“SMOMPK” məcmuəsi və milli mənsubluq
missiyası
Azərbaycan folklorunun qorunub saxlandığı ən əsaslı
mənbələrdən biri SMOMPK (“Sbornik materialov dlə
opisaniə mestnostey i plemen Kavkaza”) məcmuəsidir.
Görkəmli ziyalılarımız XIX əsrdə
Avropada baş verən proseslər, daha doğrusu, sürətli
yeniləşmə müstəvisində görüb
müşahidə etdiklərini bir növ Azərbaycana
daşıyıb gətirmək yolunu tutdular. Çox
doğru olaraq maariflənməni, milli kontekstdə olanlara sahib
durmanı bir dəyər və məqsəd olaraq əsas
götürdülər. Çünki
çar Rusiyasının Qafqaza marağı,
istilaçılıq siyasəti və Qərbin də bu
istiqamətdə sistemli, həm də məqsədyönlü
fəaliyyəti yaxşı olacaq nədənsə xəbər
vermirdi. Əksinə, imperiya, müstəmləkə
maraqları bir xof olaraq irəliləməkdə idi. Ona
görə də M.F.Axundov, H.Zərdabi,
M.Şahtaxtlı, M.Mahmudbəyov, S.Ə.Şirvani, E.Sultanov,
Y.V.Çəmənzəminli, T.Bayraməlibəyov,
S.S.Axundov, R.Əfəndiyev, F.Köçərli, S.Vəlibəyov,
Mirzə Vəlizadə, H.Ə.Qaibov, Hacı Kərim
Sanılı, Mirhaşım Vəzirov, Musa Quliyev və
başqaları milli mücadilənin öncülü olaraq
elmin, maarifin, təhsilin inkişafı sahəsində sistemli əməli
fəaliyyətə keçməyin gərəkliyi məsələsinə
kökləndilər. Əsas xətlərdən
birini isə xalqın mənəvi sərvətinin
toplanması, nəşri və tədqiqi sahəsində
görülən işlər təşkil edirdi.
Rusdilli mətbuatın bu sahədə olan xidmətləri
müstəsnalıqla ölçülür. “Tiflisskie
vedomosti”, “Kavkaz”, “Kavkazskii vestnik”, “Novoe obozrenie” və s. mətbuat
orqanları buna nümunədir. Onların
müasir folklorşünaslıqda öyrənilməsi sahəsində
gərəkli addımlar atılmaqdadır. Folklorşünas P.Əfəndiyevin sistemli
araşdırmalarından sonra həmin mənbələrin
öyrənilməsinə artan maraq çağdaş mərhələdə
özünün bəhrəsini verməkdədir. Etiraf edək ki, əməkdar elm xadimi, prof. P.Əfəndiyev
həmin mənbələrin qapılarını Azərbaycan
folklorşünaslığının üzünə açmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutu bu şərəfli işin bütün
ağırlıqlarını öz üzərinə
götürməklə mövcud mənbələri
arayıb-axtarmaq yolunu tutur və “İlkin nəşrlər”
seriyasından gərəkli layihə həyata keçirir.
Son olaraq ədəbi ictimaiyyətə təqdim olunan “SMOMPK:
Azərbaycan folkloru materialları” (I cild, Bakı, Elm və təhsil,
2018, 232 səh.) kitabı həmin uğurlu işlərin
davamıdır.
Folklor İnstitutunun direktoru, akademik M.Kazımoğlunun rəhbərliyi
ilə həyata keçirilən layihələr xalqın olanına
(mənəvi mədəniyyət anlamında) və onun
qorunuşuna hesablananlardır. “SMOMPK: Azərbaycan folkloru
materialları” kitabı (tərtib edənlər və ön
sözün müəllifləri: dos.R.Xəlilov, dos.A.Xürrəmqızı,
dos. A.Hüseynova) bu baxımdan möhtəşəm
hadisədir. Olanlarımıza, bizdən əvvəlki
nəsillərin ruhuna ehtiramdır. Gedəcəyimiz
yolun davamıdır ki, bunu da bir örnək olaraq AMEA-nın
Folklor İnstitutu reallaşdırır. Başlanğıcda
bu məqam xüsusi olaraq vurğulanır və deyilir ki,
“SMOMPK toplusunun nəşr edilməsinin 135 illiyinə və Azərbaycan
şifahi xalq ədəbiyyatı örnəklərinin ilk azərbaycanlı
söyləyicisi və toplayıcılarının əziz
xatirəsinə ithaf edilir”).
