Dirijor Çingiz Hacıbəyov
yad edildi
Oktyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində
Əməkdar incəsənət xadimi, dirijor Çingiz
Hacıbəyovun 105 illiyi münasibətilə tədbir
keçirilib. Əvvəlcə qonaqlar sənətkarın
ömür yolunun əks olunduğu videoçarxa baxıblar.
Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar
mədəniyyət işçisi Rza Bayramov
çıxış edərək tədbirin əhəmiyyətindən
söz açıb.
Bildirilib ki, Azərbaycanda musiqili teatrın
yaradıcılarından olan Çingiz Hacıbəyov 1932-ci
ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının orkestrində skripkaçı kimi fəaliyyətə
başlayıb. Sonralar Azərbaycan Xalq Komissarları Soveti nəzdində
Radio Komitəsinin simfonik orkestrində dirijor assistenti, dirijor
olub. O, qardaşı Niyazi ilə birlikdə həmin orkestrdə
Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərinə,
habelə operaların orkestr fraqmentlərinə dirijorluq edib.
1963-cü ilin iyunundan ömrünün sonunadək Çingiz
Hacıbəyov Azərbaycan Dövlət Simfonik Orkestrində
dirijor kimi çalışıb.
Muzeyin şöbə müdiri Xanım
Abidinova, bəstəkarlar Məmmədağa Umudov, Azər
Dadaşov və digərləri sənətkarın
ömür yolundan, yaradıcılığından
danışıb, onun musiqi mədəniyyətimizin
inkişafındakı xidmətlərini vurğulayıblar.
Tədbir konsert proqramı ilə davam edib.
525-ci qəzet 2018.- 5 oktyabr.- S.7.