Elçin zirvəsi

Zirvə, məlumdur ki, ən yüksək nöqtə anlamında ifadə olunan sözdür. Bəzən, "ən yüksək zirvə" kəlməsi də işlədilir. Çünki hər bir ucalığın öz zirvəsi vardır.

Fikrimcə, bu, doğru deyildir. Zirvənin ən yüksəyi yoxdur. Çünki hansı həddə dayanmasından asılı olmayaraq, zirvə, elə, zirvədir... Zirvədən o tərəfdə isə, ənginlik dayanır. Ənginlik əlçatmazlıqdır. Zirvə, ənginlik altında daima öz əzəmətini qoruyur və bir növ özü də əlçatmazlıq simvoluna çevrilir. Zirvə sözü, mənəvi aləmdə özünə daha əngin yer tutur. Mənəvi zənginlik bütün zirvələrin fövqündə dayanır. Öz məzmunu ilə daha əzəmətli görünür. Çünki insanın mənəviyyatı onun varlıq düsturu, kimlik şifrəsidir. Odur ki, zirvə kəlməsinə ucalıq, yüksəklik anlamında yanaşmaqla məhdudlaşmaq səhvdir. Zirvə meyarına mənəvi təmizlik, vicdani paklıq ənginliyi anlamında yanaşmaq doğrudur.

Zirvəyə yüksəlmək çox asandır. Lakin zirvə olmaq çox çətindir. Zirvəyə yüksəlmək üçün müəyyən, keşməkeşli və yaxud da çox asan bir  yol keçməklə yetişmək olur. Zirvə olmaq üçünsə, Allahın verdiyi daxili potensialı nüvə gücü ilə püskürdən qüdrət sahibi olmalısan. Allahın seçilmişləri olan bütün yaradıcı insanların zirvə olmaq şansı vardır. Lakin burada mənəvi saflıq, daxili paklıq böyük önəm daşıyır...  

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçin yaradıcılığa başladığı ilk gündən etibarən özünün genişmiqyaslı düşüncə, idrak, təxəyyül imkanları ilə hüdudsuz bir yaradıcılıq potensialından xəbər verən yazıçı kredosunu göstərmişdir. Onun özünün də vurğuladığı kimi desək, ömrünün çox hissəsinin sovet sosialist sistemi dövrünə təsadüf etməsinə baxmayaraq, elə həmin illərdə yazdığı, lakin şaşqın ideologiyaya heç bir xidmət göstərməyən, özündə bəşəri mövzuları bəşəri problemləri ehtiva edən əsərləri, özünün də dediyi kimi, dünən necə oxunurdu və qəbul olunurdusa, bu gün də heç bir cümləsini və sözünü dəyişdirmədən olduğu kimi oxunur, qəbul olunur. Mən deyərdim ki, həmin əsərlər hətta zaman keçdikcə öz klassik qüdrəti ilə zamanın axarında hər dəfə müraciət etdikdə, yeni bucaqdan boy verdiyi görünür. Onun əsərlərinin dili şirin, nəfəsi təzədir, istidir.

Elçin ədib olaraq, təkcə bədii əsərlər yaratmaqla məhdudlaşmır. O, publisistikada, ədəbi tənqiddə, elmi baxışlarında və digər ədəbi xidmətlərində bədii təxəyyül imkanlarının zirvəsinə eyni profesionallıqla  yüksəlir.

Elçin zirvəsi hər tərəfdən aydın görünən, ənginliyə doğru boy verən yüksəklikdir. Həmin yüksək müstəvidə o, öz dəsti-xətti ilə parlaq şəkildə bərq vurur. Onun ədəbi baxışları ilə publisistikası arasında yalnız bir fərq vardır, o da janr fərqidir. Ədibin təxəyyül imkanı elə yoğrulub yapılmışdır ki, heç vaxt heç bir yazısında, hansı janrda yazmasına baxmayaraq, biri digərini üstələyə bilmir. Hətta elmi əsərləri Elçin müəllimin mükəmməl ədib olaraq yaratdıqları ilə eyni miqyasda özünü göstərir.

Elçin geniş fantaziyaya məxsus yazıçı olduğu kimi, həssas duyumlu publisist, dərin düşüncəli ədəbiyyatşünas-tənqidçidır. Elçin yaradıcılığının fəlsəfi miqyası, dərya dərinliyi qədər dərin, sonu görünməyən fəza qədər genişdir.

