Ən böyük azadlığım - Sənin
əsirin olmaq
“Tarqovu”da, yarımzirzəmidə yerləşmiş bir
kafedə oturmuşam. Bitib, tükənirəm. Ağlıma ilk gələn sən oldun.
Hər bir fahişə qadının belə qəmli bir
tarixçəsi olur. Olmasa belə uydururlar. Sənə heç nə uydurmadan yazıram.
İçim bomboşdur. İçimdəki
boşluqları doldurmaq üçün sözlər
axtarıram. Tapa bilmirəm. Buna
baxmayaraq, içimdə hirs və hikkə adına
heç nə yoxdur.
Yalqızlığım həbsxana hücrəsinə
oxşayır və o hücrənin kiçik pəncərəsi
hər gün daha çox kiçilir. Və sonda o pəncərənin
qapanmağı ilə hər şey bitəcək. Bunun bitməsini istədiyim qədər heç nə
istəmədim heç vaxt.
Gövdəsindən qoparılmış çiçək
kimiyəm. Nə qədər dibçəkdə saxlanmaq olar?
Bir gün, iki gün... Sonrası bəllidir.
Hər bir kəs nə vaxtsa həyatında bir dəfə
xoşbəxt olur. Mənim gələcəkdən elə
bir gözləntim yox. Hər şey keçmişdə
qalıb...
Mən
indi anlamışam ki, şairlik təkbaşına
vuruşmaq kimi bir şeydir, özünə bənzər bir adam axtarmaqdır. Və sonda da
onu tapmamaqdır.
Kim nə
bilir ruhundakı
Sevda nədir; Mən danışım.
Burax yeri,
burax göyü,
Mən sənə səndən danışım.
I
ÖZÜNÜ
AZADLIĞA BURAXMAQ
Sənə
can atmıram daha,
Canım yoxdur ki, can deyiləm.
Allah olsan
da bil sənə
Mən təslim olan deyiləm.
Heç
nəyə can atmıram daha. Özümü
azadlığa buraxmaq, rüzgarların alıb
götürdüyü uzaqlara, ağlımın
anlamadığı, ruhumun duymadığı yerlərə
getmək istəyirəm.
Bu istək nəyisə əldə etmək, nəyəsə
nail olmaq cəhdi deyil. Bu qısa ömründə əbədi
qanunlarla yaşamaq istəməyən bir insanın sonda nəyisə
anlamaq cəhdidir. Ürəyin qanunlarından
ağılın xəbəri yoxdur ki! Bizim
gördüklərimiz görmədiklərimizin kölgəsidir
əslində. Və nə qədər yol
var, onu gedəcək adamlar da olacaq.
Allahın belə Allah olmaq istəmədiyi bir məmləkətdə
insanları fərqli qılan nədir görəsən? Doğulduğu
yerimi, sevdiklərimi, ata-analarımı, kimin uşağı
olmağımı, sahib olduqları şeylərmi? Yox!
Bu fərq yaşadıqları ömrə münasibət
formasıdır əslində. Ancaq adamlar bilmirlər
ki, ömür illüziyadan başqa bir şey deyil. İnsan yer üzündə deyil, ancaq sevdiklərinin
qəlbində, sevdiyi şeylərin mahiyyətində
yaşayır.
Yaşamağın başqa bir anlamı yox və həyat
ona bağlanılacaq qədər uzun deyil. İnsan onu xatırlayacaq
son adam öləndə ölür!
II
ÇƏTİNDİR
GÖYÜ SEVİB QAYIDIB YERİN OLMAQ
Ömrü
sovurub-sovub,
Bəxti
qapıdan qovub,
Çətindir
göyü sevib
Qayıdıb yerin olmaq.
...
İlk doğuluşdan insanın göy üzünə
sirli-sirli baxmağı, sonradan elə bu sirr içində
göy üzündə Allah axtarışı və bir az sonra da sirr içində Allaha əl
açıb dua eləməyi də fəlsəfənin ilk
predmeti olmalıdır məncə...
