Futbolumuzun səfiri: Vəli
Qasımov
Qədim
Gəncə şəhərində dünyaya göz
açmış, öz istedadı ilə parlayan, Azərbaycan
futbolunun canlı əfsanəsi Vəli Qasımov haqqında
gecəyarısı 90 dəqiqə ərzində yazıb
tamamladığım məqaləni çoxsaylı futbol
azarkeşinə ərmağan etmək istədim.
Usta Aydın kişinin evində böyüyən Vəlinin
əvvəl həndbola, sonralar futbola olan marağı onu Azərbaycanın
uşaqlardan ibarət futbol yığma komandasının
düşərgəsinə gətirdi. Fəqət, ədalətsiz
qərarla ani bir anda yığma komandadan kənarda qalan Vəli
istedadını sübut etmək üçün qonşusu
ilə birgə Xarkov şəhərindəki internat məktəbə
pənah gətirdi. Çətin həyat
tərzinə rəğmən qışın soyuğunda səhərlər
şirinçayla özündə təpər tapan Vəli
idman dərslərini müvəffəqiyyətlə yerinə
yetirir, yerli mütəxəssislərin diqqətini cəlb
edir.
Qısa zaman kəsiyində məşqçilərin təqdimatı
əsasında SSRİ yığma komandasının baş məşqçisi
Kostlev tərəfindən yoxlama oyununa dəvət alır. Sevincinin həddi-hüdudu
olmayan Vəli elə ilk yoxlama oyunundan sonra ikinci dəfə
uşaqlardan ibarət yığma komandaya qəbul edilir.
Vəli Çexoslovakiya ilə həlledici oyunda
vurduğu qolla SSRİ yığmasını Avropa
çempionatının finalına daşımağı
bacardı. Şalimov, Xarin, Yuran, Kobelev kimi
sonralar məşhur olan futbolçulardan ibarət
yığmanın heyətində 1985-ci ildə
Macarıstanın Budapeşt şəhərində Avropa
çempionu adını qazanaraq çempionatın ən
yaxşı futbolçusu seçilir.
Xatirimdədir,
Ukraynanın “Mayak”, “Metallist” komandalarından sonra Moskva
“Dinamo”sunda ulduzu parlayan Vəlinin həmvətənləri onu
Bakının “Neftçi” komandasına təkidlə dəvət
edirlər. Hələ 1987-cı ildə SSRİ
yığma komandası ilə Bakıda oynanılan
yoldaşlıq görüşündə onun məhsuldar
ötürmələri tanınmış məşqçilərinin
diqqətini cəlb etmişdi. Yoldaşlıq oyunundan
sonra SSRİ yığmasının rəhbərlərinin
“Pravda”, “Sovetiski Sport” və digər qəzetlərində
yazılan məqalələrdə “Vosxosdiyaşaya zvezda
Sovetskoqo futbola Veli Kasumov”
sözləri hər bir azərbaycanlının qürur
hissləri idi.
Onun
potensialının güclü olması o zaman “Neftçi”ni
daim “13”cü pillədə
saxlayan məşhur üçlüyün
narahatçılığına səbəb olmuşdur. Xatirimdədir, Moskva MOİK-nin qapısını
qoruyan Çanovun üç addımlığında dayanan
Vəli Qasımova ötürmə verilməyəndə ona
olan ögey münasibəti hər kəs aydın
görürdü. Ancaq bu laqeydliklərə rəğmən,
ona qoşulan şeirdəki kimi “Vəli komandanı çəkir
irəli” devizini əsas götürərək “Spartak”,
“Dinamo” (Rusiya), “Real Betis”, “Albasete” (İspaniya), “Setubal”
(Portuqaliya) kimi nüfuzlu klublara dəvət alır. Avropanın birinci beşlik çempionatlarında
forma geyən və İspaniya LaLiqasının bürünc
medalına layiq görülən yeganə azərbaycanlı
futbolçu olur.
Xatirimdədir, SSRİ-nin dağılması ərəfəsində
“Spartak” (Moskva) klubunun heyətində SSRİ/Rusiya kubokunun
sahibi olmuş Vəli qış fasiləsində Bakıda
bizim evə qonaq gəlmişdi. Birdən telefon zəng
çaldı. Dəstəyin o
başından məşhur futbol məşqçisi Valeri
Qazzayev idi. Leononkonun Kiyev “Dinamo”suna,
Kiryakovun isə Bundesliqanın “Karlsrue” komandasına keçməsindən
sonra “Dinamo” Moskva komandasına hücumçu kimi dəvət
alır. İkinci dövrənin
oyunlarında vurduğu 16 qolla birinci Rusiya
çempionatının rəsmi bombardiri kimi tarix yazdı.
