Solmaz Amanovanın “İrs
Nağıl evi”nə səyahət
Son zamanlarda Azərbaycan
uşaq ədəbiyyatındakı
durğunluqdan şikayət
olunur.
Uşaqlar üçün milli nağılların, hekayələrin
yazılmaması, cizgi
filmlərinin çəkilməməsi
əsas problem kimi göstərilir. Ancaq bu məsələyə bir az da
diqqətlə ciddi şəkildə yanaşsaq,
sırf bu işlə -yəni uşaq ədəbiyyatı
ilə məşğul
olan bir neçə yazıçının
adını çəkə
bilərik ki, onların kitabları, əsərləri, gördüyü
işlər həqiqətən
də bu sahəyə - balaca balalarımızın sağlam
inkişafına töhfə
hesab oluna bilər.
Həmin yazarlardan biri də Solmaz Amanovadır. Solmaz xanımın bir neçə il
ərzində uşaqların
təlim-tərbiyəsi, təhsilinə
dəstək məqsədilə
hazırladığı silsilə
layihələri olduqca
təqdirəlayiqdir. Hələ internet və dövri mətbuat vasitəsilə
onun uşaq ədəbiyyatının inkişafı
üçün gördüyü
işlər haqqında
oxuyarkən balacaları
sevən və onlarla bağlı hər şeylə yaxından maraqlanan biri kimi bu
layihələr də
diqqətimi cəlb etmişdi. Buna görə
də tezliklə bu fədakar xanımla yaxından tanış olmaq, onun yaratdığı
balacaların “İrs Nağıl evi”ni öz gözlərimlə
görmək istəyirdim.
Hələ Solmaz xanımın özü ilə tanışlıqdan
öncə bioqrafiyasına
qısa şəkildə
nəzər saldıqda,
uşaqlara bağlılığının
elə lap əvvəldən
gəldiyinin şahidi
oluruq:
Solmaz Amanova M.Ə.Sabir adına Bakı
Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində,
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutunda
təhsil alıb. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi
Müəllimləri Təkmilləşdirmə
İnstitutunun kitabxanasında
kitabxanaçı, metodist,
institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə
İnstitutunda metodist,
Azərbaycan Dövlət
Tibb Universitetinin rus dili kafedrasında
müəllim işləyib.
2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
Metodiki Mərkəzində
Səbail-Yasamal-Qaradağ bölməsinə
ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin
may ayında Metodik Mərkəzin Multimedia bölməsinin
müdiri vəzifəsinə
təyin edilib.
Bədii yaradıcılığa erkən
yaşlarından maraq
göstərən Solmaz
Amanova əsərlərini
Azərbaycan və rus dillərində yazır. İlk qələm təcrübələri
XX əsrin 70-ci illərində
“Ulduz” jurnalında işıq üzü görüb. Dövri mətbuatda
şeir, hekayə, elmi-kütləvi məqalələrlə
çıxış edir.
Onun yazdığı “İnsan
iz qoyur”, “İrs” əsərləri
Təhsil Nazirliyi tərəfindən əlavə
dərs vəsaiti kimi təsdiq edilib. Ədibin uşaqlar üçün
yazdığı əsərlər
şifahi xalq ədəbiyyatına və
adət-ənənələrimizə bağlılığı ilə
seçilir. “Xanəgah əczaxanası”
kitabı əfsanə
və əsatirlər
əsasında yazılmış
nağıl və tamaşalardan ibarətdir.
“Gəncə xəzinəsi” kitabı Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin süjet xəttinə əsaslanır və Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”
kitabında təsvir edilən əfsanənin mahiyyətini açır.
2009-cu ildə “İrs”
və “Anatomik teatr” kitabları Moskvada keçirilən
XXII “Kitab sənəti”
sərgi-müsabiqəsində ikinci və üçüncü yerləri
tutub. Uşaq tibb ədəbiyyatına
verdiyi töhfələrinə
görə Avropa Təbii Elmlər Akademiyasının professoru
və akademiki fəxri adlarına layiq görülüb.
