Dilimizin altındakı ilan yuvası
Dilimizin altında sanki ilan yuva salıb. Ağzımızdan
çıxan hər sözlə zəhər saçırıq! Kəlmələri
zəlil günə salır, cümlələri
şil-küt edirik! Bir-birimizlə danışmağı
bacarmırıq, fikirlərimizi
dürüstcə açıb,
məramımızı səmimi
şəkildə deyə
bilmirik! Söz-söz
uzaqlaşırıq bir-birimizdən,
cümlə-cümlə yaranır
aramızdakı uçurumlar!
Beləcə, səssizlik başlayır.
Sükut xərçəng
kimi sözlərimizdə
şaxələnməyə başlayır, yavaş-yavaş
öldürür, hüceyrə-hüceyrə
yeyir!
Dilimizə gələn sözü geri qaytarırıq. Ruhumuzda
boş qalan sınıq-salxaq rəflərə
doldururuq! Toz basmış, unudulmuş,
bəlkə də, heç vaxt oxumayacağımız kitablar
kimi onları da üst-üstə yığırıq! Aramızda soyuq
yellər əsməyə
başlayır. Kəlmələrdən
qurduğumuz körpülər
dağılır, tikdiyimiz
minarələr uçulur!
Hisslər soyuyur, duyğular sovrulur!
Yetəri qədər danışa bilmədiyimizə görə,
ürəyimizdə kirəçlənmələr
yaranır, içimiz
paslanır. Əslində, söhbət edirik,
danışırıq, ancaq
ortada səmimi fikir alış-verişi yox dərəcəsindədir.
Sözləri qarşı tərəfə
ox kimi sancırıq.
Danışanı səbrlə dinləyib
başa çatdıra
bilmirik. Razılaşmadığımız məqamlarda özümüzdən
çıxırıq. Öz doğrularımızı qoşun
kimi qarşı tərəfin beyninə yeritməyə çalışırıq.
Bundan zərrə qədər ehtiyat etmirik, utanmırıq, çəkinmirik,
elə bilirik belə də olmalıdır. Bəzən o qədər yoruluruq ki, məcbur qalmadıqca bir-birimizlə
danışmırıq. Hətta ən son çarəymiş
kimi bunu axıra saxlayırıq.
Susaraq keçib gedirik bir-birimizin yanından, həyatından!
Anlayış göstərməyə can çəkirik, əvəzində
rahatlıqla dalaşırıq,
səsimiz çıxdığı
qədər qışqırırıq.
Adını isə fikir mübadiləsi qoyuruq! Düşüncələrimizi, istəklərimizi, arzularımızı, niyyətlərimizi
bir-birimizə demirik.
Çünki necə reaksiya
ilə qarşılaşacağımızı
bilmirik. Belə davam etdikcə rahatlıq canımızdan
gen düşür. Dialoq
qurmaq üçün
qarşı-qarşıya otururuq,
amma özümüzü
dueldə zənn edirik! Aydınlaşdıra bilmədiyimiz məsələləri
mübahisəyə sürüyürük.
Problemləri həll etmək
əvəzinə bir-birimizi
sıxışdırmağa, əzməyə, gününü
göy əskiyə bükməyə çalışırıq.
Neçəmiz dava eləmədən,
qarşıdakını suçlu
çıxartmadan, bildiklərimizi
sırımadan ünsiyyət
qura bilirik? Önyarğılardan sıyrılaraq hadisələri
təhlil edə bilirikmi? Empatiya quraraq bir-birimizə
yaxınlaşmağı bacarırıqmı?
Özümüzü digərinin yerinə
qoyaraq, baş vermiş hadisəyə baxmağa çalışırıqmı?
Əksinə, o qədər
hay-küy qopardırıq
ki, özümüzdən
çıxan səs qarşıdakının nə
dediyini eşitməyimizə
imkan vermir! Hamımız yerə döşənmiş
mina kimiyik, vay o günə biri toxuna, partlayıb, hər tərəfi darmadağın edirik.