“Dinamo”nun heyətində də bürünc medala layiq
görülən Vəli UEFA kubokunda vurduğu qollarla
Belçikanın “Brügge” komandasının transfer listinə
daxil olan perspektivli futbolçu idi. Ancaq o, komanda
yoldaşı Kobelevlə “Real Betis” komandasına
üstünlük verərək İspaniya liqasına üz
tutdu. Sonralar “Albasete” komandasında “Tenerife” ilə oyun
zamanı müdafiəçi Jakanovicdən (“Fulhem”in
hazırkı baş məşqçisi) ağır zərbə
alan hücumçu aylarla meydançadan kənarda
qalır. Yadımdadır, onun daha bir
ağır zədəsi Bakıda “Neftçi” - “Zenit” oyunu
zamanı müdafiəçi Stepanov tərəfindən sifətində
zərbədən almacığın sınması ilə nəticələndi.
Professor Teymur Babayevin müdaxiləsindən sonra
onun qısa zaman kəsiyində meydana qayıtması
azarkeşlər tərəfindən alqışlarla
qarşılandı. Futbol azarkeşlərinin
sevimlisi Vəli Qasımovun Rusiya yığma
komandasının dəvətliləri sırasında
olmasına rəğmən bizlərin məsləhəti ilə
müstəqil Azərbaycan yığmasını seçməsi
sonda onu təkrar Azərbaycana məşqçi kimi
dönüşü ilə yekunlaşdı.
“Neftçi”də idman direktoru, sonra isə baş məşqçi
kimi heyətin əsasən azərbaycanlı gənclərdən
ibarət olmasına rəğmən, güclü “Qarabağ”
komandası ilə Azərbaycan kubokunun finalında 120 dəqiqə
bərabər səviyyədə oyun keçirdi. Oyundan sonra
Qurban Qurbanovun və Rəşad Sadıqovun “Kaş ki, iki
kubok olaydı, hər iki komandaya veriləydi” sözləri
azarkeşlər tərəfindən də ədalətlə
qarşılandı.
Vəlinin Azərbaycan gənclər komandasında
baş məşqçi kimi fəaliyyəti dövründə
önə çıxan futbolçular bu gün də
yığma komanda və klublarda uğurla
çıxış edirlər. Almaniyalı baş məşqçi
Borti Foqtsun yığmaya rəhbərliyi dövründə köməkçi məşqçi
işi də onun bacarığını bir daha üzə
çıxarmışdır.
Vəlinin əsas xüsusiyyətlərindən biri də
onun Azərbaycan futbolunun və futbolçusunun inkişafı
ilə bağlıdır. AFFA-nın yarandığı ilk illərdə
Vəli Azərbaycan milli komandasının atributlarını İspaniyada sifariş edərək
təmannasız federasiyaya hədiyyə etdi. Moskva
“Dinamo”sunda uğurlu oyunundan sonra Nazim Süleymanov və Dmitri
Kramarenkonu Valeri Qazzayevə məsləhət
görmüşdür. Onlar da davamı
olaraq uğurlu oyun göstərərək onların məşhurlaşmasına
səbəb olur. Əfsanəvi Ələkbər Məmmədov,
Anatoli Banişeviski kimi Vəli Qasımov da həmyerlilərinə daim dəstək
olaraq onların ənənələrini davam etdirməkdədir.
“Betis”də
oynadığı dövrdə Rinat Dasayevlə dostluğu onların Sevilya
şəhərində parlamalarına səbəb bəlkə
də burada müsəlmanların çoxluq təşkil etmələri
ilə bağlıdır. Akademik Rafael
Hüseynovun elmi konfransda çıxışı zamanı
“Əndəlüsdə Muğam” mövzusuna istinad etməsini
yada salaraq onların meydançada rast gəldikləri
futbolçulara üstün gəlmələri isə ulu səsin
qüvvəsindən irəli gəlir, desək
yanılmarıq. Bəlkə Vəlinin
“Nou Kamp”da, “Santyaqo Bernabeu”da oyun zamanı azarkeş səsləri
arasında bizim də səsimizin eşidilməsi arzusu qərib
ölkədə onun istəklərindən biri olmuşdur.
