Könlünüzdə bu arzuya yer
varmı?!
Köhnə
Tiflisin bizə əziz olan, simsar görünən çox
küçələri, məhəllələri, binaları,
ağacları, kəhrizləri var.
Çox
sular axıb keçib, onillər, yüzillər bir-birini əvəzləyib,
nəsillər dəyişib, amma Şeytanbazar Tiflis əhlinin
dilində elə Şeytanbazar olaraq qalıb.
İstər
gürcüsünün, istər azərbaycanlısının
dilində.
Meydan yenə
Meydandır, Ortaçala da həmin sayaq.
Abbasabad
meydanı, Topxana, Nağaraxana, Zərgərxana, Pambıq cərgəsi,
Aşağı məhəllə, Müctəhid bağı,
Bülbül çalası, Cırdahan, Xarpux,
Qoçoğlunun suyu, Bəzəkli hamam, Çarx hamamı,
Narınqala, Cümə məscidi, Koroğlu qayası, Təbriz
meydanı, Təklə karvansarası, Gəncə
qapısı, Gümüşün yolu, Seyidabad,
Şıxlı, Şahtaxtı, Şərab yoxuşu,
Siracxana yoxuşu, Sənan dağı... da o cür.
Oyan, ey
pir-i xoşdil! Qalx, ayıl bir xabi-rahətdən!
Qiyamətdir,
qiyamət!.. Qalx, oyan, zövq al bu fürsətdən.
Mələklər
göydən enmiş, feyz alırlar xak-i pakindən,
Seçilməz
şimdi əsla məqbərin gülzari-cənnətdən.
Donanmış
hər tərəf pürşölə ulduzlarla... caizdir
Ki, Tiflis ərş-i
pürəxtərlə dəm vursun rəqabətdən.
Ayıl,
ey şeyxi-vəcdavər! Ayıl, bax gör nə aləmdir?
Cahan sərməst
olub rəqs eyliyor şövqü şətarətdən.
Bir məhəbbət
himni sayılası bu şeiri böyük Hüseyn Cavid
Tiflisdə yazıb və Şeyx Sənana ünvanlasa da, əslində,
elə həm də Tiflisə yazıb.
İndinin
cavanlarına bu şeir qocafəndi, köhnəlmiş təki
təsir bağışlaya bilər.
Amma
1920-30-cu illərin ziyalı Bakı gənclərinin əksəri
bu şeiri əzbər bilər, sevə-sevə oxuyardı.
Canlı
şahid özüm!
Xeyr, mən
1920-30-cu illərdə yox idim, amma 1970-ci illərin sonları,
1980-lərdə o illərin cavanları olmuş ağsaqqallar
Cavid haqqındakı söhbətlərimizi çox vaxt bu və
bu qəbildən olan şeirləri şövqlə, ehtirasla
sinədən deməklə başlayardılar...
Cavid
Tiflisi də, Gürcüstanı da çox sevərmiş,
1920-ci illərdə, 1930-cu illərin əvvəllərində
ailəsi ilə yayları Gürcüstanda dincəlməyi
xoşlarmış.
Məşhur
“Şeyx Sənan” faciəsini də o, elə buralarda qələmə
almışdı.
Şairin
qızı Turan xanım anası Mişkinaz xanımın
dilindən mənə söylərdi ki, Cavid Tiflisdə
olduğu vaxtlarda, xüsusən “Şeyx Sənan”ı işlədiyi
dövrdə tez-tez Şeyx Sənan dağına qalxar, orada
saatlarla fikrə dalarmış...
Uyub sən
bir mələksimayə, satdın dini, imanı;
Atıb
ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət,
xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cahan
durduqca parlar, yüksəlir, düşməz təravətdən.
Ziyarətgahını
gülbusələr təzyin edər hər an,
Sən əhli-eşq
için bir Kəbə yapdırdın məhəbbətdən.
“Nədir
mənası eşqin?!” söyləyənlər nerdə? Bir
gəlsin,
Görüb
qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.
Məhəbbətsiz
bütün məna-yi xilqət, şübhəsiz,
heçdir;
Məhəbbətdir,
əvət, məqsəd şu pürəfsanə xilqətdən.
Amma
Şeyx Sənan dağı, Şeyx Sənan türbəsi də
daxil olmaqla Tiflisdəki bütün tanış adlar və
ünvanlar içərisində birinin yeri məxsusidir.