Mən fəlsəfəni onun quru mücərrədliklərində
və formal tərəflərində deyil, insanın öz
ruhu ilə qarşılıqlı münasibətlərinin
fonunda aydınlaşdırmağın tərəfindəyəm.
Bizdə adətən, həmişə fəlsəfənin
özü ilə deyil, onun tarixi ilə məşğul
olublar. Sonaz
qala bir əsrə bərabər bir dövrdə insanın ilk
yaranışı, insanın özü və Allah
haqqındakı düşüncə və biliyində indiyə
qədər formalaşmış ənənədən fərqli
bir fikir söyləmək “sovet ideologiyası” tərəfindən
qadağan olunmuşdu. Qadağaların hakim
olduğu yerdə azad düşüncə,
azadlığın hakim olduğu yerdə azadlıq olmur.
Ən böyük azadlıq sərbəst
düşüncənin azadlığıdır.
Bizim xalqda
fəlsəfə ilə bağlı maraqlı bir fikir
formalaşıb; Kim ki elmlə məşğul ola bilmir, filosofluq edir. Bu cür
düşüncə tərzi bizi heç vaxt fəlsəfənin
həqiqi mahiyyətini dərk eləməyə imkan verməyib.
Hər hansı bir tədqiqat sahəsi dəqiq
formullarla ifadə olunmuş biliyi meydana çıxardıqda
bu bilik elm adlanır. Hər bir elm fəlsəfə
kimi başlayır, sənət kimi başa çatır.
Fəlsəfə məlum olmayanın və ya qeyri- dəqiq
olanın sübutlara əsaslanan şərhidir. Deməli, elm analitik təsvir, fəlsəfə
isə sintetik şərhdir.
Fəlsəfə sözün əsl mənasında elm
kimi bizi zəngin eləyə bilməz, ancaq o, bizim ruhumuzu
mütləq azad eləyə bilər.
Məncə, azadlıq, daha doğrusu, düşüncə
azadlığı fəlsəfənin ən böyük
predmetidir.
Özündə bir çox tədqiqat və mülahizə
sahəsini birləşdirən fəlsəfə Allah,
ölüm, əbədiyyət, zaman və məkan
haqqında düşüncələrlə qorxu içində
yaşayan insanı xilas etməyin, yəni insanın
özünü xilas etməyinin ən gözəl yoludur.
Ancaq olanların və olacaqların mahiyyətini
daşda, ağacda, göy üzündə, ulduzlarda, hətta
sonda Allahda axtarmağın tərəfində deyiləm. Çünki
onların hamısından daha dəyərli, daha möhtəşəm
bir mövzu var - insan ruhu, insan mənəviyyatı və sonda
insanın özü. İnsanın
özündə baş verənlərin mahiyyətini göy
üzündə, ətrafda axtarmağı başa
düşülən deyil. Göyü
sevib yerin adamı olmaq axmaqlıqdır məncə.
Ömür
keçdi gəldi bir dəm,
Haqq yoluna qoydum qədəm.
Ki,
özümə varıb gedəm,
Özgə bir yol de varmı heç.
İnsanın öz özündə bir şey olması
bizə imkan verir deyək ki, insanda olan nə varsa
özünündü və yaxud insan öz mahiyyətidir əslində,
böcək kimi, qarışqa kimi, quş kimi, arı kimi,
hörümçək kimi. Əziz dost, qarşılıq olaraq
deyə bilərsən ki, insan onlardan fərqli olaraq
düşünə bilir, kəşf edə bilir, yarada bilir. Tor hörümçəyin, şan arının kəşfidir.
Sadəcə olaraq onlar ən böyük kəşflərini
insandan fərqli olaraq sonda deyil, başlanğıcda eləyiblər.
Yol gedirəm
mən dəli,
Bu yol dəli, mən dəli.