“CBC Sport”da Rasim Mövsümovun hazırladığı
verilişdə Vəlinin “Albasete”də oynadığı
zaman meydançanın kənarında uşaq futbol geyimində
duran İnyestanın şəkli maraqlı məqam idi. Vəlinin təəccübünə
səbəb olan bu fraqmentin Rasim tərəfindən
aşkarlanması çoxsaylı tamaşaçıları
heyrətləndirmişdir. Xasiyyətcə
sakit olan Vəli Qasımovun pərəstişkarları
arasında Azərbaycanın məşhur incəsənət
xadimləri Ağəli İbrahimov, Vaqif Gərayzadə, Bəhram
Bağırzadənin adlarını fərəhlə çəkmək
istərdim.
Vəli ayağının zəhməti və intellekti
hesabına göstərdiyi şücayəti, vurduğu
qolları ilə azarkeşlərin incə hisslərinə
toxunaraq onları ya sevindirir, ya da məyus edir. Bu baxımdan
futbol oyunu sanki səhnədəki tragikomediya janrını
xatırladır. İstedadlı oyunçu futbol fəlsəfəsinin
incəliklərini xırdalayaraq yumru topu yumşaldaraq istədiyi
trayektoriyada ram etmə bacarığını nümayiş
etdirir.
Fərəhləndirici haldır ki, Avropa Liqasının Monakoda keçirilən püşkatma mərasimində səfir qismində iştirak edən Vəli Qasımovun qırmızı xalı üzərindən keçərkən “Qasımov” alqışları sədası həmyerlimizin indi də unudulmamasından xəbər verir. Onun veteran, futbol klubunda həmkarı olmuş Fernando Yerro ilə 2009-cu ildə Bakıda görüşü və İspaniya milli komandasının baş məşqçisi Del Boske ilə şirin söhbətləri qürurverici idi.
İspaniya yığmasının oyunçusu İnyesta isə vaxtı ilə Vəli Qasımovun “Albasete” klubunda oynadığı dövrdə uşaq futbol klubunun üzvü kimi meydançanın kənarında onun oyununu seyr etməsini xatırlayırdı.
Futbol dünyasına yaxşı bələd olan, dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayev Vəli Qasımov haqqında söylədiyi fikri sizlərə çatdırmaq istərdim. “Vəli rastlaşdığım insanlar arasında qabiliyyətinə, mədəniyyətinə və düzgünlüyünə görə seçilən və hörmət bəslədiyim alicənab şəxsdir. Həqiqətən bu yaxınlarda dostum Məzahirin qonağı olan portuqaliyalı iş adamı Bakıda Vəli Qasımovla görüşü zamanı dediyi sözləri sizlərə çatdırmaq istərdim. Vəli Qasımovun həlledici oyunda pərəstişkarı olduğum “Benfika” klubuna qol vurmasına baxmayaraq, onu Portuqaliyaya dəvət etməkdə israrlı idi”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Əli Rəsulovun Madriddə keçirilən festival zamanı əynində “Azərbaycan” yazısını görən ünlü futbolçulardan biri - Moskvanın “Spartak” klubunda oynamış Rəşid Rəhimovun (Hazırda Qroznının “Ahmad” klubunun baş məşqçisi) “Vəli Qasımova salam çatdırın” deməsi uzaq Avropada qürurverici idi.
Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin də xatirəsini nəzərə çatdırmaq istərdim: “Lissabonda səfərdə olanda həmkarımla taksidə söhbət edirdik. Birdən taksi sürücüsü soruşdu siz hansı dildə danışırsınız. Azərbaycan dilində, deyən kimi taksi sürücüsü sevinərək “Vəli Qasımov, “Setubal” sözlərini dedi”.
Vəli Qasımovun futbol coğrafiyasının əhatəli olduğunu nəzərə alsaq, bu gün də müxtəlif ölkələrdə onun verdiyi avtoqraflar, çəkdirdiyi şəkillər və formalar azarkeşlərin xatirəsində əbədi qalacaq.
Sonda nəzərinizə çatdırım ki, Vəli ilə tanışlığımız 1987-cı ildə Bakıya yeni gəldiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan Televiziyasının müşayiəti ilə Fransanın TV5 kanalının “Neftçi” klubunun bazasında reklam çəkilişi zamanı qapıçı Yuri Pereskokova vurduğu penaltilər sonrası ayaqüstü danışıqla dostluğumuz bu gün də davam edir.
Əlbəttə, bunlar eşitdiyimiz xatirələrin bir qismidir. Ancaq yazıdan və hadisələrdən də görünür ki, Azərbaycanı futbol vasitəsi ilə beynəlxalq arenada tanıdan səfir Vəli Qasımovun muradına çatması bizləri də sevindirir.
Çingiz ABDULLAYEV
Professor, Sülh səfiri
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.19.