Sərdari-Milli Səttarxanın
vətən üçün alışan ruhu
(Əvvəli
ötən sayımızda)
... O gözəl heykəli gördükdə
döyüş günlərimin xatirələri, o qanlı
döyüşlərdən umub əldə edə bilmədiyimiz
hüquqlar üçün fikrə dalmışdım.
Qərara gəldim ki, Yaşadığım məhəllə
- Əmirəqıza gedib ötən xatirələri
xatırlayım. Bunu Yaşardan xahiş edəndə dedi:
- İndi o məhəllənin adı
Əmirxizdir. Pəhləvilər dövründə minlərlə
Türk yer adlarını farslaşdırıblar. Məhəllə
əhalisi, habelə Təbriz camaatı oranı "Əmirəqız"
deyə çağırırlar. Ancaq dövlət
yazışmalarında Əmirxiz yazılır. Məhəlləyə
girib bir az dolandıq. Ancaq keçmişdən heç əsər-əlamət
qalmamışdı. Hər şey dəyişmiş və
binalar da təzələnmişdi. Yaşar xatırlatdı: məşrutə
inqilabında Təbrizin 12 məhəlləsindən 11-i
dövlətə təslim olmuşdur. Ancaq Əmirəqız
məhəlləsi Səttarxan başda olmaqla təslim
olmamışdır. Mən bir az fikrə dalıb Yaşara
dedim:
- Gəl gedək Səttarxanın evini görək.
Yaşar:
- Onun evi "Səttarxan" adına
küçədə yerləşir. Evin əsas hissəsinə
adi camaat gecəqondu evlər tikməklə, mənimsənmişdir.
O boyda mülkün Yalnız kiçik hissəsinə bir az əl
gəzdirilmiş və Səttarxan evi kimi
saxlanılmışdır. Küçəyə girdik.
Uzaqdan bir topa insanın orda toplaşdığını
gördükdə Yaşar dedi:
- Səttarxanın evi oradır.
Evin indiki vəziyyətini görməyə
çox tələsirdim. Sürətlə
addımlayırdım. Yaşar tövşəməyə
başlamışdı. Amma etiraz etmirdi. Evin qapısına
çatdıq. Taxtadan düzəlmiş qapı, digər
qonşu qapılardan fərqli idi. Qapı başında "Səttarxanın
evi" yazılmışdı. Ancaq çox təəssüflə
qapı bağlı idi. İçəri girmək
mümkün deyildi. Orada toplaşanlar müsafir kimi
uzaq-yaxın yollardan çoxlu xərc çəkərək
milli qəhrəmanlarının evin görməyə gəlmişdilərsə,
nəticə almadıqda çox narahat idilər, deyinirdilər.
Yaşar da onlara qoşulub dedi:
- Biz də Tehrandan gəlmişik. Bir saatdan artıq Əmirəqızda gəzişirik. Keçmişləri xatırlayan heç nə görmədik. Axı bir zamanlar bu məhəllə nə tək Təbriz, bəlkə İranın Şahlıq idarəçiliyi və zülmlərinin önündə sinə gərib təslim olmayan yeganə məhəllə olmuşdur. Səttarxan və onun yoldaşlarının qorxmazlığı nəticəsində ruslar və zalım dövlət qoşunları diz çökdürülüb azadlıq və qanun İran millətinə hədiyyə edilmişdi. Yaşar sonra bu bayatını oxudu:
Atlılar ata mindi,
Atlandı, ata mindi.
Kaş ola ön sırada
Səttarxan atam - indi
Orada hazır olanların hamısı
Yaşarı alqışladılar. Mən özümü
zorla saxlayırdım ki, bir söz deməyim. Çünki
bundan artıq həyəcanlansam, yaxud əsəbləşsəm,
ağzıma gələni deyəcəyimi bilirdim. Bunun isə
nə mənə, nə də Yaşara xeyri olardı.
