UNEC-in dəyərləri

 

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə öz dəyərlərini təsdiqləyib.

 

Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin bütün heyəti üçün vahid yanaşma formalaşdıran “UNEC-in dəyərləri” yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib. “UNEC-in dəyərləri”nə əsasən tədqiqat, tədris və sosial xidmət fəaliyyətlərində elmi prinsiplərə sadiq olaraq, akademik azadlıq və akademik etika qorunur, müəlliflik hüquqlarına hörmətlə yanaşılır. Dəyərlərə görə, UNEC-də akademik və inzibati vəzifələrdə hər bir fərdə bərabər imkanlar yaradılır və layiq olana üstünlük verilir. Bu ali təhsil müəssisəsinin bütün fəaliyyəti daima ictimaiyyətə açıq şəkildə həyata keçirilir. UNEC dəyərləri ehtiva edir ki, fəaliyyətlərində hər zaman daha mükəmməl olanı əldə etməyə çalışan UNEC ailəsi, həm də yüksək keyfiyyət prinsipinə sadiqdir. Səmərəli idarəetmənin bütün mərhələlərində UNEC üzvlərinin fəal iştirakı təmin edilir. Dəyərlərə görə, cəmiyyətin mənafeyini fəaliyyətinin önündə tutan UNEC, bu istiqamətdə bütün maraqlı tərəflərin fərqli fikirlərinə böyük önəm verir.

UNEC dünya universitetlərinin beynəlxalq reytinqlərində “Yaşıl universitet” statusunu qazanaraq, dayanıqlı inkişaf naminə ekoloji tarazlığın qorunması istiqamətində də inamla addımlayır. 

TƏHSİL BRENDİ - UNEC

Millət vəkili Fazil Mustafa deyir ki, hər bir qurumun fəaliyyət prinsipləri və ya önə çıxarılan dəyərləri onun gələcək uğur modelinin təminatçısına çevrilir: “UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir. Öz dəyərlərini də müəyyən edərkən, sanki hədəflərində nə dərəcədə ciddi olduğunu göstərməyə çalışır. Birinci sıralamada Akademik azadlığın olması elmdə düşüncə hürriyyətinin bir dəyər olaraq önə çəkilməsinə bir işarədir. Çünki bütün kəşflərin, ixtiraların, ideyaların mənbəyində məhz düşüncə azadlığının effektivliyi amili yer alır. Akademik etika birbaşa elm mədəniyyəti ilə bağlıdır, elmi oğurluq tendensiyasının qarşısında qətiyyətli duruşu ehtiva edir. Layiqlik dəyəri yalnız layiq olanın elm mərtəbəsində yüksəliş imkanlarını tanımağı bəyan edir. Şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək və ekoloji həssaslıq kimi dəyərlər sadəcə sıralamanı doldurmaq üçün düşünülməmiş, UNEC-in cəmiyyət qarşısında üzərinə götürdüyü məsuliyyətin altında qalıcı bir imza kimi yer almışdır. UNEC bunlarla yalnız fəaliyyətində prioritet saydığı dəyərlərini göstərmir, eyni zamanda, daşıdığı məsuliyyətin sərhədlərini də tanıdır. Bu dəyərlərin işlək və qalıcı olması üçün yalnız UNEC-in səyləri yetərli deyil, cəmiyyətin maarifçilik impulslarının nə dərəcədə dinamik olması da vacib şərtlərdən sayılmalıdır. Fikrimcə, UNEC-in novatorluğu Azərbaycanda təhsil düşüncəsini rasionallaşdırdığı kimi, fəaliyyəti üçün əsas götürdüyü dəyərlər də digər ali təhsil quruluşları tərəfindən faydalı nümunə kimi öyrənilə bilər”.

FƏRQLƏNƏN UNİVERSİTET

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun sözlərinə əsasən, UNEC-in hazırkı fəaliyyəti haqda yalnız müsbət danışmaq olar: “Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin fəaliyyətini çox yüksək dəyərləndirirəm. Mən dəfələrlə UNEC-in tədbirlərində iştirak etmişəm, tələbələrlə ünsiyyətdə olmuşam. Azərbaycanda hazırda bu universitet fəaliyyətinə görə çox fərqlənir. Ümumiyyətlə, UNEC-in fəaliyyəti ilə bağlı fikirlərim çox yüksəkdir. Onun rəhbəri isə kifayət qədər təhsilə, müasir elmə bələd olan insandır. Eyni zamanda, universitetdə şəffaflıq, insanların açıq şəraitdə bilik almaq imkanlarını təmin etmək istiqamətində işlərin görülməsi təqdirəlayiqdir”.