Bu nə
yoldu əvvəli
Və sonrası içində.
Əvvəl və son yoxdur. Onların əvəzində
yol var. Və ən acınacaqlı odur ki, biz yolun kənarındakı
çiçəklərə uyub yolun özünü, yəni
insanı unutmuşuq.
III
OLMAMAQDI
BU OLMAQ
Bu
qardaşdı, kədər bacı,
Ağladacaq acı-acı.
Bədən
ruhun dar ağacı
Ruh bədənə uyarmı heç?
İnsanın özü ağlamadan başqasını
ağlatmaq cəhdi riyakarlıqdır. Horatsi şair olmaq istəyən
oxucusuna yazırdı: “Əgər sən mənim
ağlamağımı istəyirsənsə, gərək
özün də kövrələsən, ağlamsınasan”.
İnsanın özünün bilmədiyi,
başqasına bir şeyi anlatmaq istəyi də belə bir
şeydir. Və mən bir şeylər bilirəm.
Və onları anlatmaq fikrindəyəm.
Sən -
möhtəşəm və cılız, təslim olan və
dar ağacına gedən, füsunkar və rəzil,
güclü olduğu qədər zəif, namuslu və ləyaqətli
olduğu qədər namussuz insan!
Yüz
tilsimə baş vurdum,
Qayıdıb səndə durdum.
Bu olumla nə
buldum,
Olmamaqdı bu olmaq.
Əgər olmaq elə olmamaqdırsa, bu boyda əzab və
iztirablar, cəhdlər və canatmalar nə deməkdir görəsən.
Ömür boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdidir insanın. Fələk qarının tərsinə
fırlanan çarxının pərlərini insanın
boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdi döndərir. Göz
yaşları, əzab və iztirab, canatmalar bahasına dönən
bu çarxı fırlatmağına dəyərmi? Belə bir şeyə hesablanmış insan
ömrü boş və mənasız deyilmi? İnsan
hara can atır? Ölüməmi? Ölüm haqqında düşüncələr
ölümün özündən daha çox əzab gətirir.
Ölüm qorxusu fəlsəfənin
başlanğıc, dinin son səbəbidir. Ruhun
ölümsüzlüyünə olan inam ölüm
qarşısındakı dəhşətli qorxunun bir işarəsi,
rəmzi, simvoludur. İsa da, Musa da, Məhəmməd
də bunu bilirdi. Ancaq anlatmaq istəmədilər...
İnsan bütün ömrü boyu mövcud olmayanı
arzu edir. Olanı mövcud olmayana qurban verir. İnsan həyatının faciəsi belə
başlayır.
Ömür qısa olduğundan insan topladığı
təcrübədən istifadə eləməyə vaxt tapa
bilmir. Nə vaxtsa istifadə olunmayacaq təcrübəni əzablar
bahasına toplamağa dəyərmi?
Mən insanı cəmiyyətlə münasibətdə
yox, fərd şəklində öyrənməyin doğru
olduğunu düşünürəm. Buddistlər
deyirlər ki, “Mən bir yanılmadır, fərd sadəcə
olaraq fenomendir”.
Biz insanı fərd şəklində öyrənsək
görərik ki, onun əzab və sevinci ölümü ilə
bitir. Qalan yeganə şey artırdığı nəsildir.
Onlar da heyvanların həyata keçirdiyini-nəsl
ötürmək kimi bir vəzifəni icra eləməkdən
başqa bir şey eləməyiblər.
Bütün yaxşı və pis keyfiyyətlər
insanın mahiyyətini ifadə etmir. İnsanın mahiyyəti
boş və mənasız bir şeyi - ona verilən
ömrü dəyərləndirmək cəhdindən
başqa bir şey deyil. Bu belə
olmasaydı, tale təkcə mənsub olduqları xalqların ədəbiyyatında
deyil, dünya ədəbiyyatının tarixində, söz və
nüfuz sahibi olan bir çox qələm əhlini
ömrün və insanın nə olduğunu dərk edəndən
sonra intihara sürükləməzdi.