Tiflisin bəzəyi,
sorağı lap çoxdan Gürcüstandan çox uzaqlara
da yayılmış məşhur Nəbatat bağı.
1845-ci ildə
ovaxtacan “Çar bağı” adlandırılmış,
hökmdar ailəsinə məxsus olmuş bu gözəl məkan
həmin il Qafqaz canişini Mixail Vorontsovun əmri ilə
“Botanika bağı”na çevrildi.
Bu
gülüstana qulluq etmək qaydaları da dəyişdi,
bağbanların sırasına xüsusi bitki mütəxəssisləri,
alimlər də cəlb edildi.
Nəbatat
bağının gül səltənətinə 100 ilə
yaxın müddətdə bilgin alman
bağşünasları nəzarət edib, nəvaziş
göstərdilər.
Vaxt
ötdükcə Nəbatat bağının hüsnü necə
dəyişdisə, cazibədarlığı nə təhər
artdısa, dünyanın çox yerində olub, çox
gözəllikləri seyr etmiş fransız səyyahı Jan
Şardenin 1671-ci ildə bu bağı görəndən sonra
yazdığı sətirlər heyranlıq və heyrətlə
dolu idi. O, Nəbatat bağında insanı göyçək
görünüşü və ətri ilə valeh edən 3
500 növ ağac və gülün olmasından valehcəsinə
bəhs edirdi.
Asta-asta məlum
olur ki, Nəbatat bağını daha qəşəng etməkçün
düşünülənlərin hamısını həyata
keçirməkdən ötrü bağın mövcud ərazisi
bəs etməyəcək.
1896-1904-cü
illərdə bağın sahəsini yan-yörədəki ərazi
hesabına bir qədər artırdılar.
Təzə
ağaclar əkdilər, gül kolları basdırdılar,
böyür-başını abadlaşdırdılar.
Meydandan
ayrılıb Nəbatat bağına doğru gedən yolda
Tiflis azərbaycanlılarının məscidi ucalır.
Elə həmişə
də burada olub.
Səbəbsiz
deyil. Çünki vaxtilə Nəbatat bağının
yanında müsəlman qəbiristanlığı yerləşirmiş.
XX əsrin
ortalarında bağın növbəti genişləndirilməsi
haqda qərar çıxarırlar və camaata da xəbər
verirlər ki, ölülərini başqa məzarlıqlara
köçürsünlər.
Xeyli adam
gəlir və mərhumlarının qalıqlarını
çıxarıb ayrı qəbiristanlıqlara aparır.
Lakin müsəlman qəbiristanlığı çox
köhnə idi, bir neçə yüzil yaşı vardı.
Lap qocaman
qəbirlərdə yatanlardan kimlərinsə daha ardınca gələsi
bir kəsi qalmamışdı, bəzilərinin də qohum-əqrəbası
köçüb başqa yerə getmişdi.
Başda
Mirzə Fətəlinin (1812-1878) qəbri olmaqla, bir neçə
məşhur azərbaycanlının məzarı isə yeri
dəyişdirilərək elə Nəbatat bağındaca
bir qədər yuxarı hissəyə keçirilir.
Söz
yox, Mirzə Fətəli burada torpağa tapşırılan
ilk soydaşımız deyildi.
Ona qədər
də burada son mənzilini tapan çoxları yatırdı.
Tiflisdə,
Meydandan yuxarıdakı müsəlman qəbiristanlığı
indi qalsaydı, bütöv bir salnamə, daşdan
yapılmış tarix kitabı kimi olardı.
Həmin əski
qəbir daşlarına baxıb hafizələrdən
pozulmuş nə qədər tarixçələri bərpa
edə, zəmanəsinin seçkini, adlı-sanlısı
olmuş neçə unudulmuşumuzu yenidən kəşf edərdik.
Təəssüflər
ki, mühüm bir tarix parçası, daş sənədlər
yox olub.
(Məndə
köhnə Tiflisin müxtəlif guşələrinin əks
olunduğu, XX yüzilin əvvəllərinə aid bir
neçə açıqca var. Onlardan ikisi “Botanika
bağı”nın içərisindəki yüksəklikdən
çəkilmiş və fərqli istiqamətləri əks
etdirən fotolardır. Birində Tiflis şəhəri
panoramda, ovucun ortasındakı kimi görsənir.