Elçin haqqında danışarkən onun hansı cəhətlərini qabartmaq istəsən görürsən ki, Elçin - nasir, Elçin - ədəbiyyatşünas-tənqidçi, Elçin - dramaturq, Elçin - kinossenarist, Elçin - publisist, Elçin - tərcüməçi, Elçin - neçə-neçə kitabın tərtibçisi, eyni zamanda, Elçin - ictimai xadim kimi mükəmməldir, zəngindir, dolğundur.

Dramaturgiya ilə məşğul olan elə ədiblər vardır ki, onların əsərləri yalnız ədəbiyyat olaraq özünü ifadə edə bilir. O cür dramaturgiya səhnədə özünü tapa bilmədiyi kimi, yaşaya da bilmir. Lakin Elçin dramaturgiyası, mükəmməl dramaturgiyadır. Onun ümumiyyətlə bütün əsərləri, həm nəsr, həm də səhnə əsərləri nə qədər oxunaqlıdırlarsa, bir o qədər də hərəkətə çevrilmək imkanını özündə cəmləşdirən dinamikaya malikdirlər. Tamaşa kimi yoğrulmaq üçün son dərəcə yumşaq xassəlidir. Ona görə də Elçinin pyesləri qədər povestləri, romanları da öz səhnə ekvivalentini çox üzvi şəkildə tapa bilmişdir. Elçin müəllimin bir ədib olaraq qüdrəti və gücü ondadır ki, onun nə pyesləri, nə də romanlarından, povestlərindən pyesə çevirdiyi səhnə əsərləri heç vaxt heç bir rejissor redaktəsinə tabe olmur. Necə var, eləcə də səhnədə canlanır. Lakin bu pyeslərin bir üstün cəhəti ondan ibarətdir ki, Şekspirin, Molyerin, Çexovun əsərləri kimi çox elatikdir, istənilən formaya düşə bilir və bu da o əsərlərə müraciət edən hər bir rejissora konsepsiya qurmaq üçün geniş meydan yaradır. Bütün bu üstünlüklər o deməkdir ki, Elçin dramaturgiyası heç vaxt səhnədən düşməyəcəkdir.

Elçin müəllim 14 tam, 10 kiçik həcmli pyeslər müəllifidir. Onun, "Poçt şöbəsində xəyal", "Ah, Paris, Paris!..", "Mən sənin dayınam", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Qatil", "Arılar arasında",  "Cəhənnəm sakinləri", "Teleskop", "Şekspir", "Sənətkarın taleyi", "O da aşiq ola yaza dünyada", romanları əsasında səhnələşdirdiyi "Ağ dəvə", "Mahmud və Məryəm", "Ölüm hökmü" və sair bu kimi bir-birindən fərqli, maraqlı, aktual mövzuları əhatə edən, yüksək bədii yükə malik əsərləri həm milli teatrlarımızın həm də əcnəbi teatrlarının səhnələrinin bəzəyidir.

Elçinin müəllif olaraq bir çox üstün cəhətləri vardır. Mən bunların hamısını sadalamaq niyyətində deyiləm. Sadəcə, onlardan biri barədə qısa danışmaq istəyirəm. Elçin müəllim bu yaxında, Mərkəzi kitabxanada özünün "Daş" romanının ərəbcə çap olunmuş kitabının təqdimat mərasimində vurğuladığı: "Mən ömrümün çox hissəsini sovet sistemində yaşamışam..." fikrini dinləyərkən, dərhal gözlərim önündə canlanan, teatr sahəsinə bəxş etdiyi, dünya teatrlarında yeganə geniş meydan tapan silsilə səhnə əsərləri diqqətimi, bir daha onun yaradıcılığına nəzər salmağa cəmlədi. Elçin müəllimin sovet dövründə yaşadığı illəri, müstəqillik dövrümüzdəki illərlə müqayisələndirəndə görünür ki, doğrudan da ömrünün çox hissəsi o dövrə təsadüf etmiş, lakin yazıçı məhsuldarlığı məhz müstəqillik dövrümüzdə daha yüksəkdir. Bu baxımdan, müstəqillik dövrümüzdə teatrlarımızın formalaşmasına xidmət edən ikinci bir məhsuldar yazıçımız yoxdur. Bax bu cəhətdən Elçin müəllim bir müəllif olaraq xoşbəxtdir.

"Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı mövzu ilə namizədlik dissertasiyam üzərində çalışarkən, Elçin ədəbi kəhkaşanında itib-batdığımın şahidiyəm. Yazılarımın birində də qeyd etmişəm ki, mən Elçin müəllimə çata bilmirdim. Onun hərəkət dinamikası ən məhsuldar nöqtədə bərqərar idi. Hər dəfə işi yekunlaşdırmağa hazırlaşarkən, Elçin müəllimin, istər respublika teatrlarımızda, istərsə də xarici olkələrin səhnələrində yeni pyesinin premyerasının olduğu xəbəri yayılmağa başlayırdı. Nəhayət yay mövsümündə dissertasiyamı yekunlaşdırdım və müdafiə etdim. "Müstəqillik dövü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı monoqrafiyam işıq üzü gördü. O monoqrafiyada Elçin dramaturgiyası bir neçə cəhətdən araşdırılır, müxtəlif  bucaqlardan təhlil, müqayisə və təsvir olunur. Dünya teatrları da daxil olmaqla, bütün teatr səhnələrində tamaşaya hazırlanan əsərləri, hətta başqa-başqa teatrlarda hazırlanan eyni adlı əsərləri təhlillə yanaşı müqayisələndirilir. Elçin müəllimin üstün cəhətlərindən biri də odur ki, müəllifin pyeslərinin səhnə sehri hər yazıçıya nəsib olmayan "Elçin teatrı"nı yarada bildi.

"Elçin teatrı" kontekstində görünən mənzərə budur ki, o, böyük bir nəsil üçün aktyor, rejissor məktəbinin bünövrəsini qoydu. Onun əsərlərində bir çox sənətkarlar formalaşdı, yetginləşdi və sənət aləmində özlərini "Elçin teatrı" məktəbinin nümayəndələri kimi təsdiqlədilər. Bu gün də Elçin müəllimin əsərləri teatr səhnələrinin bəzəyidir.

Deməliyəm ki, Elçin bir ədib olaraq əsərləri ilə bir neçə cəhətdən oxucunun, tamaşaçının və sənətşünas alimlərin diqqətini özünə cəlb edir. Onlardan biri də, çağdaş elmlər müstəvisində inqlabi yeniliyi ilə dünyanı heyran qoyan, dünyanın məhvərini dəyişdirən qeyri-səlis məntiq nəzəriyyəsi arealında, müəllifin özünü ifadə edə bilməsidir. Elçinin əsərləri öz rəngarəng polifoniyası ilə nə qədər zəngin, sinfonikdirsə, bir o qədər də ölçülərə yerləşməyən sonsuz bir fəzaya bənzəyən bir kəhkəşandır. Elçinin əsərləri heç bir qəlib çərçivəsində məhdudlaşmır. O, əsərlərində elə bir aləm yaradır ki, həmin aləmdə konkret rəng, səs, ölçü yoxdur. Həmin əsərlərdə hər kəs öz nəzər nöqtəsindən istənilən rəngi görə bilir, öz duyumuna uyğun olaraq istənilən səsi eşidə bilir və öz performansına uyğun gərdiş etmək imkanını tapır. Ona görə də hər bir mütəxəssis, istər rejissor, istərsə də tamaşa yaradan digər sənət sahəsinin sənətkarları, istərsə də hər bir oxucu və ya tamaşaçı onun əsərlərinə baş vurarkən, qol açdıqca daha uzaq məsafələrə uçmaq imkanı əldə edə bilirlər. Bir də, dediyimiz kimi, Elçinin əsərləri elə elastik yumşaqlığa malikdir ki, onlardan istənilən "fiqurları" çox asanlıqla yaratmaq olur. Ona görə də Elçin müəllimin pyesləri dünya teatr səhnələrinə çox asanlıqla daxil ola və həmin səhnələrdə yaşaya bilirlər. Xəmir kimi yoğrulmaq imkanı olan bu əsərlər hər cür modelin modern bütövlüyünü ərsəyə gətirmək imkanındadırlar. Təsadüfi deyil ki, "Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adoptasiyası (Elçin dramaturgiyası əhatəsində)" doktorluq dissertasiyamın mövzusu da məhz həmin tələbin diqtəsi ilə baş qaldırmışdır. Güman edirəm ki, dünyanın humanitar səhəsində ilk qaranquş olan bu orijinal mövzu az zaman içində elm müstəvisində öz yerini tutacaq və dünya teatrşünaslıq elmində Elçin dramaturgiyasının yeni aspektləri, yeni nəzəriyyə konteksində sənətşünasların diqqətini özünə cəlb edəcəkdir.

