İspaniya - düşüncələr və unudulmaz xatirələr

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

“Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli

Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri 

Yeretikliyə (dinsizliyə) görə məhkum olunanların sayını bəzən protestant yazıçılar artırırdılar. Lakin bu da bir faktdır ki, Katolik kralların hakimiyyəti ərzində bir neçə min dinini dəyişən yəhudi-konversos iudaizm ibadətlərini icra etdiyinə görə məhkum edilmiş və tonqalda yandırılmışdı. Minlərlə konversos yalnız ölkədən çıxıb qaçmaqla bu ağır taledən uzaqlaşa bilmişdi. İspaniyada katoliklərin çoxu inkvizisiya tədbirlərinə qarşı müxalif idi. Neapollular və milanlılar isə (kimlər ki öz katolitsizmi ilə öyülürdülər və kimlərki papa tərəfindən dəstəklənirdi) sonralar ispan hökmdarlarının İspan inkvizisiyası tədbirləri özlərinin üzərində tətbiq edilməyə başlandıqda, buna müvəffəqiyyətlə müqavimət göstərdilər. Hətta İspaniyanın özündə də dəbdəbəli autodafeyə (inkvizisiyanın hökmünün təntənəli qaydada elan edilməsi və həm də hökmün, əsasən tonqalda yandırılmanın icra edilməsi) və ya hökmün mərasim şəklində icrasına, yeretiklərin edam edilməsinə maraq nisbətən az idi, ispanların əksəriyyəti heç vaxt bu dəhşəti anlamaq istəmirdi.

İlk inkvizisiya generalı Tomas de Torkvemadanın özü də konversos (iudaizmdən xristianlığa keçən) ailəsindən idi. Nəhayət, o, yəhudilər əleyhinə təbliğat kampaniyasına başlamışdı. 1492-ci ildə o, xristianlaşmaqdan imtina edən yəhudiləri ölkədən qovmaq tədbirinə əl atılmasının vacibliyinə katolik kralları inandırdı. İzabella və onun müasirləri 170 minə qədər öz təbəəsinin bu şəkildə qovuşmasına özlərinin mömin bir vəzifəsi kimi baxırdılar. Elə bu vaxt İspaniya özü iqtisadi resurslara möhtac idi ki, yeni Avropa mövqeyində və dənizlər arxasındakı imperiyasında özünü qoruyub saxlaya bilsin. Bu ədalətsiz, qeyri-insani tədbir iqtisadi cəhətdən daha fəal vətəndaşları ölkəyə xidmətdən məhrum etdi, həm də qapıları ölkədə alman və italyan maliyyəçilərindən istifadə edilməsi üçün açdı.

1492-ci ildəki sürgün, ispan tarixinə yəhudilərin göstərdiyi təsirə heç də son qoya bilmədi. XV əsrin sonunda İspaniyada 300 min dinini dəyişmiş konsersos var idi və onların çoxu sonralar da ölkədə qalmaqda davam edirdi. Onlar şəhər burjuaziyasının savadlı adamları və varlı ailələrdən olmaqla, ispan kübarlığından olanlarla evlənmiş, digərlərinə, hətta kral ailəsinə də öz qanlarını ötürə bilmişdilər. Ancaq 1492-ci ildən sonra onların mövqeyi təhlükəli olaraq qalırdı. İnkvizisiya onları ölkəni tərk etməyə məcbur edirdi. Bu qaçqınlara sığınacaq verən və onlara himayə göstərən, əsasən Osmanlı imperiyası, İstanbul idi. Ölkənin özündə qalan konversosların əksəriyyəti və onların törəmələri isə ortodoks katoliklərə çevrildilər. Onlarsız İspaniyanın “Qızıl əsri” də o qədər inandırıcı olmazdı.

Katolik kralların dinsizlərə qarşı mübarizəsi sonrakı nəsillərdə də davam etdirildi. 1556-cı ildə ispan kralı II Filippin Almaniyadakı, Fransadakı və İspaniyadakı bütün yeretiklərin “yəhudilərin törəmələri tərəfindən səpilmişlər olduğu” barədəki ağılsız prinsipə razılıq verdi. Papa IV Pavel isə İspaniya ilə müharibə vaxtı kral II Filippin özünün bütöv marrano və ya yəhudi törəməsi olduğunu açıqca bildirdi.

Qranadanın işğal edilməsi

İspan həyatına mavrların təsiri və ənənələri yəhudilərinkindən kifayət qədər fərqli idi. Ferdinanda və İzabellaya mavr problemi özünü siyasi və hərbi şəkildə göstərirdi. Çünki mavrlar müstəqil Qranada krallığını idarə edirdilər. Öz hərbi resurslarını təmərküzləşməkdə Kastiliya təbəələri katolik krallara həvəslə köməklik göstərirdilər.

Araqon hələ də Siciliyanı və Sardiniyanı ekstensiv Orta əsrlər Aralıq dənizi imperiyasından ayrılıqda saxlayırdı. Ferdinand öz uşaqlarının Portuqaliya, İngiltərə və Burqundiya ailələrindən olanlar ilə nikahları vasitəsilə yaranan ittifaqda Fransa əleyhinə öz diplomatik mövqeyini möhkəmləndirirdi. Lakin onun iki övladı və onların uşaqları gözlənilmədən öldü. 1504-cü ildə İzabella öləndə Kastiliyadakı varisliyin özü də yeni problemə səbəb oldu. 