O birində
Bağın içərisindən görünən
dağlıq səmt, əski müsəlman qəbiristanlığının
bir hissəsidir ki, artıq çoxdan “Nəbatat
bağı”na qatılıb. Bu açıqcada yamac boyu
sıralanmış və təbii ki, daha heç biri qalmayan
sərdabələr, qəbir daşları gözə dəyir).
Gürcüstandakı
yaşlı azərbaycanlılar mənə söyləyiblər
ki, Bağa yaxın həndəvərdə tikilən bəzi
evlərin divarlarına, hasarlarına sahibsiz qalmış
müsəlman qəbirlərinin daşlarından götürərək
istifadə edənlər az olmayıb.
Bu qəziyyədən
də ondan duyuq düşüblər ki, ya bütöv, ya da
hissə-hissə istifadə edilmiş, üstündə ərəb
əlifbalı yazılar olan bəzi sinə və
başdaşları diqqətsizlik ucbatından yol keçənlərin
gördüyü tərəfə
hörülübmüş. Daha söküb çıxarmaq
da mümkün deyilmiş. Ona görə də belə
hallardan agah olduqca həmin tarix nişanəsi yazıları
qaşıyıb yox edirlərmiş.
Ermənilərin Göyçə mahalında, Dərələyəzdə, İrəvanda, ümumən Qərbi Azərbaycan boyu və Dağlıq Qarabağda yüzillərlə, bəzənsə minillərlə yaşı olan qəbirlərimizi, məzarlıqlarımızı məhv etmələri boşuna deyildi ki!
Axı hər qəbir daşı özlüyündə ayrıca bir tarix yadigarı, lazım gələndə üzə duran, sübuta çevrilən vacibdən-vacib şahiddir.
Torpaq kimindirsə də, orada elə o tayfanın, o xalqın da qəbirləri olur.
Gəlmənin qəbirləri yerlininkindən nə sayca çox ola bilər, nə yaşca qədim.
Ona görə də ermənilərin gücü onları hər cəhətdən ifşa edən köhnə qəbirləri dağıtmaqdan savayı nəyə çatasıydı ki!
(Şər qarışırdısa da, nə qədər ki, göz gözü görür, Nəbatat bağında xeyli aralıda dizə qədər qalxmış otların arasında qaralan bəzi daşlara baxmağı qət etdim. Və elə qısa vaxt ərzində illərin bozartdığı, bəzisinin yazısı babat oxunan, bəzisininki güclə seçilən bir neçə qəbir daşı tapdım. Deməli, hələ köhnə qəbiristanın izləri buradan tam itməyib. Nə qədər gec deyil, gərək bu işlə məşğul olmaq xeyirxahlığını boynuna götürən araşdırıcılarımız tapıla. Bir qanlı, savadlı epiqrafika mütəxəssisi gərəkdir ki, Gürcüstana bir neçə günlüyə ezamiyyətə getsin, Nəbatat bağını diqqətlə araşdırsın, oradakı sahibsiz qəbir daşlarımızı müəyyənləşdirib üstünü oxusun. Mən elə alaqaranlıqda, tələm-tələsikdə, bir saat ərzində 3-nü tapdımsa, gör zənlə aranarsa, nə qədəri tapılar!).
... Bizi biz edənlərdən olan dahi Mirzə Fətəli Axundzadə bu millətə yazıb-yaratdıqları ilə çox xidmət edib və etməkdədir.
Tale Mirzə Fətəlinin alnına elə ali millət xidmətkarlığı missiyası yazmışdı ki, hətta onun qəbri də, ehtiyac duyulanda, xalqın karına gəldi, dərdlərinə yaradı.
1920-ci ilin iyununda Tiflisdə Cümhuriyyətimizin ilk baş naziri Fətəli xan Xoyskini bolşeviklərlə ermənilər xosunlaşıb qətlə yetirdilər.
Düz bir ay sonra isə, 1918-ci ilin mayında İstiqlal Bəyannaməmizi ilk dəfə səsləndirmiş, Məclis-i Məbusanımızın - birinci parlamentimizin rəhbəri olmuş, rəsmən müavin sayılsa da, əvvəldən təqribən sona qədər millət məclisinə son dərəcə sağlam dövlətçi və millətpərvər mövqeyi ilə sədrlik etmiş Həsən bəy Ağayevi də eyni düşmənlər eyni fitnəkarlıqla Tiflisdə kürəyindən vurdular.