Hal-hazırda həmin Akademiyanın “İrs” bölməsinin vitse-prezidentidir.
“Xanəgah əczaxanası”
Moldovada Beynəlxalq Kitab Sərgisində
2014-cü ildə I yerə
layiq görülüb.
Təhsil Nazirliyi “İlmənin macəraları” kitabı
və cizgi filmlərinin kontentini alıb (ibtidai siniflər üçün).
160 saylı Klassik
Gimnaziyada tədris edilən “İRS” fənninin
müəllifidir. Respublikanın
pilot məktəblərinin kitabxanalarına Solmaz Amanovanın əsərləri
daxil edilib. Mədəniyyət Nazirliyi tərəfindən
təşkil edilən
bütün Beynəlxalq
kitab sərgilərində
“İRS” Mədəni-Təhsil mərkəzi adı ilə iştirak edib və mükafatlandırılıb.
Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi
töhfələrinə görə
Leonardo da Vinçi medalı, “Robert Kox”, Avropanın Şərəf
ordeni, Dostluq ordeni, “İohan Voltqanq Gete”nin, “Fridrix Şiller” və “Qrimm Qardaşları” medalları
ilə təltif olunub.
Solmaz Amanova “İrs” dərsliyinin,
40-dan çox elektron kitabın, 60 cizgi filminin, anatomiya, farmakologiya üzrə əsərlərin, anatomik
terminologiyada nağılların
müəllifidir. “Anatomik
teatr” əsəri həmçinin, Fransa,
Moldova, Türkiyə və
İngiltərədə keçirilən
beynəlxalq sərgilərdə
birinci yerə layiq görülüb.
Bu kitab 2017-ci ildə Moskvada kitab sərgisində ikinci yeri tutub və
beş dildə
nəşr olunub. Kitabın motivləri əsasında
ingilis dilində lentə alınan cizgi filmi müsabiqədə
dördüncü yerə
layiq görülüb.
Dünyanın hər yerində
balaca azərbaycanlılar
“YouTube”da yerləşdirilən
bu videoçarxa və cizgi filminə
baxa bilərlər.
Videoçarx cəmi bir
ay ərzində “Playmarket”
reytinqində 5-ci yeri tutub. Hazırda isə 3-cü yerdədir.
Həmçinin, Solmaz xanım keçən il
“Dünya mədəniyyətinin
inkişafına verdiyi
töhfələrə görə”
Avropa Təbiət Elmləri Akademiyasının
(Hannover, Almaniya) “Dostluq”
ordeni ilə təltif edilib.
Virtual tanışlıqdan sonra onunla görüşmək
üçün haqqında
bəhs etdiyim nağıl evində qonaq oldum. Düzünü demək lazımdırsa, çox kiçik bir məkanda balacalar üçün belə bir əsrarəngiz,
sehrli məkan yaratmaq hər kəsə nəsib olacaq xoşbəxtlik deyil. İki mərtəbəli (hər mərtəbədə
bir otaq) məkanın hər küncündən uşaqlara
sevgi, məhəbbət,
diqqət yağırdı.
Burada balacaların dostu İlmənin, Turacın, ağ
atlı oğlanın
və digər milli cizgi filmi
və nağıl qəhrəmanlarımızın kuklaları, geyimləri
var. Ancaq məkanın
sehri bununla da yekunlaşmır. Burada çay dəstindən, məkanın dizaynından
tutmuş, həmin geyimlərə qədər
hər şey sanki uşaqların Nağıl dünyasından
qopub gəlib.
Eləcə də həmin məkanda diqqətimi çəkən bir başqa maraqlı nüans isə evin içərisində
boy atan üzüm sarmaşıqları idi. Kifayət qədər
canlı və bol bəhərli üzümü evin içərisində bəsləməklə
sanki Solmaz xanım təbiətin ən gözəl yaradılışları olan
uşaqları təbiətin
özü ilə görüşdürür.