“SMOMPK: Azərbaycan
folkloru materialları” kitabının birinci cildində məcmuənin
on bir nüsxəsində əhatə olunan Azərbaycan
folkloru örnəkləri öz əksini tapmışdır.
“ÖN söz” adlanan başlanğıc yazıda
vurğulanır ki, “Azərbaycan folkloru örnəkləri
toplunun əsasən aşağıdakı buraxılışlarında yer almışdır:
- İnanclar, sınamalar (5-ci, 17-ci, 20-ci
buraxılışlar).
- Atalar
sözü və məsəllər (1-ci, 9-cu, 13-cü,
34-cü buraxılışlar).
-
Tapmacalar (1-ci, 13-cü, 18-ci buraxılışlar).
- Əfsanə və rəvayətlər (2-ci, 7-ci, 9-cu,
11-ci, 13-cü, 14-cü, 17-ci, 18-ci, 21-ci, 26-cı, 32-ci,
34-cü, 42-ci buraxılışlar).
-
Bayatılar, ağılar, şikəstələr, laylalar,
beşik nəğmələri, vəsfi-hallar, sayaçı
nəğmələri, holavarlar (18-ci, 20-ci, 41-ci
buraxılışlar).
- Lətifələr
(9-cu, 26-cı, 29-cu buraxılışlar).
-
Aşıq şeirləri (2-ci, 13-cü, 41-ci, 42-ci
buraxılışlar).
- Dastanlar
(13-cü, 19-cu buraxılışlar).
- Mərasim
folkloru (9-cu, 18-ci buraxılışlar).
- Uşaq
folkloru: laylalar, sanamalar, uşaq nəğmələri,
şeirlər, uşaq oyunları, uşaq nağılları,
heyvanlardan bəhs edən nağıllar (9-cu, 13-cü,
14-cü, 19-cu, 20-ci, 35-ci buraxılışlar).
- Xalq
mahnıları (18-ci, 42-ci buraxılışlar).
- Sehrli
nağıllar, məişət nağılları və
heyvanlardan bəhs edən nağıllar (3-cü, 6-cı,
7-ci, 9-cu, 13-cü, 19-cu, 20-ci, 21-ci, 26-cı, 35-ci, 42-ci
buraxılışlar).
Azərbaycan folklor materiallarından Azərbaycan türkcəsində
olanlar SMOMPK-da ərəb və kiril əlifbalarında
verilmişdir”.
SMOMPK bir toplu, məcmuə olaraq mətbu orqanları
içərisində uzunömürlülüyü və
Qafqaz xalqlarının milli-tarixi yaddaşını əhatə
etmək baxımından əvəzsizdi. Orada Azərbaycan
folklorunun müxtəlif növ və janrları, mərasimləri,
etnoqrafik mənzərəsi lazımi qədər əhatəli
və mükəmməl ifadəsini tapır. Əfsanə,
rəvayət, nağıl, dastan, atalar sözü, məsəl,
tapmaca, bayatı, nəğmə və s. nümunələri
bu gün tipoloji müstəvidə gedən proseslərin
dinamikasını, xarakter xüsusiyyətlərini
araşdırmaq üçün əsaslı material verir.
Folklorşünas R.Xəlilov, A.Xürrəmqızı,
A.Hüseynova bu məcmuələrin ayrı-ayrı səhifələrində
gedən xalq yaradıcılığı örnəklərini
çox diqqətlə izləmiş və indi
çoxlarının gedib çıxa bilmədiyi bu toplularda
nələrin olması haqqında müfəssəl bilgi vermək
imkanı qazanmışlar. Düzdür, indiyə
qədər folklorşünaslar, etnoqraflar, tarixçilər,
ədəbiyyatşünaslar, musiqişünaslar buradakı
folklor örnəklərinə diqqət yetirmiş və
müxtəlif səviyyələrdə münasibət bildirmişlər.
Dissertasiya səviyyəsində belə SMOMPK
araşdırma mövzusuna çevrilmişdir. Ancaq oradakı materialların ayrı-ayrı
buraxılışlar üzrə kitab halına gətirilib bir
yerə cəmləşdirilməsi Folklor İnstitutunun
keçirdiyi layihə sayəsində
reallaşmışdır.
