Sənət uğrunda qadın fədakarlığı

 

 

Kişi cinsindən olan istənilən birisindən “qadın kimdir?” deyə soruşsanız, ən azından “qadın bizi dünyaya gətirəndir, həyat verəndir” sözünü eşidəcəksiniz. Məncə isə, qadınların həyatımızda olan ən böyük rolu, elə həyatımızda olmaqlarıdır.

Məsələn, mənim üçün iki cür qadın var. Biri ətrafımızda olan, gördüyümüz, bildiyimiz qadınlar, digəri isə hər kəsin həyatında olmayan, hamının görə bilmədiyi sənət qadınları. Onlar bir şairinya yazıçının, bir rəssamın, ya da musiqiçinin, bir sözlə, yaradıcı kişinin həyat yoldaşı ola bilən qadınların.

“Evləndim ki, səhər yeməyini tək yeməyim” - deyən Markesin həyat yoldaşı onu çox sevirdi, anlayırdı, yazıçı kimi başa düşürdü.

Mixail Bulqakovun yoldaşı generalı ataraq, yazıçıya ərə gəlmişdi. O da yazıçını anlayıb, onun əsərlərini köçürüb, gündəlik tutub, teatrlarla müqavilənin bağlanmasına böyük köməklik göstərib. Bir sözlə, yaradıcılığına böyük köməyi dəyib.

Nikolay Ostrovski Raya Ostrovski ilə evlənəndə yerindən qalxmağa gücü olmayan, ümidsizcəsinə ölümünü gözləyən bir yataq xəstəsi idi. Hamı bu işə təəccüb edirdi ki, belə gözəl bir qadın niyə yataq xəstəsi bir yazıçıyla evlənmək istəsin? Raya isə heç nəyə fikir vermirdi. Çünki içində tükənməz bir sənət sevgisi, yaradıcı ruh var idi.

Azərbaycan ədəbiyyatında da bir çox yazıçı-şairlərimizin xanımları fədakar sənət qadınları olub. Haqlı olaraq da bu gün həmin şair-yazıçılarla bərabər xatırlanır, sənət simvolu kimi təqdim olunurlar.

Mikayıl Müşfiqin ölümündən sonra həyat yoldaşı həbs olunmuşdu. Bir müddət sonra isə səhhətində yaranan problemlərə görə azadlığa buraxıldı. Xanımı “Müşfiqli günlərim” adlı kitab yazıb və bu dahi şairi daha yaxşı xarakterizə edib.

Hüseyn Cavidin həyat yoldaşı onun ilk oxucusu olmuş, əsərlərinin üzünü köçürmüşdü. Əgər “İblisin intiqamı” pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şairdramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi.

Müşkünaz xanım Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdı. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdu. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunub, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır.

1937-ci ildə Əhməd Cavad həbs edildikdən sonra Şükriyyə xanımdan ərizə yazıb ərindən boşanmasını istəyirlər. Lakin Şükriyyə xanım cavabında “Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram” - deyir.

O, ömrünün sonuna qədər əzmkarlıq, fədakarlıq göstərib, Əhməd Cavadın həyat yoldaşı kimi qaldı.

İndi düşünək, Şükriyyə xanımın həm Əhməd Cavada, həm də ədəbiyyata, sənətə olan sevgisindən uca bir hiss varmı?

Şükriyyə xanımın həyatı mənə Onore de Balzakın “Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub” sözlərini xatırladır.

Tək ədəbiyyat yox, digər incəsənət sahələrində olan bir çox dahilərin də qadınları onların yaradıcılığında əsas yerlərdən birini tutur.

Məsələn, dahi rəssam Kazimir Maleviç tarixdə qaldığına görə ikinci həyat yoldaşına borcludur. Çünki birinci evliliyi uğurlu olmamışdı və xanımı onu anlamırdı. O, daim Kazimir Maleviçdən evə yüksək qazanc gətirməsini tələb etdiyinə görə, Maleviç rəssamlığı buraxıb, Kursk-Moskva dəmir yolu idarəsində çertyojçu işləməyə başlamışdı. Ancaq buradan da qazandığı pul kifayət etmirdi. Bir müddət sonra isə Maleviç yaradıcılığı üçün yeni imkanların yarandığı Moskvaya üz tutur. Və həyat yoldaşı ilə uşaqlarının yanına iki ildən sonra qayıda bilir. Rəssamın paytaxtda da uğur qazanmadığını görən arvadı ondan ümidini üzür və digər başqa problemlərə də görə ondan ayrılır.

Maleviçin ikinci həyat yoldaşı isə uşaq yazıçısı Sofi olur. Birinci xanımından fərqli olaraq, Sofi heç vaxt deyinmir, Maleviçdən pul tələb etmirdi. Əlbəttə, bu hal rəssamın yaradıcılığına yaxşı təsir edirdi. Ən ağır günlərində belə Sofi öz ailəsini sözün əsl mənasında aclıqdan xilas edib. Belə ki, o, toxuduğu əl işlərini öz qonşularına satır və bununla da ailəsinin çörək pulunu çıxarırdı.

İndi Belinski ilə razılaşıb deyə bilərikmi qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır? Əlbəttə!

Yaradıcı insanlarla bəzən həyat yaşamaq çətinliklər gətirsə də, sənət üçün hər şeyi gözə alan qadınlarla bir arada yaşamaq var edir dünyanı.

 

Qadınlar var olan dünyada yaşamağa dəyər!

 

Orxan SAFFARİ

 

 

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.12.