Oradakı hər detalla yaxından tanış
olduqca düşünürdüm
ki, bu qədər
ağır və zəhmətli işi uşaqlara sonsuz sevgi bəsləyən insandan başqa heç kim edə bilməz. Bəs Solmaz xanımda bu sevgi hardan
qaynaqlanırdı?
Onunla söhbətimiz zamanında
dedi ki, o, bu işləri
sadəcə son bir neçə ilin içərisində həyata
keçirib. Bunun da əsas səbəbi uşaqlarımızın
milli nağıl qəhrəmanlarının, milli
cizgi filmlərinin olmamağıdır. Onun sözlərinə
görə, “İrs” adlı multimedia nağıl
evini “Multikulturalizm İli” çərçivəsində
yaradıb.
Burada uşaqlar Solmaz xanımın nağılları
əsasında çəkilmiş
cizgi filmlərinə tamaşa etməklə bərabər özləri
də nağıl yazmaq, nağıllar əsasında kompyuter oyunları yaratmaq, animasiya şəkilləri
çəkmək, milli
şirniyyatlar hazırlamaq,
xalça toxumaq, tikmə sənəti ilə məşğul olmaq, milli paltar
biçimini, köhnə
kompyuter disklərindən
istifadə etməklə
şəbəkə sənəti
nümunələri yaratmağı
öyrənmək və
bir sıra başqa maraqlı məşğuliyyətlər üçün
imkan əldə edirlər. Solmaz xanım uşaqlar
üçün nəinki
təkcə nağıl
yazır, həmçinin,
şeirlər də yazır, mahnılar bəstələyir və
onları bir sıra məktəblərdə
balaca balalarımıza
da öyrədir.
O, əsərlərini əsasən
rus və Azərbaycan dillərində
yazır. Artıq milli nağıl
qəhrəmanımıza çevrilən
İlmənin müxtəlif
macəraları uşaqları
əyləndirməklə bərabər,
həm də onlara keçmişimizi, soykökümüzü, milliliyimizi
də öyrədir.
O, nağıllarında və nağıla uyğun olaraq hazırlanmış testlərdə, tapşırıqlarda, oyunlarda əsasən milli məişət alətlərimizin, geyimlərimizin (çarx, kəlağayı, buxarı papaq və s.) yaranması haqqında məlumatları onlara çox sadə və əyləncəli dillə öyrədir, tarixi personajlarımızı tanıdır. Yəni uşaqlar bu materiallar vasitəsilə təkcə hərfləri deyil, eyni zamanda, həyat bilgisini, tarixi, diqqət toplamağı və yadda saxlamağı, eləcə də riyaziyyat, dil və s. məsələlərini də öyrənmiş olur.
İki saatlıq görüşümüz zamanında Solmaz xanım öz işindən, bu məkandan, balaca qonaqlarından elə şövqlə, həvəslə danışır, həmin cizgi filmlərini böyük televizorda göstərərək elə aydın şərhlər edirdi ki, onun enerjisinə heyran olmamaq mümkün deyildi. O, bu işlərdən danışarkən sanki özü də uşaqlaşır, bu dünyada saflaşırdı. “Bu qədər böyük zəhmət və maddi dəstək tələb edən işdən qazandığınız nədir?” - sualıma cavabı isə bir daha bu sevginin göstərirdi. O, “uşaqların İlməyə olan marağı, məni görən kimi onun macəralarını söyləməkləri, xorla şeirlərimi, mahnılarımı oxumaqları mənim ən böyük qazancımdır” - deyir.
Balacaların dünyasında onlar olmadan da uşaqlaşmaq olarmış. Solmaz xanımla görüş, “İrs Nağıl evi”ndə keçən dəqiqələr mənə uşaqlığımı bir daha yaşatdı sanki.
Solmaz Amanova kimi fədakar, işinin peşəkarı, qəlbi sevgiylə, yenilik həvəsi ilə dolu insanlar olduqca uşaqlarımız da, gələcəyimiz də əmin əllərdədir demək ki. Məncə, hər bir uşaq ömründə bircə dəfə də olsa “İrs Nağıl evi”ndə olmalıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.9.