Şura hökumətinin qəddar düşmən saydığı bu sadiq vətənpərvərlərin məzarlarından da qisas alacağı istisna deyildi.
Ona görə də hər ikisini qəbirlərinin yeri məhrəm olmayanlara bilinməsin deyə başağacı qoymadan, məzarlarının üstünü yerlə bir edərək dəfn etdilər.
Tiflisin həmin müsəlman qəbiristanlığında, Mirzə Fətəlinin ayaq səmtində.
O məqsədlə ki, bu narahat məzarlar itməsin, haçansa faciəli, fəlakətli əyyamlar bitərsə, Fətəli xanı da, Həsən bəyi də tapa, yenidən dəfn edə, onlara başdaşı qoya bilsinlər.
Beləcə, Mirzə Fətəlinin məzarı onlara hayan oldu, onların yasaq qəbirlərinin qoruyucusuna, rəmzi başdaşına çevrildi.
Rəhmətlik Ənvər Məmmədxanlı özü mənə danışırdı ki, vaxtilə pristav işləmiş atası Qaffar kişi sovet gələndən sonra həbs ediləcəyini, yəqin ki, həm də dərhal güllələnəcəyini bildiyindən qaçaq düşmüşdü.
1930-cu illərdə Tiflisdən Ənvər müəllimə gizli xəbər çatdırırlar ki, durma, gəl, atan vəfat edib.
Ənvər elə gecə ilə qatarla Gürcüstana yola düşür.
Növbəti günün axşamı, qaranlıq qatışanda atasını, həm qəbir yadlara bilinməsin, həm də yeri qeyb olmasın deyə Mirzə Fətəlinin məzarının yanında basdıraraq gecə ilə geri qayıdır...
2018-ci il sentyabrın 24-də növbəti dəfə Tbilisidə qonaq idim və təbii, hər dəfə olduğu kimi, Nəbatat bağındakı əziz məzarlarımızın ziyarətinə yollanmaya bilməzdim.
Hər qəbrin qarşısında xeyli dayanırdım, xəyalən onlarla da danışırdım, ürəyimdən başqa çox mətləblər də keçirdi.
Hər gün bura - Nəbatat bağına axın-axın insan gəlir.
Gəlirlər ki, gözləri yaşıllığın, rəng-rəng, çalar-çalar güllərin əlvan gözəlliyi ilə dolsun, gəlirlər ki, buraların saf havasını ciyərlərinə çəksinlər, bağın içərisindən keçən, adı dilə çətin yatsa da, özü dinclik, rahatlıq saçan Tsavkisistskali çayının həzin şırıltısını dinləsinlər.
Bu ruhovudan məskəndə dolaşırdım, ruhları həmişə səksəkəli Mirzə Fətəlinin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin məzarları önündə dayanırdım, buralarda əbədiyyət röyasına dalmış Mehdiqulu xan Vəfa, Hüseyn Əfəndi Qayıbov-Müftizadə, Behbud ağa Şahtaxtinski, Eynalı bəy Sultanov, Nazlı Məmmədquluzadə, Rzaqulu Nəcəfov, İbrahim İsfahanlını... anırdım.
Ruh Allahın elə ən dərin sirlərindəndir ki, onun barəsində hətta elçisi Həzrət-i Məhəmmədə də çox gizlinləri açmayıb.
Amma Xudavənd-i aləmə hər halda əyan idi ki, bəndələri bu haqda bəşərə ezam etdiyi peyğəmbərdən xəbər almaq, həqiqətlər öyrənmək istəyəcəklər.
Ona görə də belə suallarla üzləşəcəyi təqdirdə cavabdan yayınmaqdansa etiraf etməyin məsləhət olduğunu buyurmuşdu: “Səndən ruh haqqında soruşacaqlar. De ki, mənə bu barədə çox bilgi verilməyib”.
Sona yaxınlaşan ilin ilk payız axşamlarından birində Nəbatat bağında - könül dincəldən seyrəngahda bir-birinin qonşuluğunda bu dünyadakı axırıncı dayanacaqlarına sığınmış şərəfli millət balaları haqqında düşünürdüm.
Mənim də ruh haqda təsəvvürlərim nə qədər səthi olsa da, hər halda bu qənaətdəyəm ki, o əsrarlı nəsnə qara torpağın altına sığmayacaq qədər qanadlı, azad, ölməzdir.