Hemenquey,
Yukio Mişima, Stefan Sveyq, Nobel mükafatı almış
Yosunari Kavabata, “yaşamaq nədən belə iç
acısı” deyən ingilis qadın yazarı Virginya Volf,
“dişisinə pis davranan tək heyvan insandır” deyən Cek
London, “yalnız hüznü vardır qəlbi olanın” deyən
29 yaşlı İlhami Çiçək, ölümündən
bir an əvvəl dostuna “ortada yazar olduğumu təsdiq edəcək
heç bir şey qalmasın” söyləyən F.Kafka... Bu siyahını nə qədər istəsən
uzatmaq olar. Bu adamlar ölümün mahiyyətini
dərk etmək üçün intihara cəhd etmədilər.
Onlar ömrün boş və mənasız
olduğunu dərk etdiklərindən intihar etdilər.
İnsanın
qəzəbi gülüşə, atəşi nura və
işığa, ehtirası sevgiyə, haqq və ədaləti
görüntüyə, riyakarlığı
xeyirxahlığa, qorxunu Allaha çevirmək cəhdi
insanın zəkasına deyil, ona verilmiş
ömrü-qısa zaman ölçüsünü öz həyatı
ilə doldurmaq istəyinə hesablanmışdır.
Fransız
filosofu Volter deyirdi ki, “İnsan yalnız bütöv
ömrünü sərf etməklə həyatını dəyərli
edə bilər... Bu, son nəticədə ən
böyük həzzə çevrilir”. Bu həzzin
özü belə boş və mənasız bir şeyi dəyərləndirmək
cəhdidir...
İnsana verilmiş ömür boş və mənasız
bir şeyi dəyərləndirmək cəhdindən başqa
bir şey deyil.
IV
GÖY
ÜZÜ İTMİŞ YER ÜZÜDÜ
Bir dəli
var əli daşla,
Gözləri doludur yaşla.
Gəl o
dəlini bağışla
Unudub bəndə olduğun.
Biz insanı kənarda-ayda, ulduzda, ağacda,
çiçəkdə, böcəkdə, göy
üzündə, Allahda axtarmağımızı
yanlış olduğunun əzabını çəkməkdəyik.
Mən həmişə fikirləşmişəm ki,
göy üzü nə vaxtsa itmiş yer üzüdür. Və bizim
göy üzünün qaranlığında bütün
olmuş və olacaqlara, cavabsız suallara cavab
axtarmağımızın nə qədər gülməli
olduğunu anlamırıq. Biz nə vaxtsa
göy üzünü “darmadağın eləsək”, o
işıqlanacaq. Və onda biz onun elə
nə vaxtsa günaha batmış, itmiş yer üzü
olduğunu görəcəyik.
İnsana
aid olan bir şeyi insandan kənarda axtarmaq yalnışdır
məncə! Çünki:
Yüz
dua qıl, əyil anda,
Duyacaqsan
lap son anda,
Sən
Tanrının dərgahında
Öz içindən gələn səsi.
V
VƏ
MƏN HAMIDAN FƏRQLİ OLARAQ...
Çox
şeylər bilirəm
bu yer
üzündə;
Bilirəm
cənnətdə
Buğdanı
hansı mələk
Göstərib
Həvvaya.
Və
hansı mələk
Küləksiz
sovurub-sovub;
Bilirəm
adəm
Nə
cür cənnətdən çıxıb,
Allah
İblisi dərgahından
Nə sayaq qovub.
Bilirəm
niyə İblisi
öldürməyib,
əfv
eləyib Adəmi.
Və
bilirəm sonradan
Nəfsinə qul eyləyib adamı.
