AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

Azəri gənclər birliyi yığıncağında M.Ə.Rəsulzadənin mühazirəsi: Qərbdə və Şərqdə milli məsələ

V

SIRA ŞƏRQİNDİR

Milliyyət məsələsi Avropada həll edilmişsə də, bütün dünyada daha həll edilməmişdir. Milliyyət davasının Fransa və Amerika ixtilallarındakı bəşəri fikirlərdən istifadə etdigi yuxarıdan bəri təfsil etdigimiz vaqeələrlə sabitdir. Müstəmləkə inqilabısının ən böyük mürşidi bulunan Müttəhid Amerika Cümhuriyyətinin qəhrəman müəssisi Vaşinqton nitqlərindən birində “Biz hürriyyət və birlik toxumunu saçdıq, bu toxum bütün dünyada çiçəklənəcək. Bir gün gəlir ki, müttəhid Amerika hökumətlərinə nazir olaraq Müttəhid Avropa təəssüs edər və Amerika hökumətləri bütün cahana örnək olur!”

Vaşinqtonun bu sözlərindəki məna, bədə kəndisindən bəhs etdigimiz Monroenin məşhur bəyannaməsində yer verilmiş, nihayət bu “tez” (ideya) Rəis Vilsonun nitq və bəyannamələrində tərvic edilmişdir. Vilsona görə Amerika ənənəyi siyasiyyəsini təşkil edən əsas ikidir. Xaricən hər millətin kəndi müqəddəratını həllə səlahiyyətdar olması və daxilən də vətəndaşların tabe olduqları hökuməti bizzat təyin etmələri. Birinci məbdə (prinsip) beynəlmiləl münasibatda hürriyyətdən, dövlətin millətləri mexanik qüvvətlə istiladan imtinandan, ikinci məbdə də hər məmləkət daxilində demokrasi rejiminin təsisindən ibarətdir. “Bən təklif ediyorum ki, - Vilson diyor - bütün millətlər (dövlətlər) digər bir milləti kəndisinə tabe olmaq üçün təzyiq və icbar etməsin, hər millət kəndi idarəsini bizzat kəndi təyin eyləsin və təklif ediyoram ki, tabelər mətbuları (başçıları) bulunan idarənin şəkil və mahiyyətini bizzat kəndiləri təyin eyləsinlər”.

Vaşinqton bütün cahandan bəhs edərkən Avropanın Amerikaya bənzəyəcəgini söyləmiş və bununla iktifa eyləmişdir (kifayətlənmişdir). Vaşinqton proğramını tərvic edən Monroe və Vilson kibi rəislər, fikirlərini bütün cahanı ehtiva edər bir şəkildə ifadə etməklə bərabər, tətbiqatda yalnız Amerika və Avropa sahəsi ilə iktifa eyləmişlərdir. Avropadakı ən radikal və sosyalist cərəyanlar belə aləmşümul mülahizə və projelərində Avropa və Amerika qitələrindən dışarıyı qəst etməmişlərdir. Avropadakı radikal əmələ cərəyanlarını belə, Şərqdəki hərəkat, avropalılara təəlluq edən şu və ya bu məsələyə toxunduracağı məzərrət və fayda nisbətində əlaqədar etmiş, hadisə o nöqtədən təqdir edilmişdir.

Yalnız bu hərbdən sonradır ki, “cahanı-mədəniyyət” milliyyət məsələsinin sırf Amerika və Avropaya münhəsir bir məsələ olmadığını görmüş, kəndisini müəzzəm bir hərəkat qarşısında bulmuşdur.

Əvət, məsələyi avropalıların “eqosentrik” görüşlərindən təcrid və aləmşümul bir nəzərlə tədqiq edərsək, əsl milliyyət məsələsinin bundan sonra həll ediləcəginə hökm etməliyiz. Türk dünyasını qəbzəsində (ovcunda) bulunduran qızıl bolşevizm yalancı bütün şüarına rəğmən, milliyyət məsələsini həll etmiş degildir. Sovet Federasyonunun nə kibi sentralist və milliyyət düşməni zalım bir idarə olduğunu biliyorsunuz. Millətlər Cəmiyyətinin qaliblər arasında bulduğu yeni müstəmləkələr haqqında tətbiq etdigi sistemin, əski müstəmləkələr sistemindən şəklən fərqli olmaqla bərabər, yeni müstəmləkə sistemi olduğu məlumdur. Burada dəyişən yalnız kəlimədir. Müstəmləkə yerinə “mandat” deyilmişdir. Təbiidir ki, bənligini istehsal (hazırlayan) və tamamilə təşəkkül etmiş bir milləti, bu kibi məhdud şəkillərlə aldatmaq olmaz.