Yavaş-yavaş Nəbatat bağına axşam alatoranı çökür.
Fikirləşirəm ki, bir azdan qaranlıq qatışacaq, bu get-gəlli məkandan əl-ayaq yığışacaq, ətraf boşalacaq, quşlar da kiriyəcək.
Qalacaq ağaclar, çiçəklər, bağdakı heç vaxt səsi kəsilməyən şəlalə, qıvrıla-qıvrıla axıb keçən çay, yarpaqların xəfif pıçıltısına qovuşan yumşaq şırıltı...
Bəlkə elə gecənin belə dərin saatlarında, su səsiylə yarpaq xışıltısının yaratdığı musiqinin məhrəmliyində, insanın az qala ürəyinin döyüntüsünü eşitdiyi sakitlikdə bir-birindən az aralı məzarlarında uyuyan millət pərvanələrimizin nigaran ruhları başlayır buralarda uçuşmağa.
Ya bəlkə elə gündüzkü adamlar kimi, öz sağlıqlarında olan sayaq, başlayırlar buralarda gəzişməyə.
Onların bura gələnəcən bir-birini tanıyanları da, bura gələndən sonra tanış olanları da qanlarıyla, ilikləriylə, mahiyyətləriylə eyni adamlardı.
Ona görə də burada həmməkan olandan sonra isinişmələri, bir-birlərilə tezcə dil tapmaları (ruhların dili necədir, görən, o dilin də sözləri varmı?), gecənin tənhalığında hərdən-hərdən dünənin məsud və göynəkli günlərinin xatirələrinə dalmalı, həmişə ürəklərində gəzdirdikləri millət sevdası ilə yurdun sabahları haqda həsbi-hal etmələri məntiqlə elə öz-özünə baş verməli idi.
Bu qatmaqarışıq, vahiməli düşüncələrə görə qınamayın məni.
Hər kəs bilir ki, məzardakı cansız cəsəddir və torpağa gömüləndən müddət keçincə daha heç cəsəd də deyil, ahəstə-ahəstə əriyən, torpağa qarışan bir topa küldür.
Lakin nə sirdir ki, dünyanın hər yerində, bütün zamanlarda insanlar heç gözünə də görünməyən, torpaq altında qalan həmin bir topa külün ziyarətinə gəlib, gəlir, gələcək və onunla bir canlıyla danışırmış kimi söhbətləşib, söhbətləşir, söhbətləşəcək?
Zahirən sənə aydındır ki, bu adam lap çoxdan yoxdur, bir sərab kimi uçub gedib, daha heç vəchlə dirilə bilməz, qayıda bilməz, amma nədirsə, yenə onu canlı kimi qavrayır, sanki elə yanında, başının üzərindəymiş kimi qəbul edirsən.
Belə çıxır ki, əslində, hamı ruha inanır və söhbətləşdiyi, var kimi duyduğu da bir topa kül deyil, məhz ruhdur ki var!
Heç kim cəsarət etməz desin ki, türkün böyük söz sərrafı, mütəfəkkir şair Əbdülhəqq Hamid (1852-1937) sadəlövh imiş, sadədilmiş. Ancaq o da sevgili bir insanın məqbərəsi önündə, elə hər birimiz kimi, ən sıradan olan insan sayaq düşünüb, sadəcə, o, düşündüyünü hər kəsin deyə bilməyəcəyi tərzdə ifadə etməyi də bacarıb:
İndi buradaydı, getdi əldən,
Getdi əbədə, gəlib əzəldən.
Məqbər
- sonudur dəqaiqin bu,
Bir sirrr-i
qəribi Xaliqin bu.
Ən
yüksəyidir şəvahiqin bu,
Ən
müdhişidir həqaiqin bu.
Mən
neyliyəyim böyüksə dövran?
Təqsiri
nədir kiçiksə insan?
Sən
öldün, ölüm gözəl deməkdir,
Ölsəm
yaraşır qəminlə hər gün.
Söz
yox, ölümə “gözəl” demək bir şairanə həyəcandan
artıq deyildir, mənə görə, bir neçə dəqiqə
canlı həyat yaşamaq minillərin ölüm
yoxluğundan artıqdır.