İspaniya və Yeni Dünya

Afrikanın Atlantik sahili XV əsrdə prints Henrix Dəniz Səyyahının cəsarətli səfərləri hesabına başlıca olaraq Portuqaliyanın kəşfləri ilə əlaqədar idi. Kastiliyalılar bu növ fəallıqla praktiki qaydada maraqlandıqda, Kanar adalarını tutdular. Bu işğal Kastiliyaya imkan verdi ki, öz resurslarını və cəhdlərini dənizin o tayındakı kəşflər üzərində cəmləşdirsin. Genuyalı Xristofor Kolumbun kraliça İzabelladan aldığı dəstək bu yeni siyasətin göstəricisi idi. 1492-ci ildə Kolumb Vest-İndiyaları kəşf etdi, sonrakı yarım əsrdə isə ispanlar Amerikadakı nəhəng bir ərazini işğal etdilər və Uzaq Şərqdə də öz ilk məskənlərini saldılar. Katolik krallar 1493-cü ildə ispan mənşəli papa VI Aleksandrdan papa bullaları aldılar. Bunun nəticəsi kimi 1494-cü ildə Portuqaliya ilə Tordesilias müqaviləsi bağlandı. Bu müqaviləyə görə, Atlantik okeanındakı nöqtədən qərbdə olan bütün torpaqlar İspaniyaya məxsus olmalı, şərqdə olanlar isə Portuqaliyanın ixtiyarına keçməli idi.

Tac təkid edirdi ki, koloniyalarla bütün ticarət Sevilya limanı vasitəsilə aparılsın. Kastiliyalılar üçün saxlanılan yerli pul ispanların qanı hesabına dənizin o tayındakı imperiyanı qurmağa sərf olunurdu. Sevilya tezliklə Avropanın ən böyük ticarət mərkəzlərindən birinə çevrildi, onun əhalisi üç rüb ərzində dörd dəfəyə qədər artdı.

İndiki Sevilya gözəl şəhər, turist axını mərkəzi olmaqla yanaşı, ticarət sahəsində əvvəlki şərəfini saxlaya bilməmişdir. Onu qınamaq da düzgün olmazdı, axı İspaniya da Amerikalardakı həmin hegemonluğunun heç siluetini də saxlaya bilməmişdir. Ən tutarlı səbəb isə ondan ibarətdir ki, bütün dünyada XIX əsrin əvvəllərindən başlayaraq, müstəmləkə sistemi süquta uğramışdır.

İspan Amerikası ilə ticarətə Kastiliya inhisarı praktikada belə bir effekt verdi ki, Avropanın qalan hissəsi ticarətdə bərabər şərtlərlə rəqabət aparmaq şansına yiyələndi. Bu vaxt Amerikadan xeyli miqdarda gümüş idxal olunurdu.

Ferdinand 1516-cı ildə öləndə taxt-taca onun nəvəsi I Karl (1516-1556-cı illər) çıxdı, o, Niderland hökmdarı, Avstriya və Cənubi Almaniya torpaqlarında isə Habsburların varisi idi. Navarra adamları isə deyirdilər ki, onlar qubernator kimi araqonludansa, türkü qəbul etməyi seçərdilər. Sonrakı ili Karl İspaniyaya gələndə onun tərəfdarları artıq ümidlərini itirmişdilər və ölkə bu əcnəbinin idarəçiliyindən qorxurdu. Karl təcrübəsiz olmaqla yanaşı, ispanca danışa bilmirdi, özünü burqundiyalı məsləhətçilərlə əhatə etmişdi. Bütün bunlara görə o, heç də yaxşı təəssürat bağışlamırdı.

1519-cu ildə kral I Karl V Karl kimi Müqəddəs Roma imperiyasının imperatoru seçildi. Almaniyaya getmək üçün Karl gəmidə üzməyə başlayanda, Kastiliyada inqilab artıq başlamışdı. 1538-ci ildə Karl kübarlığın da azad ola bilməyəcəyi bir vergi təklif edəndə, bu narazılıqdan ləngimədən qiyam qalxdı.

Karl müsəlman türklərə və alman yeretiklərinə qarşı öz mübarizəsində xristianların vaxtilə mavrlara qarşı apardığı müharibəyə əsaslanırdı.

İspaniya xarici müharibələrdən də kənarda qalmırdı. Cənubi İtaliyanı türklərdən qorumaq zərurətinə görə Karl öz imperiyasını Osmanlı imperiyası ilə toqquşmaya aparıb çıxardı. Bu vaxt Mərkəzi Aralıq dənizi başlıca döyüş meydanına çevrildi.

Şimali Afrikanın işğalını tamamlamaqda Karlın uğursuzluğa düçar olması acı intiqam alınmasına gətirib çıxardı. Dəniz quldurlarının lideri, Barbarossa kimi tanınan Hayraddin 1529-cu ildə özünü Əlcəzairin ağası elan etdi və İstanbul sultanının suverenliyini qəbul etdi. Sultan bunun müqabilində ona paşa titulu verdi (İstanbulun uzun prospektlərindən biri indi Hayraddin paşanın adını daşıyır).

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.22