Papağımı qaşlarıma qədər
aşağı endirdim. Əsəbimdən udqunaraq Yaşara
"gəl gedək" dedim. Qumtəpə qəbristanını
görmək istərdim. Bir çox dostum, qohum-qonşum orada
torpağa verilmişdi. Xəbər tutduğumda oradan heç
əsər-əlamət qalmayıb dedilər. Qərara gəldim
ki, Sırxab qəbristanına gedib ruhani atam Siqqətül-İslamın
məzarın ziyarət edim. Yaşar, yol boyu o rəhmətliyin
böyüklüyü və zəkalı olmasından
danışdı. O böyük alim, vaxtilə təbrizlilərin
qayğısızlığından, vətənsevərliyi və
ruslara tabe olmadığına görə bir neçə
günahsız insanla bərabər qəməri təqvimlə
1330-cu ilin məhərrrəm ayının 10-da (aşura
günü) dara çəkilmiş, elə bu səbəbdən
də Təbrizdə ikinci bir Aşura yaranmışdı.
Bir-neçə gündən sonra 1912-ci ilin
başlanğıcı münasibətilə ruslar Təbrizdə
şadlıq edir, çal-çatlasın mərasimlərı
keçirir, Təbriz camaatına Qara Yanvarı yaşadır.
Məşrutəçilərlərlə mücahidləri
öldürüb evlərini qarət edirlər. Səttarxanın
qardaş oğlanları - Məhəmmədxan və Kərimi
dara çəkilir. iki həftədən sonra Səttarxanın
qardaşı, mübarizəyə qatılmayan sadə ayaqqabıçı
- Məşhədi Qafarı Səttarxanın qardaşı
olduğu üçün asırlar. Onlarla adamı rəhmsizcəsinə
şəhid edib, evlərinin dağıdılmasından
söhbət açan Yaşar danışarkən qəhər
boğazımı didirdi. Hərdən ona "hə"
deyib, sözlərini təsdiqləyirdim. Qısası, gəlib
Sırxab qəbristanına çatdıq. Məzarlıqdan
heç əsər-əlamət qalmamışdı. Hər
yer ev-eşik və mağaza olmuşdu. Ancaq onun bir hissəsində
park, ortasında da böyük bir bina var idi.
Yaşar dedi: - Ora Məqbərət əl-Şüəradır.
Bir çox tanınmış şairimiz orda
basdırılıb.
Bir çox axtarışdan sonra Qacar
dövründə şəhid olmuş böyük alimin
kiçik məzar daşını tapdıq. Yaşar deyirdi:
- Onun şəhid olmasının 100 illiyində
bir çox tarixçi və qələm sahiblərinin tələblərinə
rəğmən, o böyük alimə heç bir anım mərasimi
keçirilmədi. Alimi dara çəkən vaxt ingiltərəli
bir jurnalist onu Kantenberi kilisəsinin baş yepiskopunun səlibə
çəkilməsinə oxşatmışdır.
Çox yorulmuşduq. Qaldığımız
yerə - Yaşarın əmisigilə gedib, dincəlməyi qərar
aldıq. Ertəsı gün Vərci Başına gedib Hac
Allahyar Xan məscidini görməli idik. Hac Allahyar Xan ilə Həllac
oğlu Təbrizin o zamankı igidlərindən olublar. Mən
uşaqlıqdan onların haqqında rəvayətlər
eşidib, müridlərindən olmuşdum. Hac Allahyar Xan igid
pəhləvanlardan biri kimi hamıya sözü keçər
və onun təsdiqlədiyini hamı təsdiq edərmiş.
Tarix boyu onun adı və igidlik dastanları sinədən sinəyə,
nəsildən nəslə ötürülmüşdü.