Şərq məmləkətlərinin, bilxassə Türk ellərinin, Avropa millətlərinin XVIII və XIX əsrlərdə keçirdikləri milli cidal və ixtilal dövrünə girdiklərində şübhə yoxdur. XIX əsr Avropa millətləri üçün nə idisə XX əsr də Şərq millətləri üçün odur.

“Milliyyət” kəlməsi ilə “millət” kəlməsi arasında fərq vardır. Hürriyyət və istiqlalını kəsb (əldə) etmək yolunda əzm və israr göstərməyən bir cəmiyyət milliyyət olsa da millət degildir. Millət, istiqlalı ilə yaşamaq əzminə qərar vermiş milliyyətdir. Türkiyənin göstərdiyi xarüqə Asiya İstiqlal hərbi kibi, şanlı misallar varkən Türk və Şərq millətlərinin də artıq bir millət olaraq meydana çıxdıqlarına şübhə ediləməz.

Şərqdə və bilxassə Türk və İslam dünyasında zühur edən milliyyət cərəyanlarının və milli cidalların mahiyyət və həqiqətini tamamilə qavraya bilmək üçün məsələyi ayrıca tədqiq etmək lazım. Bu bəhsə başqa bir müsahibədə övdət etməyə çalışacağız. Şimdilik şu qədər söyləyə biliriz ki, Avropadakı milliyyət cərəyanlarında təsbid edilən 3 mühüm dövrü Şərq hərəkatları pək qısa bir zamanda keçiriyorlar.

Avropa milliyyətpərvərligi, verdigimiz təfsilatdan da seziləcəgi vəchilə 3 dövr keçirmişdir:

1. Fransa ixtilal məktəbinin təsirində bulunan rasyonalizm dövrü. Bu dövrdə milli hərəkat yalnız hüquqi-təbiiyə nöqteyi-nəzərindən görülüyor, milliyyəti müəyyən qanunlar təhdində yaşamağa qərar vermiş siyasi bir zümrə ədd ediyorlardı. Madam ki, insan hürdür, dövlət də hürr insanların muradi ümumisinə müvafiq hürr bir müəssisə olmalıdır, deniliyordu.

2. Alman filoloji məktəbinin təsiri ilə zühur edən irqçilik dövrü (rasizm). Bu dövrdə milliyyət məbdəi (prinsipi) romantik bir həyəcanla müdafiə olunaraq, milliyyətin şəxslərin iradəsilə degil, irq və mənşə vəhdətindən mütəvəllid olduğu iləri sürülüyordu.

3. Üçüncü dövrdə bu iki nəzəriyyənin etilafından (birləşməsindən) hasil olma əsri hars nəzəriyyəsi hakim oluyor ki, milliyyəti eyni şərait təhdində bulunan insanlar zümrəsindən mütəvəllid (əmələ gələn) cəmiyyət məhsulu ədd edərək, irq nəzəriyyəsindəki kollektivizm şərtini ifa etməklə bərabər, milliyyəti müstəhsəyə dönmüş bir müəssisə halında görəməz, onun tərəqqi və təkamül edər bir müəssisə olduğunu və milliyyət davasının insani demokratik prinsiplərlə müttəfiq olduğunu iddia edər.

Türkiyə həyati-siyasiyyəsini Şərq cərəyanlarının tipik bir misalı olaraq alırsaq bu 3 tipik nəzəriyyənin müxtəlif zamanlarda təsir yapmış olduğunu görürüz:

Tənzimat, Fransız rasyonalizminin təhti-təsirində idi.

İttihad və Tərəqqi zamanındakı Türkçülük, alman filoloji məktəbinin təsis etdigi irq nəzəriyyəsini tərviç edərdi.

Cümhuriyyət Türkiyəsi isə bəzi ifrad və təfridlərdən sərfi-nəzər hars nəzəriyyəsinə müstənid əsri idealını təqib etməkdədir.

