsini təşkil edir.

Çingiz Aytmatovun Qara Qarayevə yazdığı məktublarda ifadə olunan mətləblər görkəmli bəstəkarın əsərlərinə verilən yüksək qiymətlə bərabər, həm də ümumiyyətlə, sənətin cəmiyyətdə ictimai-mənəvi proseslərdəki rolunun dərin idrak və zəka işığında dəyərləndirilməsi deməkdir.

Azərbaycanın bir çox yazıçı və şairləri Çingiz Aytmatovla onun vətəni Qırğızıstanda görüşmüş, onunla həmsöhbət olmuş və müsahibələr alıb Azərbaycan mətbuatında çap etdirmişlər.

Akademik İsa Həbibbəyli 2008-ci ildə Çingiz Aytmatovun anadan olmasının 80 illiyinin Azərbaycanda təntənə ilə qeyd edildiyini və Südabə Sərvinin tərtibi ilə 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr edilən "Çingiz Aytmatov - Mən Manas oğluyam" kitabının Azərbaycan Aytmatovşünaslığına qiymətli bir töhfə olduğunu da oxucuların diqqətinə çatdırmışdır.

 

Kitabda Çingiz Aytmatovun 85 illik yubileyi münasibətilə 2013-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın çapa hazırladığı "Çingiz Aytmatov - Türk ruhunun qələbəsi" kitabı haqqında da məlumat verilir.

Akademik İsa Həbibbəyli uzaqgörən yazıçının ölməz əsərlərində qaldırdığı və həllini zəruri saydığı ümumdünya tarazlığı məsələsinin hazırda da müasir dövrün əsas qlobal problemlərindən biri olduğunu bir daha xatırladır. Və qeyd edir ki, Çingiz Aytmatovun kəşfi hesab edilən "manqurtlaşma" əməliyyatı var gücü ilə bütün xalqları milli-mənəvi özünüdərkə və əsarətin bütün təzahürlərindən qurtarmağa çalışır.

Kitabın sonuna əlavə edilmiş "Ömrün əbədiləşən anları" bölməsində ilk olaraq Ümummilli lider Heydər Əliyev və görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Abay Kunanbayevin 150 illik yubiley tədbirində (9 aprel 1955-ci il) çəkilmiş foto-şəkli, sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çingiz Aytmatova "Dostluq" ordenini təqdim etməsi (25 fevral 2008) anını əbədiləşdirən foto-şəkil verilmişdir.

Ümumiyyətlə, kitabda Çingiz Aytmatovun Azərbaycanla bağlı tədbirlərdə tanınmış yazıçı, şair, ictimai xadimlərlə birlikdə çəkilmiş 25 foto-şəkli verilmişdir.

Dünya şöhrətli qırğız yazıçısı, Türk dünyasının görkəmli ədəbiyyat adamı Çingiz Aytmatovun 90 illiyi münasibətilə keçirilən tədbirlər sırasında xüsusi yer tutan bu yeni sanballı nəşr - akademik İsa Həbibbəylinin "Çingiz Aytmatov haqqında söz" kitabı həm müəllifin, həm də Azərbaycan xalqının görkəmli yazıçının yubileyinə ən dəyərli hədiyyəsidir.

Kitabın üz qabığındakı rəsmin müəllifi Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovdur.

lll

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının tərcüməsində təqdim olunmuş "Kassandra damğası" da Azərbaycan oxucularına çox yüksək səviyyədə təqdim olunur.

Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşri olan "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının 1918-ci ildəki ilk sayı (Xüsusi buraxılış) da bütövlükdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuşdur.

525-ci qəzet  2018.- 5 oktyabr. - S.8.