O, Məhəmməd Şah və Nasirəddin Şah
dövründə yaşamış, Molla Əli məktəbində
tərbiyə almışdır. Cəsarətli, qorxmaz bir pəhləvan
imiş. Çox qüdrətlıi olmasına rəğmən
kimsəyə əziyyəti keçməmiş və məzlumların,
pənahsızların dayağı olmuş. Deyərlər o,
bir gün xəbər tutur ki, Təbriz şəhərinin
darğası (nizam-intizam rəisi) Hac Rəcəbəli Xan,
bir qonaqlıqda təbrizliləri qeyrətsiz
adlandırmışdı. Hac Allahyar Xan bu sözü
eşitdikdə 27 nəfərlə bazara gedib Rəcəbəli
Xani Kərim Nilfuruş hücrəsində tapıb
öldürmüş. O hadisədən sonra Hac Mir Hüseyn
dalanı, "Qanlı dalan" kimi məşhur olmuşdur.
Pəhləvan Həllac oğlu da o dövrün ən
tanınmış igidlərindən biri kimi adı
bütün küçə-bazarda hamının dillər əzbəri
olmuşdu. Vərci məhəlləsini keçib
böyük bir küçəyə daxil olduq. Maşında
yol gedərkən Yaşar dedi:
- Bu küçənin adı Azərbaycandır
və maraqlıdır ki, bu küçə "Səttarxan"
körpüsü vasitəsilə Azadlıq (Azadi)
küçəsinə qovuşur. Körpünün altındakı
dördyola Nisfi Rah (yolun
yarısı) deyilir. Bu o deməkdir ki, Azərbaycan Səttarxanla
azadlığa çatır. Təbrizin bütün qədim
məhəllələrini gördüyümdən sevincim hədsiz-hüdudsuz
idi. Axı o məhəllələrdən biri-birindən qeyrətli
igid mücahidlər, azadlıq fədailəri, məşrutəçilər,
azadlıq üçün vuruşub baş ucalıqla
döyüş meydanlarında canını fəda edən mərd
oğullar çıxmışdır.
Xeyli vaxt ayırıb Xətib, Şamqazan və
bir neçə məhəlləni gəzdik. Keçmişdən
bir iz qalmamışdı. Yaxın keçmişdə baş
vermiş Məşrutə İnqilabı haqqında kimdən
soruşduqsa "bilmirəm!" cavabını aldıq.
Yaşar təəssüflə dedi:
- Görəsən, qüsur kimdədir? Təbriz
bələdiyyəsinin mədəniyyət dairəsinin məsul
şəxsləri bu məhəllələrdə anım
binaları, büstlər, heykəllər, daş kitabələr,
muzeylər yaratmali idilər. Bir də şanlı keçmişimiz haqda
məktəblilər üçün dərslik
hazırlanmalı, onlar çox da uzaq olmayan məşrutə
tarixi ilə tanış edilməli, onlarda xalqımıza fəxarət
qazanma hissləri oyadılmalı idi.
Yaşar bir az fikrə dalıb sözünə
davam etdi:
- İndi dijital əsridir, gənclər,
yeniyetmələr kompüter və cib telefonlarında cəlbedici
dijital oyunlara maraq göstərirlər. Məncə, mədəniyyət
dairələrinin vəzifə sahibləri gərək bu sahəyə
bir az maliyyə vəsaiti ayırmaqla, Təbrizdə Səttarxan
başçılığı ilə gerçəkləşmiş
hərəkatın on bir
aylıq mübarizəsi və qəhrəmanlıqlarını
xatırladan kompüter oyunlarının düzədilməsini
sifariş etsələr, bir daşla iki quş vurmuş
olarlar. Həm iftixara layiq tariximiz öyrənilər, həmi
də gənclərin boş vaxtlarını salim və səmərəli
keçirməyə müvəffəq
olarlar.
Mən Yaşarın sözlərini təsdiqlədim.
