Fransa Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı
Bir neçə
gün əvvəl Fransa Azərbaycanlıları
Koordinasiya Şurası
(FAKŞ) təsis olunub.
Fransanın Nant şəhərində
fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Assosiasiyasının (ACAF) sədri
Toğrul Zeynalov qurumun əlaqələndiricisi
seçilib. FAKŞ-ın Fransada fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatlarını
əlaqələndirən bir
qurum olduğunu bildirən Toğrul Zeynalov qeyd edib
ki, Fransada fəaliyyət göstərən
diaspor təşkilatları
və diaspor nümayəndələri bundan
sonra əlaqəli şəkildə, koordinasiya
olunmuş birgə fəaliyyət göstərməklə
bağlı razılığa
gəliblər. Səlahiyyətlərinin
icrasına bu ilin dekabrında başlayacağını, 6 ay şuraya
rəhbərlik edəcəyini
vurğulayan T.Zeynalov deyib ki, Şurada
bütün qərarlar
kollegial qəbul ediləcək, birgə müzakirələrdən keçəcək:
“Belə müzakirələrin
təşkilində mən
bir əlaqələndirici
olaraq iştirak edəcəyəm. Bütün qərarların
ümumi mənafeyə
xidmət etməsi bizim üçün əsas olacaq. Hər kəs Şurada öz təklifini, layihəsini səsləndirəcək,
əsaslandıracaq, təqdim
edəcək. Daha sonra
isə ümumi qərar qəbul ediləcək. Elə Koordinasiya
Şurasının mahiyyəti
də bundan ibarətdir ki, qərarlar ümumi müzakirədən keçsin,
vahid rəhbərlikdən
kollegial qərar qəbuluna keçid təmin edilsin”.
Fransada çox güclü diaspor təşkilatlarının
fəaliyyət göstərdiyini
xatırladan T.Zeynalovun
sözlərinə gərə,
birgə fəaliyyətin
daha uğurlu olacağına inandığını
bildirib: “6 ay əlaqələndirici
mən olacam, daha sonra başqa
bir şəxs də ola
bilər. Yəni bu belədir,
daimi deyil və əlaqələndirici
hər hansı üstünlüyə malik
deyil. Əlbəttə, ilkin olaraq mənim seçilməyim,
diaspor təşkilatları
və nümayəndələri
tərəfindən mənə
ehtimaddır və çox böyük məsuliyyətdir. Mən uzun
illərdir Fransada, Nant şəhərində
diaspor fəaliyyəti
ilə məşğul
oluram. Elə Nantın özündə
çox güclü diaspor təşkilatları
var, çoxsaylı soydaşlarımız yaşayır.
Onlara da təşəkkür edirəm ki, mənə ehtimad göstərildi. Çalışacağam ki, bu etimadı
doğruldum və nəticədə biz Fransada
Azərbaycan diasporunun
birləşməsinə, koordinasiya
olunmuş fəaliyyətinə
nail olaq”.
- Toğrul müəllim, sizin fikrinizcə, Koordinasiya Şurası Azərbaycan-Fransa münasibətlərinə
nə verəcək?
- Azərbaycan beynəlxalq hüquqi normalara hörmətlə yanaşan
bütün ölkələrlə
isti münasibətləri
olan dünyəvi bir dövlətdir. O cümlədən, Avropanın
aparıcı dövlətlərindən
olan Fransa ilə də Azərbaycanın çox
yaxın münasibətləri
var. Ümid edirəm ki, Koordinasiya Şurası bu münasibətlərin daha
da yaxşılaşmasına
öz töhfəsini
verəcək.
Fransada çoxlu
sayda azərbaycanlılar
var. Elə Nant və Nant ətrafı
ərazilərdə 650-dən artıq ailə yaşayır ki, bu da 2000-dən çox soydaşımız
deməkdir. Ümumilikdə isə, müxtəlif
mənbələrdə Fransada
8 min nəfərdən çox
azərbaycanlının yaşadığı
qeyd edilir. İlk növbədə Koordinasiya
Şurası soydaşlarımızın
daha yaxşı təşkilatlanmasına kömək
edəcək ki, bu da ölkəmizin
Fransada daha çevik təbliğinə,
Fransa cəmiyyətinə
daha yaxından inteqrasiyaya imkan yaradacaq. Təbii ki, bütün
bunlar Fransa-Azərbaycan
arasında münasibətləri
daha da möhkəmləndirəcək.
Diaspor təşkilatları,
bütün yerlərdə
olduğu kimi, Fransada da ölkəmizi
tanıtmaq, Azərbaycan
həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaq,
mədəniyyətimizi təbliğ
etmək, Azərbaycan
dilini yaşatmaq və digər istiqamətlərdə fəalliyyət
göstərir. Bundan sonra da fəaliyyət istiqamətimizdə
hər hansı ciddi dəyişikliyin olacağını zənn
etmirəm, sadəcə,
gücümüzü birləşdirəcəyik.
Diaspor təşkilatları birgə
fəaliyyət göstərəcək
və təbii ki, bu halda
da nəticələr
daha təsirli olacaq.
- Fransada Azərbaycan
diaspor fəaliyyətinizi
necə qurmusuz?
