Anardan yeni kitab:
“Səhər-səhər”
XALQ YAZIÇISININ YENİCƏ
İŞIQ ÜZÜ GÖRMÜŞ KİTABINDA 2017-Cİ
İLDƏ “525-Cİ QƏZET”DƏ DƏRC OLUNMUŞ ESSE
VƏ PUBLİSİSTİK YAZILARI TOPLANIB
Bugünlərdə Xalq yazıçısı
Anarın “Səhər-səhər”
adlı yeni kitabı işıq üzü görüb.
“Mütərcim” nəşriyyatında
çıxan kitabda müəllifin 2017-ci ildə
“525-ci qəzet”də dərc
olunmuş şənbə
yazıları - esseləri
və publisistik məqalələri toplanıb. “Səhər-səhər”
və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın
ön sözünün
müəllifi “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, son sözünün müəllfi
isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı
Pərvindir. Kitabın üz qapağındakı
“Səhər” fotosu müəllifin özünə,
arxa qapağındakı
“Səhər” tablosu isə Xalq rəssamı
Tahir Salahova aiddir.
Rəşad Məcid kitaba yazdığı “Anarın
və hamımızın
“Səhər-səhər”i adlı ön sözdə Xalq yazıçısı Anarın
əsərlərinin “525-ci qəzet”də qəzetin fəaliyyətə başladığı
ilk illərdən böyük
məmnunluqla çap
olunduğunu xatırladır,
yazıçının bir
sıra əsərlərinin
ilk dəfə məhz
“525”də işıq üzü
gördüyünü qeyd
edir: “Onun məşhur “Kim Dali, yaxud
yaşasın söz azadlığı” hekayəsini
ardıcıl bir neçə il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü
münasibətilə çap
etdiyimiz yadımdadır.
“Gecə düşüncələri”
silsiləsindən olan
esseləri də
“525-ci qəzet”də çıxıb...
“Ağ qoç,
qara qoç” romanını ilk dəfə
bütöv halda oxumağımı, kiçik
bir giriş sözü ilə qəzetdə hissələrlə
çap etməyimizi heç unutmuram”. Ön sözdə Anarın Azərbaycan üçün
taleyüklü bir məqamda “Ağ qoç, qara qoç” kimi dəyərli bir əsər ortaya qoyması “böyük vətəndaşlıq mövqeyi,
ən ciddi ziyalı missiyası” kimi qiymətləndirilir.
R.Məcid daha sonra Xalq yazıçısının
“Yaşamaq haqqı” traktatının hələ
Azərbaycan dilində
kitab halında çap olunmazdan əvvəl hissə-hissə
“525-ci qəzet”də oxuculara
təqdim olunduğunu,
düz bir il davamlı dərc edilən yazıların çox böyük maraqla qarşılandığını vurğulayır. Qeyd edir ki, Anarın
bir il
ərzində yazdığı
və “525”də dərc
olunan esse və publisistik yazıları yazıçının
yaradıclığının məntiqi davamıdır:
“...Bu il Xalq yazıçısı Anarın
80 illik yubileyi qeyd olunur. Yazıçının bu yubileyi münasibətilə
bir çox yazılar, kitablar işıq üzü görüb. Bu kitab da yubileylə
bağlı nəşrlərdən
biridir. Düşünürəm ki, “Səhər-səhər”
80 yaşlı Xalq yazıçısı Anarın
da, 25 yaşlı
“525-ci qəzet”in də
ömründə xüsusi
hadisə hesab edilə bilər”.
Kitabda yer alan yazıların hər birində - istər “Səhər-səhər”, istərsə də “Başqa yazılar” bölümündəki esse və publisisktik qeydlərdə Xalq yazıçısı ən müxtəlif mövzilara toxunur, “Yeni il gecəsində add-budda fikirlər”dən “Qarabağımızın qövr eləyən yaraları”na, “Cocuq Mərcanlının cocuqları”na, “Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında” qeydlərə qədər “Vətənimiz... Paytaxtımız... Dilimiz”in problemlərinə işıq salır, konkret məsələlərlə bağlı fikir və mülahizələrini bildirir. Bir il ərzində “525-ci qəzet”in şənbə saylarında dərc edilən, sonda bir toplu halında işıq üzü görən kitabda cəmlənmiş yazıların mahiyyəti, qayəsi ilə bağlı suala, ən müfəssəl cavabı elə Xalq yazıçısının bu kitabda yer alan “Əlvida 17, salam 18!” başlıqlı essesində tapmaq olar: “Düz bir il bundan qabaq “525-ci qəzet”in redaksiyası mənə hər həftə “Səhər-səhər” adlı rubrikaya yazılar yazmağı təklif etdi. Razılaşdıq ki, qəzetin hər şənbə nömrəsində dərc ediləcək çeşidli yazılar ən müxtəlif mövzularda, müxtəlif janrlarda olacaq. Doğrudan da bir il ərzində bir şənbəni də boş buraxmadan bu rubrika üçün fərqli janrlarda yazılar yazdım - esselər, məqalələr, kiçik hekayələr, şeir tərcümələri, xatirələr, yubiley təbrikləri, resenziyalar, romandan parçalar, müsahibələr... Bir çox hallarda ölkədə və dünyada baş verən ictimai siyasi hadisələrə münasibət bildirildi, mədəniyyətlə, ədəbiyyatla, sənətlə bağlı problemlər barədə mülahizələr söyləndi”. Və bu yazıların hər birində oxucunun yoluna mahir yazıçı, müdrik ağsaqqal uzaqgörənliyi işıq salır. Yazıçı Pərvinin kitaba yazdığı “Səhərin səfiri” başlıqlı son sözündə deyildiyi kimi, “Anar yaradıcılığına bütöv nəzər salanda görürsən ki, yazıçı ömrü boyu millətini yazıb. Təkcə publisistikası, kinoları, siyasi çıxışları, Azərbaycançılıq ideyalarını əks etdirən nəsri yox, bütün əsərləri hansısa şəkildə millətin ifadəsidir. Hətta zahirən dünyadan təcrid olunmuş, başqa adam təsiri bağışlayan Təhminə də xalq mahnılarından danışır, onların məzmununu təhlil edir öz aləmində. Bu mənada elə “Səhər-səhər” kitabı da Anarın böyük ideyasını əks etdirir”.
NİGAR
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.13.