Cümə axşamı idi. Qərara aldıq ki, İmamiyyə
məzarlığına gedək. Qəbiristanın təxminən
tən ortasında ağ mərmər daş üzərində
Yədullah Sərdar-i Milli-Məşrutə qəhrəmanı
Səttarxan oğlu. 1357-ci günəş ili 1-ci ayın 20-si
Allahın rəhmətinə qovuşmuşdur. Yaşar dedi:
- Səttarxanın yeganə oğlu Yədullah,
4 yaşında ikən, dövlət qoşunlarının
yaratdığı qırğın, Təbrizi top tüfəng
atəşinə tutub, adi xalqı güllələyərək
öldürmələrinə şahid olmuşdur. Sonra
atasıyla birlikdə Tehrana gedib Ətabək parkının kədərli
hadisəsində, atasının yaralanmasını
görmüş, sonra da Təbrizə göndərilmişdir.
1 il Təbrizdə qaldıqdan sonra Səməd xanın
zalımcasına qətliamlarını görüb, əmisi
Əzimxanla möcüzəvi biri kimi Təbrizdən Tehrana
qaçırılmışdır. Tehranda iki il
atasının məzlumluğuna cismani və ruhi əziyyətlərinə
şahid olmuşdur. Atası dünyasını dəyişdikdən
sonra Təbrizə qayıdır, ata məhəbbətindən
məhrum qalan iki xırda bacısıyla birgə Hac
Əzimxanın himayəsinə keçmişdir. O, sonralar hərbi
təhsil almaq məqsədilə Fransaya gedib hərbi təhsilini
başa vurduqdan sonra İran ordusuna daxil olaraq, hərbi prokuror
vəzifəsində çalışmışdır.
İgidliyi atasından miras aldığına görə
özündən yüksən rütbəli hərbçilərin
tələblərinə rəğmən Seyyi Cəfər
Pişəvərinin yaxın
bir hərbçiyə ölüm hökmü yerinə
ömürlük həbs hökmü
çıxartdığı üçün həbsə
atılmış, əleyhinə ölüm hökmü
çıxarılmışdı. Ancaq minbaşı
Haşimi və Siqqətül-İslamın oğlunun
araçılığı, habelə Məhmud Cəm ilə
qohumluq əlaqələrinə görə
bağışlanaraq hərbi rütbəsi endirilmişdir. Yədullah
enişli-yoxuşlu bir həyat yolu keçmişdir. Onun məzarının
sol tərəfində çox mədəni və nəcabətli
hayat yoldaşı Şəms əl-Sadat Cəmin məzarı
vardı. Şəms xəstəlik üzündən gənc
yaşlarında həyatını dəyişmişdir. Yədullahın
məzarının sağ tərəfində Babək, Sərdari-Milli
adına xırda bir qəbir vardır. Yədullah xanın
dörd yaşlı nəvəsi İranın şimalında
yerləşən Ramsər şəhərində avtomobil qəzası
keçirmişdi. O zaman savadlılar ölkəni tərk
etdiklərindən Ramsər şəhəri xəstəxanasından
mütəxəssis həkim tapılmadığından bu
uşaq əməlli-başlı müalicə olmayaraq həyatının
dəyişmişdir. Sonra Yaşar məni bir qəbirin
üstünə aparıb dedi: bu, Səməd Behrənginin məzarıdır.
O, müəllim idi, uşaqlara ibrətamiz hekayələr
yazmış, xəlqinin gələcəyinə
cığırlar açmış, onların yoluna şəfəqlər
saçmışdır. Onun ən tanınmış əsəri
- Balaca Qara Balıq hekayəsidir. Bu əsər İrandan
başqa bir çox dünya ölkələrinin dilinə təcümə
olunub çap edilmiş və neçə ədəbi
mükafat qazanmışdır.
Yaşar bir az fasilə verib əlavə etdi:
- Bir çox böyüklərimiz, mücahidlərimiz
burada torpağa verilib. Ancaq bələdçi
olmadığından və qəbir daşlarının
yazıları oxunulmaz vəziyyət aldığından
onları tapa bilmədik.