Bu nəzəriyyə bizi alman filoloji məktəbinin oyanmaq üzrə bulunan millətlərə romantiq bir həyəcan verdigi mühəqqəq bulunan xalqiyyat, ətiqiyyət sahəsində icra etdigi elmi tədqiqat üsulundan müstəğni (ehtiyacsız) etmədigi kibi, milli bir hərəkata müvəffəqiyyəti təmin edən xalqçılıq əsası ilə də sıxı-sıxıya rəbt edər. Milliyyətpərvərlik bu nəzəriyyəyə görə demokratik və inqilabi bir cərəyandır.

Alacağımız Dərs

Hala tarixi düşmənin qəhhar (güclü, məhv edən) pəncəsindən qurtulamayan bir Azərbaycan, bir Türkistan, bir Kazan və sairə Türk qövmlərinə Avropa milliyyətpərvərligini tədqiq nəticəsində alınacaq pək mühüm dərslər vardır.

İctimai mücadilə məhkum, fəqət həqiqi həyata malik siniflərə istinad edən fikri cərəyanlar, hürriyyəti hədəf ittixaz etdikləri kütlənin bütün kin və nifrətini demokrasi əlehdarı zalım aristokrasiyə qarşı cəlb etdikləri nə qədər təbii isə, hürriyyət və istiqlalını istihdaf edən məhkum bir millətin də kəndisini əsarəti altında bulunduran qüvvətə, yalançı və müstövli millətə qarşı eyni hissi ədavət və kinlə mücəhhəz olması qayət təbiidir. Bu təbii saiqəylədir ki, alman ittihadının taktiki fransız düşmanlığı, slav ittihadının taqtiki alman və türk düşmənligi, İtalya itdihadının taqtiki Avstriya düşmənligi olmuşdu.

Bu təcrübəyə nəzərən bizim də proğramımız milli harsımızı tədqiq ilə Türkcəmizi sevmək, milliyyətimizi anlamaq, milli xüsusiyyət və mənliyimizi elmi surətdə öyrənmək olmalıdır. Mədəni millətlər arasında tüfeyli degil, dəyərli bir üzviyyət olmağa çalışmaqla bərabər biz, milliyyətpərvərligi irticai mənada alma-malı, onun həddi zatında demokratik və inqilabi bir cərəyan olduğunu dərk etməli, insani qayələrə milli demokratik yollardan daha səri gediləcəgini təqdirə qadir olmalıyız.

Taktiqə gəlincə, Avropadakı milliyyətpərvər cərəyanlarda gördügümüz kibi, milliyyət və istiqlalımızın yolu üzərində duran tarixi düşməndən tamamilə xilas olmadıqca, müqəddəs mücadilənin böyük mənfəəti naminə, kəndimizdə rus əleyhdarlığı fikrini tərbiyə etməli, Türklüyün əbədi düşməni müstövli (işğalçı) rusluğun, yalnız siyasi degil, harsı hər türlü təsirlərinə dəxi amansız bir mücadilə elan etməliyiz!

Rəsulzadə Məhəmməd Əmin

“Yeni Qafqasiya”, 16 nisan (aprel) 1927, ¹14

“VƏTƏN” MÜHƏRRİRİ BAKIDA

İstanbul qəzetələrindən “Vətən”in heyəti-təhririyyəsi ərkanından Əhməd Şükrü bəyin Rusiyayı tədqiq məqsədilə Sovetlər İttihadına ezam eylədigi məlumdur.

Əhməd Şükrü bəyin əziməti epey zaman olduğu halda “Vətən” səhifələrində bu səyahətin ancaq bir müqədiməsi görüldü. İstanbul ilə Batum arasında vapurdan (gəmidən) göndərdigi bir qaç məktubdan sonra, qütbi-şimal kəşfinə çıxan bəzi səyyahlar kibi, Əhməd Şükrü bəyin izi qeyb oldu. Hali-hazırda bu “cəsur kaşifin” (kəşfiyyatçının) nərələrdə olduğu belə “Vətən” oxucularına bəlli degildir. Vapurdan göndərdigi məktublarında Sovet Cəmahiri-Müttəhidəsini Amerika Cəmahiri-Müttəhidəsini tədqiqə çıxan bu  qəzetəçiliginin türk şagirdi Sovetlərin nəyini öyrənəcəgini oxucularına bildirmişdi. Amerikalıların “soqaqdakı adam” dedikləri bir təbir varmış, iştə Əhməd Şükrü bəy də bizə Qızıl Rusiya sokaklarındakı adamları anlatacaqdı.