Azərbaycanın ayrı-ayrı bölgələrindən
toplanan folklor nümunələri özünün rəngarəngliyi,
janr biçimləri və çeşidlərinin
spesifikası ilə xüsusi əhəmiyyət kəsb edir. XIX əsrin
birinci yarısından sonrakı mərhələnin ümumi
mənzərəsi haqqında dolğun təsəvvür
formalaşdırır. Məsələn, “İlandağ
haqqında əfsanə”, “Əshabi-kəhf dağı
haqqında əfsanə”, “Xəsis qara çörək və
Yezid təpəsi haqqında rəvayət”, “Məlik Məmməd
və Məlik Cümşüd”, “Əvil Qasım və
Əvil Məmməd”, “Şah Rüstəm”, “Şahzadə Qəmbər”,
“Şah İsmayıl”, “Şərif” və s. kimi folklor
örnəkləri xalqın yaddaşında olanların
ümumi məzmununu aydınlaşdırır.
Folklor
xalqın mənəvi zənginliyinin,
iç dünyasının məzmun və mahiyyətinin ifadəsidir.
Burada etnosun düşüncəsində yer alan
nə varsa hamısı müxtəlif boya, ifadə
özünəməxsusluqları ilə əksini tapır. Maarifçi ziyalılar, müxtəlif sənət,
peşə sahibləri bu zənginliyin əvəzsizliyini
zamanında dərk etmiş və onların qoruyub
saxlanması üçün əllərindən gələni
etmişlər.
Çar Rusiyası Qafqazı işğal etdikdən
sonra Tiflis bölgənin inzibati və mədəni mərkəzi
olaraq əsaslı bir funksiya yerinə yetirdi. Böyük
ziyalı qruplarının oraya axını başladı və
Azərbaycan burada öz xüsusi çəkisi ilə önəmli
yer tutdu. Elmin, ədəbiyyatın, mədəniyyətin
bütün sahələrində baş verən canlanma
sonrakı inkişaf üçün əsaslı rol
oynadı. Yerli xalqların tarixinə, mədəniyyətinə,
etnoqrafiyasına, dilinə artan maraq bir istiqamətdə
imperiya siyasətinə bağlanırdısa, digər tərəfdən
milli ziyalı qruplarının milli maraqlarına
bağlanırdı. Etnik qrupların milli
mədəniyyət təsəvvürləri bu mərhələdə
ayrıca bir mənzərəni faktlaşdırır.
Tiflisdə rus dilində nəşr olunan “Qafqaz arxeoloji
komissiyasının aktları”, “Qafqaz dağlıları
haqqında məlumat toplusu”, “Qafqaza dair materiallar toplusu” və
s. kimi orqanlar öz fəaliyyəti ilə mövcud mənzərə
haqqında vəziyyət və bilgiləri
faktlaşdırmaqla xüsusi əhəmiyyət kəsb edən
işlərə imza atdılar. Çarizmin
imperiya siyasəti məsələnin bir tərəfi idi və
nə qədər imperiya maraqlarını ifadə etsə də,
bu gün həmin xalqların tarixi, mədəniyyəti, məişəti
üçün xüsusi əhəmiyyət kəsb edən
məqamlar da vardır. Bu olanlar müstəvisində
həmin işin çəkisi daha ağır və əhəmiyyətlidir.
SMOMPK bu baxımdan Qafqaz xalqlarının folkloru,
etnoqrafiyası, tarixi və s. baxımından müstəsna
funksiya ilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli-mənəvi mədəniyyətinin
mühüm bir hissəsini özündə ehtiva edən bu
toplunun əhəmiyyəti
folklorşünaslığımız baxımından
ölçüyəgəlməzdir. Tiflisdə
Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus
dilində buraxılan bu toplu Azərbaycan folklorunun özünə
yer aldığı ən əsaslı mənbələrdəndir.
“1881-1929-cu illər arasında nəşr edilən
toplunun 46 buraxılışı (cildi) işıq üzü
görmüşdür. Onun 44
buraxılışı Tiflisdə (1881-1915-ci illər), son iki
- 45, 46-cı buraxılışları isə 1926-cı və
1929-cu illərdə Mahaçqalada nəşr edilmişdir”
(s.4). Bu qırx altı topluda əksini
tapan Azərbaycana aid folklor materiallarının kitab halına
gətirilməsi xalqımız, millətimiz
qarşısında vətəndaşlıq borcudur. Folklor İnstitutu, və onun əməkdaşları
R.Xəlilov, A.Xürrəmqızı, A.Hüseynova bu borcu məhz
SMOMPK və bu sıradan olanları yenidən arenaya gətirməklə
yerinə yetirmişdir.