Cümə günü idi. Yaşarın təklifi
ilə qərara gəldik ki, Təbrizin Rasta Küçəsində
yerləşən məşrutə muzeyindən
görüş edək. Yaşarın izahından başa
düşdüm ki, məşrutə evi elə Hac Mehdi
Küzə Kunanının şəxsi evidir. Məşrutə
inqilabı dövründə, o, böyük tacir idi. Məşrutəçilərə
həm fikir, həm də mal cəhətdən yardım
etmişdir. Onun evindən məşrutə dövrünə
aid bir çox vəsait, sənədlər, heykəllər
toplanıb saxlanılmaqdadır. Onları görmək mənim
üçün çox maraqlı idi. O zamanlar belimə
bağladığım on patronluq
tapançamı görmək
kefimi sazaltmışdı. Yaxşı hisslər
keçirirdim. Yaşar məni o zamanlar nəşr olunan
çox məşhur "Molla Nəsrəddin" qəzetəsinin
divara yapışdırılmış nüsxəsini oxuyarkən
gördükdə dedi:
- Səttarxan deyərmiş ki, "Molla Nəsrəddin"
qəzeti milləti ayıldır. Onları döyüşə
çağırır. Satira və həcv silahı ilə
düşmənə məhvedici zərbələr endirib,
onların məkrli planlarını puça çıxarmaq
mümkündür.
Yaşar bir az düşünüb davam etdi:
- O zaman Azərbaycan qəzeti də Səfərof
vasitəsilə Təbrizdə çap olarmış. Səttarxan,
o ruznamənin birinci nömrəsinin çapdan buraxılan
gününü "Milli Bayram"
adlandırmışdır. Səttarxan elm və mədəniyyətin
yayılmağına çox əhəmiyyət vermiş,
camaatdan pul para yardımı toplayaraq Təbrizdə yeni məktəblər
açdırmışdır.
Yaşar danışdıqca həyəcanlanır,
daha çox danışırdı:
- Hac Mehdi Küzə Kunanının məzarı
Gəcil qəbristanlığındaymış. Onun qəbri
"Azərbaycan tarixi və Təbriz
çaxnaşması"
kitabının müəllifi Hac Məhəmməd
Bağır Veycuyənin, habelə yüzlərlə şəhid
mücahidin məzarı kimi, Pəhləvi rejimi
dövründə dağıdılmış, yerində isə
"Gülüstan Bağı" parkı
salınmışdır. Bu yekəlikdə şəhərdə
guya park salmağa yer tapılmamışdır. Onların
gerçək məqsədləri o böyük mücahidlərin
məzarlarını dağıdaraq amac və qayələrini
unutdurmaq - yadırğatmaq olmuşdur. Ancaq Türk milləti
öz atalarının çalışmalarını
unutmayacaqdır.
Yaşar Səttarxanın sözlərini dedikcə
vəcdə gələrək davam elədi:
- Demokrat firqəsi dövründə Pişəvərinin
əmri ilə Rəssam Ərəbzadənin gecə-gündüz
fəaliyyəti nəticəsində Səttarxanın heykəli
düzəldilib Gülüstan Bağında
ucaldılmışdır. Şəhərin əsas
küçəsinə Səttarxan adı verilmişdir. Bir
ildən sonra Pəhləvi rejiminin dağıdıcı
ordusu Azərbaycan şəhərlərinə girəndən
sonra bu heykəli götürmüş və küçəyə
Pəhləvi adı verilmiş və şahın heykəlinin
düzəldilməsi sifarişini Rəssam Ərəbzadəyə
vermişdilər. İndi bu küçənin adı İmam
Xumeyni küçəsidir...