Əhməd Şükrü bəy, Moskvaya Qafqasiya tariqi ilə gediyordu. Onun, qəzetəsinə göndərəcəyi ilk məktublar bizi bilxassə əlaqədar ediyordu. Baxalım, “Qafqasiya soqaqlarındakı adam” nasıldır, deyə maraq ediyorduq. Fəqət intizarımız çox sürdü. Batuma çıxdıqdan sonra Əhməd Şükrü bəyin səsi eşidilməz oldu. Sovet kaşifinin hali-hazırda hansı şəhər soqaqlarında nə kibi “adam” kəşfi ilə məşğul olduğunu biləmiyoruz. Yalnız 30 mart tarixi ilə Bakıda müntəşir “Komunist” qəzetəsinə baxılarsa, o nisan ibtidalarında Bakıda imiş.

“Vətən” mühərriri Bakıda nələr görmüş, “soqaqdakı adam”larını nasıl bulmuş? Bunu daha biləmiyoruz. Fəqət bildigimiz bir şey vardır ki, o da Şükrü bəyin 71 nömrəli “Komunist” qəzetəsində dərc etdirdigi bir məqalədir. Bolşevik qəzetəsinə “lütfən” göndərdigi bu məqaləsində “Vətən” Müdiri” (“Komunist”) qəzetəsi kəndisini oxucularına böylə təqdim eyləmişdir) Sovetlər İttihadına aid təəssüratını anlatıyor. Məzkur qəzetənin eyni nüsxəsində bir fotoğrafı dəxi mündəric bulunmaya idi, klişe olaraq basılan imzasına rəğmən, biz bu təəssüratın tanıdığımız “Vətən” mühərriri Əhməd Şükrü bəyə aid olduğuna çox şübhə edərdik.

Müstəqil Cümhuriyyət namını daşıyan bir türk məmləkətinin paytaxtına varid olan bir qəzetəçinin, bilxassə “Vətən” namını daşıyan bir Türk qəzetəçisinin gözünə ilk batan şey milli istiqlal məfhumu ilə təlif qəbul etməz bulunan yabançı işğal qüvvətlərini görmək, bu Türk məmləkətində rus ordularının hökmfərma olduğunu acı bir heyrətlə seyr etmək olurdu. Halbuki Əhməd Şükrü bəy pək acı həqiqətlər ərz edən bu talesiz məmləkətdə dadlı röyalar görüyor. Əhməd Şükrü bəycə:

“Türkiyədən Bakıya gələn bir türk qəzetəçisi adətən həqiqət dünyasından röya aləminə atılmış bir insan vəziyyətində qalıyor”muş.

Nə imiş bu röya aləmi?

Türkiyədə daha müvəffəq olmadıqları halda, burada latın hürufu tətbiq olunmuş; qadınlar çarşaflarını atmışlar, İstanbulda geyəlimmi-geymiyəlimmi deyə düşünməkdə ikən burada şapkayı geyirmişlərdir. Ruslar türklərə təhəkküm və təkəbbür göstərmədikləri kibi, türklər də rus cəbrinə qarşı artıq çırpışınmaq həvəsini daşımıyorlarmış... və sairə.

“Amerikalı” mühərririn kəşfi yalnız bu qədər degildir. O, bu kibi “röyalar”la bərabər bir “həqiqət” daha kəşf eyləmiş: məgərsə (sən demə) bakılılar türk imiş. O qədər türk ki, Əhməd Şükrü bəylə belə qonuşmuş, yekdigərlərini gözəlcə anlamışlardır. Fəqət o, bu qədərlə də qalmamış, “Kolumb”ları bir kəşfdə dəxi bulunmuşdur. “Şapka röyası” ilə “türkcə həqiqəti”ni təfriq ediləməz bir hala ifrağ edən (ayıran) amil “Cahanşümul Rusiya inqilabı imiş”.

Demək, Bakı türkünün şapka geyməsi də böyük inqilabın canlı kəramətlərindən imiş. Fəqət bu amerikalı kaşifə xəbər verəlim ki, şapka geyməkdə qibtə ediləcək bir kəramət varsa, bunun şərəfi bolşevik inqilabına degil, Rusiya istilasına aiddir. Bakılılardan bir qismi şimdi degil, şapkayı ta Çar zamanından bəri geymişlərdi, nitəkim çarşaflar da şimdi degil, ta o zamandan bəri atılmışdı. Tühəf (təəccüblü) degilmi ki, 1918-ci sənədə Gəncəyə gedən bir türk qəzetəçisi şapka geyən bir Azərbaycan nazirini təhtiyə eyləmiş idi. Halbuki, şimdi şapka geymək böyük inqilabın şanlı müqtəzəbatından (qanun və fərmanından) ədd olunaraq kəndisindən qibtəli bir lisanla bəhs olunuyor.

