Undum, qoğal olmuşam...
Sənət adamlarının həyatı
öz-özlüyündə elə SƏNƏTdi... Bu mövzuda nə
qədər romanlar yazılıb, filmlər, seriallar çəkilib.
Səhnəarxası hadisələr, hazırlıq, məşq
prosesi, sənətçilərin özlərinəməxsus
həyat tərzləri, bəzən qəribə xarakterləri
və qəliz münasibətlər sistemi elə necə
varsa, o cür maraqlıdır. Axı bugünkü
tamaşaçını hər şey maraqlandırır, bəzən
sevdiyi filmlərin çəkiliş məqamlarına baxmaq,
hansısa texniki, yaxud yaradıcılıq sirlərini öyrənmək
istəyir. Doğrusu, “mətbəxi” görmək, səhnədən
dəb-dəbəsi ilə göz qamaşdıran
dekorasiyanın əslində sadədən-sadə, adidən-adi
olduğunu hiss etmək heç vaxt maraqlı gəlməyib mənə...
Çünki sənət möcüzədir və
o möcüzəyə inamı qoruyub saxlamaq lazımdır.
Butaforları, dekoru, yalançı ağacları və
kağızdan çiçəkləri bir az
daha yaxından görüb süniliyinə əmin olmağa nə
ehtiyac?! Hər halda əvvəllər belə
düşünürdüm. Amma son vaxtlarda teatr adlı
aləmə bir az daha
yaxınlaşdıqca, dərindən tanımağa,
anlamağa çalışdıqca, başa düşürəm
ki, bütün bu zahiri dekorasiya sadəcə aktyor
üçündür, ona yardımçıdır və
Tolstoy demiş - kartondan kəsilmiş günəşi də,
ağacları da canlandıran, onlara ruh verən aktyordur. Və
bütün bunların hamısı sadə deyil...
Nədənsə
Fellininin “Yol” filmi yadıma düşür... Yollarda
qalan, o məhəllə sənin, bu məhəllə mənim
- deyib küçə tamaşaları, sirk nömrələri
göstərən sənətçilərin həyatını,
xarakterini göstərir bu film. Həm də Culyetta
Madzinanın canlandırdığı məşhur Celsomina... Yaxud
Moemin “Teatr” romanındakı həyatının ikinci
yarısına qədəm qoyan, amma heç vəchlə fəth
etdiyi zirvəni itirmək istəməyən Culiya Lembert...
Əlbəttə, bu iki qadını müqayisə etmək
olmaz, sadəcə sənətlə yaşayan, sənətlə
nəfəs alan insanı düşünəndə
bunlar yada düşür. Və mən Gənc
Tamaşaçılar Teatrının aktyorlarının hər
tamaşa öncəsi, məşqlərdə necə ovqatdan
ovqata düşdüklərini görəndə anlayıram
ki, bütün zamanlarda sənət adamı yalnız bir ərazi
və vaxt vahidinin içərisində yaşayır -
SƏNƏT adlı zamanın və ərazinin... Və qəribədir ki, illər keçdikcə səhnə
ilə həyat bir-birinə qarışır. Bəlkə anidən - bunu yaşamısan, yaxud
oynamısan? - deyə soruşsan,
cavab verməkdə çətinlik çəkərlər. Əlbəttə, söhbət sənətlə
yaşayan, yaşadığını da sənəti hesab edən
aktyordan gedir.
...Rejissor
Nicat Kazımov bir neçə il öncə məşhur
nağılın motivləri əsasında
yazdığım “Qoğalın sərgüzəştləri”
pyesimin “Sevgi” parkında valideyn himayəsindən məhrum
olunmuş uşaqlara göstəriləcəyini deyəndə
çox sevindim. Oktyabrın 4-də Heydər
Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin
təşkilatçılığı ilə “Sevgi”
parkında heyvanların müdafiəsi gününə həsr
olunmuş tədbir keçirilməli idi, bizim tamaşa da elə
həmin gün göstəriləcəkdi balacalara. Uşaqlar dil
açıb danışan və bu dəcəl qoğalı
“hoppp” edib yemək istəyən heyvanlara baxıb özləri
üçün nəticələr
çıxarmalıdırlar. Yadımdadı, illər öncə
rejissor Bəhram Osmanov uşaqlar üçün pyes
yazmağımı tövsiyə edəndə bir ciddi məqamı
hər zaman nəzərə almağımı demişdi:
uşaq tamaşaları nikbin sonluqla bitməlidir, ibrətamiz
olmalıdır, balacalar şən ovqatda
ayrılmalıdırlar teatrdan. Hə, elə buna
görə də bizim qoğalı sonda yemirlər, o,
sağ-salamat nənəsinin, babasının yanına
qayıdır. Amma bütün bunlar bir az
sonra, Sevgi parkının mərkəzində olacaq. Hələliksə,
bizim Qoğal, yəni Anar Seyfullayev şəhərin mərkəzində,
aktyorların yolunu açmaq üçün Rəşid
Behbudovun adını daşıyan küçənin
maşınlarının qarşısını kəsir...