Çox
şeylər bilirəm,
Ancaq
sirrini açmadan Allahın
Yaşayıram
bildiklərimi
unuda-unuda;
Bilirəm
İblisin
Gizlində
Allahın
Dostu olduğunu da.
VI
İNSANIN
ÖZÜNÜ QORUMAQ CƏHDİ
Bədən
cana yükdür-yük,
Yenə də onu sevdik.
Sonsuzluğa
gedirik,
Ah qorxusu
içində.
İlk başlanğıcda insanın özünü qorumaq cəhdi instinktdir. O zaman vəhşi təbiətlə üzbəüz dayanmış, əliyalın müdafiəsiz və silahsız insan öz müdafiəsini qolunun zoruna hesablamışdır. Və ayaqda ancaq fiziki cəhətdən güclülər qalırdı. Bu Allahın təbiət və insan arasındakı ilahi harmoniyası idi. İnsan ağıllandıqca, təcrübə topladıqca bu harmoniyanı pozdu. Və qəbilədə, tayfada, cəmiyyətdə hakimiyyət, söz sahibi olmaq fiziki cəhətdən güclü olanların əlindən çıxıb, ağıllıların (həm də hiyləgərlərin) əlinə keçdi. Və beləcə ilk başlanğıcdan göy üzü Tanrının, yer üzü iblisin hakimiyyəti altına girdi.
Bax elə o andan da mən həqiqəti nizələrin ucunda, qılıncların tiyəsində, topların ağzında, həbslərdə, sürgünlərdə, bir də “İncili”in və “Quran”ın saralmış vərəqlərində gördüm.
Əgər haqq və həqiqətin heç vaxt hakimiyyətdə olmadığını və ilkin başlanğıcda insanın Habildən deyil, günaha batmış Qabildən törədiyini qəbul etsək, böyük bəşəri dəyərlərin uydurma olduğunu, insanın özünü qorumaq cəhdindən başqa bir şey olmadığını görəcəyik. Və mən belə düşünürəm ki, böyük bəşəri dəyərlər olan haqq - yalanla doğrunun, ədalət - zülm və yazıqlığın, səxavət - xəsisliklə bədxərcliyin, sevgi - şəhvətlə ismətin, qəhrəmanlıq - qorxu və dəliliyin, qanunlar - anarxiya ilə əminamanlığın, adilik - dahilik və dəliliyin ortasında olan və onlardan törəyən dəyərlərdir. Və bu dəyərlərin heç biri “özü özündə bir şey” deyil, törəmə - uydurulmuş dəyərlərdir. Bütün bu böyük dəyərlərə qarşı dayanan şər o dəyərlərdən fərqli olaraq özü özündə bir şeydir və daha doğrusu, özü öz mahiyyətidir.
Məsələn: Sevgi öz özlüyündə heç bir mahiyyət kəsb etməsə də (hətta bioloji cəhətdən), ismət və şəhvət anlayışları arasındakı mahiyyəti, haqq-ədalət zülm və yazıqlığın arasındakı mahiyyəti ifadə edir.
Şər bunlardan fərqli olaraq heç bir ara mahiyyət ifadə etmir və özü öz mahiyyətidir. Şər özü özlüyündə özünü ifadə etmək bacarığına malikdir.
Əgər bineyi-qədimdən, doğuluşdan min illərdir haqq və ədalət uğrunda mübarizə gedirsə, deməli, o, heç vaxt hakimiyyətdə olmayıb. Mübarizə əldə olunacaq nəticənin ifadəsi olduğundan haqq və həqiqət uğrunda mübarizə sonu olmayan mahiyyət daşıyır. Çünki nə vaxtsa haqq və həqiqət hakimiyyətdə olsaydı, onun uğrunda mübarizə aparmazdılar. İncildə deyilir ki, dünyanı sevgi xilas edəcək. Füsunkar və möhtəşəm səslənir, elə deyilmi? Ancaq hansı sevgi? Bəndələrin Allaha olan sevgisimi? Mən bu sevgini bəndələrin hiyləgərliyə sığınmış riyakarlığı hesab edirəm. Bəndələrin bəndələrə olan sevgisimi? Bu da bir tərəfin qarşı tərəfdən nəyisə əldə etmək naminə aldatmaq cəhdidir.