Türk qadınlarının sərbəst bir həyatla yaşamağa başlamalarını göstərən “çarşaf atma” xüsusunda İstanbuldan bir mühərririn Bakıdakı türk qadınlarından bir lisanı qibtə ilə bəhs edişi qədər mürai (riyakar) bir şey təsəvvür olunamaz. Rusiyadakı böyük inqilab, məazallah (Allah saxlasın!), İstanbula şamil degil ikən qadınlıq məsələsinin buraca həll olunan şəkli heç də komunist ifratlarına qibtə etdirəcək bir mahiyyətdə degildir.

Latın hürufunun tətbiqinə gəlincə “Hətta tramvay arabalarında belə yazıların latınca olduğu”na həsrət çəkən bu mühərrir bu “röya” ilə bərabər ruscanın da bir “həqiqət” olaraq yazıldığını əcəba görmüşmüdür? Yaxşı ki, Əhməd Şükrü bəy “amerikalı”dır. Lakin hüruflarından anlar. Əcəba bu “röya”dan anlamayanların latınca ilə yazılı türkcədənsə, rusca oxumayı daha ziyadə tərcih edən “soqaqdakı adamlar”dan möhtərəm mühərrir heç xəbər tutdumu?

Yazıları latın, sərpuşları (baş örtükləri) şapka olanların milliyyətlərini qeyb etmədikləri haqqındakı meydan oxurca iddialarını sühulbətlə (asanlıqla) qəbul edən mühərrir bu adamların nə milliyyətsiz və cibilliyətsiz (xilqətsiz) bir tip olduqlarını heç ögrəndimi? Yoxsa bolşevik kosmopolitligində bulduğu bu tiplər Amerikalı zövqünə müvafiqmi gəldi?!.

“Rusun Türkə təhəkkümü yoxmuş, türk də artıq təhəkküm və təkəbbürün intiqamını almaq həvəsilə çırpınmıyormuş” - deyən istanbullu bir mühərrir bu cümləsi ilə Bakı həbsxanalarında çürüyən, Sibiryanın soyuq mənfalarında məhv olan fədakar milliyyətçilərin dərdilə mütəəllim (kədərli), Xəzər dənizinin dalğaları içində boğdurulan istiqlal şəhidləri ilə Azərbaycanın hər tərəfində yatan vətən və milliyyət məzlumlarının acısı ilə dağdar milli Azərbaycan əfkarı-ümumiyyəsini nə qədər acıtdığını əcəba təqdir edə bilmişmidir? “Vətən” qəzetəsinin İstanbulda istifadə eylədigi hürriyyəti mətbuatdan mində biri Bakıda olsaydı, müqəddəsata toxunan bu cümlənin nə kibi protestolara məruz qaldığını qailinin (söyləyənin) başına nə kibi nifrət qasırğaları cəlb etdigini, Əhməd Şükrü bəy dərhal anlamış olurdu.

Rusunmu türkə təkəbbürü yox?... İstanbulun ingilis, fransız və rum ordusu tərəfindən işğalı Türkiyə nəzərində nə qədər acı və mənfur bir təkəbbür və təhəkküm idisə, rus ordusunun Bakıdakı hakimiyyəti də o dərəcə mənfur və o qədər məlun bir təkəbbür və təhəkkümü ifadə etməzmi?! Əhməd Şükrü bəy, Azərbaycan Sovet hökuməti deyilən heyətin Moskva əlində, mohud (aşnası) Fərid hökumətinin Londra əlində olduğundan ziyadə zavallı bir alət olduğunu əcəba tədqiq etmədimi?

Əhməd Şükrü bəy Bakıda nisan günlərində bulunuyordu. Bu günlərin acı xatirələri içində Azəri gəncliyinin qəlbini parçalayan qara ləkələrdən birisi də kəndilərinə Türkiyə müməssili (nümayəndəsi) təvrini verən bir taqım zəvatın işlədigi müdhiş xətalardır. Hər kəsdə bu xətaların təshih edilmək üzrə olduğu qənaəti qüvvətləndigi bir zamanda, Əhməd Şükrü bəyin, bir Türkiyə qəzetəçisi sifətilə, çıxıb da istila altında inləyən Azərbaycanda “rus təhəkkümü yoxdur” deməsi, heç şübhəsiz ki, Azərbaycan vətənpərvərliginin arxasına saplanmış xain bir xəncər təsiri vermişdir.