Bunu bir az da oynayaraq edir, yol polisi
obrazına girir və aqressiv sürücülər də bu
“oyuna” sadəcə gülümsəyirlər. Elə biz də
uzun iş prosesinin əvvəlində bu məzəli səhnədən
şənlənirik. Baxıb
düşünürəm, sənətin yolu nə zaman asan
olub ki?!
“Sevgi” parkının özü də adı kimi xeyli
maraqlı, cəlbedicidir. Təzə və
müasir park bir tərəfdən
yaşıllığı, digər tərəfdən də
modern üslubu ilə göz oxşayır.
Tamaşanın rejissoru əməkdar artist Nicat Kazımov və
iştirakçılar Anar Seyfullayev (Qoğal), Ramil Məmmədov
(Baba), Zülfiyyə Alhüseynova (Nənə), Elşən
Şıxəliyev (Canavar), Günel Məmmədova
(Tülkü), Müşviq Əliyev (ayı), Asya
Atakişiyeva (dovşan) ilə parka girər-girməz müxtəlif
cizgi filmləri qəhrəmanlarının obrazında olan məktəbliləri
görürük. Zarafatla - bunlar sizin rəqiblərinizdi?
- deyə soruşuram. Günel
hamıdan tez reaksiya verir - xeyr, biz rəqibsizik - deyir və
gülürük. Bir azdan parkın
işçiləri aktyorlarımızı tanıyırlar, hər
axşam baxdıqları seriallardan gördükləri
simaları canlı seyr etmək maraqlı gəlir onlara.
Yaşlı xanımlar kənardan baxıb
yanaşmağa çəkinirlər. Qızlar
gülümsəyib əl edirlər onlara. Rejissor isə yaman gərgindir, elə parkdaca
qurulmuş dekorasiyaya uyğun mizanları, hərəkətləri
götür-qoy edir, tapşırıqlarını verir.
Bir azdan aktyorlar geyinməyə, qrimlənməyə gedəndə
Nicat müəllimlə söhbət edirik... Və söhbət
əsnasında başa düşürəm ki, görmək
istədiyi çox iş, qurmaq arzuladığı çox əsər
var. “Bunların hamısını etməyə ömür
yetməz” - deyir. Yəqin ki, məhz bu, sənət
adamının ən böyük bəlası, problemidir.
Arzular çoxdur, meydanın - sənət
meydanının ucu-bucağı yoxdur, eksperimentlərə həmişə
yer var, yenilik həmişə lazımdır. İntəhası vaxt, zaman yetirmi? Sanki yaşamaq üçün vaxt qalmır. Bəlkə əslində, ömrün bəlli bir
aşamasına çatanda pessimistliyin səbəbi elə bu
olur. Sənətində zirvəyə doğru yüksələn,
yaxud ən azı buna can atan adam
ömrün nə zaman gəlib keçdiyinin fərqində
belə olmur. Amma bizim aktyorlarda bu ovqatı hiss etmirəm, ən
azı ona görə ki, hələ xeyli gəncdirlər, həyatın
da, sənətin də “ləzzətli” dövrünü
yaşayırlar. Balaca
tamaşaçılarımızı gözlədiyimiz vaxtda
etdikləri söhbətlər də bundan xəbər verir.