Ömrünün
budağı insafsızca erkən
sındırılmış faydalı, zəkalı şəxsiyyətlərimizi
düşünürkən onların yaşam möhlətlərinin
tez başa çatmasının acısını hansısa təsəllilərlə
nə qədər səngitməyə səy etsək də,
“sağ qalsaydılar, hələ daha nələr yarada bilərdilər”
ehtimalı bütün toxtaqlıq axtarma cəhdlərinin
özünüaldatmadan başqa bir şey
olmadığını anladır.
Fətəli
xan Xoyski də, Həsən bəy Ağayev də 1875-də
doğulmuşdular. İkisini də 45 yaşında qətlə
yetiriblər. Hələ bu millətçün, Vətənçün
nələr, nələr edə bilərdilər!
Onları
sadəcə öldürməyiblər, onları Azərbaycana
daha böyük, daha çox faydalar vermək fürsətindən
məhrum ediblər.
Onları
və neçə-neçə belə qiymətliləri!
Onların
hər birinin elə güclüdən-güclü və
heç vaxt tükənməyən cazibəsi var ki, uzun dəqiqələr
boyu düşüncələrə dalmadan heç məzarlarının
yanından aralanıb getmək olmur.
2008-ci ildə
mən UNESCO xətti ilə İranda keçirilən beynəlxalq
konfransda iştirak edirdim.
Tehranda məruzələrimizi
edib müzakirələri tamamlayandan sonra bizi əvvəlcə
Fars vilayətinin şimalına, Həxamənişilər
dövrünün saxlancı, minillərin yadigarı Təxt-e
Cəmşidə aparmışdılar. Qədim Hezarsütun,
Çehel Minarə, Persepolis saraylarına tamaşa
etmişdik, daha sonra gözəl Şiraza doyunca tamaşa etmək
macalı qazanmışdıq, orada əsrarəngiz
tarixçələrlə ləbələb neçə abidəyə,
tikiliyə, muzeyə baş çəkmişdik. Lakin məni
ən çox təsirləndirən iki fars dahisinin, iki
müstəsna söz sehrkarının - Sədi və Hafizin məqbərlərinin
ziyarəti olmuşdu.
Hafizin də,
Sədinin də məqbərləri gecə-gündüz
çevrəsinə saysız pərəstişkarları cəzb
edən, az qala din müqəddəslərinin türbələri
kimi uca tutulan yerlərdir. Hafizin məqbəri bir ayrı nəhəng
parkın, Sədinin qəbri bir başqa möhtəşəm
bağın ağuşundadır.
Biz
Şiraza səfər edəndə yay çağı idi,
gündüz göydən qızmar yağdığından
şəhərdə canlanma axşamüstü
başlayırdı.
Hafiz və
Sədi bağlarında həyatın gecə xeyli keçəndən
sonra da necə qaynarlıqla davam etməsinə mütəəssir
oldum. Sanki camaat parkda yox, elə öz həyətində, məhəlləsində
idi. Ailəsi ilə gələrək otluğa balaca
xalçasını, palazını sərən, deyə-gülə
şam edən kim, musiqi dinləyən, şeir oxuyan kim, gəzişib
hava alan kim, bir qıraqda yazı-pozusu ilə məşğul
olan kim...
Bu məkanda
Hafiz də diriydi, Sədi də!
Sanki bura
təşrif gətirənlər onların məqbərələrini
də qəbir evi kimi yox, elə o misilsiz şairlərin heykəlləri
kimi görürdülər...
Ürəyimdən
keçdi ki, kaş Bakıda da belə bağlar olaydı!..
2000-ci illərin
əvvəlləri ilə müqayisədə Bakıda dincəlməli,
könül açan bağlar da çoxalıb, parklar da
artıb, sahil bağımız da neçə qat
böyüyərək gələn qonaqları da, elə
özümüzü də məftun edən tayı az rast gəlinən
füsunkarlıq qazanıb.
Amma
köhnə istəyim qüvvəsində qalır.
Axı
Şirazdakı həmin bağların bütün digər məziyyətlərindən
əlavə Hafizi, Sədisi də vardı.
O vaxt bunu
da düşünmüşdüm ki, bizim də
Bakımızda eynən o cür iki bağımız ola bilər
- haçansa Füzuli ilə Nəsimimizi Vətənə gətirə
bilsək!
2014-cü
ilin 14 martında Prezident İlham Əliyev birbaşa
qayğısı, diqqətləri ilə əsaslı təmir
edilmiş, yenidən qurulmuş Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə tamaşa etməyə
gəlmişdi.