Şükrü bəy bu xüsusda daha iləri getmiş “Hərbi-Ümumiyi mütəaqib Amerika ilə Avropa dövlətləri və Rusiya, bilümum millətlərin kəndi müqəddəratlarına hakim olması əsasını vəz və elan etmişdi. Avropa dövlətləri bu qaydaya əsla riayət etməmişlər ikən Sovetlər İttihadı yalnız elan ilə iqtifa etməmiş, bu qaidəyi eyni zamanda mövqei-tətbiqə də qoymuşdur” iddiasını sərd eyləmişdir.

Qafqasiya Federasyonundakı müşahidatının hansı vəsiqə və ya vəqas ilə Əhməd Şükrü bəy, Sovet İttihadı sisteminin Cəmiyyəti-Əqvam mandaterligindən daha məqbul olduğunu iddia ediyor? Biz, Azərbaycan işğalının fərzən bir Misir işğalından və ya Əhməd Şükrü bəyin məqsədi rəisi bulunan Kıbrıs ilhaqından daha adilanə olduğunu “Vətən” mühərriri nə ilə isbat edər?!

Əhməd Şükrü bəy bu məqaləsində Azərbaycan Türklügünü, istiqlal həyatı ilə yaşamış və yaşamaq istəyən hakim bir millət degil, böyük Rusiya daxilində həqqi-əqəll həyatı təmin olunmuş bir əqəliyyət kibi tələqqi eyləmiş, hal ilə mazi arasında müqayisə yaparkən, yalnız Sovet sistemi ilə heç görmədigi Çarist Rusiyadan bəhs eyləmişdir. Sovetlər İttihadında təyini müqəddərat haqqı, səmimanə surətdə təmin edilmiş imiş!... Halbuki hər kəsin məlumu olduğu vəchlə, Qızıl Moskva Qafqasiyaya zorla girmişdir. Onun buradakı hökümranlığı ordusuna, “Çeka”sına və istibdadına istinadən davam ediyor. Bütün bunlar ortada durur ikən bir Türk mühərriri hansı vicdanın müsaidəsi və hansı haqq və səlahiyyətlə bu böyük günahı işliyor, göz görə bu fəci həqiqəti inkar ediyor?!

Əhməd Şükrü bəyi Azərbaycanın və ələlümum Qafqasiyanın Qızıl Rusiya tərəfindən bir müstəmləkə kibi istismar olunduğunu dərk etməyəcək qədər məhrumi-zəka bir zat deyə tanımadığımızdan, imzası ilə nəşr olunan bu fikirlərə doğrusu şaşdıq, gözlərimizə inanmadıq, hala da inanmıyoruz. Bu vaxta qədər “Vətən” vasitəsilə nəşriyatda bulunmadığı dəxi bu xüsusda bizə bir fikir verə bilir. Ehtimal ki “Amerikalı” mühərrir “Çeka” Rusiyasından səlamət qurtarmaq üçün böylə bir “manevra”ya lüzum görmüş, əsil intibalarını sonra yazacaq, Sovet soqaqlarında bulduğu “həqiqi adamı” İstanbula döndükdən sonra “Vətən” səhifələrində göstərəcəkdir.

“Vətən” qəzetəsini milliyyət kafiri ədd etmək istəmədigimizdən mühərriri Əhməd Şükrü bəyi də “mömin” deyə qəbul etməmiz icab edər. Bir möminin işlərini sihhətə həml etmək isə islamlıq icabındadır.

Bakıdakı manevrasından dolayı, mübariz Azərbaycan Türk gəncliginin ülvi məfkurəsi, iki türk məmləkəti miyanında mövcud qardaşlıq rabitəsi və nəhayət, Azərbaycan istiqlalı uğrunda, Bakı topraqları altında yatan Türk şühədasının əziz və müqəddəs xatirəsi naminə duyduğumuz acı təəssürlərə rəğmən, Əhməd Şükrü bəyi tamamilə təfkir etmiyəlim, bir az daha bəklə-yəlim, baxalım, bu xüsusata “Vətən” oxucularına nə söyləyəcək!..