- Mən 2015-ci ildən Nant şəhərində
Azərbaycan Mədəniyyət
Assosiasiyasının sədriyəm.
Azərbaycanın təbliği istiqamətində
bir çox tədbirlər həyata keçirmişik. Bu işləri görmək
üçün peşəkar
komanda hər zaman vacibdir. Biz də bu vaxta kimi öz
peşəkar komandamızı
qorumağı bacarmışıq,
bundan sonra da qoruyacağımıza və uğurlu layihələrə imza atacağımıza inanıram.
- Fransada ermənilər üstünlük təşkil
edir. Diaspor sahəsində sizin
gördüyünüz işlərə
bədnam qonşularımız
tərəfindən hər
hansı maneələr
olurmu?
- Bəli, bəzi tədbirlərdə texniki
problemlər yaratmağa
cəhd göstərirlər.
Amma qeyd etdiyim kimi,
biz peşəkar komanda
olaraq belə fors-major halların olacağını əvvəlcədən
görür və onun qarşısını
alırıq.
- Fransada diaspor sahəsində çalışan
dəyərli həmvətənlərimiz
çoxdur. Onlarla bir araya gəlib hansısa məsələləri müzakirə
edirsizmi?
- Təbii ki, toplantılar keçirir, görəcəyimiz işləri
müzakirə edirdik.
Həmçinin, soydaşlarımızın problemlərini öyrənib
onu həll etməyə çalışırdıq.
Amma etiraf edim ki,
bu, davamlı və kütləvi deyildi, fərqli fikirlər də mövcuddur. Bununla belə,
toplantı və müzakirələrimiz bundan
sonra daha intensiv hal alacaq.
Soydaşlarımız, diaspor təşkilatları
ilə əlaqələr,
fəaliyyətimiz planlı
və sistemli formada davam edəcək,
hər bir məsələdə biri-birimizə
dəstək göstərməyə
çalışacağıq.
- Qarabağ məsələsi
hamımızın yaralı
yerimizdir. İşğal faktının tanıdılması
üçün hansı
işləri görürsüz?
Bundan sonrakı fəaliyyətinizdə
Qarabağla bağlı
nələr etməyi
düşünürsüz?
- Qarabağ həqiqətlərinin
çatdırılması həm soydaşlarımız,
həm də diaspor təşkilatları
üçün hər
zaman prioritet olub və bu
istiqamətdə bir çox tədbirlər həyata keçirmişik.
Həmçinin, “Xocalıya ədalət”
kampaniyası çərçivəsində
yüksək səviyyədə
təşkil etdiyimiz aksiyanı xüsusi qeyd etmək istəyirəm. Bu günə kimi də bədnam qonşularımız bu tədbirin şokunu yaşayır. Bu mövzu
Koordinasiya Şurasını
növbəti il üçün fəaliyyət proqramında
prioritet məsələ
olacaq.
- Xaricdə yaşayan azərbaycanlıların, xüsusilə
də gənc nəslin ana dili ilə bağlı
problemləri olur. Bu istiqamətdə hansı işləri görməyi düşünürsüz?
- Bu məsələ
ilə bağlı bir çox lahiyələrimiz var. Diasporla
İş üzrə
Dövlət Komitəsinin
rəhbərliyi ilə
də bu barədə müzakirələrimiz
oldu. Gələn ilin əvvəllərində
Nant şəhərində
növbəti ana dili məktəbimiz açılacaq, hətta Komitə rəhbərliyi belə bir ifadə
də işlətdi ki, 2019-cu ili
“Nant İli” elan edəcəyik. Düşünürəm ki, məktəbin
açılması Nantda
dilimizin unudulmaması
və yaşadılması
baxımından önəmli
olacaq.
- Sonda bir məsələyə də münasibətinizi öyrənmək istərdik. Xaricdəki diaspor rəhbərlərinin bir çoxu Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsini uğurlu seçim adlandırır. Hətta iddia olunur ki, o, öz fəaliyyəti ilə qısa müddətdə diaspor sahəsində xeyli canlanma yarada bilib. Sizin yeni sədrdən gözləntiləriniz nədir?
- Fuad Muradov Dövlət Komitəsinə sədrliyindən öncə Milli Məclisinin deputatı olmaqla yanaşı, həm də beynəlxalq təşkilatlarla iş sahəsində fəal millət vəkillərindən idi. Bu isə həm Fuad müəllimin diplomatiyanı yüksək səviyyədə bilməsinə dəlalət edir, həm də diasporlarımızın problemlərini öyrənməyə şərait yaradır. Fuad müəllim komitə rəhbəri təyin edilməmişdən öncə də diasporların, xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında dolğun informasiyası olan bir millət vəkili idi. İndi də, artıq komitə rəhbəri kimi, bu problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyətə başlayıb. Fuad müəllim Nantda yaşayan soydaşlarımızla görüş keçirdi. Bu insanlar ilk dəfə idi ki, dövlət nümayəndəsi ilə təmasda olurdular, ilk dəfəydi ki, məmur Nantda yaşayan soydaşlarımızla görüşürdü. Bu görüş soydaşlarımıza sanki ruh verdi, onlar bunu çox yüksək əhval-ruhiyyə ilə qarşıladılar.
C.ABASOV
525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.6.