Zalları
gəzirdik. Elə Nəsimi otağına girəndə qəlbimdə
Şirazdaykən yaranmış qürbətdəki zirvələrimizin
məzarlarının Bakıya köçürülməsi
arzumdan söz açdım.
Gülümsündü:
“Bu istək mənim də ürəyimdə çoxdandır
ki var!”
Böyük
azərbaycanlı Heydər Əliyevin ictimai vicdanımız
qarşısında ən böyük və hər zaman minnətdarlıqla
xatırlanmalı xidmətlərindən biri, bəlkə də
etdiyi bütün nəcibliklərinin ən yüksəyi bu
niyyətin reallaşmasının mümkünsüz göründüyü
əyyamlarda, çətin sovet dönəmində onun
Hüseyn Cavidi Sibir buzlaqlarında 40 ildən artıq sürən
dustaqlıqdan sonra Azərbaycana qaytarması, Vətən
torpağına qovuşdurması oldu.
Unudulmaz
Heydər Əliyevin sevdiklərindən olan Bəxtiyar Vahabzadə
zərbülməsələ oxşayan belə misralar da
yazmışdı:
Şagird
ustadından neçə mərtəbə
İrəli
getməsə, o, şagird deyil!
Prezident
İlham Əliyev dövlətimiz və xalqımız naminə
bir-birindən parlaq əməlləri, qüvvətli iradənin,
mətin qətiyyətin bəhrəsi olan fövqəladə
addımları ilə unudulmaz ustadının iftixarla
alnından öpəcəyi qabil yetirmə, layiqli
davamçı mərtəbəsinə
ucaldığını çoxdan sübuta yetirib.
Tarixə
onun imzası ilə həkk olunacaq cavidanə
qayıdışların daha da möhtəşəmlərinin
qəhərli fərəhini yaşayacağımız bəxtiyar
anlar da, inşallah ki, milləti çox gözlətməz!..
Şəriətdə
məzarın köçürülməsinin öz şərtləri
var. Əgər o qəbri ziyarət edən varsa, şayəd
o məzarçün yerləşdiyi məkanda təhlükə
yoxsa, uyuyanın ruhunu diksindirmək rəva deyil.
Şəxsən
mən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
olmuş Əlimərdan bəy Toçubaşının
Parisdəki, Məhəmməd Əmin Rəsulzadənin
Ankaradakı, Həsən bəy Ağayevin, Fətəli xan
Xoyskinin Tiflisdəki nəşlərinin Azərbaycana
köçürülməsinin və neçə-neçə
başqa əqidə, zəka və məslək zirvəmizin
qərib qəbirlərinin Vətənə
qaytarılmasının tərəfdarı deyiləm.
Çünki
Mirzə Şəfi Vazehin, Əliqulu Qəmküsarın, Mirzə
Fətəlinin Tiflisdəki məzarlarının da, Məhəmməd
Əmin Rəsulzadənin Ankaradakı və Nağı bəy
Şıxzamanlının İstanbuldakı son mənzillərinin
də, mayor Əbdürrəhman Düdənginskinin
Almaniyadakı və Mehdi Hüseynzadənin Sloveniyadakı
aramgahının da... heç vaxt üzərindən
gül-çiçək dəstələri, əklillər əskik
omur, daim ziyarətçiləri var və bunlar bizim sərhədlərimizdən
kənardakı ünvanlarımız deməkdir.
Amma mən
İmadəddin Nəsiminin Hələbdən Azərbaycana gətirilməsini
çox umuram. Çünki Suriya od içindədir və
tarixlə dolu bu məmləkət müharibə atəşləri
ilə darmadağın edilməkdədir. O mərmilər Nəsimini
də yaralaya, türbəsini, ölkənin çox yeri kimi,
xarabazara çevirə bilər. Şəhid şairimizin
1417-ci ildə bir dəfə məşəqqətlə qətlə
yetirilməsi azdırmı ki, yenə belə müdhiş
aqibətlə üz-üzə qalsın?
Son illərdə
mən Avropa Şurası Parlament Assambleyasında bu məsələni
bir neçə dəfə qaldırmışam,
axırıncı dəfə 2017-nin aprelində-mayında
bununla bağlı müvafiq sənədlər də
hazırlamışam.