Bizə görkəmli Azərbaycan ədibinin yaradıcılığını araşdırmağı davam etdirmək, müəllifə isə bundan sönrakı ömrünün hər anını, bu günə qədərki kimi, heç durmadan ədəbiyyatımızın zənginləşdirilməsinə sərf etmək düşür. Bu yolda  əziz Elçin müəllimə can sağlığı, uzun ömür və yeni-yeni əsərlərlə öz oxucularına və tamaşaçılarına töhfələr bəxş etmək, fəth etdiyi, hər tərəfdən aydın görünən yaradıcılıq zirvəsindən Azərbaycan ədəbiyyat və sənət yollarına daima şəfəq saçan bədii nuruna sönməzlik arzulayıram!

Bu arzulara, 2012-ci ilin 17 mayında, saat 10.35-də yazdığım, "Azərbaycanın görkəmli ədibi, Xalq yazıçısı Elçini düşünərkən..." remarkası ilə başladığım şerimi birləşdirməyi də yerində hesab edirəm.

 

...Bax!.. bir də bax

gecənin qaranlıq gözündən

süd kimi süzülən sabaha!..

Sabahın içindən

bir qatar keçəcək,

hazir ol minməyə,

gecikmə sən daha.

Bu qatar adamla

bir anda dolacaq.

Qatarda yol gedən

yüzlərlə, minlərlə

sərnişin olacaq...

"Tık-çak-tak... tık-tak-tak...

tık-çak-tak... tık-tak-tak.."

ətrafa yayılan bu nəğmə

qatarın qəlbinin gur səsi,

durmadan yol gedən,

ürəkdən  oxunmuş,

zövq ilə dinlənən

bir ömür nəğməsi.

Zülmətin içində dayanma!..

Bu qatar beləcə,

zamanın ömrünü

biçəcək anbaan.

Bu fani dünyada

yol gedən qatarda

hamısı sənindir

görduyn nə varsa,

ey İNSAN!..

Şərbətlər süzülüb dolacaq camlara

cürbəcür ləzzətdə,

cürbəcür hikmətdə:

"Salam, mən sizin dayınızam",

"Ah, Paris, Paris",

"Mənim sevimli dəlim",

"Mənim ərim dəlidir",

"Cəhənnəm kirayənişinləri",

"Poçt şöbəsində xəyal",

"Qatil", "Teleskop",

"Mahmud və Məryəm",

"Ağ dəvə", "Ölüm hökmü",

"Şekspir" və sair...

Burada hər kəsin öz payı olacaq...

Qatarda yol gedən adamlar

hərəsi bir badə alacaq,

badəni başına çəkəcək,

bu dadlı, ləzzətli,

bu şirin, hikmətli şərbətdən

doyunca içəcək!..

Dopdolu bu qatar

durmadan gedəcək...

Bu qatar getdikcə,

qaranlıq gecənin

qaranlıq gözündən

ox kimi şütüyüb

sabaha ötəcək...

Ləzzətli şərbətdən,

hikmətli şərbətdən

doyunca içənlər

məst olub uyacaq,

şütüyən qatarla

gecənin gözündən

sıyrılıb birbaşa

gündüzə keçəcək.

Gözləmə, sən də iç,

O nurlu sabaha

qatarla sən də keç.

Dopdolu bu qatar

zamanın ömrünü

zəmi tək biçəcək...

İşığa tuşlanıb,

işıqdan nur alan qatarın bu yolu...

Elçindən-Elçinə

qatarlar keçəcək

dünyadan, dopdolu...

Bax!..

dön geri bir də bax,

bir də gör işıqdan nur alıb,

işığa tələsən bu yolu!..

 

İFTİXAR

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi.

525-ci qəzet  2018.- 5 oktyabr.- S.7.