Hamsunun sonu  

 

(miniatür-esselər)

 

 

Böyük Avstriya yazıçısı, görkəmli nasir dramaturq Tomas Bernhard (1931-1989) XX yüzilin ən böyük ədəbi simalarından biri hesab edilir.

Romanları, pyesləri, esseləri yazıçıya böyük şöhrət qazandırıb.

Bir çox nüfuzlu ədəbi mükafata layiq görülmüş T.Bernhardın yaradıcılığı Azərbaycan dilinə az çevrilib.    

Oslo ətrafında hardasa 60 yaşlarında bir kişi ilə tanış olduq; o, bizə Hamsunun vaxtilə qaldığı, ömrünün son ili barədəki yazılarından tanıdığımız Qocalar evi haqqında da bəzi şeylər danışdı; böyük Norveç yazıçısının Qocalar evində keçirdiyi aylar məhz bu adamın orada çalışdığı müddətə düşübmüş.

Oslo ətrafındakı, bir neçə dəfə gecələdiyimiz otelin restoranında, hər cümə olduğu kimi, o axşam yenə hədsiz səs-küy vardı deyə, bu adam öz susqunluğu ilə çox tez diqqətimizi çəkdi. Onun yığcam masasına yanaşıb oturduq, tanışlıq verəndə dedi ki, bir vaxtlar fəlsəfə üzrə təhsil alıb, başqa yerlərdən əlavə, dörd il Göttingendə oxuyub. Biz isə, onu norveçli gəmi kapitanı zənn etdiyimiz üçün, dəniz gəmiçiliyi haqqında nələrsə eşitmək niyyətilə gəlib yanında oturmuşduq; fəlsəfəçilikdən bezdiyimizə görə Mərkəzi Avropadan qaçıb özümüzü şimala vermişdik.

Ancaq bu adam fəlsəfə bazarı açmadı, təhsilini birdən-birə yarımçıq qoymağından, ömrünün 27 ilini Qocalar evində xidmətə həsr etməyindən danışdı. Qərarından peşman görünmürdü. Elə ilk xidmət günündəcə qocalardan birini üsulluca çarpayıdan qaldırmış, altını sahmanladıqdan sonra yenidən yatağına uzandırmışdı. Həmin qoca... Hamsun imiş.

Bizim bu yeni tanışımız neçə ay boyunca gah Hamsunu Qocalar evinin arxasındakı geniş bağçada gəzintiyə çıxarıb, gah da gedib kənddən ona karandaşlar alıb; Hamsun özünün son əsərini elə həmin karandaşlarla yazıbmış.

Hamsunun meyitini ilk görən məhz bu adam olub. Təbii ki, meyitin üzünü mələfə ilə örtəndə o, Hamsunun əslində, kim olduğundan xəbərsizmiş.

QAYIDIŞ

Əgər yerli mətbuat əslən elə oralardan olan, dünya şöhrəti, hətta ümumbəşəri ehtiram qazanmış  görkəmli bir sənətkardan yazırsa, onunbəlli bir təmayülə mənsubolması mütləq vurğulanır; bununla da ona öz doğma yurdunda çox böyük zərbə vurulmuş olur; əgər həmin sənətkar haqqında gerçək düşüncələrini, yəni məlum məmləkətdə doğulduğu,xüsusən özləri mühüm bir görə bilməyən bu adamlarla eyni nəslə mənsub olduğu üçün ona nifrət etdiklərini, ömrünün axırına qədər - həm öz həyatlarının sonunadək nifrət duyacaqlarını açıq yazsaydılar, yəqin, bir elə ağır gəlməzdi.

O, sənət, elm naminə günlərin bir günü buralardan gedib, həmin vaxtdan da hər zaman yorulmaz yaradıcı fəaliyyətilə özünün böyüklüyünü, yerlilərinin isə cılızlığını ortaya qoyub; məhz bunu ona bağışlamırlar. Yerlilərinin nəzərində o, rəzilin, nankorun biridir buradakı mətbuatın ondan söz açmasının yalnız bu səbəbi var: artıq başqa cür mümkün deyil, indi bütün dünyada ondan yazırlar... Ancaq öz məmləkətində onunla bağlı yazsalar da, ömürlük çıxdaş saydıqları üçün mütləq çirkaba bulaşdırırlar. Heç fərqinə varmırlar ki, bununla özləri daha artıq çirkaba bələnirlər.

Bir dostum belələrinin həsədindən, nifrətindən Avstraliyaya, Nyukasla pənah aparmış, orada bütün varlığını elmə həsr etmişdi. Uzun illərdən sonra bir gün mənə xəbər elədi ki, bəs yurd həsrətinə tabı qalmayıb artıq, Nyukasldan vətənə dönmək fikrindədir. Qayıdış fikrindən daşındırmaq üçün yubanmadan ona teleqram vurdum, doğma yurdunun əslində, cəhənnəmin dibi kimi bir yer olduğunu, orada insan ruhunun aramsız iftiralar atəşinə məruz qaldığını, sənətin, elmin məhvə məhkum edildiyini, geri dönməklə öz ölümünə qol çəkmiş olacağını bildirdim.

O, mənim məsləhətimə baxmadı. İndi isə ölümcül xəstədir: “Ştaynhofdəlixanası, artıq neçə ildir ki, onun dəhşətli mövcudluq məkanına çevrilib. 