Bakıda
Nəsiminin adını daşıyan rayonda, çoxlu dərəli,
el arasında “Güllüdərə” deyilən yerdə,
yastı-yapalaq gecəqondulardan ibarət, “gəl məni
sök” deyən məhəlləni də gələcək Nəsimi
bağı üçün öz aləmimdə gözaltı
etmişəm. Burada bizə təzədən qayıdan
Şairin ziyarətgaha çevriləcək məqbərəsi
də qurulsun, indi şəhərin mərkəzində
hündür binaların sıxıb görünməz etdiyi
heykəli də köçsün həmin məkana.
Təsəvvür
edin indiki sirkin arxasından Türkiyə səfirliyinə qədər
uzanan və Nəsiminin gəlişiylə cənnət məkana
çevrilən, bakılıları, qonaqlarımızı hər
gün qoynuna yığan gözəldən-gözəl Nəsimi
bağını!..
“Qürbətdə
qərib şadman olmaz imiş” söyləmiş, indi
müharibələr, qırğınlar bölgəsindəki
Məhəmməd Füzulinin də eynən bu cür yurdumuza
böyük dönüşünün həsrəti və
intizarındayam.
Əlimizdən
qoparılmış halalımız Göyçə
mahalı haçansa yenə özümüzdə
olacaqmı? Dualar, Pərvərdigardan təmənnalar edirəm
ki, olsun!
Amma nə
qədər ki bu istəyin gerçəkləşməsi
yaxın üfüqlərdə görünmür, beynəlxalq
vasitələrdən və imkanlardan bütünlüklə
istifadə etməklə düşmən əlindəki
torpaqlardan Aşıq Ələsgərin məzarının
Bakımıza, Fəxri xiyabanımıza
köçürülməsini cani-dildən istəyirəm.
Ayrı-ayrı
vətəndaşlarımızın münaqişə
dönəmində yüksəksəviyyəli
danışıqlar əsasında valideyninin nəşini Ermənistandan
Azərbaycana gətirməsi, burada əzizlərini təzədən
dədə-baba qaydası ilə dəfn edərək təskinlik
tapması hallarından xəbərim var.
Dədə
Ələsgərin məzarının əsarətdən
azadlığa köçünə nail olaraq bütöv
millətin təskinlik tapmasına niyə
çalışmayaq?!
Bu da bir başqa böyükdən-böyük diləyimdir ki, müqəddəs panteonumuzda, millətimizin seçkinlərinin son əbədi görüş yeri Fəxri xiyabanda bizə istiqlalın şirinliyini dadızdırmış, millətə Cümhuriyyət nemətini bəxş etmiş, ilk milli parlamentimizi yaratmış qurucu babaların rəmzi məzarı olsun, üzərində də onların böyüklüyünə layiq bir abidə.
Və qurucu babaların hər birinin Azərbaycanın müxtəlif bölgələrindəki, Türkiyədəki, İrandakı, Avropadakı... məzarlarından ovuc-ovuc torpaq götürülüb bura gətirilsin.
İstiqlal qurbanlarımızın nəşlərinin əvəzi olan məzar torpaqları ana yurda dünyanın dörd bucağından gələcək - ömrü mühacirətdə bitmiş Ceyhun Hacıbəylinin Parisdəki qəbrindən bir ovuc, həyatı Tiflisdə qazamatda tamamlanmış Məhəmmədhəsən Hacınskinin Tiflisdəki hər halda məlum məzarından bir ovuc...
Və Firidun bəy Köçərli, Xudadat bəy Rəfibəyli, Əhməd Cavad... kimi qəbri naməlumların gülləyə tuş olduqları Nargin adasından bir neçə ovuc...
Fəxri xiyabandakı o misilsiz qardaş məzarı ilə Bakımızın həmin guşəsinin müqəddəsliyi qat-qat artar, and yeri olmaq siqləti dəfə-dəfə yüksələr!..
Arzunun gerçəyə çevrilməsinin ən qısa yolu onun yuvalandığı ürəklərin çoxluğundadır.
Ürəyinizdə bu arzuya yer varmı, qardaşlar, bacılar?!
30 sentyabr, 2018
Rafael
HÜSEYNOV
Milli
Məclisin Mədəniyyət komitəsinin sədri, akademik
525-ci qəzet.- 2018.- 6 oktyabr.-
S.10-11-12.