Bir vaxt Gənc Tamaşaçılar
Teatrının “Bir gecənin nağılı”
tamaşasını çox bəyənmişdim. Əsas rollardan birini Zülfiyyə Alhüseynova
canlandırırdı, indi elə fürsətkən
Zülfiyyə xanımla bu tamaşa haqqında
danışıram. Sevgiyə inanmayan
üsyankar bir qız aşiq olmuşdu, vurulmuşdu
gözümüzün önündə. Özü də
tamam təsadüf nəticəsində tanış
olduğu adama. Tələbələrimin bu
tamaşadan sonra necə ağladıqlarını heç
unutmuram. Zülfiyyə xanım da bu əsərin
məhz gənclərə ciddi təsir etdiyini deyir və Ramil
Məmmədov bu sevgi mövzusunda zarafatlaşır aktrisa ilə.
Qoğalın babasını və nənəsini
canlandıran aktyorlar qoca qrimində bir-birinə
qısqanclıq nümayiş etdirirlər. Tamaşada nənə qonşuya getmək istəyən
ərini məzəmmət edir - niyə məhz o qonşuya
getmək istəyirsən? - deyib
sorğu-suala tutur onu. İndi Ramil də bu məqamı
yada salıb zarafatlaşır. Amma zarafat
bir kənara, məgər bu qısqanclığın yaşa
filana dəxli var?! Hə, sənət
bunları göstərdikcə, izah etdikcə öyrənirik,
anlayırıq. Elə bir azdan tamaşaya
dörd gözlə baxan balacalar da Qoğalın və onu yemək
istəyən heyvanların simasında çox şeyləri
görəcəklər və heç şübhəsiz ki,
hardasa alt şüurda bu “informasiya” qalacaq. Görünür, elə tədbirin təşkilatçılarının
da məqsədi budur, uşaqlarda mərhəmət, dostluq,
qayğı hisslərini aşılamaq.
Aktyorlarımız
bütün tamaşanı uşaqlarla əl-ələ
oynayırlar az qala. Təkcə
balacalar yox, böyüklər də onlara qoşulur,
telefonlarına çəkir, rəqslərə
qatılırlar. Səhərdən bu yana
çəkilişdən, məşqdən çıxan,
xeyli hazırlıq prosesi keçən aktyorların necə
ürəklə, həvəslə uşaqları əyləndirməsindən
təsirlənirəm. Nicat Kazımov da
aktyorlarla əl-ələ verib dövrə vurur, aranı
qızışdırır. Baxıb fikirləşirəm,
bu, sadəcə oyun deyil, həyat tərzidir. Sənəti həyat tərzinə çevirən
insan bütün fiziki ağrıların, yorğunluğun
fövqündə görür bu işləri.
Tamaşanın sonuna doğru havanın üzü dönür, günəş batır yavaş-yavaş və qeyri-adi bir mənzərə yaranır. Qürub çağı ilə harmoniya təşkil edən rənglərdə geyimlər, ayının, dovşanın, canavarın, qoğalın, nənənin, babanın birgə mehriban rəqsi uşaqlığıma qaytarır məni. Düşünürəm, elə bu - undum qoğal olmuşam - sözləri, ideyası insan ömrünü də ifadə etmirmi? Süd ilə yoğrulmaq, sonra hamıdan qaçmaq və nələrdən-nələrdən keçmək sadə bir insan həyatının xronologiyasını xatırladır. Və əsas olan axıracan qorumaqdı özünü, nənənin, babanın yanına qayıtmaqdı. Hər halda biz bunu deməyə, anlatmağa çalışdıq tamaşaçılarımıza...
Uzun və yorğun günün sonuna doğru
maşınlara tərəf addımlayırıq.
Aktyorlarımız yolboyu söhbətləşirlər.
Elşən Şıxəliyev Asya Atakişiyevaya
arzularını danışır: “Təsəvvür edirsən,
hamımız bir binada qonşu olardıq və elə birimizin
evinə yığışıb orda məşq edərdik” -
deyir. Asya gülür əvvəl, sonra ciddiləşib - yox,
işi evə gətirmək olmaz - deyir. Və mən dinlədikcə
təsirlənirəm... Amma onu da yaxşı bilirəm ki,
bütün xəyallar gerçək ola bilər bu həyatda,
hətta o qədər gerçək ki, əllə toxuna biləsən.
Vacib olanı istəməkdi, ürəkdən istəmək.
Bir də axı qoğal hamıdan-hamıdan qaçıb
doğmalarının yanına qayıda bildisə, biz xoşbəxt
gələcəyə niyə inanmayaq?!
PƏRVİN
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.15.