Rəsulzadə Məhəmməd Əmin

“Yeni Qafqasiya”, 15 May 1924, ¹16

BOLŞEVİK YALANÇILARI

Yalan, bolşevik propağandasının ən böyük bir silahıdır. Propağanda mahiyyətinə haiz hər hankı bir hərəkat və nəşriyyatda elmi bir sihhət (doğruluq) aramaq müşkül pəsəntligində bulunmaq caiz olmasa belə, izzəti-nəfis sahibi bir müəssisə propağanda olsun deyə, göz görə-görə yalan da uydurmaz, bir gün sonra təkzib edəcəyini bildiyi üçün, düşmən haqqında olsa dəxi, söyləyəcəgi sözlərin dərəcəyi-vüsuqunu ölçmək məcburiyyətində qalır. Bir günlük təsir üçün yapılacaq bəzi işlərin becərilməsi bir yalana mütəvəqqif (yerində duran) olsa belə, dövlət başında duran məsuliyyətli bir zat bu yalanı irtikaba (pis işə) tənəzzül etməz. Bu kibi işlər qüyri-məsul bir taqım “mütəxəssislər”ə yaptırılır. İctimai bir zərurət sövqilə, cəmiyyət, bir cəlladı nasıl tələqqi və onun mövcudiyyətinə nasıl təhəmmül edərsə, bu kibi “mütəxəssis” mürtəkibləri (yaramaz işlər görənləri) də eyni kəharət və nifrətlə qarşılar.

Fəqət sözlə mətbuat hürriyyətini kəndi inhisarına alan bolşevik sistemi “böyük müəssis və mürşid” Leninin məruf düsturunca casusluğu şərəfli bir vəzifə halına ifrağ etdigi kibi, cəlladlıqdan başqa bir şey olmayan çekistliki də “ixtilalın dəmir əli” deyə təsid eyləmiş, yalanı isə propağandanın ən böyük silahı olaraq qullanmışdır. Propağanda məqsədi ilə əlahəddə bir qəzetə müxbiri degil, hər hanki böyük bir komisar, rəisi-cümhur mövqeində bulunan bir zat belə yalanlar irtikabından zərrə qədər çəkinməz, çünki bu yalanın xalq hüzurunda üzünə çırpılmayacağını bilir. Misal istərsiniz, sizə Azərbaycan Sovet Cümhuriyyəti icra heyəti rəisi Ağamalıoğlu Səməd Ağanın bir yalanını zikr edə biliriz.

Yövmi türkcələrdə “Azərbaycan Rəisi-Cümhuri” deyə yad edilən bir zat “Bakinski Raboçi” namilə intişar edən rusca qəzetədə (Rəisi-cümhurun türkcə yazısı yoxdur) yazdığı ərəb əlifbası ilə latın əlifbasından bəhs bir məqaləsində, latın əlifbasının Rusiyaya siyasi bir məqsədlə tətbiq edildigini dava edən baş mühərririmizlə münaqişə edərkən, ərəb əlifbası islahını istəyənlərin sıralarından tam yüz sənə geri qaldıqlarını elan etmək kibi həfifliklərdə bulunduqdan donra, ziraət naziri Səbri Bəy Əfəndiyə ətf etdikləri bəyanat kafi degilmiş kibi, bir də Ağamalıoğlu Böyük Millət Məclisinə böyük bir inadda (məxəz, dayaq) bulunmaq küstaxlığını göstərmişdir. Guya biz, Sovetlər İttihadını, latın hərflərinin tətbiqi ilə Türk vəhdətini qırmaqla ittiham etdigimiz sırada (1924 sənəsində) Böyük Millət Məclisinə latın hərflərinin tətbiqi lüzumuna aid bir qanun layihəsinin verildigini görməklə gülünc vəziyyətdə qalmışız.

Zavallı Azərbaycan qarei (oxucu), “Komunist” yavərlərindən başqa müstəqil və hür mətbuata malik olsaydı bu iftiranın propağanda məqsədi ilə uydurulmuş fahiş bir yalandan ibarət olduğunu ertəsi günü həmən öyrənərdi. Yaxud yalanın üzünə vurulacağını təqdir edən “Rəisi-Cümhur” bu alçaqlığı irtikab etmədən əvvəl bir az düşünür, heç olmazsa, bu dibsiz ifşaat “şərəfini” yardaqçıları Əhməd Bədilərə tərk edərdi.