PREZİDENT TƏQAÜDÇÜLƏRİ MƏHZ UNEC-i SEÇİR

Professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti  artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. Bu ali məktəbdə neqativ halların kökü qısa bir zamanda kəsildi, UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bildi. Tədrisdə sıçrayışlı keyfiyyət dəyişikliyi ilə yanaşı, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artmışdır: “Universitetdə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap olunan UNEC əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar”a edilən dəyişikliklərə görə, “Scopus” platformasında yerləşən elmi məruzələrə görə birdəfəlik mükafat nəzərdə tutulub və jurnalların kateqoriyalaşdırılmasında “Web of Science” və “Scopus” platformalarının müəyyən etdiyi “Q1, Q2, Q3, Q4” təsnifatı tətbiq edilib. Bu faktor elmi tədqiqatlarla məşğul olanlar üçün yüksək motivasiyadır. UNEC-də diqqəti çəkən əsas uğurlardan biri 2018-2019-cu tədris ili üçün qəbul imtahanlarının nəticələridir. Bu Ali məktəbdə bakalavriat səviyyəsi üzrə qəbul planı 92,1 faiz yerinə yetirilib.  II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63 faizinin seçimi məhz UNEC olub, bu isə 2014-cü illə müqayisədə 3,8 dəfə çoxdur. 18 Prezident təqaüdçüsü tələbə məhz UNEC-i seçmişdir. Bunun özü də universitetin nüfuz göstəricisinin təsdiqidir”.

Ş.Əsgərov vurğulayıb ki, 2018-2019-cu tədris ili üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) qəbulun nəticələri də bu ali məktəbdə ürəkaçandır: “Ölkənin ali təhsil müəssisələrinə magistratura pilləsi üzrə qəbul planı 74.87 faiz yerinə yetirildiyi halda, UNEC-də BMDM-a qəbul planı 91,4 faiz, Magistratura mərkəzinə 84,1 faiz, UNEC Biznes Mərkəzində isə 97 faiz yerinə yetirilib”.

DOĞRU GƏLƏCƏYİN ZƏMANƏTİ

Fəlsəfə üzrə fəlsəfə doktoru, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyevin dediyinə görə, UNEC üzərinə düşən missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədilə “UNEC dəyərləri” müəyyən edib: Akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən Universitet dəyərləri: “Fikrimcə, bu dəyərlər uğur formulunu daha da gücləndirəcək. Mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni və bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, yaxşı qonşu, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları dəyərlərlə yetişdirmək mümkündür”.

E.Əliyev bildirib ki, dəyərlər insan şəxsiyyətinə yatırılmış itməz və inflyasiyaya uğramayan, gün-gündən faydası artan unikal kapitaldır. Doğru gələcəyin zəmanətidir. Universitetin üzərində belə yüksək missiyanın (vəzifənin) olması onun rolunu əvəzsiz edir: “Danılmaz faktdır ki, ölkə başçısının etimadını doğrultmaq üçün bu ali məktəbin rəhbərliyi əlindən gələni əsirgəmir. Təhsil eksperti kimi bu yüksək uğurlara görə rektor, professor Ədalət Muradov başda olmaqla universitetin bütün kollektivini və tələbələrini səmimi qəlbdən təbrik edir, onlara çiçəklənən ölkəmizə  gələcəkdə daha böyük töhfələr bəxş etmələri istiqamətində uğurlar arzulayıram”.

UNEC-in ƏSAS MEYARI

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyevin söylədiyinə görə, Aəzrbaycan Dövlət İqtisad Universitetində tələbənin bilik və bacarığı, professor-müəllim heyətinin savadı və peşəkarlığı əsas meyar kimi qəbul edilir: “Bu baxımdan rektor Ədalət Muradovun şəxsi təşəbbüsü və ölkə rəhbərliyi tərəfindən gələcək nəslin savadlı və bacarıqlı kadr kimi yetişdirilməsi üçün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində atılan addımlar müsbət və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Təbii ki, belə bir nailiyyətə çatmaq çətinliklərlə, zəhmətlə, əziyyətlə, ancaq öz şəxsi ambisiyalarına hakim olmağı düşünən kimlərinsə xoşuna gəlməməklə başa gəlir. Belə maneələr düzlük və dürüstlük qarşısında tab gətirə bilməyəcək amillərdir və haqq işi öz bəhrəsini verəcəkdir. Bu yolda bütün UNEC kollektivinə uğurlar diləmək ölkənin, gələcək nəsillərin, gələcəyini düşünən hər bir vətəndaşın borcudur”.

YENİ DÖVRÜN TƏLƏBİNƏ CAVAB VERİLİR

Təhsil Eksperti Məlahət Mürşüdlü isə deyib ki, UNEC innovativ metodlarla idarə olunan təhsil müəssisəsidir: “Bu yeni dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biridir. Düşünürəm ki, maddi texniki təminatı, kadr potensialı yüksək olan universitetdə təhsilin keyfiyyəti də yüksək olmalıdır. UNEC çox tez bir zamanda müasir tələblərə cavab verən universitetə çevrilib”. Onun sözlərinə görə, UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır, akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir. Universitet fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir, universitetin üzvləri bütün fəaliyyətində daim daha mükəmməl olanı əldə etməyə çalışır. UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır, səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.

ŞƏFAFFLIQ

Azərbaycan Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev bildirib ki, UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir: “UNEC-də “Elektron universitet” modelinin tətbiqini alqışlayıram. Bu sistem tələbə-müəllim münasibətlərində “qəyyumluğun” aradan qaldırılmasına kömək edir və bu ideya geniş şəkildə təşkil olunmaqla kollektivin fəaliyyətini ona uyğun formalaşdırır. Hesab edirəm ki, şəffaflıq və düşüncə var”.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.8.