Biz Təbrizin dirəniş simvolu "Ərk-i
Əlişah"a sarı yollandıq. Ərk bir çox
zülm və ədalətsizliklər və ona qarşı
dirənış və qəhrəmanlıqlara şahid
olmuşdur. Onun kənarında Cümə namazı
qılındığı üçün qapıları
bağlı idi. Ona görə bu qalanı yaxından görə
bilmədik. Əlacsız divar arxasından hörmətlə
baş əyərək oradan uzaqlaşdıq. Yolumuza davam
edib, küçələrdə gəzişirdik. Mənə
belə gəldi ki, Yaşar bu məhəlləni əməlli-başlı
tanımır. Bir neçə nəfərdən
soruşduqdan sonra Baği-şumal məhəlləsində
olduğumuzu anladıq. Çox təəccüb etdim,
keçmişdə bu məhəllə səfalı və
yaşıllıq sarıdan dillər əzbəri
olmuşdur. Göylərə yüksəlmiş yoğun və
uca ağaclarına baxdıqda şübhəsiz,
papağın başından düşərdi. Bir neçə
gözəl bina və hovuzları vardı. Çox təəssüf
ki, indi o gözəlliklərdən heç bir əsər
qalmamış və hansısa dar baxışlara,
paxıllıqlara qurban getmişdir. Bunları fikirləşirdim
ki "Təqizadə" küçəsi tablosu mənim
diqqətimi çəkdi. Yaşar söhbətə
başladı:
- Seyyid Həsən Təqizadə, Qacar və Pəhləvi
dövrünün siyasətçilərindən biri idi.
Yaşarın danışıqlarını
eşitmədim, çünki dərin bir fikrə
dalmışdım. Keçmişə səfər edərək
onun mənə 1287-ci il 1-ci Şuray-i Milli məclisi vəkillərinin
Qafqaz yolu ilə Təbrizə qayıdarkən Tiflisdən
göndərdiyi məktub və onun məzmununa
yazılmış "siz tezliklə Azərbaycan hökümətini
öz əlinizə almalısız" fikrində qərq
olmuşdum. Bu işi görsəydim, yəqin ki, İran xəritəsi
dəyişilib və Azərbaycan əyaləti İran tərkibində
bir vilayət kimi qalardı? Düzünü istəsəniz,
özüm də bunların cavabını bilmirəm.
Yaşar uca səslə "Təbriz bələdiyyəsi
binasın çatdıq" deyərək məni
özümə qaytardı.
Bura keçmişdə Nobar qəbiristanı
imiş. Bələdiyyə binası və onun London şəhərindəki
Biqben saatına oxşar saatı görməli binaladandır.
Yaşar dedi:
- Nobar qəbiristanında bir çoxları, o
cümlədən, rusların əli ilə zəhərlənmiş
məşrutə hərəkatının düşünən
beyni fikir liderlərindən rəhmətlik Əli Misyo torpağa
tapşırılmışdır. Sonralar, ailəsi onun məzarını
Qum şəhərinə köçürmüşlər.
İndi o binanın bir hissəsini müzeyə çeviriblər.
Gedib oranı gəzə bilərik.
... Müzeyə girəndə bir çox şəkil
və qədimdən qalma fotoaparat, fotoqraflıq sənəti
ilə bağlı çox vəsaitlər gördüm.
Onların çoxu mənə tanış və maraqlı
idi. Binanın içərisində və çölündə
nə qədər gəzdimsə, məşrutə
inqilabının düşünən beyni, partizan
döyüşlərinin rəhbəri Əli Misyoya aid bir
tablo, şəkil və heykələ rastlamadım. Onun
haqqında muzeyi gəzən adamı, gələcək nəsli
aydınladan heç bir yazıya tuş gəlmədikdə
ürəyim darıxdı. Özümü ruhən çox
yorğun hiss edirdim. Mənzilə sarı hərəkət
etdik.
Ertəsi gün qərar verdik ki, Məşhurlar
parkına - (Parki-Məşahir) gedib, Bağır Xanın məzarını
ziyarət edək. Bu park keçmişdə Tubaiyyə məzarlığı
idi. Bu yerdə yenə Yaşar açıqlama verdi:
- Ora təbrizli tacir Hac Rza Tubaiyyə aid bir bağ İmiş. Ailəsində
yaranmış bir ixtilafa görə bağ uşaqlarına
miras qalmasın deyə məzarlığa vəqf etmişdir.