Məlum olduğu üzrə, latın hərfləri xüsusunda bu günə qədər rəsmi Türkiyə nöqteyi-nəzəri elan edilmiş degildir. Maarif Nəzarətinin vaxtilə bütün Türkiyə müəllimlərinə sorduğu anketlərə verilən cavablar, son zamanlarda mətbuat səhifələrində mütaliələr bəyan edən ixtisas əhlinin nəşriyyatına baxılırsa, Türkiyə əfkari-ümumiyyəsinin latın əlifbasının tətbiqi əleyhində olduğuna hökm etmək lazım gəlir.

Yazı yalanının şahkar nümunəsini bolşevik Azərbaycanın ən yüksək şəxsiyyətinin imzasını daşıyan bir məqalədən aldıq. Şifahi propağandada qullanılan yalan nümunəsini də Bakıda tərtib edilən mətbuat sərgisinə rəhbərlik edən bolşevik məmurlarının təlqiyatından əxz edəcəgiz. Türkoloji konqresi münasibətilə tərtib olunan mətbuat sərgisinin “Müsavat” dövrünə aid qismi haqqında izahat verilirkən Türkiyə deleqələrinin nəzəri-diqqəti “Azərbaycan Cüzi layən fövqi-İran” başlığı daşıyan bir qəzetə üzərinə cəlb edilmiş, “İştə kor göz” denilmişdir. “Azərbaycan istiqlalını guya müdafiə edən müsavatçılar, kəndi hakimiyyətləri dövründə burasını İranın ayrılmaz bir hissəsi kibi tələqqi edən bir qəzetə intişarına meydan vermişlərdir”. Məzkur qəzetənin hankı sənədə və hankı hakimiyyət dövründə intişar etdigini tədqiqə vaxt bulamayan deleqələr üzərində bu “izahat”ın icra edəcəgi təsir aşikardır. Nitəkim kəndilərinin böylə bir “üqdə” (həlli çətin məsələ) ilə mütəəssir olduqlarını təmaslarımızla anladıq.

Halbuki, mövzu bəhs qəzetə “Yeni Qafqasya”nın Azərbaycan mətbuatının 50-ci ildönümünə aid olaraq intişar edən nüsxəsində mündəric mətbuat tarixçəsindən də görüldügü kibi 1917 sənəsində intişar eyləmişdir. (“Yeni Qafqasiya” məlumatının məxəzi isə bolşeviklər zamanında nəşr olunan “Azərbaycan mətbuatı” nam risalədir)

Həddi-zatında İran demokratları tərəfindən müsavatçıların “Azərbaycan istiqlalı” şüarına qarşı mücadilə etmək məqsədi ilə təsis edilmiş olan bu qəzetənin intişarı Müsavat hakimiyyətindən əvvəlki dövrə aiddir. Azərbaycan istiqlalı və Müsavat hakimiyyəti 1918, 1919 sənələrində təəssüs eyləmişdir. Bu qəzetə isə 1917-də intişara başlamış, bolşeviklərin Bakıda icrayi-hakimiyyət etdikləri ilk dövrdə davam eyləmiş və 1918-də Bakının Azərbaycan hökuməti idarəsinə keçməsi üzərinə bir daha çıxmaz olmuşdur.

Azərbaycanda hürriyyəti mətbuat olsa və insanlar “Çeka” qorxusundan məsun  qalaraq bildiklərini söyləmək imkanında bulunsaydılar, biz əminiz ki, Türkiyə deleqələri bu “üqdə”yi İstanbula gəlincəyə qədər qəlblərində daşımaq məcburiyyətində qalmazlardı.

Qəribədir ki, bundan bir zaman əvvəl Mirzə Davud Hüseynov, müsavatçıların Rusiya tərəfdarı olduqlarını isbat eyləmək üçün gücənmiş idi. Şimdi də mətbuat sərgisinin “rəhbər”ləri onu “İranpərəstlikdə” ittiham etmək istəmişlərdir. Fəqət ötəkinin də, bərikilərin də təlqin etmək istədikləri yeganə bir fikir vardır ki, bütün bu yalanların hədəfini təşkil edər:

Qızıl Rusiya əlində birər oyuncaq olduqları gün kibi aşikar olan bu uşaqlar, xalq nəzərində kəndi günahlarını təbriə etdirmək (sakitləşdirmək) üçün müxalifətlərini qaralıyor, lisani-hal ilə “burası zatən müstəqil degildir ki” deyərək şu mənfur yalançılığı irtikab ediyorlar.

Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasiya”, 14 nisan (aprel) 1926, ¹11

(Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.20-21.