Genetik cəhətdən bir-birinə bağlı olan adamların (ata-ana, oğul, qız, qardaş, bacı) bir-birinə olan sevgisimi? Bu instinktdir və istənilən növ və cinslər arasında bu mövcuddur. Quşların, böcəklərin, heyvanların bir-biri uğrunda öldüklərini görməmişikmi?
Müxtəlif cinsdən olan (kişi və qadın) adamların sevgisimi? Bax məsələ burada daha çox reallaşır, konkretləşir, tərəflər və məqsəd aydın görsənir. Kimisə ələ keçirmək, kimisə ram etmək, özününküləşdirmək və yaxud əksinə, kiməsə tabe olmaq, kiminsə qarşısında təslim olmaq...
Və son anda yenmək və yaxud əksinə yenilmək. Sevginin şəhvət
və həya arasındakı aralıq bir şey olması
onlar arasında daimi mübarizənin varlığından xəbər
verir. Sənə də bəllidir ki, bu
savaşın qalibi həmişə birinci tərəf olur.
Sirr ondadır ki, bu savaşda yenilən tərəf məğlubiyyətini
qələbə sayır:
Gözümü
yoldan yığım,
Dönüm bir sözə sığım.
Ən
böyük azadlığım -
Sənin əsirin olmaq.
Bu bir həqiqətdir
ki, fiziki cəhətdən kamil, sosial cəhətdən təmin
olunmuş, intellekti və ruhu olan hər bir kişi
istənilən bir qadın üçün ideal tərəf
müqabilidir və həmin kişi istənilən
qadını əldə eləyə bilər. Və yaxud əksinə,
Allahın verdiyi gözəlliklərə sahib, intellekti, ruhu,
dünyabaxışı kamil qadın istənilən bir
kişini yoldan çıxarıb ona sahib ola
bilər. Bu cür kişi və
qadının sevgi adlı bir yalanı uydurmağa ehtiyacları
yoxdur.
Sevgini layiq olmadığı bir şeyi ələ
keçirmək istəyən, eybəcərlər,
yarımçıqlar, qeyri kamil adamlar uydurublar.
Qəhrəmanlıq - qorxu və dəliliyin arasında
nədirsə, sevgi də eləcə şəhvət və
həyanın arasındakı həmin şeydir.
Mən eyni səviyyədə, eyni vəziyyətdə,
eyni fiziki və mənəvi ölçülərə sahib
olanların sevgisinə inanıram.
Sevgi ancaq bu anlamda öz əsas mahiyyətini ifadə eləyə,
aralıq mahiyyətindən çıxıb
öz-özündə bir şey olduğunu anlada bilər.
Sevda sevgi deyil:
Sevda nədir
soran adam,
Deyim - Bədən
bil, can olur .
Zaman, zəmanə
dayanır
Min il dönüb bir an olur.
Ona gedən
yolun adı,
Ruhum
üstə od qaladı.
Bu nə
cür eşq, nə sevdadı,
Dərd qayıdıb dərman olur.
Dərdi
dərman olanların sevgisi sevgi deyil, sevdadır əziz dost. Bu sevdanın əsl adı da tənhalıqdır.
Sən bunları bilirsən mütləqa!
İçində dinməmiş və dindirilməmiş bir şey var. Onun hüznünü yaşayıram.
P.S. Və bir də onu demək istəyirəm
ki, biz haqq və ədalətin heç vaxt mütləq qalib
olmayacağını bilə-bilə o savaşın əsgərləri
olmağa borcluyuq. Bu da bizim taleyimizdi.
Rüstəm
BEHRUDİ
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.16-17.