Hərdən adama elə gəlir ki, ətrafda sevgisiz, anlayışsız
nifrətlə dolu bir cəbhə var. Onlar kimi düşünməyənlərə,
həyata baxışları
eyni olmayanlara hücum edir, susdururlar! Cəmiyyətdə
aqressiya hökm sürür! Adamları bir-birini didirlər.
Hiddət, qəzəb
və nifrət dolu statuslar, şərhlər sosial şəbəkələrdə tüğyan edir! İçimizdə o qədər
neqativ var ki, gecədən səhərə qədər
içən sərxoş
kimi hara gəldi o neqativi qusuruq! Danışmaq bacarığımızı iltifat demək, təqdir etmək, duyğularımızı söyləmək
üçün yox, könül bulandırmaq,
ürək sıxmaq üçün istifadə
edirik.
Səmimiyyətə o qədər
yadırğayırıq ki, solğun, pərişan, pəjmürdə vəziyyətə
düşürük. Susduqlarımız
içimizdə kinə, nifrətə çevrilərək qalaq-qalaq olur. O qədər
ucalır ki, gözümüzdən,
qulağımızda, saçımızdan, hətta dərimizdən
fışqırmağa başlayır. Şikayət etmək
dönəminə keçirik. İnsansızlıqdan
əziyyət çəkirik. Nə vaxt bir taksiyə minsək, sürücü
şikayətə başlayır. Alış-veriş mərkəzində
geyinib soyunma
otaqlarının qarşısında mübahisə
çıxır, ödəniş üçün
kassada növbəyə dayansaq,
bir burulğan
yaranır gəl görəsən. Bir-birimizə
qışqıraraq mədəniyyət dərsi veririk. Beş dəqiqəlik
bir yerdə oturanda
qiymətlərdən, hökümətdən, siyasətdən,
bir-birimizdən gileylənirik. Qarşıda oturanı elə
yükləyirik ki, bəlkə də,
bizimlə görüşdüyü üçün ürəyində
özünə min dəfə lənət
oxuyur! Bir-birimizlə səsimizi yüksəltmək
üçün fürsət
axtarırıq. Bir stəkan suda fırtına qopardırıq. Nəhəng
xortumlar, qıflar qaldıraraq burulğan yaradırıq. Əlimizə nə
keçsə, gözümüzə kim
görünsə, bir stəkan suda boğuruq. Hə, bax bu qədər hirsliyik, hikkəliyik.
Yaşadığımız həyat bir
dağın ətəyində dayanıb
qışqırmağa və öz səsimizin
əks-sədasını eşitməyə bənzəyir. Nə
deyiriksə, ağzımızdan hansı kəlmələr
çıxırsa, gec ya
tez eynisi geri qayıdır. Kainata
necə enerji ötürürüksə,
misliylə özümüzə gəlir. Təlaş etdikcə
təlaşımız artır. Nə qədər kin bəsləsək, yerindən o qədər nifrət cücərir! Eyni ilə yuyulub,
ütülənib, qat-qat düzülən
örtüklər kimi beynimizdəki dolablara yerləşdiririk. İstifadə etmək
üçün nə vaxt
əlimizi atsaq, boş
qayıtmır! Həyata vəsvəsə ilə
yaxınlaşırıq, kirli duyğularla yanaşırıq, şübhə
ilə baxırıq deyə narahatlıqlarımız dinmir. Sözlərlə münasibətimizi bərpa
etsək, cümlələrlə aramızı düzəltsək,
aydınlığa çıxa bilərik! Bunun
üçün ilk
növbədə dilimizin altındakı ilan yuvasından, beynimizdə gəzişən
əqrəb topasından, ürəyimizdəki kərtənkələ
yığınından qurtulmalıyıq!
Türkan
TURAN
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.24.