SƏS TƏQLİDÇİSİ   

Dünən axşam Cərrahlar Cəmiyyətinin dəvətilə Pallaviçini Sarayındakı çıxışından sonra Səs Təqlidçisi bizə qonaq gəlməyə, qapısı hər zaman sənət adamlarının üzünə açıq olan Kalenberqdəki evimizdə öz ustalığını bir daha sərgiləməyə razılıq verdi. Əlbəttə ki, xüsusi qonorar müqabilində.

Biz ondan - İngiltərədə, Oksfordda doğulmuş, ancaq Landshutda oxumuş, əvvəllər Berxtesqadendə silah sənayesində çalışmış Səs Təqlidçisindən rica etdik ki, Cərrahlar Cəmiyyətindəki proqramını Kalenberqdə təkrarlamasın, bizim üçün nəsə tam fərqli bir çıxış hazırlasın; yəni əslində, Pallaviçini Sarayındakı proqramına da heyran olmuşuq, amma mümkünsə bu dəfə tamam başqa səsləri yamsılasın. Söz verdi ki, belə olacaq. 

Doğrudan da, o, Kalenberqdə bizim üçün yaxından-uzaqdan eşidib-bildiyimiz xeyli fərqli səsləri təqlid elədi. Hətta bir neçə sifarişimiz oldu, onları da həvəslə səsləndirdi. Lap axırda ondan öz səsini yamsılamasını istədik, amma təqlidçi cavab verdi ki, mümkün deyil: heç cür alınmır.  

ŞÜBHƏ

Məşhur Kizbühel şəhərciyində bir fransızı polis saxlamışdı; “İkibaşlı qartalotelinin xidmətçisi olan cavan qadın həmin fransızın onu zorlamaq istədiyini, hadisəningecənin yarısı nömrəyə sifariş olunanüçqat konyak”ı ünvana çatdıranda baş verdiyinibildiribmiş. Fransız isə, qəzetlərin yazdığına görə, polisə verdiyi ifadədə bu ittihamı qətiyyətlə rədd edib, “alçaq səviyyəsiz alplı iftirasıadlandırmışdı.

Məlum olur ki, fransız Parisdəki nüfuzlu Sorbonna Universitetində germanistika üzrə professordur, Kizbühelə güc-qüvvət yığmağa gəlib; son iki ildən artıq müddətdə NitsşeninZərdüşt belə deyirdi...” əsərini çevirdiyi üçün çox zəifləyibmiş. Paris iqlimini qəfil əvəzləyən Kizbühel havası fransıza heç düşməmişdi - təbii haldır; Fransadan Tirola tezbazar səyahətdən dərhal sonra, elə Kizbühelə gələn kimi tutulduğu kəskin qrip isə onu büsbütün taqətdən salıb çarpayıya yıxmışdı, həm uzun müddətə.

Polis fransızın həmin gecə xidmətçini tovlayacaq, hələ üstəlik, zorlayacaq halda olmadığını şəksiz inandırıcı sayıb, cəmi bir neçə saatdan sonra onu sərbəst buraxmış, professor otelə qayıtmışdı.

Rüsvayçı əmələ görəxidmətçini dərhalİkibaşlı qartal”dan qovmuşdular; şəklini qəzetdə, “Kizbühelli iftiraçısərlövhəsi altında görəndə isə qadın özünü İnn çayına atmışdı.

Cəsədi hələ tapılmayıb... 

PİZA VƏ VENESİYA

Pizanın meri ilə onun venesiyalı həmkarı sözü bir yerə qoyurlar ki, uzun illərdən bəri bu iki şəhərə eyni dərəcədə heyranlıq duyan qonaqları indi nəsə lap gözlənilməz hadisə ilə çaşdırsınlar; odur ki, Piza Qülləsini Venesiyaya, Kampanilanı (Müqəddəs Mark Kilsəsi - tərc.) da Venesiyadan Pizaya gizlincə köçürməyə qərar verirlər.

Amma planı gizli saxlamaq cəhdləri alınmır, elə Piza Qülləsini Venesiyaya, oradakı Kampanilanı da Pizaya köçürmək istədikləri gecə onların ikisini tutub dəlixanaya göndərirlər; təbii ki, Piza merini Piza dəlixanasına, həmkarını isə Venesiyadakı dəlixanaya.

İnsafən, İtaliya hakimiyyəti bu işi son dərəcə məxfi şəraitdə yoluna qoymuşdu. 

ƏKS ƏLAQƏ

Heyvanat parklarından zəhləm gedir, o cür yerlərə gedənlərə həmişə şübhəli şəxslər kimi baxmışam. Ancaq bir dəfə teologiya professoru olan dostumlaŞönbrunn parkı” gəzməyə razılıq verdim; yenə onun israrından sonra, meymunlar saxlanan qəfəsin yanında dayanıb onları seyr etməli oldum; professor oradakı meymunlara yemək verirdi, bundan ötrü xüsusi tədarük görmüşdü. Az sonra teologiya professorunun, yəni keçmiş tələbə yoldaşımın, məniŞönbrunn”a gəlməyə razı salan dostumun əlində meymunlara veriləsi bir şey qalmadı. Bu zaman meymunlar qəfəsə səpələnmiş yeməkləri götürüb, barmaqlıqlar arasından bizə uzatmağa başladılar. Meymunların bu gözlənilməz davranışı məni , teologiya professorunu da elə qorxutdu ki, yaxındakı qapıya tərəf götürülübŞönbrunn”dan çıxdıq.

 

 

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.17.

Tomas BERNHARD

Tərcümə: Seyfəddin HÜSEYNLİ