Bu məzarlıqda bir çox tanınmışlar, o cümlədən,
Ayəttullah Şəhidi, Təbriz millət vəkili,
sosial-demokrat partiyasının üzvü - Şeyx Məhəmməd
Xiyabaninin yaxın dostu Əli Əsgər Sərtipzadə, Səttarxanın
xüsusi katibi, şair və jurnalist Salmaslı Məhmud Qənizadə,
satira ustası artist Hacızadə və onlarla
tanınmış şəxs burada torpağa verilməsinə
baxmayaraq, Bağır xanın qəbrindən savayı,
heç kimin məzarı qorunmamış və
tökülüb itmişdir. Bağır xanın məzarı
üstə gəldikdə Yaşar izah etdi ki, Səttarxan rəhmətə
getdikdən sonra Bağır xanın yaxın dostları ilə
bərabər Ətəbata gedərkən
Kərkükdə bir kiçik otaqda yaşayır və sonra
İstanbula gedir. Almaniyanın, Osmanlının məğlubiyyətindən
sonra bir çox azadlıqsevər kimi oranı tərk edib vətənlərinə
qayıtmalı olurlar. İranın sərhəd şəhəri
"Qəsr-i Şirin"də kürdlərin komandanı
Muhəmməd Əmin Talibaniyə qonaq olurlar. Kürdlər
gecə yarısı Bağır xan və
yoldaşlarını soymaq məqsədilə
hamısının başın kəsirlər. Onların bu
utancverici əməlləri nəhayət aşkarlanıb cəzalanırlar.
O tarixdən bu yana o kəndin adı "Qonaqqıran"
(Mehmankoş) adı ilə tanınır. 60 ildən sonra,
Bağır xanın kürəkəni - Timsar (minbaşı)
Haşimi 1354-cü günəş ili onun məzarını Təbrizə
köçürüb Tubaiyyə qəbiristanında
torpağa verir.
... Bizim sonuncu görüş yerimiz Eynalı
dağı idi. Həmişə çətinliklərə
sinə gərib möhkəm dayanmış bu dağ öz
balalarının bir çox sevinc və kədərlərinə
şahidlik etmişdir. Eynalıya çıxdıqda şəhərin
nə qədər genişləndiyi və
böyüdüyünü gördüm. Ürəkdən
arzuladım ki, şəhər genişləndiyi kimi, şəhər
sakinlərinin ürəkləri də vüqarla
böyüsün. Plan əsasında Yaşar Tehrana
qayıdış bileti almışdı. İsa ailəsi ilə
sağollaşaraq avtovağzala doğru yollandıq. Gəldiyim
gün olduğu kimi, yenə də səhərə qədər
yata bilmədim. 1-ci dəfə Təbrizi görmək həvəsindən,
marağından idisə, bu dəfə Təbrizdə
gördüklərimin qəm-kədər və qüssəsindən
yata bilmədim. Yavaş-yavaş kristal pasportumun cibimdə
qızışdığını hiss edirdim.
Özümü Şah Əbd-ül Əzimə
çatdırdım. Yaşar dedi:
- Dostlarımla bir yerə toplaşıb bir az
söhbətləşəcəyik. Toplancaq yerimiz isə
atamın dükanı olacaqdır. Sən də gəl. Təəssüf
hissi ilə etiraz etməli oldum:
- Siz gedin! Mən hərəmə gedəsiyəm,
sonra dükana gəlləm.
...Hərəmin həyətində Səttarxan
məzarına yaxınlaşdıqda başım fırlandı və
yıxıldım. Gözlərimi açdıqda
özümü Əzizin yanında gördüm. O, dəsmal
ilə alnımın tərini silirdi. Təəssüf ki,
macal tapmadım Yaşarın zəhmətlərin qiymətləndirib
təşəkkür edəm. Onun üçün ürəyimdə
dedim: "Yaşar insanlıq, yaşar!"
Sami
SERDARİMİLLİ
525-ci qəzet 2018.- 5 oktyabr.- S. 6.