Qori Müəllimlər Seminariyasının məzunları
M.Mahmudbəyov, F.Köçərli, R.Əfəndiyev, S.M.Qənizadə,
T.Bayraməlibəyov, H.K.Sanılı, A.Qiyasbəyov və
başqalarının (təxminən qırx nəfərdir) fəaliyyəti
sayəsində görülən işlər
folklorşünaslığın formalaşmasında
mühüm mərhələdir. Onlar öz
gördükləri gərəkli işləri ilə
sonrakı dövr folklorşünaslığın gedəcəyi
yolu müəyyənləşdirmişlər. Bugünkü Azərbaycan
folklorşünaslığı bütün uğurları ilə
həmin nəslə borcludur. Zəngin folklor örnəklərimiz,
əfsanə, rəvayət, atalar sözü, məsəl,
tapmaca, layla, oxşama, nağıl, dastan, aşıq
yaradıcılığı, mərasim folkloru və s. xalqdan
toplanaraq orijinal və rus dilinə tərcüməsi ilə
bu məcmuədə özünə yer almışdır. İndi onların gördüyü işlərin əhəmiyyəti
sonsuzluqladır və biz həmin mücadiləni, xalqın mənəvi
sərvətinə olan sayğını milli mənsubluğun
yaşarlıq hadisəsi kimi uca tuturuq. “SMOMPK:
Azərbaycan folkloru materialları” kitabı bunun nümunəsidir
və eyni zamanda, yeni şəraitdə ona olan
sayğıdır. Daha doğrusu, nəsillərin
mənəvi, ruhani bağlantılarıdır. AMEA-nın Folklor İnstitutu bu baxımdan fəaliyyəti,
gördüyü müqəddəs işləri ilə məbəddir.
SMOMPK məcmuəsinin on bir buraxılışındakı folklor örnəklərini əhatə edən bu kitab (“SMOMPK: Azərbaycan folkloru materialları”) material zənginliyi ilə digər saylarındakı nümunələrin də nəşrinə marağı artırır. Zəngin janr və mövzu çeşidləri ilə əhatələnən folklor nümunələri həm də Azərbaycanın demək olar bütün bölgələrini ehtiva etmə imkanları ilə maraq doğurur. Goranboy, Naxçıvan, Şəki, Qəbələ, Yelizavetpol, Bakı, Lənkəran, Şamaxı və s. bölgələrdən toplanan nümunələr regionun tarixi-mədəni coğrafiyasını əhatələmək imkanları ilə səciyyəvidir. “Taledən qaça bilməzsən”, “İki yetimin nağılı”, “Qorxağın nağılı”, “Gözəl şahzadə qızın nağılı”, “Dilənçi şahzadə qız”, “Ağılsız cütcü”, “Uğurlu cavab”, “Ovçu Pirim” “Oxxay”, “Müdrik padşah”, “Şeydulla”, “Müqəddəs bardaq”, “Qarı və buz”, “Şah və xoruz”, “Koroğlunun dava başlayanda oxuduğu mürəbbelər”, “Dua və müalicə”, “Müqəddəs yerlərin ziyarəti”, “Qızdırmaya qarşı müalicə”, “Sarılıqdan qurtulmanın üsulu” və s. folklor nümunələri zəngin fakturası ilə xalqın həyat təsəvvürlərini, məişətini, dünyagörüşünü özündə ehtiva edir. Məsələn, Mir Haşım Vəzirovun toplamalarında mifik yaddaşa bağlanan təsəvvürlərin yer alması və onların özünəməxsus dərki mətnlərdə mühüm maraq kəsb edir. Məsələn, “Od və su” başlığı altında verilən mətndə vurğulanır: “Odu söymək və ya boş yerə and içmək günahdır. Odu bir dəfəyə söndürmək, xüsusən də onu su ilə söndürmək olmaz. Yer üzündə olan bütün od (odun hamısı) cəhənnəmdən uçub çıxmış bir qığılcımdan əmələ gəlmişdir.
Su da müqəddəsdir, onu söymək və boş yerə ona and içmək olmaz. Su yer üzündə ümumdünya tufanı vaxtından qalmışdır. Tufana qədər su təndir şəklində olan bir yerdə olmuşdur və oradan qalxaraq bütün dünyanı bürümüşdür”.
Bütün bunlar ulularımızın təsəvvürlərini, həyat fəlsəfəsini, zəngin mənəvi dünyasını özündə ehtiva edən folklor örnəkləridir. Onların qorunub saxlanması və gələcəyə ötürülməsi müqəddəs işdir, vətəndaşlıq nümunəsidir. AMEA-nın Folklor İnstitutunun reallaşdırdığı bu böyük işlər özünüdərk və özünüifadə örnəyidir.
Mahmud
ALLAHMANLI
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.18.